Şuşaya getmək üçün nələrdən imtina etməliyik? – Sərdar Amin yazır...

Şuşaya getmək üçün nələrdən imtina etməliyik? – Sərdar Amin yazır...
19 noyabr 2020
# 13:02

Kulis.az Sərdar Aminin “Mədəni qələbənin astanasında” məqaləsini təqdim edir.

Bir neçə ay əvvəl Paşinyan erməni ordusunun qarşısından keçəndə bir ifadə diqqətimi çəkdi: orduya verilən son komanda “Azad!” oldu.

Qəribə səs idi....

Din, dil, əxlaq, mental dəyərləri ayrı olduğunu sandığımız ermənilərdə “Azad” komandasının olması çox şeydən danışırdı...

Azərbaycanda erməni dilini bilən insanlar azdır; Ermənistandan zorla köçürülən əhali, Qarabağda onlarla qonşu olan vətəndaşlarımız və ixtisası Ermənistanla bağlı olanlar... Ancaq Ermənistanda yaşlı insanların, demək olar, hamısı Azərbaycanca bilir. Bunun ciddi səbəbi var. Bu reallığı formalaşdıran təkcə ermənilərin Azərbaycan ərazisində yaşaması, bir qisminin Azərbaycan vətəndaşı olması amilləri deyil. Məsələ həm də Azərbaycan-türk mədəniyyətinin son əsrlər dominantlıq təşkil etməsi və bu fonda ermənilərin dilimizi öyrənməyə, mədəniyyətimizi mənimsəməyə məcbur olması ilə əlaqəlidir.

Bir neçə erməni ziyalısı Azərbaycan-türk mədəniyyətinin öz sənətlərində, ədəbiyyatlarında, gündəlik danışıq dilində, dastanlarında istifadəsini etiraf edir.

Tanınmış folklorşünas E.Arustamyan deyir:

“Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halında, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir”.

Digər folklorşünas, akademik A.T.Qanolanyan isə ermənilərin bu gün də dilində qalmış Azərbaycan ifadələrindən söz açır:

“Kefi konne, kandi koxvini”, “Bir ili u pir ili”, “Həsən keçəl, keçəl Həsən” – müvafiq Azərbaycan atalar sözlərinin - “Kef sənindir, kənd kovxanın”, “Bir olsun, pir olsun”, “Ya Həsən keçəl, ya keçəl Həsən” ifadələrinin erməniləşdirilmiş variantlarıdır.

Ötən günlərdə Qarabağda erməninin yaşadığı evdən Xalq artisti Nazpəri Dostəliyevanın fotosu çıxdı...

Görünən budur ki, ermənilər daim bizim mədəniyyətin ahənrüba təsirindən qaça bilməyib, həmişə musiqimizə, ədəbiyyatımıza, dastanlarımıza, şəxsiyyətlərimizə pərəstiş ediblər.

Artıq hərbi əməliyyatlar başa çatdı, Qarabağ indi sözün əsl mənasında Azərbaycandır. Reallıq budur ki, torpağa sahiblik təkcə hərbi qüdrətlə ölçülmür, əks halda 1990-cı illərdə SSRİ hərbi kontingentindən istifadə edərək Qarabağı işğal etmiş Ermənistan da bu torpaqların sahibi ola bilərdi.

Torpağa sahiblik tarixi, mədəni bağlarla təsdiqlənir, mütərəqqi islahatlarla möhkəmlənir. Biz artıq daha ciddi bir mərhələyə qədəm qoyuruq. Azərbaycan Qarabağın əsl sahibi olduğunu indi təkcə Ermənistana yox, dünyaya da bir daha sübut etməlidir.

Ermənilərin daim mayak kimi baxdıqları mədəniyyətimizi 30 il ərzində üstünə daş yığaraq basdırmağa çalışdıqları torpaqlarda yenidən dirçəltməli, onların laylalarına qədər gedib çıxmış ifadələrimizi o torpaqlara yenidən üfürməliyik.

İndi Azərbaycan avantajdan yararlanıb həmin estafeti davam etdirməlidir, ələlxüsus da mədəniyyətin qüdsi paytaxtı Şuşa naminə!

O torpaqlar gözəl deyimlər, sevgili pıçıltılar üçün çoxdan darıxıb.

Azərbaycan ordusu uzun illər donuzların burunladığı yerləri şumladı, torpağın o üzünü bu üzünə çevirdi.

Qarabağ atlarının torpaqla yaşmanan nal səsləri gün üzünə çıxdı.

O torpaqlarda əkəcəyimiz toxumlar isə gələcək Azərbaycanın özüdür.

Ordumuzun şumladığı torpağı əzizləmək, yumşaltmaq, ora gözəl gələcəyin müjdəçisi olan toxumlar basdırmaq boynumuzun borcudur.

Böyüyündən kiçiyinə, kişisindən qadınına, məmurundan vətəndaşına, polisindən müəlliminə qədər hər kəs o yerlərə bəd əməllərdən, yalandan, haramdan, rüşvətdən, yerlibazlıqdan – bütün çirkin düşüncələrdən arınaraq ayaq basmalıdır.

Cəbrayıl atanın, Çələbi Əhmədlinin, Sarı Aşığın, Natəvanın, Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəyovun və bu gün bizim üçün müqəddəs imzalara çevrilmiş şəxsiyyətlərin torpağına rüşvətlə, korrupsiya ilə, məmur özbaşınalığı ilə girsək, torpaq bizi bağışlamaz.

Yerli idarəetmə orqanlarımızda qalmaqda olan süründürməçiliyin, məmur-vətəndaş münasibətlərindəki saxtakarlıqların Qarabağa ayaq açmasına qəti imkan verməli deyilik, sosial, ictimai-siyasi problem yaradan bütün səbəbləri birmənalı olaraq 2020-ci ildə gömməliyik.

Allah günahlarımızı bağışladı, şəhidlərimizin qanı ilə bizi arzularımıza çatdırdı, o müqəddəs torpaqları qaytardı. Biz də əvəzində o yerlərin əzəli sahibi olan babalarımızın izindən çıxmamalıyıq.

Ermənistanın 30 il ərzində o torpaqları göyərdə bilməməsinin əsas səbəbi yad olması idisə, digəri də saxtakarlıqları, o torpaqlara yaraşmaz davranışları idi.

Qarabağ atlarının tövşüyə-tövşüyə genişləndirdiyi o torpaqlar saxtakarlıq götürmür!

Şuşanın, Ağdamın, Cəbrayılın yenidən bizim üzümüzə gülməsi üçün biz Aşıq Qurbaninin, Üzeyir bəyin, Allahverdi Bağırovun ruhlarını sevindirməliyik.

Qarabağ necə ki, Azərbaycan xalqını 30 il sonra yenidən bir amal uğrunda birləşdirdi, eləcə bu missiyanı davam edəcək, Azərbaycanda qalmış bütün neqativlərə məşəl olacaq, gözəl amallara işıq salacaq, əyri yolları yandırıb külə çevirəcək!

O məşəli əldən-ələ ötürmək isə bütün vicdanlı insanların borcudur.

O torpaqlarda verilən hər bir qərar, imza atılan hər bir sənəd vicdanın diktəsindən kənara çıxmamalıdır.

Bu artıq tək özümüzə görə yox, bizə ağız büzən düşmənə, 30 ildir o torpaqların sahibinin fərqinə varmayan dünyaya görə yerinə yetirməli olduğumuz missiyadır.

Artıq dünya bizim ikinci əsas işimizi gözləyir.

Dünyanın hər dəm bizi qınadığı bütün lazımsız addımlardan kənar durmağın zamanı çatdı.

Ən azından bizim qədər həsrət çəkən o torpaqlar artıq vüsala yetişib, indi özünə və müzəffər ordumuza layiq vətəndaş arzusundadır.

30 illik həsrəti yenən Vətən torpaqları bu insanların sayəsində öz əbədi ülviyyətinə qovuşacaq.

Gəlin, o yerlərə nə qədər layiq olduğumuzu bütün dünyaya sübut edək. Tarix boyu Qafqaza mədəniyyət məşəli olan Şuşanın öləziyən közünü ləyaqətli insanlar üfürsün. O məşəl yenidən alovlana-alovlana öncə gözəl insanlarımızın üzünü, sonra Qafqazı, sonra bəşəriyyəti nura qərq etsin.

# 15424 dəfə oxunub

Müəllifin son yazıları

# # #