Hamilə arvadına görə it olan adam – Azərbaycan filmi

Hamilə arvadına görə it olan adam – <span style="color:red;">Azərbaycan filmi
15 aprel 2017
# 09:00

Kulis. az “Naməlum kino” layihəsində Kamil Rüstəmbəyovun 1964-ci ildə çəkidyi “Zəncirlənmiş adam” qısametrajlı filmini təqdim edir.

Süjet: Hadisələr Argentinada cərəyan edir. Filmin qəhrəmanı gənc kişi Alvardo (Ağadadaş Qurbanov) çilingərdir. Amma o, iş tapa bilmir. Yenicə ailə quran Alvardonun arvadı Mariya (Tamilla Ağamirova) hamilədir. Gənc kişi ailəsini dolandırmaq üçün hər gün şəhəri gəzir, amma iş tapa bilmir. O, tanışı Baziliodan (Sadıq Hüseynov) kömək istəyir. Bazilio varlı sahibkar Nikandronun (Adil İsgəndərov) yanında işləyir. O, Alvardoya məsləhət görür ki, Nikandroya iş üçün müraciət eləsin. Qəddar, tamahkar adam olan Nikandro Alvardonun yalvarışlarını rədd eləyir. Sahibkar itinin Bazilio tərəfindən yük maşını ilə əzdiyini biləndə onu işdən qovur. Ondan təkidlə iş istəyən Alvardoya isə it olmağı təklif eləyir.

Əvvəlcə o, bu təklifdən boyun qaçırır. Evə gələndə Müqəddəs Məryəmə ərinin iş tapması üçün dua edən hamilə arvadının yalvarışlarını eşidir. Mariya yoxsulluq üzündən uşağı dünyaya gətirmək istəmədiyini deyir. Və məcburiyyət qarşısında qalan Alvardo sahibkarın it olmaq təklifini qəbul edir. Arvadına isə həqiqəti söyləmir.

Yeni statusunda Alvardo təhqirlərə məruz qalır, həm sahibkar, həm də onun yanına gələn varlı müştəriləri tərəfindən. Sahibkarın qonaqları avtomobillə Alvardonu qovur, onunla əylənir, it kimi hürməyə, gəzməyə vadar edirlər. Nəticədə gənc kişi əsəb sarsıntısı keçirir. O, evə gəlir, şam yeməyi hazırlayan arvadını it kimi dişləyib qaçır, intihar eləmək istəyir. Amma intihar cəhdləri uğursuz olur... Beyin zədəsi alan qəhrəman xəstəxanaya yerləşdirilir, şəhərə yeni gələn gənc müstəntiq araşdırmaya başlayır. O, cinayətin izinə düşür...

“Zəncirlənmiş adam” argentinalı yazıçı Osvaldo Draqunun “İtə çevrilən adam” hekayəsinin əsasında ekranlaşdırılıb. İlk baxışda ekran əsərinin ön planında əsas problem kimi sosial motiv görünə bilər. Amma burada ölkəni bürüyən sosial ədalətsizlik fonunda insanın qiymətdən düşməsi, mənəvi dəyərlərin tənəzzülü, aşırı istehlakçılığın insanı qəddarlaşdırmasını, insanlıqdan çıxarmasını və özündən aşağı təbəqəylə it kimi rəftarını norma kimi qarşılaması məsələləri qoyulur.

Rejissor maraqlı bir bədii həll verib: Sahibkarın Alvaradonu təhqir edən işçisi, varlı dostları müstəntiqin suallarına cavab verir. Onların ikrah doğuran reaksiyaları qısa, sürətli planlarda əksini taparaq epizod-portretə çevrilir.

Əslində Alvardonu it olmağa məcbur edən meşşanlar bahalı geyimli-keçimdə daha çox heyvani sifət alırlar, hətta it kimi davranan Alvardo belə onlarla müqayisədə yenə insan kimi görünür.

Film kafedə dostları ilə içki içən müstəntiq Manoelsin (Stanislav Kovtun ) şüşədən onlara boylanan yaşlamış, bəyaz saçlı Mariyanın görməsi ilə başlanır. O, Mariyanı tanıyır, keçmişə qayıdır. Və dostlarına onun əhvalatını danışır.

Əsər eyni zamanda Argentinada hüquq sistemindəki boşluqları, hakimiyyətin kiçik insana əhəmiyyətsiz münasibətini göstərir. Polis Alvardonun cinayətini açmaq əvəzinə, saxta akt tərtib edərək, onun guya ailə münaqişəsi zəminində intihara cəhd elədiyini yazır. Üstəlik, mahiyyətcə baş verən hadisə cinayət sayılsa da, Cinayət məcəlləsində bununla bağlı maddə yoxdur. Günahkarlar bunu belə əsaslandırırlar ki, o, it olmağı könüllü seçib. Buna görə isə cinayət düşmür. Nikandro nüfuzlu adam olduğu üçün hakimiyyət orqanları araşdırmanı dayandırmağı tələb edirlər.

Final sərgərdan, ümidsiz Mariyanın sonu bilinməyən, naməlum yolda getməsi ilə bitir. Şərti səhnədə Mariya ədalətsiz sistemin qurbanı olan insanların ümumiləşmiş obrazı kimi təqdim olunur.

Filmin ssenari müəllifi Ənvər Əlibəyli, operatoru Edurad Bədəlov, bəstəkarı Fərəc Qarayevdir.

Kamil Rüstəmbəyov “Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə məni” filmlərinin rejissoru olub.

Film Azərbaycan televiziyasında istehsal olunub.

# 2433 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər