Yarımçıq sevişib, ya da doymayıb – Ələsgər Əhməddən yeni şeirlər

Ələsgər Əhməd, şair

Ələsgər Əhməd, şair

16 noyabr 2021
# 17:10

Kulis.az Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.


4S qaydası.

“Do it today, or regret it tomorrow.”

Səbrsiz sədaqətlilər,
sayğısızların sevgilərində girov.

Xəttabın obrazlı ölümünün qatili olmaqmı,
Buna görə döyülməkmi,
yoxsa, Sultan məzarlığında son dəfə ölməkmi
Qul haqqıdır, Süheyl?

Diqqətliyik?
- Diqqət?
Bu samit yapışqanlığı,
qayğısızların uydurduğu tələffüz israfı deyil?

- Həqiqətən?
- Həqiqət?
Ya çox ağıllısan,
ya da güldürdükcə ağlayırsan.
- Dəliyik.
Həqiqət inancımız,
qoca dəvəni daşıyan qarışqa cavanlığı.

İki, səkkiz - səkkiz, iki
Hesablı birləşmələr,
riyazi yerdəyişmələr
Qarışıq olmasından savayı gülüncdür,
Piramida quldarlığı üçküncdü damcılarda
Qamçılar da,
iyirmi səkkiz dəfə qandallanan şairə kəsilmiş
Səksən iki edamdı.

Çərçivələnmiş şair görüntüsü:
Əsəbiləşən kadrın başından çıxan,
fotoaparat tüstüsü.
Şəkilini çəkəcək biri olmayanda görəcəksən ki,
yalnızlıq səninlə yaşayan tək adamdı.

İrəliləmək,
yolsuzluğun sonluğuna həvəslənmək görünsə də
Pilotun ikinci qəza təlaşıdır,
birincidə iki qanadlı ensə də.
Əcəl ənsəndə,
ödəsən də təminatın.
Ölüm:
kainatın oxumadığı sənədə qol çəkmək bəlasıdır.
Lakin yenə də,
yolun ən siyahına da şəms izdir.

Sənsə, yollanmırsan,
güldürürsən qovanı.
Havanı içsəl qəbullanmırsan
Bir də ki,
ətrafda qoxulamağa nəsə yoxdursa,
burnun olmağı önəmsizdir.

Dark music?
Doğum və ölüm tarixinin arasındakı xətt ömürdümü,
bəs ömrünü sürdümü qəbirdəki?
Dünyanın ən çılğın ifaları susdu,
Fərz et,
yeraltındakı bəstələr Pink Floydu tək qoydu.

Bəs Çarlilər?
- Onlar da fəğan etdi.
Alışqan zəhmət olmasa.
- Olmaz.

Nikotin atların sinəsini boğurdu deyə,
Yekaterina Nikolaydan qalma siqaretləri qadağan etdi.

Əllərini boş saxlama
Mətbəxdən yeyə-yeyə gəlsən, masa dolmaz.
İşğalçılıq,
torpaqların əynindəki azadlığı daraltdı
İtal yanın yoxdursa,
çəkilməz ki, qolaydan marina.

Yunanlar
Romanın gücünü komediyaya çevirsə də,
Romalılar buna gülüb, yumoru yaratdı.

Yaranmadımı mədəniyyət imperializmi?

Mən də
eskalatordan qalxarkən,
balina mədəsindən xilas olurmuş kimi hiss edirdim.

Yalançı qaçışlar öyrədirdim
Özümə səhv öyrətmişdilər eskapizmi

Amerika
öz bayrağından altpaltarları düzəldib,
dünyaya "ağ bayrağı qaldır" əmri verirdi.

Eşq orientasiyasından
tərəddüdlü homofoblar sərirdi genetika
cinayətlərin üstünə,
cinayətkarların ayaqları altına

Təkər izləri,
sürətləri asfaltına şərləyirdi.
Süvari zəlzələsindən diksindiyin şosedə

Zadəganlar heç vaxt,
yaxşılığı dayandırmaz, dartar mənfəətininə

Qızı üşüsə də
təbiəti yandırmayan (kimsə) insanları zəhərləyirdi.

Şimşəklər boşluqdan çaxırdı
Zodiac qəlbini qəsdindən,
İsrail Hitlerə olan əsəbini Fələstindən çıxırdı

Karlionlar koçovalılardan əvvəl,
bu maddiyyata uyuşmurdu.
Hamı qorxusuz ölürdü,
döyüş-ordu üsullarında.

