Dərsini bilməyən şagird kimi küncə qoyulan Xətai

Dərsini bilməyən şagird kimi küncə qoyulan Xətai
2 mart 2020
# 12:25

Siyasət əlvan məfhumdur və bu rənglərlə oynamaq zorunda qalan insanlar istər-istəməz, bəzən ədalətsizliyə, bəzən də səhvlərə imza atmış olurlar. Amma tarix onların fəaliyyətinin cəminə qiymət verir, nəyi nəyə görə qurban verdiyini qiymətləndirir. Böyük şəxsiyyətlərin bioqrafiyasındakı yanlışlar düşmənlərinin bayrağına, əzəmət isə tərəfdarlarının şərəfinə çevrilir. Şəxsiyyətləri tarixə qazandıran amillər təkcə onların əməllərindən deyil, həm də davamçılarının bu əməlləri vəsfindən, nailiyyətlərin memoriallaşdırılmasından asılıdır.

15 yaşında Azərbaycan, İran, Şərqi Anadolu, İraqi-Əcəmi bir qılınc altında birləşdirməyi bacaran Şah İsmayıl Xətainin Bakıdakı heykəlinə baxanda böyük imperatoru yox, dərsini bilmədiyi üçün danlaq almış 15 yaşlı İsmayılı görürük.

Heykəl böyük bir qitənin ən önəmli hissəsini bir bayraq altında cəmləyən Şah İsmayılın deyil, Çaldıran döyüşündə xanımını, Hüseyn bəy Lələni itirən Xətainin durumunu əks etdirir. Heykəl qılıncı ilə cızdığı coğrafiyanı qələmi ilə şərəfləndirən imperator ömrünün ən şərəfli və möhtəşəm illərini deyil, məğlub anını əbədiləşdirib.

Şah İsmayıl dəfələrlə qonşu dövlətlərin diktəsilə yazılmış rəvayətlərlə, əfsanələrlə Azərbaycan vətəndaşının gözündə kiçildilib. Bu gün Şah İsmayıl Xətai 15 yaşında dünya tarixində ən böyük imperiyalardan birini qurmuş sərkərdə kimi deyil, məğlub olduğu nadir döyüşlərdən olan Çaldıranla yadımızda qalıb.

Beynimizə Şah İsmayıl ismindən həmən sonra “Çaldıran” sözü həkk olunub. Halbuki, Şah İsmayılın özünə əsrin xəlifəsi, Xətaiyə isə “İraq daruğası İsmayıl mirzə” deyərək müraciət edən Şeybaniyə (Şiban xan) məktubları, onunla olan Mərv döyüşü vəsf oluna bilərdi. Hansı ki, dəfələrlə təhqiramiz məktublara ədəbli cavab verməsinə baxmayaraq, nəticə almayan Şah İsmayıl sonda Şeybanini diz çökdürür, o dövrün elitar görk modeli olaraq Şeybaninin “kafa tasında” şərab içir.

Şah İsmayıl Xətai adının kiçildilməsinin kimlərə sərf etdiyini hamımız yaxşı bilirik. Yaxşı, bəs özümüz öz əlimizlə imperatorumuzu niyə at belinə qaldırmır, peşman şəkildə o qədər də hündür olmayan “kreslosu”nda oturduruq?

Bəzən yanlış olaraq insanlar vətənpərvərlik səhnələrini bədii əsərlərin vərəqlərində axtarır, tapmayanda yazıçıları qınayır. Əslində, vətənpərvərlik daha diqqətçəkən sənət növlərində - məsələn, heykəltəraşlıqda yaşamalıdır. Hər gün yarı xoş, yarı zor minlərlə insanın gördüyü bir əsər şahın əsl simasını əks etdirsəydi, daha effektiv olmazdımı? Niyə öz əlimizlə ən ciddi tribunalarda, ən yüksək postlarda Şah İsmayılın onlarla qələbəsini yox, nadir məğlubiyyətlərini vəsf edirik?

Bu vəsf bizdən çox Şah İsmayılı küçümsəyənlərin işinə yaramırmı?

Təbii, XXI əsrdə yaşayırıq, biz bu gün qılıncla, yaxud qılıncın vəsfi ilə nəyəsə nail ola bilmərik. Amma reallıq budur ki, hazırda sözünü deyən bütün ölkələr cəmiyyətin dövlətinin arxasında möhkəmlənməsi üçün öz ideallarını, prioritetlərini müəyyənləşdirib, tutarlı qəhrəmanları olmayan ölkələrin ziyalıları “orta əsr xarabalığı”nda özlərinə yeni hökmdarlar qayırıb, onların üstündə salnamələr yaradıb, özləri üçün söykənəcək bir tarix ərsəyə gətiriblər.

Çaylarının axarını bir zamanlar bu torpaqlarda tökülən qanların müəyyən etdiyi bir coğrafiyada, şairindən dəmirçisinə qədər hər kəsin üsyankar olduğu bir yerdə bəzən söykənməyə qəhrəman tapmırıq. Qəhrəmanlarımızın kölgəsi özlərindən böyük görünür. Ən acınacaqlısı da odur ki, bu kölgəni ya bilərəkdən, ya bilməyərəkdən elə özümüz edirik, yaxud da bizə etdirirlər.

Xətai kimi və Xətaidən güclü şairlərimiz onlarladır, amma Şah İsmayıl kimi şahlarımızı düşünəndə qatlamağa barmaq tapmırıq.

Qayıdaq Şah İsmayıl Xətainin heykəlinə - mən düşünürəm ki, bu gün Xətainin “yerində otuzdurulmuş” heykəli onun gələcək taleyini də həll edəcək. Əminəm ki, heykəl at belində, qılıncı başı üzərində bərq vuran şəkildə ucaldılsaydı, onu kimsə yerindən tərpətməyə cürət etməzdi. Oturub fikrə gedən heykəldən kimsə çəkinmir, düşünürlər ki, yaşlı şairdir, harada qoysalar, orada da oturacaq. Bu heykəlin öncəki yeri də əzəldən maşınların şütüdüyü uğursuz məkan deyildi, heykəl ətrafında yolun genişləndirilməsi nəticəsində çölün düzündə qaldı. İndi də çəkib iki böyük binanın, insanların o qədər də getmədiyi bir parka yerləşdirilib. Əminəm ki, qılıncını qucağına qoyub, gicgahını qaşıyan bir heykəli yeni yerində də ciddiyə almayacaqlar, illər sonra onu “müvafiq yenidənqurma işləri ilə əlaqəli” başqa bir məkana köçürməli olacaqlar. Yəqin ki, hər gün bir addım da tarixin qaranlığına itələdiyimiz Şah İsmayıl Xətai kimi onun daş davamçısı da addım-addım mərkəzdən uzaqlaşacaq.

# 7505 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #