Kulis.az "44 günün yaddaşı" layihəsində şair, Vətən müharibəsi iştirakçısı Emin Piri ilə müsahibəni təqdim edir.
— Altı il keçib. O vaxtkı Piriyev Eminlə indiki Emin Piri üz-üzə gəlsəydi, görəsən, biri-birinə nə deyərdilər? Aranızda ən böyük fərqin nədə olduğunu düşünürsünüz?
— Nə qədər qəribə səslənsə də, bu iki şəxsi zaman və məkana görə qorumağa çalışmışam. Haradasa və ya hansısa zamanda Piriyev, situasiyaya uyğun olaraqsa Emin Piri oluram, yaxud olmalıyam. Həmin vaxt Piriyev olmalıydım. Çünki Emin Piri bütün qərarları özü verir, mühakimə edir və s. Bir növ, ən yüksək rütbəli komandir də özüdür, məhkəmə hakimi də. Piriyev Emin isə tam fərqli insandır, daha mühafizəkar, sadiqliyi daha yüksək səviyyədə qəbul edən. Ancaq onu deyə bilərəm ki, bu iki şəxsin toqquşmasında Emin Piri haqlı çıxdı. Piriyev Emin bir qədər məyus olub, sanki inamında yanılıb. Heç nəyə görə peşman deyiləm, yenə eyni şeyi edərdim, amma həqiqət odur ki, Emin Piri qalib olmasa da, haqlı çıxdı. İndi daha sakit, hadisələri müşahidə və təhlil edən, kənardan sanki heç nə ilə əlaqəsi olmayan kimi görünən, amma prosesləri izləyən, sirli qalmağı sevən, zamanını gözləyən Emin var deyə bilərəm.
— Müharibəyə könüllü yollanmaq qərarını verdiyiniz an yadınızdadır? Sizi irəli aparan nə idi? Torpaq sevgisi, məğlubiyyətin ağrısı, özünüzə və vicdanınıza qarşı məsuliyyət, yoxsa bunların hamısı?
— Dediklərinizin hər birindən var. Pafosla danışmayacağam: ilk növbədə, bu, şərəf məsələsi idi. Ona görə yox ki, kiməsə hesabat verəcək, qürrələnəcəkdim və s. Onsuz da insanların 99 faizindən çoxu müharibədə olmayıb. Zaman keçdikcə, nəsil yeniləndikcə bu rəqəm az qala 100 faizə yaxınlaşır. Məsələ bu deyil, məsələ vicdanıma verəcəyim hesabat idi. İçimdəki o poeziyanı yaradan uşağın gözlərinə baxmaq idi. Düşünürəm ki, baxa bilməzdim. İlk növbədə, dediyim kimi, şərəf məsələsi idi. Bəli, milli şərəf də bu sıradadır. Məsələ qalib gəlmək də deyil, bir millətin azadlığı və toxunulmazlığı uğrunda mübarizə aparmaq, şərəfini qorumaq idi. Bunlar olanda hər şey yoluna düşür. Adi bir misal: həkim, müəllim və ya başqa sahənin nümayəndəsi öz işini şərəflə yerinə yetirsə, bundan böyük vətənsevərlik, vətənpərvərlik ola bilməz. Sevgiyə gəldikdə isə, təbii ki, sevirsən. Amma mənim sevgim fərqlidir. Leriki nə qədər sevirəmsə, indi Şuşanı da o qədər sevirəm. Kürdəmiri nə qədər sevirəmsə, Füzulini də o qədər sevirəm. Təbii ki, söhbət indiki yanaşmamdan gedir. Öz-özlüyündə həmin yerlərin mənim üçün ayrı bir mənası var. Müharibədə yaşadıqlarımıza görə, ayaq qoyduğum hər yer mənim üçün müqəddəsdir. Ancaq belə yanaşmalı deyilik. Biz torpağı sadəcə torpaq olduğu üçün sevməməliyik. Torpağı simvollaşdıranda onun dəyərlərini, mədəniyyətini, insanlarını nəzərdə tuturuq. Buna görə sevmək lazımdır. Yoxsa həmin torpağın başqa ərazilərdəki qumdan, torpaqdan fərqi olmaz.

— Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Şuşa... Hamısı eyni müharibənin içində olsa da, yəqin, yaddaşınızda ayrı-ayrı qalıb. Bu yerlərin hər biri sizə nəyi xatırladır?
— Düzü, hər dəfə o günlərə qayıtmaq istəmirəm, çünki xatırlayanda praqmatik, realist yanaşmamı itirirəm. Həmin anları yada saldıqca yaşadığım duyğulara, əzablara, çətinliklərə görə məsələyə yanaşıram. Müqayisə etsək, şeirimdə bildirdiyim kimi, ilk döyüş günlərində Füzuli-Cəbrayıl-Xocavənd mənim üçün milli-hərbi Kərbəla idi. Ən çox itki verilən günlər və ərazilər, susuzluq içində mühasirə vəziyyəti, hava şəraiti və s. Haqlı savaşda belə şəraitlə üzləşirdik. Xocalı kəndlərində isə 1992-ci ildə izlədiyimiz kadrlar beynimdə olduğuna görə vakuumda olmuşam, qəribə bir boşluqda qalmışam. Həmin kəndlərdə olduğumla bağlı hələ də ayılmamışam, bəzi suallara cavab tapmamışam. Əslində, səbəblər və nəticələr mənə aydındır. Ancaq anlam verə bilmirəm. Bilirəm, amma yenə də… yenə də anlam verə bilmirəm.
— “Füzuli günləri” yazınızda Birinci Qarabağ müharibəsindən qalan səngərdə dayandığınızı, orada bu dəfə şəhidlərin övladlarının olduğunu yazırsınız. Həmin səngərdə dayananda sizə də elə gəlmədimi ki, iki müharibənin arasında 26 il yox, bəlkə heç zaman məsafəsi yoxdur?
— Bəlkə də heç məsafə yox idi. Bəlkə elə onlar biz idik. Paralel dünyanın insanları…
— Bir maraqlı məqam var: müharibədə şəhid olmaqdan çox əsir düşməkdən qorxmusunuz. Əsirlik fikri sizin üçün niyə bu qədər ağır idi? Fiziki işgəncədən, alçaldılmaqdan, yoxsa azadlığınızı itirməkdən?
— Birbaşa desəm, azadlıq, ləyaqət və şərəf məsələsi. İlk düşündüyüm bunlar olub.
— Müharibə adamı dəyişir, bəzən onun içində heç tanımadığı tərəfləri üzə çıxarır. Siz özünüzdə qəddarlıq və aqressiya hiss etdiyinizi də demişdiniz. İndi bu tərəfiniz necədir? Cəbhədə qaldı, yoxsa mülki həyata da sizinlə gəldi?
— Müharibədən sonrakı dövrdə, məncə, qəddarlıq artdı. Amma içimdə. Bəlkə də bunu nümayiş etdirmək üçün şərait yoxdur deyə görünmür. Ən azı, həmin aqressiyanı idmana yönəltdim, içimdəki mənfi yükdən, aqressiyadan bu yolla çıxmağa çalışıram.

— “Müharibədə sağ qalanlar canlı şəhidlərdir” ifadəsi çox ağır səslənir. Başqalarına bu adı verməkdən çəkinmirsiniz, amma özünüz haqqında danışanda tərəddüd edirsiniz. Niyə?
— Özüm barədə bu sözü işlətməyim, ən azı, qeyri-əxlaqi olardı. Başqaları haqqında isə bu sözü məmnuniyyətlə işlədirəm və ya işlədərəm. Məsələn, gəncliyinin ən gözəl illərini müharibədə keçirən, eyni zamanda səngər xidməti görən, orta yaşlarını Vətən müharibəsində yaşayan qələm adamı İlham Tumas mənim üçün şəhiddir.
— Medallar barədə danışanda bir vaxt dövlətin qiymətləndirməsini insana olan sevginin leqallaşdırılması ilə müqayisə etmişdiniz. İndi medallara baxanda əvvəlki hissləri keçirirsiniz, yoxsa münasibətiniz dəyişib?
— Açığı, həmin vaxtlar daha şirin gəlirdi. Xüsusən də döyüş medalını hər şeydən üstün və şərəfli qiymətləndirmə kimi görürəm. Biz öldükdən sonra gördüyümüz əməllərlə, yaratdığımız əsərlərlə xatırlana bilərik. Kimsə medalı almışdı deyə ədəbiyyat tarixində bizdən bəhs etməyəcək. Amma sevgiyə, fədakarlığa, cəsarətə görə qiymətləndirilmək təkcə özün üçün deyil, ailən və doğmaların üçün də önəmlidir. Ən azı, sağlığında xoş hissdir. Belə deyək də, hansısa doğmanı sevirsən, özü də qarşılıqsız, təmənnasız. Amma vacib günlərində onun sənə etdiyi kiçik bir jest, dediyi söz necə əhəmiyyətlidirsə, bu da elədir.
— “Zəfər ədəbiyyatı”nda düşmənin ancaq qorxaq, qaçan obrazda göstərilməsinə etiraz edirsiniz. Bəs sizcə, düşməni olduğu kimi göstərmək Azərbaycan əsgərinin qəhrəmanlığını daha yaxşı anlatmazmı? Ədəbiyyatda bu obrazı necə yaratmalıyıq?
— Zamana görə dəyişə bilər. Əvvəllər bunu anlayıram. Bəlkə də qorxaq obrazı cəmiyyət baxımından sərfəli idi, daxili auditoriya üçün lazım idi. Hətta antiterror əməliyyatına qədər, ümumiyyətlə, gərəkli idi. Bəs indi? İndi bunu etmək Azərbaycan ordusunu kiçiltməkdir, şəhidlərin qanının boşuna axdığını deməkdir. Əgər ermənilər qorxaraq cəbhəboyu hər yerdə qaçırdılarsa, 2914 şəhidi statistika naminə verdik? Yaxud dünyaya göstərmək üçün deyək ki, ayıbdır, ermənilər bu qədər itki verib, biz də verək ki, ayıb olmasın? Bəs minlərlə yaralının haqqı necə olsun? Veteran adı daşıyıb ömrü boyu müharibə travması ilə yaşayacaq döyüşçülərin haqqı necə olsun? Heç kim müharibədən əvvəlki kimi sağlam qayıda bilməz, istər psixoloji, istərsə də fiziki baxımdan. Ən azı, hərtərəfli sağlam qayıdan adamın müharibədən əvvəl psixoloji problemləri olub, ya da o, müharibə görməyib. Ermənilər qaçırdılarsa, niyə 44 gün aramsız döyüşlər getdi? Hələ torpaqların bir hissəsi müqaviləyə əsasən sonrakı mərhələyə saxlanılmışdı. Hazırda bu cür danışanlar ya müharibə haqqında heç nə bilmirlər, ya da orada olmayıblar. Bu cür danışanlar Azərbaycan ordusuna ləkə atırlar. Həmçinin, gələcək təhlükəsizliyimiz naminə ayaqlarımızın altına mina basdırırlar. Diqqətlə düşünsək, bunun nə qədər təhlükəli olduğunu görə bilərik. Söz açılıbsa, deyək.
— Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri haqqında düşünəndə emosiyaların bizi yanlış qərarlara apardığı qənaətinə gəlmişdiniz. İndi, müharibənin özünü gördükdən sonra da belə düşünürsünüz? Yoxsa emosiyanın da müharibədə öz yeri olduğunu qəbul edirsiniz?
— Bir az əvvəl dediklərimi yenidən xatırlatmaq istəməzdim. Müharibədə ruh yüksəkliyi, xüsusən də orduda, bu cür təbliğat lazım idi. Müharibədən əvvəl və bir qədər sonra da. Lakin indi pafoslu çıxışlar milli təhlükəsizlik baxımından ən qorxulu düşmənimizdir, həm də gizli düşmənimiz. Ədəbiyyata gəlincə, burada nə deyəcəyim, məncə, əvvəlcədən məlumdur.