Öncə səddlər bombalanırdı
yön cəsədlər göstərirdi məzarlıqdan çıxış istiqamətinə
Ensest münasibətlərin sularında
mutant hanniballar bulanırdı.

Holoqram inqilablar səssizlikdən,
saxsı qablar bilgisizlikdən daşdı.

Tanrı da.
Yusifə danışıq vasitəsini
köynəklə göndərib hamımıza bir köynək yaxınlaşdı.

Bəs görəsən,
məni niyə çılpaq göndərib,
niyə çılpaq qayıtmalıyam?
Göndərərkən mi yarımçıq sevişib,
ya da doymayıb deyə mi, yenidən istəyir?

Sevgi deyirsən, əsnəyir.

O bilirdi,
sən də bil

"Üzümlü keksə allergiyayası olan
cizgifilm qəhrəmanı, sevgilisinə bu adla xitab edərdi.

Əlçatmazlıq simmetriyası,
istəyimizdən dilimizə boylanan məsafə qədərdi"

Xatirəsini qapı-qapı buraxan sevimli, Dərviş.
Gözlərin qulaqlarını kəsəndə, bil.

Ordularını yeridə bilməyən hegemon dövlətlər,
həmin torpaqlara filmlərini izlədər
musiqilərini dinlədərmiş.

Cahanın intiharı

Ayın səkkizi
bir gənc
qayaların üstündən utandırır dənizi
üstündən utandırır dənizi
Fikirləşir: "edim, etməyim?"
Ləçəklərini qoparıb
"sevir, sevmir" dediyi çiçəyin çəkdiyi əziyyəti çəkir
Niyyəti son mənzil olmasa da,
intihar düşündürmür, mənzil niyyəti çəkir.
Torpağın sonuncu qarışını tapdalayırsan?
buludlar qısqancdır,
təmizləyir sonucu izi də.
Gözünün önündə yemək yediyin uşaqlar,
adətən, ac olur
Axı gül torpağa
dibçəkdə daha çox möhtac olur,
nəinki radioaktiv ərazidə...
Əcəl Tanrının çağırış ismarışıdı,
amma sən
əsgər yalanı ilə saçlarını kəsdirmişdin,
Bədənsiz gödəkcəni sahildə yellətməklə
dalğaların
ən sakit küləyini əsdirmişdin.
İndi sual vermirsən
mənsə "Niyə belə etdi"? sualına cavabsız
çəkilişini sevmədiyin siqareti,
sevmədiyin şəkildə qullablayıram.
Ayağımı sudan çıxarıb,
gövdənə təkan verən daşın
sürüşkənlik bacarığını hesablayıram.
Nömrənə zəng edib gülürəm:
bu ki yaşlanan uşaqların
böyüməmək həvəsidi
Alo, Məlik, hardasan,
gəlmirsən, o nə su səsidi?
Bilirdim də,
addımımdan əsəbiləşən,
bu qürurlu səkilər özlərini sökəcəklər.
Quşlar elə sıx uçur ki,
sanki elə buradaca
çiyinlərimdən yapışıb arxaya çəkəcəklər.
Siqaret də sönməyib
əsəbindən əsnəməyin
külək təkəbbürü ilə külü gözümə çırpır.
Pis xatirəsi olmaq istəmədiyin,
yeməyini bölüşsən də,
yanaqlarını yemədiyin uşaq da burdadı,
məndən "O dönməyib?" soruşurcasına
gözlərini qırpır...
Birazdan daşlaşmış şəklin
kimsəsiz olmayacaq,
İlk və son meyvəsi
budaqdan qopan ağac kimi,
gövdəmi əyəcəyəm.
Çiçək almağa pul tapmasam,
arxandakı məzarlardan oğurlayıb
səninkini bəzəyəcəyəm
Ölümünü yaşadığımız adam üçün
ölməyib deyəcək qədər yalançıyıq.
Bax, Məlik,
insanlığın kürəyində məğlubiyyət izləri var –
öz əlimizlə vurmasaq da,
özümüz qamçıyıq
Bakının ən tənha parklarından keçirəm...
Qarşımda daun sindromlu
siam əkizləri var.
Ovcumda qış parkına ağac olmaq istəyən toxumlar...
Qayalardakı sarmaşıq da nəfəsini,
özünü hiddətlə çırpan balıqların tozundan
alır guya.
Burnumun ucunu göynədir
memuar allergiya,
harda səbir gətirirəmsə,
demək, oralar, sən qoxurlar
Bədənindəki çakraların mənasını
Qandi də bilməzdi,
Məhəllə uşaqları itləri daşlayardı,
pişiklər sevilməzdi.
Düşünərdin,
ən gözəl şeirlər heyvanlardı,
Deyərdin,
ən mənasız hündürlüklər
küçələrə zibil salafanlar atılan eyvanlardı.
Siçanlara tələ qurmazdın,
istəyərdin, bir dilim pendir mübarizəsi
onları qalaktika fəthinə hazırlasın.
Səncə, gözəl olmaz?
Qarışqadan fil düzəltmək mütləqdir.
həmin fil
qarışqa tadtalamaq istəyəndə keçmişini xatırlasın.
Eynəksiz qadınlar həqiqəti görməzdi,
elə ona görə
eynəkli qızlara şeir yazdın.
Bunu eşidəndə təəccübləndin –
axı sənin öz üsyanın var idi,
axı sən kuklaya iynə batanda
bədəni incinən insanların tanrısıyla vuruşurdun;
hüznlü idin,
çörək yumşaqlığında
"görək" ümidi yemişdin.
"Yağış gözəldir?" sualına
"Ayaqqabısı su buraxanlardan soruş" – demişdin.
Necə ki özün
şəhərin gecə satışlarını
səhər manekenlərdən soruşurdun.
Məlik,
boğulanda çırpınmadın, balıqlar zədələnməsin.
Eşitdinmi,
ləpələrə əks-səda atanın yorğun səsin?
Yumşaq üzünə çöp dəyəndə
gözünün altı göyərdimi?
Sənin ölümün –
dünyanın sonuncu haqsızlığı idi,
bundan sonra
Nəsimi yenə də "həqq mənəm" deyərdimi?
Lal olardı.
Məsələn, mən
Aramızdakı divarı yumruqlayıb
əllərimin dərisini soyuram...
Və hər ayın səkkizi burdayam,
səni xilas etməyi arzulayıram.


Fotoaparatdakı gözlərin


"Sokrat kimi olmaq daha yaxşı imiş"
bəlkə özündən bezdiyindən,
inkar əvəzliyindən demiş; Stüart.

Füsunkar gələcəyin özlüyündən, keçmiş dart.
Özlədiyin,
retro distansiyalarda
Qulların qarın qatındakı, qurdların naharı
Metro stansiyalarda gözlədiyin,
qatar sərinliyi
Dəmir pulların insanların həyatındakı dərinliyi: ovcundakı kart.
Xəmir məhsulların, standart şirinliyi -
"Nobaharı"

Gözlərində,
birincilik yayınmaqdır, hədəf sani
İnciklik, məcburi aranı ayırmaqdır, sözlərində
Yalançıdır gerçəyindəki bəla-kin
Lakin, dirsəyindəki inqilabçı yaranı,
mühafizə adında qapıçı köynəyin sürtür
İçindəki çılpaqlığı örtür, nəfsani abır.

Doğum günlərinin vacibliyi,
beynimdəki qaranlıq cibliyi günəşləndirdi - 6 Noyabr.
Samanını saxlamayan,
zamanını anlamaz.
Kosmogen qüvvəni adlandıran,
ruhunu səccadədən göylərə qanadlandıran namaz,
Qəbuldurmu?

Məni görməməyin,
kefsizliyinə quldurmu?
Hissiyatlı dəqiqələr,
bir divar saatının evsizliyinə bənzədilsə,
dinlədiyim musiqilər səsinlə bəzədilsə,

Dünyanı sənə tapşırıb,
gözü açıq intihar edə bilərəmmi?
Barıtından boğular?
Oyuncaq evindən, uşaq arabasına qundaqlanan mərmi.

İkinci paraqraf.

"Mən ağlamıram!"
ağlasan, silərəmmi,
Uslandığım mövsümünə gələrəmmi

Təbəssümünə fokslandığım, fotoqraf?

Bir saniyə, bədənimin abı - boğulmağa dizdən:
Heyvanpərəst ulğum,
boğazımdakını yarımlayır

ayaqqabı olmağa addımlayır,
dərisi timsahın da
Qorxduğum dənizdən görünürsən,
su pərisi timsalında.

Dalğalar qışqırırdı,
bir sən yanırdın qaranquşların köçündən əmin halına
bütünlüyə varan quşların qanadında dayanırdın
İçindən qorxuluq adında,
qarğalar fışqırırdı həmin balina.

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

# # #