İpli kuklaların modern xanəgahı - Aydın Talıbzadə yazır...

İpli kuklaların modern xanəgahı - <span style="color:red;">Aydın Talıbzadə yazır...
7 mart 2017
# 11:00

İçərişəhər müasir Bakının memarlıq müstəvisində sanki Xəzərin sularından çıxıb daşlaşmış balıqqulağıdır: keçmişin zümzüməsi İçərişəhərdən daim eşidilir. İçərişəhər mənim üçün azan səsidir. Azan segah üstündə oxunur. Segah Üzeyir Hacıbəylinin musiqi dünyasının açarıdır. Üzeyir Hacıbəyli bəstələri də öz növbəsində qədim Azərbaycanın qapılarını açır.

Bakı Marionet Teatrı İçərişəhərdə tutqun zümrüdü ilə boyaqlanmış qədimi bir qapı arxasındadır. Binaya daxil olursan, yox, daxil olmursan, möcüzəli sandıq sükutuna düşürsən və məəttəl qalırsan: interyerin dizaynı möhtəşəmdir; qədimiliklə müasirlik sintez olunub; hi-tech (hay-tek) üslubu div kimi qolunu salıb köhnə daşları, köhnə həyət quyusunu ehmalca qucaqlayıb. Ətraf səliqəli, geniş, rahat; ofis, kafe-restoran, beş ulduzlu hotel əlamətləri teatrın iç görünüşünün tərtibatında bir araya gətirilib; istəyirsən dincəl, istəyirsən işlə, istəyirsən əyləş, kiminləsə söhbət elə. İstəyirsən qalx yuxarı, sus və bax İçərişəhərə, Xəzərin sularına: qoy ruhun səmaya və Içərişəhərin sufiliyinə yaxın olsun. İpli kuklaların xanəgahında məxsusi heç nə qabardılmır: qapalı da heç nə yoxdur; hər şey göz qarşısındadır; dışarı da sənindir, içəri də.

Şüşəli lift ağ mərmərlə üzlənmiş 3-cü mərtəbənin divarları arasında dayanır... Yenə zümrüd rəngli ikicə qədimi qapı: biri seyrçi salonuna aparır, digəri – ipli kuklaların yaşadığı səhnəyə.

“Leyli və Məcnun”nun mücrü variantı

Mənim bir mücrüm vardı; Konyadan hədiyyə gətirmişdilər: qapağını qaldırırdın, mövləvi musiqisi çalınırdı, dərviş fiquru da ritmə münasib fırlanıb zikr eləyirdi. Marionet kuklalar ustadı Tərlan Qorçunun “Leyli və Məcnun” tamaşası da sanki mücrü içindən çıxan bir göstəridir: ancaq burada qapaq əvəzinə pərdə açılır və ipli kuklalar başlayırlar bir-bir Leyli, Məcnun, Nofəl, İbn-Səlam və digər personajların eyniadlı muğam-operadan bizlərə məlum partiyalarını oxumağa. Bu, həm o muğam-operadır, həm də o deyil: yəni tamaşanın musiqi tərtibatı azərbaycanlıların alışdığı ənənəvi operanı olduğu kimi təkrarlamır. Ona görə Üzeyir bəyin “Leyli və Məcnun”u 55 dəqiqəlik ipli kukla tamaşası üçün adaptasiya edilib: uyğunlaşdırmanın müəllifi caz bəstəçisi, öz kompozisiyalarında Şərq – Qərb bifurkasiyasının musiqi həllini tapmağa çalışan Salman Qəmbərovdur. Başqa sözlə, muğam-operanı Salman Qəmbərov yenidən orkestr üçün işləyib: kompozisiyanı elə bil ki arfa ilə tarın deyişməsi üstündə qurub. Xanəndələr də muğam-operanın məhz adaptasiya olunmuş versiyasını oxuyurlar: gözəl oxuyurlar, zildə və bəmdə aşırı yubanmayıb, səs imkanları ilə “jonqlyorluq” eləməyib sözləri səlis, aydın, məxmər üzərilə sürüşdürürmüş kimi söyləyirlər. Zatən, ayrı cür mümkünü də yox: ayrı cür oxunsa, sinxronluq pozular, ipli kuklalar jest partiturasından çıxarlar, tempo-ritm dışında qalıb ölgünləşərlər.

Musiqini dinləyə-dinləyə, tamaşaya baxa-baxa fikirləşirdim ki, indi burada mənim nəyim çatmır: buxara papağım, xor-xor qəlyanım, bir də armudu istəkanda pürrəngi çayım. Elə bilirsiz əbəs fikirləşmişəm? Əsla. Çünki marionet tamaşasının özü bütövlükdə Şərq mədəniyyəti ənənələrinə köklənib, Qacar dövrünün estetik prinsiplərinə müvafiq üslublaşdırılıb, behişt mənzərəsinin hüsnündə yığılıb.

Qara qutunun əlvan miniatürləri

Oyun məkanı – səhnə qara qutu qismində düşünülüb. Kuklaçılar da qara geyiniblər: zaman-zaman qaranlıq dənizinə batıb çıxırlar, kuklaları əziz-ikram bir matah kimi əllərində götürüb səhnəyə gəlirlər. Bu, Yaponiyanın Bunraku-ca kukla teatrı ənənəsinin rudimentidir. Marionet teatrında kukla aktyorun davamıdır, onun ruhunun, bədəninin bir parçasıdır (əslində, aktyorlar bu ideala hələ gəlib çatmayıblar). Tərlanın marionet tamaşasının estetikasında ipli kukla aktyorun balaca əkizidir. Bu təqdimat prinsipinə kuklaçı Fərizə Babayeva başqalarından daha yaxındır: musiqini eşidir, ona plastikası ilə, qəzəlləri səssizcə artikulyasiya etməsilə reaksiya verir və öz reaksiyasını ipli kuklasına ötürüb marionet Leyliyə “can bağışlayır”.

Səhnə fəhlələri isə qaranlığın içində əriyib itiblər: səhnə elə işıqlandırılıb (işıq üzrə rəssam Azər Muxtarov) ki, yalnız məqama lazım olan kimsə və ya nəsə qaranlığın içindən “tutulub” məkanda şəkillənir.

Qara qutu sanki qara cildli kitabdır: aktyorlar bu kitabı epizod-epizod “vərəqləyib” göstərdikcə seyrçinin gözü önündə M.Füzulinin “Leyli və Məcnun” dastanına çəkilmiş əlvan miniatürlər peyda olur. Ona görə demək ki, tamaşa oynanılır, düzgün sayılmaz: tamaşa məhz “səhifələnir”, işığın barmaqları ilə ustufca səhifələnir və baxırsan ki, hər fraqment “Leyli və Məcnun” dastanının motivləri əsasında mizanlaşdırılmış bir miniatürdür. İşıq qammaları səhnə planşetinə oturdulmuş dörd sənduqə-çərçivə içində görüntülənən tikmələrin üzünə səpələndikcə məkan gah məscid-mədrəsəyə, gah gülüstani-İrəmə, yəni cənnət bağına, gah qəsrə, gah da səhraya dönür.

Öncə səhnədə üç gecəlik Ay parıldayır xəncər tiyəsi kimi: yavaş-yavaş böyüyüb bədirlənir, sonra yenidən aramla incəlib tük kimi qalır və tamam yox olur. Ay gəzərgənliyin, gecənin xof, magiya, cazibə və sirrinin simvoludur; Leylini təmsil edir, Qeysin aşiq olduğu qızı: Məcnun şairdir, zatən, gecəni sevər. “Şərq ədəbiyyatı haradasa “min bir gecə” dastanıdır... Şərqin sehri də, mehri də gecədən doğur. XI əsrin böyük ərəb mütəfəkkiri İbn Hazm “Göyərçin həmayili”ndə yazır ki, dünyaya yeni insanın gəlişi zülmət gecədən başlayır” (Anar: https://525.az/site/). Onda heç təsadüfi sayılmaz ki, Tərlanın marionet tamaşasının strukturu və estetikası məhz gecənin hüsnündən, Ayın möcüzəli işıq saplarından toxunub bir kəlağayı kimi, bir tirmə kimi ərsəyə gəlir.

İki səhnə fəhləsi qaz-qaz ağ örtüyü arxa plan boyunca tarıma çəkib “havalandırır”, haradasa elə bil gecəni qovur, səhifəni çevirir və seyrçini bir cənnət mənzərəsilə, bir cənnət sübhü ilə üzləşdirir: kəpənəklər uçuşur, quşlar civildəşir, pərilər fəzada süzürlər...

Leyli və Məcnun sevgisi cənnət sevgisidir; yalnız orada bədənsiz ruhların ilahi eşqi mümkündür.

Miniatür sənəti də həmişə potensial behişti sərgiləyir.

Odur ki, Tərlan Qorçu da öz tamaşasına cənnət parametrlərini yansıdır, personajları da cənnət adamları kimi təqdim edir. Onun ipli kuklaları kanonik ərəb geyimində deyillər: kəndurə və kufiyəsizdirlər. Marionetlərin təsbeh kimi sıralı, dənəvər, gümüşü saç topaları var; paltarları isə Qacar dövrünün geyim dəbləri kontekstində improvizdir: qəşəng, zərif və cəlbedicidir. Əslində, Tərlanın ipli kuklaları konkret Leylini, Məcnunu yox, onların ruhlarını səhnə məkanında – bir parça cənnət fraqmentində eyhamlaşdırırlar, əlbəttə ki, Füzuliyə isnad edibən: “Bu vüsalə yuxu əhvalı demək mümkün idi, əgər olsaydı yuxu dideyi-giryanimizə...”

Lakin Tərlan öz marionet tamaşasının miniatür “şirintəhərliyini”, cənnət idilliyasını oyuncaq effektli rekvizitlərlə “söndürməyə” çalışır. Məcnunun atası qız elçiliyinə gəldiyi zaman səhnəyə arxa kulislərdən karton şəkillər bərkidilmiş diyircəkli konki tipli iki araba gətirilir. Oyuncaq arabalarda sanki XVII-XVIII əsrin qalınqaşlı, topa saqqallı müsəlman əsilzadələri əyləşiblər və eşitdiklərinə qafalarını yüngülcə sağa-sola tərpətməklə münasibət bildirirlər. Bu, “Leyli və Məcnun” operasının xor iştirakçılarına bir eyhamdır: xəfif təbəssüm doğurur. Təbəssümə rəğmən epizod faciə müstəvisində semantikləşir. Məgər Leyliylə Qeysin fəlakətinə həmən bu qafa sallayan xor bais olmadımı? Məgər məhz xor əhli təkid eləmədi ki, Leylini Qeysə yox, İbn-Səlama ərə versinlər?

Bundan o yanası Məcnunun səhra güzəranını güzgüləyir. Səhranı bildirmək üçün bu dəfə qaz-qaz sarı örtük səhnə önünə gətirilib “havalandırılır”. Günəş sanki səhranın ilğımı içində yumurta kimi rəqsə gəlir. Dəvə fiqurları “Karvan” simfonik lövhəsindən süzülən qumsallıq ritmlərilə yavaş-yavaş səhnəyə çıxarılır. Qəribədir, bu epizoda baxarkən düşündüm ki, Tərlan Qorçu “Leyli və Məcnun” tamaşasını bir meditasiya kimi qurub. Çünki meditasiya həyatın bütün təzadlarını, problemlərini aradan qaldırıb gerçəkliyi insan üçün cənnətə və mütləq gözəlliyə çevirir. Hətta Leyliylə Qeysin ölümü belə gözəldir: çünki ölüm behiştin astanası ola bilir. Təsadüfi deyil ki, Tərlan Məcnun iztirablarını İsa Məsih iztirabları ilə eyniləşdirir, Qeysin kuklasını çarmıxa çəkilmiş İsa kimi səhnənin fəza boşluğunda görükdürür və seyrçi bu görüntünü qəşəng foto qismində yaddaşına hopdurur.

Miniatür, cənnət, meditasiya “Leyli və Məcnun” marionet tamaşasının sintaqma cərgəsidir ki, plastik ifadələr bu anlayışların iç mahiyyətinə görə düzənlənir. Tamaşa miniatür, cənnət, meditasiya motivlərində “toxunmuş” ideal simmetriya sərgiləyən bir ornamentdir. İpli kuklalar da bu ornamentin davamı qismində zühur eləyir. Tamaşanın özü isə bir-birini aramla əvəzləyən miniatür rəsmlər kimi baxılır.

“Hər kim ki əsir olur bu damə...”

Tərlan Qorçu sənətinin xiridarı və əsiridir; elə bir əsir ki, hər gördüyü işin üstündə ana balası üçün əsdiyi qədər əsir. Bəlkə də bu səbəbdən tamaşa gecəyə ithaf edilmiş, Leyli və Məcnun müsibətindən sonra gecəyə söylənilmiş bir layla-ağı kimi çözülür, yuxuya gəlmiş bir cənnət əhvalatı kimi vizuallaşdırılır.

Bax, belə bir görüntünün gerçəkliyinə çatmaqdan ötrü Tərlan öz kuklaçıları ilə bərabər və sərasər üç il çalışıb. Bu, sadəcə, tamaşanın reallaşması naminə tükədilən enerjinin vaxtdır. Amma, əslində, Tərlan haradasa 25 il bundan öncə “Kukla şahzadəsinin oyunları” adlı məqaləmi yazarkən mənə demişdi ki, niyyəti “Leyli və Məcnun” muğam-operasının ipli kuklalar versiyasını yaratmaqdır. Yəni bu ideya 25 ildir yol gəlib, gəlib, gəlib və yalnız indi formalar bulub təcəssüm eləyib. O zaman Tərlan artıq öz “Arşın mal alan” marionet tamaşası ilə Avropa və Amerikanın teatr aləminə səs salmışdı: tamaşa istisnasız hər məmləkətdə uğurla göstərilirdi. Perspektivdə isə “Leyli və Məcnun” vardı.

Marionet tamaşaları çox yaşayıb muzeyləşirlər. Tərlanın fikri, məqsədi “O olmasın, bu olsun” operettasını da hazırlayıb Üzeyir Hacıbəyli silsiləsini tamamlamaqdır: tamamlayıb bu silsiləni unikal bir zərgər işi kimi Azərbaycana bağışlamaqdır.

Nədən ki, onun hər bir ipli kuklası, öz geyimilə bərabər, nadir sənət incisidir. “Leyli və Məcnun”da Tərlan kuklaların libas eskizlərini Fətəli şah Qacarın saray əyan və xidmətçilərinin geyimləri tərzində düşünüb. Gərəkli parça kəsiklərini tapmaq üçünsə Tərlanın gəzmədiyi yer qalmayıb: hətta Parisin Birə Bazarlarına da güzar eləyib və unikal materiallar tapıb gətirib: bir sözlə, kuklaları əsl muzeylik şedevrlərə çevirib: Tərlanın tasarlaması əsasında onları kukla ustası Tengiz Xalvaşi düzəldib, dekor üçün füsunkar tikmələrə isə litvalı toxucular “imza atıblar”.

İpli kuklalarla işləmək, onları zümrüd, yaqut, füruzə daşlar qismində üzüyün gözünə düzürsənmiş kimi tamaşaya yığmaq iynə ilə gor qazımaq kimi bir şeydir. Tərlan mümkünsüzü bacarıb, sanki miniatürləri kitab səhifələrindən səhnəyə ornament-ornament köçürüb və hamının heyranlıqla izləyəcəyi cənnət lövhələri yaradıb. Sonucda dediyim bu: “Leyli və Məcnun” marionet tamaşası “bir nigari-ənbərinxətdir” ki, hərdən qaranlığın içindən işığın köməyilə bir xəyal, bir ilğım, bir nağıl kimi boy verib görsənir və təzədən qaranlığa qərq olur.

# 3083 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #