Qadına seks obyekti kimi baxan şairimiz

Qadına seks obyekti kimi baxan şairimiz
11 iyun 2020
# 14:56

İndividual ədəbi nailiyyətlər ilk həmlədə oxucuda impuls yarada bilmir. Bu üzdən adətən novatorların şöhrəti onların qəbirlərindən boy verən çəmən çiçəkləri ilə eyni vaxtı cücərir. Zamanında oxunmaq, sağlığında səs salmaq əksər sənətkarlardan gen qalıb.

Klassik ədəbiyyat nümunələrində müəllifin oxucu tərəfindən sevilmək sevdası hiss olunmur. Hətta bəzi müəlliflər xəlvətiliyə üstünlük verib, yüzlərlə müəllif təvazökarlıq və Allah qorxusundan yaratdıqları şedevrlərin altına imza atmayıb. Bu üzdən elə mətnlər bizə ən yaxşı halda xalq yaradıcılığı kimi çatıb, bəzilərinə isə saxta müəlliflər yiyə çıxıb.

Bütün reallıqlar fonunda klassik müəlliflərin əlindən tutan bir vasitə olub; Allahı yar adıyla təqdim etmək və ona olan sevgisini qadın anatomiyasındakı detallarla təqdim etmə!

Həmin fəndin yaranışını müxtəlif səbəblərlə bağlamaq olar; məsələn, Peyğəmbər də bizə cənnəti, cəhənnəmi bu dünyada gördüyümüz komponentlərlə izah etmişdi, ən ağır cəzanı qır qazanıyla, ən möhtəşəm bəxşişi süd arxlarıyla qiyaslamışdı.

Peyğəmbərin merac sonrası təsvirindən ibrət götürən ustad şairlər də Allahın bizə bəlli olmayan camal sifətini bu dünyada gördüyü ən üst gözəllik – qadın gözəlliyi ilə təqdim etməyə məcbur qalmışdı. Yəqin bu da mübahisəli məsələdir; ilk dəfə yar Allaha deyilib, yoxsa qadına?!

Hələ ki bizə daha aydın görünən ilk iddiamızdır, Şərq klassikləri yar adında Allahı zikr edib, “zülf” deyəndə qadın saçlarını yox, Allaha gedən yolu işarə vermək istəyib.

Bu simvolikanın yaranma səbəbi dinin ağır sərhədləri, çərçivələri ucbatından şairlərin Allahdan birbaşa söz açma imkanlarının məhdudlaşması da ola bilər. Yaxud şairlərin əsərlərində Allahdan birbaşa danışmamalarının səbəbi dini rəhbərlərin mazut qoxan ağızları, yanlarında duran tökməbədən cəlladların parlayan şəmşirləri deyil, birbaşa Allah qorxusu da ola bilər.

Səbəbdən asılı olmayaraq, Allah-qadın təşbehlərinin mövcudluğu klassiklərin əsərlərinin oxunması nəticələnib. Kiçik qism - ariflər - qəzəldə “yar” sözünü Allah kimi başa düşübsə, böyük qism – cahillər – “yar”ı qadın kimi qavrayıb. Cahillər yarı özününküləşdirərək ötən gün çəpər arxasında gördüyü Gülbadamın əyninə geyindirir, həmin qəzəlləri oxuyanda Allahı deyil, öz sevgilisini düşünür və beləliklə şeirlər dildən-dilə gəzir. Bu mətnlərdə hər kəs öz yarını görür; ariflər ərşə zillənir, cahillər tin-bucağa.

İlahi düşüncələri qadın komponentləri ilə təqdimetmə bəlkə də, klassik şeirləri bizə çatdıran ən ümdə səbəbdir. Əks halda saralmış kağızların bunca mətni bizə gətirməyə taqəti çatmazdı. Sevən gənclər bu şeirlərin həqiqi ünvanını kəsdirə bilməyib, “zülf”lə Allah yox bir alagözlünün ünvanına gedib. Yersəl sevgidən şeyda olan minlərlə adam bu nəğmələri ötə-ötə sitəm olmuş sinələrində bizə çatdırıb.

“Allah-qadın” tandemini bu gün də müəyyən deformasiyalarla yaradıcılığında eşələyən şəxslər var. Məsələn, rejissorlar Nuri Bilge Ceylan (“Bir zamanlar Anadoluda” filmində), Karlos Reyqadas (“Səssiz işıq” filmində) qadından Allaha “tərs merac”a cəhd edirlər.

Qadınları birbaşa olmasa da, hissə-hissə qalxdıqları o mötəbər məkandan endirən şairlərimizin başında Molla Pənah Vaqif gəlir. Vaqif şeirlərində qadına elə qadın kimi baxır, başqa heç nə! Onun qadını müxtəlif əzaları ilə ariflərlə Allah arasında nərdivan yox, ətdən, qandan – bir az da detallı izah etsək, “yeməli dodaq”, “tər məmə”, “maya bud”, “yoğun baldır”dan ibarət canlıdır.

Bir mayabud gərək, baldırı yоğun,
Sərasər ət basa dizin, tоpuğun,
Əl dəyəndə dura buğunbabuğun
Titrəyə, quyruqdan çоx yumşaq оla.

***

Yaxasının bağü-bəndin üzəsən,
Çəngələyib ağ məməsin əzəsən,
Əl uzadıb baş bəzəyin pоzasan,
Hər birin bir yana atasan dürüst.

Gallery


Vaqif qadını qadın kimi vəsf etdi və beləliklə Azərbaycan ədəbiyyatında “yar” Güləndam, zülf də Güləndamın kəlağayısının altından pırtdayıb çıxan saçları oldu.

Yanağı gül, zülfü yasəmən gərək,
Məməsi dik, ağ sinəsi gen gərək,
Haldan xəbər verən, dərdbilən gərək,
Heç olmaya məkru alı gözəlin.

Vaqifin “zülfün”dən yapışıb ən yaxşı halda – öz təbiri ilə desək, dik məməli bir gözəlin ağuşuna düşmək olar.
Oysa Füzuli deyirdi:

Aşiyani-mürği-dil zülfi-pərişanındadır,
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır...

# 8586 dəfə oxunub

Müəllifin son yazıları

# # #