“Hamı politoloq olub!” Məlum bəyanatdan sonra sosial şəbəkələrdə ən çox rastlaşdığımız ifadə budur. İctimai-siyasi məsələlərə hər kəsin reaksiya verməsi insanları iki məqama görə narahat edir:
1) Guya fikir çoxluğu başqalarını azdıra bilər.
2) Narahat olanlar prosesi anlaya bilmir, başqalarının anlaması onların eqosunu narahat edir.
Siyasi məsələlərə xalqın reaksiya verməsində narahatlıq doğuran nəsə varmı?
Qəti!
İnsan fikir müxtəlifliyi yox, fikir yeknəsəqliyi içində azır. Variant rəngarəngliyi içində ən doğrusunu seçmək, seçə bilmək, seçmək zorunda qalmaq insanı təkmilləşdirir, fikir monotonluğu isə səni istəmədiyin yönə də çəkə bilir, ən azından hər kəsi məcburi bir qütbə toplayır.
Fikir müxtəlifliyi heç kəsi azdıra bilməz. Rəngarəng rəylər əksinə rəy yazanların da fikirlərinin təkmilləşməsinə səbəb olur. Kiminsə rəyi məsələnin mərkəzinə getmək istəyən başqa birinə astana ola bilər. Bütün böyük kəşflər belə baş verir, biri ilk pilləni qoyur, digəri o pilləyə qalxaraq daha geniş üfüqləri seyr edir və onun baxışı ilk pilləni qoyandan daha geniş olur, beləcə insanlar bir-birinə kömək edərək məsələni aydınlaşdırır. Lomonosov deyirdi, biz böyük adamlarıq, amma azman kişilərin çiynində.
Elə bir dövrdə yaşayırıq ki, hər birimiz politoloq olmağa borcluyuq. Bizim ictimai-siyasi məsələləri burunlamağımız həm prosesə səbəb olan qərar verən şəxslərin daha məsuliyyətli davranmasına, həm də əsl politoloqların daha da peşəkarlaşmasına səbəb olur. Biz ictimai proseslərə rəy verdikcə politoloqlara, siyasətçilərə, millət vəkillərinə tələbkar bir təpki göstərmiş oluruq. Biz onları rəylərimizlə daha həssas cəsarətli, kreativ şərhlərə məcbur edirik.
Vətəndaş jurnalistikası hər birimizi gedən siyasi proseslərə daha individual yanaşmağa hazırlayır. Bu proses vətəndaşı daha dəyərli edir və fərd kimi yetişdirir.
Fikir müxtəlifliyi kütləni cəmiyyətə, xalqa çevirir. Bitkin, dolğun informasiyalara etimadla yanaşmağı öyrədir. Cəmiyyətin dəyərli fərdlərini nişan verir.
Fərdləri küçümsəmək hansısa qara məqsədli qüvvələrin işinə yarayır, bu oyunlara qəti getmək olmaz.
Müharibə dövründə bizə aşkar olan hərbi sirlərin və vətəndaşı olduğumuz ölkənin ordusuna, hərb siyasətinə xələl gətirə biləcək informasiyaların tirajlanması, yanlış şərh olunması istisna - hansı ki müasir dönəmdə bu tip situasiyalar nadir hallarda yaranır, həmin az rastlanan hallardan birini də Azərbaycan yaxın günlərdə yaşadı - digər, demək olar ki, bütün hallarda, istənilən siyasi, ictimai, sosial məsələyə vətəndaş münasibəti arzulanan haldır.
Biz bir birimizi hər məsələyə şərh verməkdə qınamaqdansa, həmin şərhə münasibət bildirərkən etik qaydaları aşmamağa çağırmalıyıq. Anormal situasiya kiminsə fərdi münasibətini küçümsəmək, əlahiddə bir bucaqdan onun şərhini ağır tənqid, təhqir etməkdir.
Anormal hal sosial şəbəkədə birinin yazdığı postun altında ona nümayişkaranə, təvazökarlıqdan uzaq ağıl verməkdir, fikir mübadiləsi aparmaq yox.
“Debil tamaşaçılar” kateqoriyası ilə bağlı yazımda qeyd etdiyim kimi hazırda bir çox Hollivud filmləri insanlara saxta qəhrəmanlıq obrazı, motivasiya, karyera ədəbiyyatı oxuculara yalançı şəxsiyyət qazandırır, bu tip məhsullar insanları illüziya içinə salır və onlara həqiqi şəxsiyyətin böyük çalışqanlıq və hüdudsuz zəhmət nəticəsində əldə olunan nemət olduğunu unutdurur: “bir kola, bir çipsi”dən ibarət menyusuna arxayınlaşıb qaranlıq otaqlarda saatlarla gop filmlərə baxan insanlar bir neçə saatdan sonra sallanmış qarnını unudaraq özünü Rembo sayır, başlayır tullanıb düşməyə, elə ilk konfliktdə çənəsini arzulanmaz hala salırlar, onda başa düşür ki, aldanıb. İndi söhbət bu tip saxta motivasiya məhsullarının yetişdirdiyi adamlardan getmir. Həqiqi prosesin içində olub, Azərbaycanda işləyib, Azərbaycanda halal pul qazanan hər bir şəxsin ortada qaynayan qazanın qapağını açmağa, qoxusunu almağa, “şit-şor”una baxmağa haqqı var.
Sosial şəbəkənin gətirdiyi bəlalar fonunda hər kəsə qazandırdığı bir hücrə var və hər kəs həmin guşədə istədiyi dibçəyi becərə bilər, yetər ki, gülün uzanıb kiminsə pəncərəsinə kölgə salmasın.
Bəzən hakim dairələrin, ictimai siyasi qərar astanasında olan qurumların bilərəkdən cəmiyyətin ixtiyarına buraxdığı, bir növ testdən keçirdiyi məsələlər olur ki, həmin təşkilatlar qərarı cəmiyyətin münasibətinə uyğun tənzimləyir. Biz ətrafımızın şərh verməyini qınamaqla hakim dairələrin diaqnozunu pozuruq. Qoy insanlar fikirlərini ifadə etsin, cəmiyyətin diaqnozu düzgün qoyulsun ki, ona lazımi iynəni vura bilsinlər. Yeknəsəq ifadə forması toplumun yanlış müayinəsi və müalicəsi ilə yekunlaşır.
Bu tip məsələlərdə ən orjinal, ağlabatan, sanballı qərarlar onsuz da seçilir və diqqət çəkir. Ətrafınızdakı insanların yanlış şərhlər verdiyini görürsünüz və bu sizi əsəbiləşdirirsə, özünüz daha təkmilini yazın, əgər yazdığınız həqiqətən iddialı, cəsarətli, ən əsası doğrudursa, onsuz da diqqət çəkəcək, tirajlanacaq, məqsədinizə çatmış olacaqsınız. Yanlış yazdığını düşündüyünüz şəxslər də sizin şərhinizin düzgün olduğunu görüb işığınıza gələcək. Yox əgər mövqeyiniz diqqət çəkmirsə, bu o deməkdir ki, ifadəniz doğru olmuş olsa belə hazırkı dönəm üçün effektiv və lazımlı deyil. Ola bilsin siz çox sanballı və gələcəyə hesablanmış fikirlər yazırsınız, amma ətrafınızın diqqətini çəkmirsiniz. Demək fikirləriniz indi üçün onlayn deyil, siz indinin ictimai fikrinə təsir edə bilmirsiniz. Belə halda yaxşı olar ki, qeydlərinizi gələcəyə hesablanmış mətnlər içində əridəsiz, yaxud diri saxlayasız, topluma ayrı silahla müraciət edəsiz, hərbi dillə desək, avtomatdan yox, artilleriyadan istifadə edəsiz, nə bilim, uzaqmənzilli raket barədə düşünəsiz.
Cəmiyyət bir ağızdan danışmalı deyil. Cəmiyyət hansısa bir fərdin ağlı ilə oturub durmalı deyil. Cəmiyyət öz yekdil qərarına danışa-danışa, dartışa-dartışa gələ bilər.
Odur ki, usanmayın, danışın, cənablar!