“Məni Allahın qızı ilə evləndirirlər”

“Məni Allahın qızı ilə evləndirirlər”
6 avqust 2012
# 10:06

Doğum günündə Rafiq Tağının məzarını ziyarət edə bilmədik. Şairin doğum günündə başqa bir şairin yasına gedirdik.

Zərdüşt Şəfinin həyata gözlərini açdığı və yumduğu kəndə-Buma çatanda belə qənaətə gəldik ki, burada şair kimi doğulmamaq günahdır.

Həm Zərdüşt, həm də atası və əmisi günah etmək istəməyiblər, atası da, əmisi də şeirlər yazır.

Yas yerindəyik və rəhmətliyin son günləri haqqında da bizə şair əmisi-Xanlar Əfsun danışır.

Əmisi deyir ki, Zərdüşt ağır xəstə olduğunu bilsə də bu barədə dostlarına heç nə deməyib. Ata-ana, qardaş qarşısında sızlamayıb, bir dəqiqə belə zəiflik etməyib.

Xanlar Əfsunun sözlərinə görə, Zərdüşt bir müddət öncə Ukraynada İsrail xəstəxanasında müalicə olunub: “Vəziyyəti pisləşmişdi. Ukraynadakı müalicə müəyyən effekt verdi, bir balaca dirçəlmişdi. Oğlumun toyunda oynadı, əhval-ruhiyyəsi çox yaxşı idi. Onun xilası üçün hər şeyə hazır idik. Qardaşım Qaçay İsrailə zəng edib həkimlərlə məsləhətləşdi, onlara demişdi ki, nə qədər istəsəniz, pul verərik. Ancaq həkimlər dedilər ki, bundan sonra heç nə etmək mümkün deyil, biz sizi aldada bilmərik”.

Söhbətə Zərdüştün başqa bir əmisi Qaçay Şəfiyev qoşulur. Qaçay Şəfiyev bildirir ki, Ukraynaya gedəndə Zərdüşt ondan özünün xərçəng olub-olmadığını soruşub: “Artıq yalan danışmağın mənası yox idi. Dedim, hə, xərçəngsən, ancaq sən xərçəngin anasına söyməli, onunla müharibə aparmalısan. Dedim ki, hər şey sənin öz əlindədir, xəstəliyə qalib gələ bilərsən. Həkimlər deyirdilər ki, özündən çox şey asılıdır. Mən də ona bunu deyirdim. Zərdüşt xəstəliyə qalib gəlmək üçün çox çalışdı, zərrrə qədər də zəiflik göstərmədi, ancaq olmadı”.

Qaçay Şəfiyev deyir ki, son günlərdə Zərdüştə hər bir şərait yaradıb ki, getməmişdən öncə həyatın dadını çıxarsın.

Qaçay Şəfiyev xeyli əvvəl ata evlərini yenidən qurduqlarını söyləyir: “Buranı Zərdüşt üçün yenidən tikmişdik. Burda onun toyunu edəcəkdik. Ancaq təəssüf ki, toy yox, yas qismət oldu”.

Söhbəti yenə Xanlar Əfsun davam etdirir. Deyir ki, Zərdüşt yuxuda ikən dostları olan gənc yazıçı və şairlərin adını çəkirmiş. Sonra isə təlaşla oyanıb deyirmiş, bəs filankəs burda, mənim yanımda deyil?

Gözünü əbədi yummamışdan əvvəl isə deyib ki, mələklər gəlib, məni Allahın qızı ilə evləndirirlər. Adı Lalədir. Bundan əvvəl, yuxuda olanda tez-tez deyirmiş: verirsiniz-vermirsiniz? Yuxudan ayılanda isə deyib ki, ana verdilər, mənə şərbət gətirin. Şərbət içəndən sonra isə gözlərini yumub...

Zərdüşt həmişə deyirmiş ki mənim qəbrimə lalə gülü əkərsiz. Lalələri cox sevirmiş.


Bu yerdə Zərdüştün hər iki əmisi göz yaşlarını saxlaya bilmir. Mirmehdi Ağaoğlu da sakitcə, ancaq ürəyi dağlayacaq şəkildə ağlayır...

Yas yerindəki söhbətimizi yekunlaşdırıb, Zərdüştün dəfn olunduğu məzarlığa üz tuturuq.

Zərdüşt nənəsinin yanında dəfn olunub. Xanlar Əfsunun sözlərinə görə, qardaşları ilə tez-tez zarafat edirmişlər ki, anamızın yanındakı yer kimindir görəsən:”Bu yer bizə yox, Zərdüştə qismət oldu”.

Məzarlığa çatırıq. Qəbirstanlıq meşənin içərisindədir. Qədim qəbirləri o qədər də böyük olmayan başdaşlarından tanımaq olur. İlk dəfədir ki, meşədə məzarlıq görürük. Bura cənnəti xatırladır. Zərdüşt cənnətdə uyuyur...

Ağa Cəfərli

# 3242 dəfə oxunub

Oxşar xəbərlər

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

15:00 5 may 2025
Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

15:00 3 may 2025
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

12:00 3 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

12:50 2 may 2025
"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
# # #