“Kamaz” şoferi var, onunla gedəcəm, aparıb məni Bakıda saxlayacaq - Bircənin Romanı

“Kamaz” şoferi var, onunla  gedəcəm, aparıb məni Bakıda saxlayacaq - Bircənin Romanı
19 iyul 2019
# 08:54

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Üç ay sərasər müalicə olunandan sonra qoltuğumda bir torba dərman kəndə qayıtdım. Hamı mənə dərmanları bir qırağa tullayıb özümü türkəçarəyə tutmağı məsləhət görürdü – kimi ağrıyan yerimə isti toyuq dərisi çəkməyi tövsiyə eləyirdi, kimi də diri qurbağa bağlamağı.

Hərəni bir dillə yola verdimsə də Telli mamanın əlindən qurtarammadım:

- İlan qabığını döyüb dovşan südündə saxlamışam, gözünə də yamanotu qatmışam, bu dərman çatıncadı.

Kamil məndən ötrü gətirilən məlhəmləri alıb bir yerə yığırdı, ancaq heç birindən istifadəyə icazə vermirdi. Yalnız Telli mamanın min bir zəhmətlə düzəltdiyini yaxmağımın tərəfdarıydı. Mən yaxamı kənara çəkib:

- Müalicələr kömək eləyir, - deyirdim, - belə həlməşikləri canıma vurmağa qorxuram.

Handan-hana məni yumşaltdılar, ən çox da bibimin xətrinə kəskin iyli məhlulu sinəmə çəkib üç gün canımı dişimə tutdum. Məlhəmin xeyri olmadısa ziyanı da olmadı. Paytaxtda əzrayılla arama girmiş həkimlərin sayəsində artıq canımdakı mərəzin öldürücü olmadığına, aldığım müalicələrdən sonra bədənimin azardan arınıb-durulacağına inanırdım.

***

Çox keçməmiş Səməndər məni rayondakı Qadın Yaradıcılıq Mərkəzinə üzv yazdırdı. Həftədə azı üç dəfə rayon mərkəzinə gedib gəlirdim. Bəzi xanımlarımız kimsəsiz qocalara baxırdı, bəziləri qadınlar-qızlar üçün açılmış toxuma, tikmə, tibb kurslarında çalışırdı. Mən də yeniyetmə qızlara, həvəsli gəlinlərə biçmə-tikmə öyrədirdim.

İlk vaxtlar anamın bu məsələdən xəbəri olmadı. Kəndimizdəki su qıtlığı işimə yaramışdı – təmiz pal-paltarı da kirliyə qatıb günaşırı gedirdim Səməndərgilə. Qardaşımın arvadı, qızları apardıqlarımı yuyub-qurutduqları müddətdə mən dərnəkdəki işimlə məşğul olurdum. Evdən geyinib-kecinib, saçlarıma tumar verib çıxanda anam cin atını yəhərləyirdi:

- Bəzənib-bərtinib belə hara gedirsən, özünü kimə göstərirsən?

Rüfət qanımın arasına girirdi:

- Bəzənməsə paltarların təmizə çıxmaz. Xoşun gəlmir özün bəzən, aparım kirini tök gəl.

- Mənim sizin pasağınızı təmizləyəsi canım var?

- Onda ortalığı qarışdırma, get hara gün düşür özünü sər ora, - deyə-deyə məni aradan çıxarırdı...

***

Başqa bir qadın olmuşdum, Ağabəy həkimin dediyi kimi, daha ora-buramı dinşəmirdim. Əvvəlki küskün, bədbin, gözünün yaşı ovcunda, dəvəsi ölmüş Bircə deyildim; sökülən dan, doğan günəş, yağan yağış, gəyən gecə, hürən it, quruldayan qurbağa da məni xoşbəxt eləyirdi. İçimdə həyatsevər, döyüşkən, heç nədən qorxub çəkinməyən, arabir məni qıdıqlayıb güldürən bir qadın peyda olmuşdu, burnum sallanan kimi ordan mənə barmaq silkələyirdi. Öldürdüyüm Bircəyə qəti yazığım gəlmirdi, hərdən onu nifrətlə xatırlayırdım, hərdən də dalınca bir qara daş atırdım.

Cavidin mənə ana deməməyinə görə çəkdiyim iztirabı özümə bağışlamırdım. Bir zaman bundan ötrü nə qədər can üzüb göz axıtmışdım – indi o halıma, o günümə özüm gülürdüm. Nə ağılsız adammışam, demir deməsin, guya bununla nə dəyişəsiydi! Anamın da sıradan nə qədər sözünün çiyninə paqon taxıb rütbəsini böyüdüb göylərə qaldırmışdım, onun bir turş kəlməsindən küsüb özümü günlərlə ac qomuşdum; indi belə sözləri eynimə almırdım, qorğanıb bacısına saxladığı lələ-giləsinin hamısını basıb yeyirdim. Danışıb söylənəndə deyirdim:

- Ürəyim istədi, yedim.

Arvad naçar-naçar üzümə baxıb susurdu. Qardaşlarım onu xəstəliyimlə əməllicə qorxutmuşdular. Atam arada mənə göz basıb deyirdi:

- Mənim Hitlerlə eşşəkbeli oynayan qardaşım qara yerdə çürüyür, sənin Nikolayla sevgili olan bacın dumbul kimidi. Qoy kişmişi-qozu Bircə yesin, həkim deyib dərmanları ağırdı, sərtdi, yarar yeməlidi.

Anam ikimizə qoşaəlli bir aley verib gedirdi işinin dalınca.

***

Cavid onuncu sinfə keçdiyi il atamın xalası oğlu Tahir əmi qəflətən keçindi. Pəhləvan cüssəli bu kişi el adamıydı, müharibənin ən şiddətli vaxtlarında onun zəhmindən çəkinib heç kim kənddən köçməmişdi. İki oğlu hərbçiydi, onların vasitəsiylə silah-sursat gətirdib kəndin cavanlarına paylatmışdı. Kəndimizin bir addımlığındakı qonşu rayon işğal olunanda cavan əsgərləri düşürüb özü tankın boynuna minmişdi, Hitlerlə savaşdığı illərin təcrübəsini yada salıb əliyalın yerli sakinləri qorumuşdu.

Musa əmidən sonra Tahir əminin də gedişi atamı qocalıqda yetim qoydu. Kişinin ölümü öz külfətinin də dönəlgəsini döndərdi. Yaxın rayona ərə getmiş qızı üç uşağıyla atasının yasında olduğu vaxt kürəkən kasıb qonşunun evdə arvadına köməkçilik eləyən subay qızını götürüb qaçdı. Yeznənin bu namərdliyi dağ kimi kişinin ölümünü övladlarına unutdurdu. Tahir əminin Hakimlə yaşıd qızı yorğan-döşəyə düşdü, indi də onu qardaşları həkimlərə daşımağa başladılar. Atanın ölümündən üç ay keçməmiş həkim yolunda qəzaya uğradılar, gəlinin on yaşlı qızı tələf oldu, bacı-qardaş ağır yaralandı.

Tahir əminin qızı sağalıb evə qayıdanacan onun iki gimrik oğluna mən baxdım. Bir yandan atanın ölümü, bir yandan ərin xəyanəti, bir yandan da əmlik balasının gözünün qabağında ölməsi Gülzarın belini qırmışdı. Özünü toplayıb birtəhər ayağa qalxandan sonra gəlin virdini mənə saldı. Onun anası mənim anam kimi deyildi – qızını gətirib qoyurdu bizə, özü gedib onun iki oğlunu çimizdirirdi, yedizdirirdi, məktəbə aparıb gətirirdi.

O vaxtların dəbiydi, kimin evində video deyilən aparat vardısa bəzi axşamlar qonum-qonşu, qohum-əqrəba o evə yığışıb ağlamalı türk filmlərinə baxırdı. O aparatdan birini də Aqil Cavidə almışdı – maraqlı kasetlərdən seçib yeridirdim yuvacığa, anamla Gülzar oturub kinoya baxırdılar, mən də ev-eşiyi təmizləyib biş-düş eləyirdim.

Gülzar xaraktercə güclü qızıydı – özünü tez ələ aldı, çox ağlayıb-sıtqayıb yas tutmadı. Arada mənə qoşulub rayon mərkəzinə gedirdi, sənət öyrətdiyim gəlinlərə qarışırdı. Səməndər onu hər görəndə mənə deyirdi:

- Xoşum gəlir Gülzardan, bax gör necə dimdik dayanıb. Fələk ona üç gülləni birdən vurdu – atası öldü, balası öldü, evi dağıldı, bəxti onunla dönəyallı oynadı, yenə sınmadı. Allah göstərməsin, sən olsaydın indi gecə-gündüz yas tutub bizi də çürütmüşdün. Ona bax sən də güclən, təfərrüc elə.

***

Kursumuza gələn qız-gəlinlər işin çəmini bir balaca öyrənən kimi bizdən ayaqlarını kəsirdilər. Çoxu evdə körpə uşağını qoyub gəlirdi, balasının boğazından kəsib sənətə maya qoymağa qıymırdı. Qınanası deyildilər, çoxunun cavan yaşında alnına dul damğası vurulmuşdu, yaxası qaynana-qaynata əlində qalmışdı. Bir az göyçək, gözəgəlimli olanın qaynanası da yanınca gəlib gəlinini qapıda gözləyirdi.

Bilmirəm əvvəllər də belə olmuşdu, ya zamanın ab-havasından idi, nəydisə o dövrün kişilərində bir aclıq, yanıqlıq vardı. Çoxu arvadlı-uşaqlı olsa da, çoxunun cibində siçanlar oynaşsa da, çoxu anadan olandan elementar gigiyenik qaydalara əməl eləməsə də, harda göyçək dul gəlin görürdülərsə ona qarmaq atırdılar. Özü də çox vaxt bunu aşkarda eləyirdilər, onlara məhəl qoyan olanda sevinib bütün rayona car çəkirdilər.

O vaxtlar hamı qızını-gəlinini bu görməmiş, kişilikdən yarımamış yanıqlardan qorumağa çalışırdı. Belələrinin rayondakı qiyabi donjuanlığından, şifahi erkəkliyindən, nisyə məcnunluğundan yaxşı xəbərdar olan Səməndər dərsini deyib bitirəndən sonra kursumuzun qapısı ağzında saatlarla qarovul çəkirdi. Ovcuma nömrə basanın, maşınla fit verənin, mənə hədiyyə göndərənin neçəsinin sevincini qursağında qoymuşdum – dedim axı güclənmişdim, ağıllanmışdım, bərkimişdim.

Qaynana yedəyində girinc qalmış gəlinləri gördükcə Zöhrə xalayla diz-dizə keçirdiyim günlər yadıma düşürdü. Girəvə tapanda nəyisə bəhanə gətirib o gəlinlərə sarılırdım, onları qollarımın arasına alıb fələyin gözündən bir anlıq da olsa yayındırmaq istəyirdim.

Bütün bunları görüb bir də özümə baxanda düşünürdüm ki, anam səkkiz uşaq böyütməyinə, çəkdiyi əziyyətlərə baxmayaraq bəxtəvər gəlin olub. Yadımdadı, bir balaca fironluq eləyəndə nənəm onu belə hədələyərdi:

- Gərək mən də Şərəbanı kimi qaynana olub sənə küt yedizdirəydim, onda düşüb ayaqlarımdan öpərdin.

Bu Şərəbanı deyilən arvad nənəmgilin gəncliyinin əzazil, qansız qaynanalarından olmuşdu. Çörək bişəndə kəsdirərmiş təndirin qırağını, kündədən biri küt gedərmişsə gəlin ürəyində toy-bayram eləyərmiş. Çörəyi sayıb evə daşıyan Şərəbanı parası küllü isti kütü gəlinə verərmiş. Vay o günə ki, həmin gün küt olmaya. Ancaq gəlin də başının çarəsini bilənmiş. Gizlində undan qara xamır yoğurub çağasının əsgilərini yığıb gedərmiş təndirin başına. Ovcunda gizlətdiyi xamırı təndirə yapıb əsgilər quruyunca gözləyərmiş. Öləzimiş təndirdə təpiyən alaçiy, yarıbişmiş çörəyi tez-tələsik gəvələyəndən sonra qayıdıb durarmış Şərəbanının qulluğunda.

Şükür, indi qaynanalar çörəyi gəlindən qorğanmırdılar. İndikilər də gəlini qara dondan çıxmağa, saç dağıdıb kürəyə tökməyə, danışıb-gülməyə qoymurdular, ölmüş oğullarının namusuna onlardan betər keşik çəkirdilər. Doğrudu, ürəyimin dərinliyində daha çox həmdərdim, “həmkarım” olan o gəlinlərin tərəfini saxlayırdım, ancaq onları otaran analara da hədsiz yazığım gəlirdi. Bir zaman tanıdıqları, hətta bəlkə dost olduqları, bir məktəbdə, bir sinifdə oxuduqları şəhidlərin, itkinlərin arvadlarına qarmaq atmaqdan çəkinməyən bəzi namussuz, nadan, yanıq erkək eşşəkləri görəndən sonra ağbirçək çağında gəlin güdən sinəsi dağlı anaları qınaya bilmirdim...

...Əslində heç kəs qınanası deyildi, Dostum. Səbəb mənim gördüyüm o ala-bula insanlardan çox qıraqda, çox uzaqdaydı. Əlimiz çatmayan dərinlikdə, ünümüz yetməyən yüksəklikdə. Sən qurduğun dünyanı icarəyə götürmüş fələyin fırlatdığı qanlı çarxın cızdığı çevrədə. Sənin yaratdığın bu cənnəti müharibə adlı cəhənnəmin hisinə bulayıb bizi işıqlı dünyada azdıran şeytanın iki fitnə barmağının arasında...

***

Burdakı qız-qadınlarla gəncliyimdə, peşə məktəbində oxuduğum vaxtlardakı kimi davranmırdım. Mehrinin məsələsi də heç vaxt yadımdan çıxmamışdı. Özünü bir balaca sapıq aparmağa meyilli gəlinlərə daha çox diqqət göstərirdim, Ağabəy həkimdən eşitdiklərimi illərin təcrübəsini ovcunun içinə yığmış biləndər kimi onlara ötürürdüm.

Əminə adlı bir gəlinin narahat davranışı gözümdən yayınmırdı. Bir gün də əlinə iynə almayan, verdiyim parça qırıqlarını bir kənara atıb gözü pəncərələrdə qalan bu iki uşaq anasını həkimsayağı danışığa tutdum. Çox keçmədi Əminə bütün cikini-bikini həvəslə ovcuma qoydu:

- Uşaqlarımı qaynanamın üstünə atıb qaçacam.

Onun bu sözü bu qədər rahatlıqla, asanlıqla deməsi məni sözün hər iki mənasında diksindirdi:

- Başına at təpib, - dedim, - hara qaçacaqsan, kimlə qaçacaqsan?

- Qonşumuzda “Kamaz” şoferi var, - dedi, - onunla gedəcəm, aparıb məni Bakıda saxlayacaq.

- Subaydı?

- Yox, üç uşaq da onun var.

- Hələ qaçma, bir az gözlə. Mən sənə kömək eləyərəm, evim var, açarını verərəm gedib orda qalarsız.

- Bircə, aman günüdü, mənlə gələn gəlin bilməsin! Qaynanam xəbər tutsa məni atama boğdurar.

- Qorxma, söhbət aramızda qalacaq.

Gəlini arxayın salıb qaçdım Səməndərin yanına, onun danışdıqlarını qardaşıma söylədim. Səməndər həyəcanımın odundan almağa çalışdı:

- Belə allı-güllü şeyləri hələ çox görəcəksən. Sənlik nə var ki, qadın planını cızıb.

- Mən qoymayacam o gəlin sürücüyə qoşulub qaçsın, balaları ortalıqda qalsın.

- Onda da “Kamaz” şoferi gəlib səni qaçırdacaq, - deyib qardaşım şirin-şirin güldü.

Ertəsi gün Əminəni yanıma çəkib başladım dilə tutmağa:

- Qoşulub qaçmamış get onunla görüş, otur söhbətləş. Səni aparıb böyük şəhərdə yiyəsiz buraxar, əlin balalarından da çıxar. İndi oturmusan rahat evdə, qaynanan işləyir, balaların böyüyür. Uşaqlarını ötəri həvəsə qurban vermə. Özü də iri maşın sürənlərdən həmişə pis iy gəlir.

Gəlini bildiyim-bilmədiyim doğru-yalanla necə doldurdumsa bir müddət sonra gəlib boynuma sarıldı:

- Sənə canım qurban, məni biyabır olmaqdan qurtardın.

- Danış görüm necoldu?

- Onunla görüşüb yeməyə getdim, lüləkababın hamısını yığdı öz boşqabına, mənim də qabağıma soğan cücüyü boyda bir tikə qoydu.

- Sonra? Elə bir kababa görə o boyda ayı gözündən düşdü?

- Yox. Sonra dedi ki, elə elə qızıllarını götürə biləsən, uşaqlarına kəsilən pensiyanı da qaynanan yox, sən alasan.

- Bəs demədin iki uşağı qoca arvadın üstünə atıb gedirəm, o pulu da aparsam balalarım acından ölər?

- Mənim uşaqlarımı görən gözü yoxdu.

- Onda elə bu gün qoşul ona get.

Söz ağzımdan çıxmamış gəlin qalxıb mənə bir də sarıldı:

- Bircə, qadan alım, söhbət aramızda qalsın, bir də belə qələt eləmərəm.

- Mən görürdüm, sənin gözün qızmışdı, - dedim. – Bir də ayılacaqdın ki, “Kamaz”dan da əlin üzülüb, balalarından da. Alnında qəhbə damğası qalacaqdın dörd yol ayrıcında, hər gələn bir dimdik vuracaqdı sənə.

Şəhvət atından yıxılandan sonra gəlin qısa müddətdə sadə tikişləri öyrəndi. O, qırxlı çağalar üçün rəngli parçalardan bələk dəstləri tikirdi, qaynanası da bazarın ağzında oturub onun tikdiklərini satırdı...

***

Gülzar anama qulaq yoldaşı olandan arvadın səbbi xeyli alınmışdısa da mən rayondakı işlərimi bitirib gəlincə ağcadaban kimi ev-eşiyə sığmırdı. Ayağımı doqqazdan içəri qoycaq atam səsini qaldırırdı:

- Donluğunu gətir yarı bölək, sən gedəndən bu arvad bizi adam yerinə qoymur. Sobaya qamqalaq atıb çaydanı tullayır üstünə, qaçıb durur doqqazda.

Anam ikimizə də kinayəli baxıb deyirdi:

- Neyləyim, bu xanım sallana-sallana gəlincə mənim dönəlgəm dönür. Özün demədin qaçqınlar ərli gəlini avtobusdan düşürüb qaçırtdılar?

- Ay arvad, uşağın yanında hər sözü danışma. Bircə ta iş adamıdı ey, onun özü adam gəzir qaçırtmağa.

Ata-bala şaqqanaq çəkib gülürdük.

- İndi o iş adamı qızına denən yaxşı bir yemək hazırlasın, evləri dib-dəhnədən silib-süpürüb təmizləsin, neçə gündü ondan ötrü mələşən körpələrə şirin şey bişirsin.

Qollarımı çırmayıb anamın buyruqlarını oxuya-oxuya yerinə yetirirdim. Arada atam başını mətbəxin qapısından içəri salıb atmaca atırdı:

- Səsinə xalan qurban, bir az bərkdən oxu.

O belə deyəndə anam ley kimi üstümüzü alırdı:

- Səsinə maman qurban, bir az aşağı elə, qonum-qonşu elə bilər eşqə düşmüsən...

Telli mama həmişəki kimi məni gözündən qoymurdu. Rəhmətlik ərinin onlarla qonşuluqda yaşayan əmisi oğlunun el təbibi arvadı vardı. Uşaqlarının anasını çox cavan itirmiş kişi övladı olmasa da həyat eşqi aşıb-daşan bu mehriban qadınla evlənmişdi. İnsafən qadın kişinin balalarına buynuz göstərməmişdi, uşaqları böyüdüb baş-göz eləyəndən sonra çərənçi, deyingən kişiylə ömrünü yelə verirdi. Mən Telli mamagilə hər gedəndə alçacıq çəpəri adlayıb gəlirdi:

- Bircə, bax bu sırğatorpağıyla əzvayın qarışığıdı, gözunə də quşqunotu qatmışam, - deyib qara-qura məlhəmləri sinəmə yaxırdı.

Mən onun boynundakı muncuğa, cavan gəlinlərin taxdığı sadə sırğalarına, barmağındakı dəmir üzüyə baxandan sonra arvadı incitməyə qıymırdım:

- Yax, Qirbişin xala, sinəm sənə qurbandı, - deyirdim. - O kişi niyə sənə bir cüt qızıl sırğa almır?

- Kişini görüm eşşəkdən yıxılıb yaman çıxartsın, üzünə qarayaralar düzülsün. O nə qanır qızıl nədi? Bir də ki, qızım, heç onu da qınama, yetimin şələsi ağır olar, yetimlərin yükü göz açmağa qoymur.

Telli mama tez qohumunun tərəfini tuturdu:

- Ay Qirbişin, qoynuna bir şəkil qoyub qaynıma gəlin gəlmisən, hələ ürəyindən qızıl-gümüş də keçir?

Arvad yaxmanı sinəmə sürtə-sürtə bibimə acıqlı-acıqlı baxıb:

- Sən də o müxənnət kimi danışma, - deyirdi, - mən gələndə şərtimi kəsib gəlmişəm.

- Nə şərt, ay Qirbişin xala?

- Demişəm harda ölsəm, kimin yanında ölsəm gora bu şəkillə gedəcəm,

Bunu deyib arvad qoynundan saralıb-tiftiklənmiş köhnə bir şəkil çıxarırdı. Şəkildən həmişəki kimi saza söykəli, biləkləri çərməkli, çəkmələri dizindən qayışbığ bir oğlan baxırdı:

- Görürsən nə qəşəng oğlandı, - bilmək olmurdu sual verir, yoxsa hökm verir, - Hitlerin dernəyini Allah dağıtsın, nişanlımı öldürdü, qaldım belə. İki qapıdan baş təpdim, fələk poxlu əsgi yumağı mənə qıymadı. Cırtı, saqqov adamları kəbinimə kərt elədi, məni elimdən didərgin saldı, - deyib gözünün yaşını sel kimi axıdırdı. - Ayağımın tozu olmayanlar döymənc yedi, quymaq yedi, mən də təhniz yeyib başıqapazlı oldum.

- Ay Qirbişin, narahat olma, səni şəkillə basdıracam. İndi Bircəni sağalt, sənə Bakıdan qəşəng muncuqlar alıb gətirsin.

Qirbişin xala gözünün yaşını silə-silə gülürdü:

- Ay bacı, qızılı gərək adama Allah qismət eləyə.

Sonra yenə mənə sarı çönürdü:

- İki dəfə pul yığdım verəm bax bu Telliyə ki, mənə bir üzük alsın. O pulları da kişi qoynumdan çalıb apardı. Qismətimdə olsaydı ev süpürüb muncuq tapardım, siçan deşiyindən ürcahıma pərək çıxardı...

Döşlərimin kirsi əriyənə qədər Qirbişin arvadın ipək əlləri cərdə-cəngəldə, mənim də ayaqlarım bibimgilə gedən yollarda qaldı – o mənə məlhəm qayırdı, mən ona gözəl parçalar, bahalı muncuqlar, ətirlər aldım. Qadın ki qadın! Kaş görəydin o sovqatları sinəsinə sıxanda arvad nə təhər çıraqban olurdu!

İçi bibim qarışıq ona söz verənlərin heç biri Qirbişin xalanın vəsiyyətinə əməl eləmədi. Kəndin arvad yuyucusu ayğır Təcər onun altmış beş il sinəsinin üstündə saxladığı şəkli cırıqlayıb yuyat quyusuna tökmüşdü.

Telli mama bunu danışanda ağladım, ondan bərk incidim:

- Qirbişin xala hamıdan çox sənə inanırdı, niyə onun vəsiyyətinə əməl eləmədin?

- Qirbişin bu dünyada o yazığı çox söydürmüşdü, - bibim dedi. - Şəkli Təcərin əlindən ala bilmədim, mən çatınca teylənmiş cırıqladı.

- O dünyada Qirbişin xalanın gözünə görünməzsən.

Atam deyişməmizi eşidib bizə yaxınlaşdı:

- Qirbişinin yanına Patava Firiş (ərini deyirdi) getsin, - dedi, - mən bacımdan qurut düzəldib bu dünyada saxlayacam. Dur bir yaxşı çay dəmlə içək.

Anam bu yerdə ortalığa bir mərmi atmasaydı bağrı çatlayardı:

- Burda deyiblər ey, şeyim elə yerdən umur, bilsələr boynunu vurarlar. Mən bacı-qardaş bunları yağlayıb-ballayıb çatmadan asacam, qarğa-quzğun didib aparsın. Bunların o torpaqda nə işləri var...

ardı var

# 7201 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #