“10lar”-ın aparıcısı: “Gərək cızıqdan çıxasan" - MÜSAHİBƏ

“10lar”-ın aparıcısı: “Gərək cızıqdan çıxasan" - <span style="color:red;">MÜSAHİBƏ
10 fevral 2015
# 14:53

Kulis.Az-ın müsahibi ATV kanalında yayımlanan “10lar” verilişinin aparıcısı Afaq Gəncəlidir.

- Afaq xanım, müsahibədən əvvəl “Youtube”da “10lar” verilişinin müxtəlif buraxılışlarını izlədim. Və şou-biznesdəki qalmaqallardan xəbərdar oldum. Məsələn, Brilliant Dadaşova ilə Aygün Kazımovanın, Natəvan Həbibi ilə İlhamə Quliyevanın qalmaqalından... “10lar” hansı tamaşaçıya hesablanıb?

- “10lar”-ın əlbəttə ki, konkret publikası var. Əbəs yerə “10lar” adlandırılmayıb. Əvvəllər veriliş on seçilmiş müğənni üzərində qurulmuşdu. Sonra müdiriyyət, yaradıcı heyət belə qərara gəldi ki, hər dəfə eyni adamlar olmaz. Çünki bu onluq tamaşaçını bezdirir. Həm də onlar hər həftə yeni nəsə eləmirlər. Çərçivədən çıxmamaq şərtilə biz müğənniləri artırdıq. Çalışırıq ki, öz gördüyümüz gözlə və tamaşaçının bəlli bir səviyyədə görmək istədiyi müğənniləri “10lar”-da göstərək. Mən heç kəsi təhqir eləmək istəmirəm, sadəcə, biz seçdiyimiz müğənniləri daha səviyyəli görürük. Düzdür, istisnalar var. Qəbul eləməsəm də, kommersiya deyilən bir şey var ki, bəlli vəsait ödəyib “10lar”-a çıxırlar. Amma həmin müğənniləri “10lar”-a qatmaq olmaz. Verilişin öz marağı da olmalıdır müğənniyə. Mənim marağım yoxdursa, istəyir pul ödəsin, istəyir ödəməsin, düşüncəm dairəsində insan deyilsənsə, istəməyəcəm çəkim onu. Ən azından “prestij” deyilən bir şey var.

- Dediz ki, on müğənni üzərində qurulub veriliş. Kimlərdir?

- Röya, Aygün Kazımova, Faiq Ağayev, Samir Bağırov, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva....

- Hansı kriteriyalara əsasən seçmisiz?

- Mənə qədər verilişin rəhbəri vardı, o, artıq belə qayda qoymuşdu. O, özü rus, xarici kanallara çox baxırdı, onun dünyagörüşü də başqa idi. İstəyirdi müğənninin həm geyim, həm səhnə mədəniyyəti, həm ifa tərzi normal olsun. Ən azından ekran qarşısında oturan tamaşaçının ürəyini bulandırmasın. Bir az öncə çəkilişdəydim. Belə söz işlətdim ki, müğənni var, çox gözəl oxuyur, amma gəl ki, geyimi zövqsüzdür, ifasını tamamlamır. Müğənni də var, brend geyinir, amma oxuduğu mahnı bayağıdır. Yəni ifa və geyim, səhnə mədəniyyəti bir-birini tamamlamalıdır.

- Yenə o suala qayıtmaq istəyirəm ki, publikanız kimdir? Hər halda intellektual adam üçün məsələn, Aygünlə Brilliantın konflikti maraqlı olmaz.

- Mən sizə deyim. Verilişimizdə “Mədəniyyət” rubrikası var. Mədəniyyətdə baş verən ən önəmli xəbərləri göstəririk. Teatrlarda vəziyyətlə bağlı və ya Rusiyadan hansısa aktyor gəlir, onunla bağlı süjetlər veririk. Şou proqramında mədəniyyət bölümü azlıq təşkil edir. Çünki mən sırf mədəniyyət xəbərləri eləsəm ona baxılmayacaq. Əgər verilişdə ağlamaq, söz atmaq olmadısa, o bizim tamaşaçını özünə cəlb etməyəcək. Hə, mən başa düşürəm, tamaşaçılar var ki, onların da zövqünü korlamaq olmaz. Amma biz ilk gündən maqazin verilişi kimi efirə çıxmışıq. Hər evdə müxtəlif yaş kateqoriyasından adamlar var. O yaşlı nəsli də düşünmək lazımdır. Ona görə mədəniyyət xəbərini təqdim edirik. Bir şey deyim, çəkilən xam materialı bir müddət silmirik. O süjetin üzərindən ən azı bir ay keçməlidir ki, mən onu silim. Müğənnilərimizdə belə xasiyyət var, hər şeyi montajın üzərinə atırlar. Sözü deyirlər, sonra arxasından qaçırlar. Başıma bir-iki dəfə belə hadisə gəldiyi üçün silmirəm. Bu, mənim üçün alibidir bir növ. Bəlkə də yeganə maqazin verilişdir ki, heç nəyi şişirtmirik, olduğu kimi göstəririk.

- Psixoloji baxımdan müğənnilərin bu davranışını necə izah edərdiz?

- Loru dildə desəm, mikrofonu görüb, hurra edirlər ki, ay aman, məni çəkəcəklər və göstərəcəklər. Çoxuna aiddir. Müəyyən azlıq var ki, düşünərək danışır. Digərləri isə mikrofon görəndə sevinirlər ki, məni göstərəcəklər, toylarım artacaq. Müxbir məcburdu ki, səni qızışdırsın, sənin ağzından sözü çıxarsın. Əgər insana ağıl verilibsə, dediyi kəlmələrə cavabdeh olmalıdır. Müsahibə vermədən öncə ən azı mütaliə eləsinlər ki, bu sözün sinonimi nədir, birdən bunu desəm filan cür yozarlar.

- Mütaliə edirsiz?

- Son vaxtlar yox. Çünki evə çox gec gəlirəm. Beynim çox yorulur. Audiokutablar var, ən azı düşünürəm ki, maşın sürəndə qulaq asım. Axırıncı oxuduğum kitab yadımdadır. Çingiz Abdullayevin “Dronqo”sunu oxudum. Çox bəyəndim. Son oxuduğum kitab odur. Bəlkə də bir ildir, kitab oxumuram. Çünki tədbirlər, veriliş. Boş vaxtım olsa yataram ki, beynim dincəlsin.

- Çingiz Abdullayevin ciddi ədəbiyyat olduğunu düşünmürəm. Amma əminəm ki, siz ciddi ədəbiyyat oxumusuz. Özünüzü müğənnilər arasında necə hiss edirsiz?

- Bəlli müğənnilər var ki, təbii, onlarla intellektual söhbət edə bilmərəm. Bayağı, adi, gündəmdə olan şeylərdən danışırlar. Müğənnilərə nə lazımdır, efir, qalmaqal. Layihə deyəndə onlar nə anlayırlar? Hansı mahnını oxuyum ki, səs-səda yaransın. Layihə budur onlar üçün. Çoxu “layihə” sözünün nə olduğunu bilmir. Onlar layihə deyəndə mən gülürəm ki, axı, bu layihə deyil, gündəmdə qalmaq niyyətidir. Siz bunlardan nə intellekt gözləyirsiz? Elə müğənnilər var ki, onlarla normal söhbət edə bilirəm. Ən azı mütaliəsi, dünyagörüşü var, xəbərlərə baxır, ən azı heyvanlar haqda verilişə baxır. Mənim müğənnilər arasında yaxın dostum yoxdur. Özüm də çalışıram ki, aramızda baryer saxlayım. Haqqımda “İnstaqram”da yazırlar ki, özündən çox razısan, sən kimsən, özünü belə bəyənirsən. Bəlkə də belə görünürəm. Amma sadəcə özümə hörmət edirəm. Çalışıram ki, baryeri keçməyim, münasibətlərim belə qalsın. Baryeri keçsəm, yaxın olsam, axırı bilirəm ki, dava olacaq.

- “10lar”-da təqdim etdiyiniz şou xəbərlərin ictimai yükü nədir? Sizcə tamaşaçı bundan nə qazanır və ümumiyyətlə, qazanmalıdırmı?

- Qazanmalıdır deyəndə ki... Belə deyim də. Müğənnilərin fanatları var, onların haqqında məlumat alırlar, mahnıları, konsertləri, qastrolları haqda. Sırf mədəniyyət tərəfdən qazanırlar. Qalmaqal tərəfdən inanmıram ki, kiməsə nəsə lazım ola bilər, kimsə nəsə qazana bilər. Heç inanmıram. Çünki onların qalmaqalı, bir-birinə atdığı sözlər, yalnız şou xarakterli... Amma niyə, bəlli kütlə var, onlara maraqlıdır, dedi-qodu eləyən kütləyə. Hər kəsin özünə görə qazancı var.

- İki müğənni konfliktdədirsə, bu, həm də şəxsi məsələdir. “KİV haqqında qanun”da var ki, peşə etikası baxımından şəxsi həyat toxunulmazdır. Bu cür süjetləri hazırlayanda sərhədləri necə müəyyənləşdirisiz?

- Efirdə nə qədər şəxsi həyata dərindən girdinsə-söhbət maqazin verilişlərindən gedir-bir o qədər reytinq qazanırsan, bir o qədər maraqlısan. Yazılmamış qanunlar var ki, riayət etməmək qeyri-mümkündür. Gərək cızıqdan çıxasan. Başa düşürəm hardasa bir az mədəniyyətsizlik, kiminsə şəxsi həyatına müdaxilə kimi çıxır. Müsahibə aldığımız şəxs nəsə deyibsə, montajda kəsə də bilərik. Amma maqazin verilişində yazılmamış qanunlar var ki, onu eləməliyik. Çünki ən azı... Belə deyək də. Mən çalışıram, rus kanallarına baxım, ordakı maqazin verilişlərindən bəhrələnim. Məşhurların şəxsi həyatında dərinə gedirlər, sırf maqazinçi kimi mənə maraqlıdır. Maqazınçi olmasaydım, ötəri baxardım. Arada prezidentlərin həyatı ilə maraqlanırdım. Peşəmə aidiyyəti yox idi. Siyasi tərəfləri yox, şəxsi həyatları ilə bağlı məqamlar mənə maraqlı idi. Səddam Hüseynin, Şahzadə Diananın, Marqaret Tetçerin həyatı. Mənə maraqlıdır hegemon insanların həyatı. Bu mənə təcrübə verirdi ki, sən də güclü olmalısan. Özümə deyirdim ki, Afaq, sən Tetçer qədər güclü ola bilmədinmi? Düzdür, mən ona haqq qazandırmıram. Hərəsindən nəsə öyrənmək xarakterimdə bəlli bir dəyişikliklərə gətirib çıxardı.

- Telekanallar bayağılığına, toyxanalara oxşadığına görə çox tənqid olunur. Ümumən televiziyanın imici yaxşı deyil. Qınanılan televiziyanın aparıcısı olmaq necə hissdir və qınaqları üzərinizdə hiss edirsizmi?

- Qınaqlar çoxdur. Təbii ki, bunu üzümə deməyiblər. Bəlkə demək istəyirlər, deyə bilmirlər. “Instaqram”da bunu görürəm. Tənqid də edirlər, təhqir də. Bunu kim edirsə bloka qoyuram. Amma oxuyub qulaqardına da vurmuram. Ən azı fikirləşirəm ki, bunu niyə dedilər. Düzdür, xoşuma gəlmir, kimin xoşuna gələr ki, tənqid, ya təhqir. Bilirsiz necədir. Biz elə bir... Necə desəm yaxşı çıxar? Biz elə bir millətik ki, pis deyə-deyə yeyə bilirik. Pis yeməyi qarşımıza qoyurlar, deyirik, pisdi, amma yeyirik. Pisdirsə niyə yeyirsən? Pisdirsə baxma da. Alternativ verilişlər var, dünyanın bütün kanallarını izləyə bilərlər. Azad insansan da. Görürsən biri deyir, ATV kanalını izləmirəm. İzləmə də. Kimdir səni məcbur edən. Amma ATV kanalında baş verən bütün verilişlərdən xəbərdardır ki, filankəsin verilişində filan şey oldu. Elə bil bu, artıq dəbə minib, prestijdir. Yəni maqazin verilişində kim müğənniyə baxdığını desə prestiji azalar. Özünə əskiklik hesab edir. Kanallarda elə bayağı verilişlər var ki, mən yenə də baxıram. Deyirlər ki, o veriliş biabırçıdır. Baxıram ki, biabırçılıq nədən ibarətdir, bəlkə mən də edirəm onu. Mən deyə bilmərəm ki, maqazin verilişləri ifrat dərəcədədir, qalmaqallar insanları bezdirib. O da olmalıdır.

- Amma faiz etibarilə şou çoxdur.

- Demək tələbat var. Reytinqlə müəyyən edirik. Düzdür, deyirlər reytinq yalandır, bilmirəm, mən belə şeylərə qarışmıram. Ən az çalışıram ki, öz verilişimdə ifrata varmayım. Müxbirlərim qalmaqallı süjet hazırlayır, deyir ki, Afaq xanım, bu da var, gəlin bunu da verək. Deyirəm ağ eləməyin, ayıbdır. İfrata varmağı sevmirəm. Bəzən qardaşım zəng edir ki, ay Afaq bu nəydi, bunu niyə verirsən efirə. Deyirəm ki, sən bəyənmirsən, amma bəyənənlər də var axı. Yəni bu tənqidləri qəbul edirəm.

- Televiziyada konkret nəyi dəyişmək istərdiz. Belə arzunuz varmı?

- İnqilab eləmək mənim xasiyyətimdə elə bir böyük yer almır. İnqilab eləməyi xoşlamıram. Özüm özümə cavabdehəm deyə özlüyümdə inqilab edə bilərəm.

- Konkret öz verilişinizdə, reytinq tələbləri olmasaydı nəyi dəyişmək istərdiz?

- Heç nəyi. Öz xasiyyətimdə, öz baxışımla gördüyüm veriliş elə “10lar”-dı.

- Yəni sizi ancaq şou verilişləri maraqlandırır.

- Yox. Mən tok-şou aparmaq istərdim.

- Necə motivli tok-şou, sosial, ictimai ya başqa?

- Sosial yox, ictimai. Mənim məşhur prezidentlərin, dünyada hegemonluq edən insanların şəxsi həyatı ilə maraqlanmağım əbəs deyildi. NTV də belə veriliş vardı: “Qeyri-real siyasət”. Çox bəyənirdim. Məşhur simaların şəxsi həyatından idi. O cür verilişi aparmağı çox istərdim. Amma məşhurlar, fərq eləməz, ya müğənni ya aktyor olsun. İnsanı açmaq mənə maraqlıdır. Hegemon insanları çox sevirəm.

- Hegemon, yoxsa diktator?

- Sizə deyim ki, diktator da olar.

- Diktatoru necə sevmək olar?

- Mən sevirəm elə insanları. Bilirsiz, necə sevirəm. Onların həyatı tam başqa olur. Onların həyata baxışı başqa olur. Hitlerin həyatı mənə maraqlıdır. Yox, mən, demirəm Hitleri sevirəm. Sadəcə həyatı maraqlıdır. Nə cür həyat sürüb, uşaqlığı necə olub ki, o diktator olub. Hər insan diktator ola bilməz. O, nədənsə qaynaqlanır. Bu mənə maraqlıdır.

# 1660 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #