Məncə, Xarıbülbül uzun illər qəfəsdə həsrət çəkən bir bülbülün gülə dönməsidir. Bülbül gülə həsrətini elə vəchlə çəkir ki, sonda canı bahasına vüsal heykəlinə çevrilir. Sevgilisinin canına hopur.
Necə ki, insanlar uzun müddət səhrada qalanda su, dənizdə qalanda şəhər görürlər, eləcə də bülbül uzun müddət qəfəsdə qaldığından özünü bir gülün köksündə görür. Amma bu istək o qədər güclü olur ki, həmin ilğım gerçəkləşir.
Amma bülbül o ilğıma həyat verənə qədər artıq “xar” (əğyar) sevgilsinin bir ləçəyini yemişdi.
Bəşəriyyətin xilası olan mübarizə şərsiz də mümkün deyildi, beləcə, onlar ikisi – xar və bülbül birlikdə sevgililərinə çevrilir, gülə dönür: Xarıbülbül gülü...
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!
Sarı xəstəliyin, həsrətin əldən saldığı canın rəngdir.
Xarıbülbül hər kəsin gözünə bir ayrı cür görünür, onun sehrinə yalnız sevgili baxışlar vaqif olur. Xırda bənövşəyi ləçəkləri otların, başqa güllərin arasında çətin görünür. Üç ləçəyi var, simmetriya tələb edir ki, dördüncü də olsun, lakin dördüncünün yerində arıya bənzər bir böcək - xar var. Belə bir təsəvvür yaranır ki, böcək gülün dördüncü ləçəyini yeyib. İndi isə başını gülün içinə salıb. Gülün tən ortasında isə bir bülbül oturub. Bülbülün zərif qanadları da gülün ləçəklərindəndir.
Xarıbülbül haqqında rəvayət isə bundan ibarətdir:
Bir zamanlar bütün bitkilər insanlar kimi danışırmışlar, sevə bilirmişlər. Bülbül o zamanlar gülü sevir, bütün güllər, çiçəklər də bu məhəbbəti alqışlayır. Hər gün sübh tezdən bülbül gülə qonur, ona məhəbbət mahnısı oxuyur, başqa güllər də bu nəğmənin sədasında yırğalanırmış. Amma xar belə bir məhəbbətə dözə bilmir, qısqanır, paxıllıqdan az qalır bağrı çatlasın.
Gülü bülbüldən ayırmaq üçün gəlib ona öz ürəyini açır, sevgisini bildirir. Gül xarı rədd edir, acıqlanan xar gülün saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün çiçəklər bu fəryada qoşulur. Hamı Allaha yalvarır ki, onların canını alsın, amma güllə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Onların ah-naləsi qəbul edilir.
Bu gülün daha bir özəlliyi ondan ibarətdir ki, Şuşadan savayı heç yerdə bitmir, ta ki...
Öncə bir çoxlarına aydın olan Qarabağ xanının qızı Ağabəyim ağanın “Vətən bağı”na baş çəkməyimiz yaxşı olar.
Diplomatiya nikahına qurban gedən Ağabəyim İran şahının hərəmində idi. Deyilənə görə, şah heç vaxt Ağabəyimlə ər-arvad münasibətində ola bilməyib. Bəlkə də bu səbəbdən ona olan sevgisi sona qədər cildini dəyişməyib. Ağabəyimin bütün istəklərini qeyd-şərtsiz görüb.
Ağabəyim Ağanın Tehranda özünü ovundurmaq üçün yaratmaq istədiyi “Şuşa” isə məhz Xarıbülbül səbəbilə yarımçıq qalıb. Şuşa həsrətini yumşaltmaq üçün “Vətən bağı” adlı bağça saldıran Ağabəyim ağanın nisgili Xarıbülübül ucbatından səngimir. Şuşanın torpağını, təbiətini Tehrana köçürən bağbanlar bircə Xarıbülbülü İranda bitirə bilmirlər...
Xarıbülbül köksündəki bülbülün taleyini yaşayan Ağabəyim ağaya rəğmən belə Tehranda bitmədi.
Qəribədir, Şuşa işğal olunandan sonra isə Xarıbülbül Azərbaycanın digər ərazilərində də görünməyə başladı, Şuşadan çıxmaq zorunda qalan soydaşlarımız kimi Vətənindən perik düşdü.
Vətən torpaq deyil, insanın torpağa sevgisidir.
Bu sevgi olmadığı halda heç yer vətənə çevrilmir. Xarıbülbül Şuşadan sevgisizlikdən çıxmışdı. Son illər üstündə gəzən insanların torpağa biganəliyi Xarıbülbülü də Şuşadan cüda salmışdı. Xarıbülbül izahımüşkül bir sevdanın rəmzidir. O yalnız ilahi sədaqətlə sevilən torpaqlarda bitir.
Şuşa Azərbaycanın ilahi sevgiylə salınan şəhəridir. Bura xor baxan sərkərdələr Şuşada başından olub.
Şuşa onun uğrunda nəfəs dərmədən ölə bilənlərin vətənidir.
Şuşa dərilməmiş bir nəfəsdir.
Xarıbülbül də o nəfəsin rəmzidir.
Bir neçə gün əvvəl “bir nəfəs qədər yaxın” olduğumuz Şuşa artıq bir nəfəs kimi içimizdədir...
Bu bahar Xarıbülbül də bizim nəfəsimizlə Şuşada gül açacaq.
9 noyabr, 2020