Bir dəqiqə sükut... - Günün şeiri

Sərdar Amin

Sərdar Amin

8 noyabr 2021
# 10:55

Kulis.az Sərdar Aminin "Bir dəqiqə sükut... Gəmi siqnalı..." adlı şeirini təqdim edir.

Vətən müharibəsində həlak olan şəhidlərimizin istəkli xatirəsinə...

Bir dəqiqə sükut... Gəmi siqnalı...
On milyon havalı gözü qapalı
On milyon cüt dodaq dua pıçıldar
On milyon təsəlli yarımçıq qalar.

Damarımda axır qürbət suları
Guya mən şairəm, Vurğun misalı
Amma şəhid adı, nəşi gələndə
Şəhid anasının səsi gələndə
Ayrı bir ölçüdə, ayrı biçimdə
bir şair yıxılıb qalır içimdə...
Nə özüm müsəlləh, cəsur əsgərəm
Nə də bir süngüdür əlimdə qələm.

Amma gün gələcək, Vurğun doğacaq
Bəlkə bir az təbi solğun doğacaq
Hərçənd xatirəniz şimşək kimidir
Gora danışırlar, ölü dirilir
Dirildər o təbi solğun yetimi
Bu xatirə ona bir vurğun kimi
Belə yazdırar:

“Keçsə aylar, illər, keçsə nə qədər
Bu gündən dünyanın sonuna qədər
Gecənin bağrında dan döyünəndə
Üfüqlər sürməyi don geyinəndə
Ulduz tək görünüb gözdən itəcək
İki min yeddi yüz səksən üç ürək...”

# 14679 dəfə oxunub

Müəllifin son yazıları

# # #