— Bir vaxt şair kimi başladığınız yolun müharibədən sonra nasirliyə doğru dəyişəcəyini düşünürdünüz. İndi özünüzü daha çox şair, yoxsa yazıçı hesab edirsiniz? Həmin keçid baş tutubmu?
— Müəyyən mənada çevirə bildi. Ancaq sevgi hissi elədir ki, onu daha çox şeirlə ifadə etmək olur. Bir də ayılırsan ki, şeir yazırsan. Şeir daha çox duyğu və testosteron məsələsidir. Söhbət təkcə qadından getmir. Hansısa hadisə, əşya, xatirə də səndə həmin duyğuları oyadıb səni şeirə yönəldə bilər. Bir sözlə, duyğularıma uyğun davranıram. Özümü nəyəsə məcbur etmirəm. Ürəyim nəyi istəyirsə, o sahədə varam.
— Müharibə ilə bağlı yüzlərlə materialınız, gündəlikləriniz vardı. Onları şeirə, hekayəyə, böyük əsərlərə çevirmək fikriniz də var idi. Bəs niyə bu mətnlərə qayıtmaq, onları yazıya çevirmək bu qədər çətin və uzun çəkir?
— Hər kəs hazıra nazir olmaq istəyir. Amma bu adamın hansı hadisələrin, qayğıların içində bunları görəcəyini düşünmür. Bilirsiniz, bizim cəmiyyətdə şairdən nə gözləyirlər? Müharibə olsa, getməlidir, əsər yazmalıdır, özü də dərhal. İttiham edirlər ki, tez ol, yaz! Hansısa hadisə baş versə, deyəcəklər ki, mövqe bildirsin. Axırda isə bütün bunlardan sonra sənə nə edəcəklər, bilirsiniz? Bomj və alkaş adlandıracaqlar. İstedadlı adamı heç vaxt bağışlamırlar. Sənə ölümündən sonra alqış düşəcək, hansısa anım tədbirində deyəcəklər ki, filankəs kasıb idi və s. “Vau!” deyib alqışlayacaqlar. İkinci məsələ isə budur ki, yaradıcılığı heç vaxt plana, vaxta bölmürəm. Burada mənim üçün zaman sıfırlanır. Yəni bu barədə düşündüyüm əsəri sabah da yaza bilərəm, on il sonra da. Yaxud hazırda üzərində çalışdığımı dediyim hansısa əsəri qısa zamanda yox, uzun illər sonra bitirdiyimi deyə bilərəm. Mənim üçün bu, zaman yox, ruh məsələsidir.

— Müharibədən yazanda sizə nə daha çox kömək edir: faktları, adları, tarixləri dəqiq xatırlamaq, yoxsa yaddaşınızda qalan o kiçik detallar? Məsələn, bir əsgərin əlindəki su qabı, mərmi səsi, palçıq, qorxu...
— Əlbəttə ki, yaradıcı adam kimi statistika mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Döyüşün ortasında, iki cəbhə xətti arasında, mərmilərin altında sevişən göyərçinlər mənə həmin mərmilərin qiymətinin nə qədər olması, hansı ölkədən gəlməsi barədə məlumatdan daha təsirli gəlmişdi. Bir çox hallarda sənət bunlarla tam əks qütbdə dayanır.
— “Xilasetmə əməliyyatı”nda döyüşü, yaralanmaları, atəş altında qalan insanları çox real təsvir edirsiniz. Belə mətnləri yazanda özünüzə hansı tərəfdən baxırsınız: hadisələrin şahidi olan zabit kimi, yoxsa onları ədəbiyyata çevirmək istəyən şair kimi?
— Düzü, bunları yazarkən hansı Eminin qalib gələcəyini bilmirəm, vətəndaş Eminin, yoxsa şair Eminin? Dəqiq bilmirəm. Bəlkə də hər ikisini qorumağa çalışmışam. İlk aylarda həssaslığı nəzərə alaraq bəzi detallardan yan keçmişəm. Amma bu qədər zamandan sonra eyni cür yanaşmazdım. Çox güman ki, bəzi detalları daha çılpaq şəkildə verəcəyəm. Bu, zamandan asılıdır. Çünki mən həm də Azərbaycan Ordusunun zabitiyəm. Daşıdığım hər statusa hörmət edirəm.
— Rövşən Hüseynovun yaralı mayor Ruslan Cəfərovu atəş altından çıxarması, hətta öz morfisini ona vurması, amma mayorun sonradan hospitalda şəhid olması... Bu hadisə mənə qəhrəmanlıqdan daha çox insanın kimisə xilas etmək üçün göstərdiyi son cəhdi xatırladır. Rövşən sonradan bu hadisəni necə xatırlayırdı? Belə bir sonluq qəhrəmanlıq hissini dəyişirmi?
— Heyfsilənirdi ki, kaş bir neçə dəqiqə vaxt olaydı, o xilas ola bilərdi. Önəmli olan niyyətdən sonra məqsədə mütləq çatmaq deyil, niyyətin arxasında dayanan mahiyyətdir. Biz bu müharibədə məğlub olsaydıq, necə olardı? Şərəflə döyüşən döyüşçülərin, zabitlərin, əsgərlərin qanı və cəsarəti nə olacaqdı? Məsələyə bu cür yanaşaq. Bu, onların qəhrəmanlığını yoxa çıxarmır. Məgər Birinci Qarabağ müharibəsində şəhid olanları indi qınayırıq, yoxsa onlara başqa cür yanaşırıq? Halbuki, onda məğlub olmuşduq. Necə və niyə məğlub olmuşduq, bu, ayrı məsələdir. Əsas məsələ niyyətdir.
— “Bura Füzuli deyil, Kərbəladır, xəbərimiz yox?!” misrası yadda qalan, həm də çox ağrılı misradır. Füzulidə yaşadıqlarınızı Kərbəla ilə müqayisə etmək fikri necə yarandı?
— Hər ikisi. Əgər klassik müharibə kimi yanaşsaq, hərbi baxımdan Füzuli-Cəbrayıl-Xocavənd xətti əsaslı dönüş mərhələsi idi. Belə desək, müharibənin gələcək taleyini həll edən döyüşlər idi. İtkilərin çoxluğu, daha dəhşətli döyüşlər, təbii iqlim şəraiti, müharibənin ilk günləri olması, haqq və şərəf məsələsi, bütün bunlara görə beynimə yalnız bu metafora gələ bilirdi. Bir qədər də su qıtlığı, susuzluq səbəbindən bu fikir beynimdə dolaşırdı.
— Müharibəni romantikləşdirmək istəmirsiniz, amma şeirlərinizdə şəhidlik, ana, torpaq, uşaq, məktub, səngər kimi obrazlar var. Burada incə bir sərhəd yaranır. Sizcə, müharibəni poetik dillə anlatmaqla onu pafoslu şəkildə təqdim etmək arasında fərq nədədir?
— Burada həssas məqamlar var. Kim deyir ki, yazmaqla poetikləşdirmək olmaz? Poetikləşdirə bilirsənsə, yaz. Hansısa kiçik detalı vətənpərvərlik naminə sənət üçün poetikləşdirə bilirsənsə, lap gözəl. Yox, əgər “Mən vətənsiz yaşaya bilmərəm”, “Torpağım getsə, ölərəm”, “Düşmənlərin hamısını qıraram” kimi fikirlərdən söhbət gedirsə, bunları ədəbiyyat, sənət adı ilə insanlara sırımağa çalışırlar. İnsanların həssas nöqtələrindən istifadə edib hər mənada qazanırlar. Səngərdən yazırsansa, həmin səngər obrazında mütləq erməni olmalıdır? Yaxud müharibə təkcə Qarabağda baş vermir ki! Şeirlərimi üst-üstə yığsanız, bir-iki şeirimdə Qarabağ sözünə rast gələrsiniz. O da müharibədən sonra yazılıb.

— Müharibədən sonra insanın ən adi şeylərə münasibəti dəyişir. Evdə yatmaq, yaxınları ilə danışmaq, rahat nəfəs almaq... Bəs sizdə nə dəyişmədi? Müharibədən əvvəlki Eminin hansı xüsusiyyətini bu gün də özünüzdə qoruyursunuz?
— Bu barədə fikirlərim elə də ciddi dəyişməyib. Hələ də aşiq ola bilirəm. Zərrə qədər dəyişməyən xüsusiyyətim budur. Düzü, bundan xoşum da gəlir. Sevirsənsə, yaşayırsan.
— Qələbə elan edilmişdi, amma siz hələ də Laçın istiqamətində mövqedə idiniz. Müharibənin bitdiyini eşitmək başqa şeydir, onun içindən həqiqətən çıxmaq başqa. Sizcə, bu iki tarix niyə üst-üstə düşmür?
— Düzü, tanıdığım çox insan var ki, onlar hələ də müharibədən çıxmayıblar. Hələ də 2020-ci ilin müharibəsində yaşayırlar. Sağ-salamat qayıdan oğullar həmin müharibədən çıxıb, yeni həyata uyğunlaşıblar, amma anaları hələ də müharibədən oğul gözləyir. Müharibənin ən dəhşətli tərəflərindən biri də budur. Digər tərəfdən, əsgəri müharibədən daha çox, müharibədən sonrakı dövr məhv edir. Elə hadisələr olur ki, müharibə zamanı insanın qüruruna toxunan hallar postmüharibə dövründə yaşananlar qədər olmur.
— Birinci Qarabağ müharibəsinin izləri üzərində İkinci Qarabağ müharibəsini yaşadınız. Həmin səngərlərdə, həmin torpaqlarda əvvəlki müharibənin izləri qarşınıza çıxırdı. Sizcə, Birinci müharibəni bilmədən 44 günlük müharibəni anlamaq mümkündürmü?
— Tamamilə. Birinci müharibənin mahiyyətinə enməsək, ikincinin mahiyyətini dərk edə bilməyəcəyik və ya mahiyyətdən uzaq məsələlərin ətrafında dövr edəcəyik.
— Sülh haqqında danışanda özünüz də çox nikbin görünmürsünüz. Sizcə, silahların susması kifayətdir, yoxsa bunun üçün insanların düşmənə münasibəti də dəyişməlidir?
— Dünyada heç vaxt sülh olmayacaq. Biz sadəcə nələrisə müvəqqəti dayandıra bilərik. Ona görə də, heç olmasa, müvəqqəti sülh naminə düşüncəni dəyişmədən silahları susdurmaq lazımdır.
— Altı il keçib, müharibə haqqında xeyli kitab, şeir, hekayə, gündəlik yazılıb. Amma oxuduqlarımızda hələ də yaşananların özünü tam görə bilirikmi? Yoxsa artıq müharibənin necə xatırlanmalı olduğu barədə formalaşmış təsəvvürləri yazırıq?
— Burada konkret danışmaq lazımdır. Adlarla danışsaq, daha yaxşı olar. Düşünürəm ki, müharibə haqqında yazılsa da, onun içinə hələ az girilib. Sənət üçünsə çox azdır. Çünki gözləntilər hələ də pafosdan ibarətdir. Pafos tələbi azalanda əsl ədəbi nümunələrin sayı artacaq.
— Bir məsələ də var. Müharibə haqqında danışanda “ermənilər hər yerdə qaçırdı” fikri tez-tez təkrarlanır. Sizcə, bu və başqa hansı qənaətlər cəbhədə yaşananlarla heç bir əlaqəsi olmayan müharibə miflərinə çevrilib?
— Məsələn, bu fikir: “Ermənilər hər yerdə qaçırdı”. Eyni zamanda, yayılmış fikirlərin 90 faizinin real müharibə və yaşananlarla heç bir əlaqəsi yoxdur.