“Debil tamaşaçı”lar kimlərdir?

“Debil tamaşaçı”lar kimlərdir?
30 aprel 2020
# 11:16

İlk baxışdan təhqiramiz səslənən bu ifadə əslində bir filosof tərəfindən leksikona salınıb. Təəssüf ki, bəşəriyyətin bu ifadəyə ehtiyacı yaranıb və təəssüf ki, başbilənlər böyük bir topluma verməyə başqa bir ad tapmayıb.

Bəs mütəxəssislərin "debil tamaşaçı" dediyi bu şəxslər kimlərdir?

Televiziya proqramları, xas Hollivud filmləri, motivasiya kitabları balaca adamlara saxta şəxsiyyət qazandırır. Onlar öz düşüncələrini sitayiş etdikləri zirvədə - ekranda, kitabda, kinoda görəndə zövqləri sığallanır, özlərini yetişmiş sayır. Həyati qabiliyyətləri, yaşantıları yetərincə olmadığı üçün bu zirvə onları qıdıqlayır, başlayırlar “müdrik çıxışlar” etməyə.

Sözügedən məhsulların - bir daha qeyd edirəm, saxta filmlərin, “xala zövqü”nə hesablanmış verilişlərin, yalnız vərəq üzərində doğru görünən məsləhətlərdən ibarət kitabların tənqid olunması həmin şəxslərə olduqca pis təsir edir. Bu amansız həyatda qavraya bildikləri, “qablarına sığan” dəyərlərin puç olduğunu sübut edən adama qarşı qəzəb püskürməyə başlayırlar.

Filosof, ABŞ rejissoru Terrens Malik (Terrence Malick) bu tip tamaşaçıları xüsusi kateqoriyaya - "debil tamaşaçı" kateqoriyasına aid edir. Onları tanımaq çox da çətin deyil. Adətən özlərini aşağıdakı "keyfiyyət"lərlə biruzə verirlər:

1. Hazırhulqum, bayağı məhsullardan yüksək keyfiyyətli sənət nümunəsi kimi ağız dolusu danışmaq, onları sona qədər müdafiə etmək.

2. Uzun illər müəllim dedikləri şəxsiyyətlər onların olduğu “zirvə”yə xələl gətirən çıxışlar etdikdə ustadlarını təhqir etmək.

3. Yeni ideyalara qarşı mühafizəkarlıq.

Bu tip şəxslər öz düşüncələrini, bəsit cümlələrini yüksək tribunalardan eşitdikdə son dərəcə xoşbəxt olurlar. Onun üçün də ağıllı siyasətçilər, ədəbi vicdanı olmayan “yazıçılar” “debil tamaşaçı” kateqoriyasına aid bu kütlədən istifadə edərək qalib gəlir, kitab satır və asanlıqla bu toplumun sevimlisinə çevrilir.

“Debil tamaşaçı” tipi bütün ölkələrdə mövcuddur. Bu kateqoriyaya ad verən filosof, rejissor Terrens Malik ABŞ vətəndaşıdır və analoji tamaşaçı tipinin öz vətənində də tüğyan etdiyini deyir. Nə qədər acı olsa da, ölkədə mədəniyyət sektorunun inkişafı sözügedən kateqoriyaya aid insanların sayından asıllıdır. Azərbaycan kimi ölkələrdə isə bəzən ölkənin ziyalı sayılan adamları da zövq etibarilə “debil tamaşaçı” kateqoriyasını aşa bilmir.

Sənət rəy müstəvisində zövq məsələsi deyil. Tamaşaçı baxmaqda, sevməkdə sərbəstdir, lakin rəy məsələsində subyektiv baxış üzərindən çıxış etmək, “zövqümcədirsə, əla filmdir”, yaxud “sevmirəmsə, bu, film deyil” ifadələri diletantlıqdır və “debil tamaşaçı” tipinə məxsus əlamətlərdir. Tənqid, rəy, tərif fundamental əsaslara, təsdiqlənmiş kriteriyalara, azından sənətdə sözünü demiş şəxsiyyətlərin fikirlərinə söykənməlidir. Digər bir rəy forması da, orijinal, yeni fəlsəfi yanaşma ola bilər ki, bu mövqe də titrək olduğundan polemikaya açıqdır. O polemika ki, “debil tamaşaçı” tipindən arınmış olsun.

# 3350 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #