Mehriban Zəki: “Rejissorlarımız üçün qadın maraqlı deyil” - MÜSAHİBƏ

Mehriban Zəki: “Rejissorlarımız üçün qadın maraqlı deyil” - MÜSAHİBƏ
26 dekabr 2014
# 12:00

Müsahibimiz aktrisa, əməkdar artist Mehriban Zəkidir.

- Mehriban xanım, çəkilidyiniz filmləri izləyəndə onu peşəkar aktrisa kimi analiz edirsiz, yoxsa sadəcə, tamaşaçı kimi baxırsız?

- Film ekranlara çıxandan beş il sonra, yəni ondan bir müddət uzaqlaşandan sonra onu soyuqqanlı, tamaşaçı kimi seyr eləmək mümkündür. Amma bu da son deyil. Bir neçə il sonra aktyor kimi daha da püxtələşirsən, baxırsan ki, filan şeyi belə eləmək olardı. Amma ilk dəfə filmə baxanda həmişə utanc, özünə qarşı ikrah hissi olur. Təkcə aktyorlara aid deyil. Məsələn, siz, yaxud kim olursa olsun, indi şəklinizi çəkib sizə göstərsələr, “nə pis düşmüşəm” deyəcəksiz. Amma beş il sonra o şəklə baxanda əksini düşünəcəksiz. Çünki siz artıq ondan uzaqlaşırsız.

- “Axınla aşağı” filmində oynadığınız ana obrazı məncə sizin ilk dramatik obrazınız idi, yoxsa?

- Yox, belə istiqamətdə yox idi. Hər halda ssenarini oxuyanda övladını itirən ana obrazı məni tutdu və işləmək maraqlı idi.

- İş prosesində rejissorla kontakt nə qədər alındı?

- Əvvəlcə deyim, övladını itirmiş ana niyə mənə maraqlı gəldi? On il qabaq Natəvanın həyatı haqqında oxuyanda onun 18 yaşlı oğlunu itirmək faktı ilə rastlaşdım. Düşündüm ki, ilahi, “Natəvan” əsəri bu qədər səhnəyə qoyulub, amma onu qoyan müəlliflər nədənsə bu məqamı qaçırıblar. Onu yalnız şairə kimi təqdim ediblər. Qadının faciəsinə bax, 18 yaşında oğlunu itirəsən, dəli olmaq olar yəqin ki...Bu itkidən sonra çox şey dəyişə bilər: onun yaşaması, insanlarla ünsiyyəti, cəmiyyətdə mövqeyi. Mənim obrazımla paralellik dəqiq olmasa da, ana faciəsi keyfiyyətcə eynidir. Bizim tamaşaçı üçün evdar qadın deyəndə, dinməz-söyləməz, özünü tanımayan qadın anlaşılır. Burdakı evdar qadındır guya. Halbuki, mənim təqdim elədiyim qadın evdar deyil. Yəni hal-hazırda işləmir, sadəcə, evdə oturub. Asif Rüstəmov bu işi təklif edəndə maraqlı gəldi. “Axınla aşağı” filmi rejissor- aktyor kimi ilk işimizdir. Onu çəkdiyi “Ev” filmindən tanımışam. Ssenarisi əsasında Əli İsa Cabbarovun çəkdiyi “Düyün” filmində oynamışam. Asif Rüstəmovun hekayələrində bir pritçalıq var. Konkret əhvalatı danışmaqla dərin və sakral mətləbləri analiz etmək meyli var. Bu əsəri də konkret insan həyatının hekayəsidir. Filmin sonunda övladını itirmiş ata oğlunun öldüyü məkana gəlir, sakitcə oturub deyir ki, ilahi, bura nə gözəl yerdir. Hər tamaşaçı öz ismarıcını alır. Mənim üçün isə ismarıc bu idi. Sual yarana bilər ki, ata da belə edər, yaxud oğlu ölən ana ərinin məşuqəsinin yanına münasibət aydınlaşdırmağa gedər ki, ərim səninlə getməyəcək? Bunlar qıcıqlandırsa da tamaşaçını düşündürməyə vadar edir. Bu, Asif Rüstəmovun müəllif filmdir. Əvvəlcədən də mənə demişdi ki, aktyor yox, rejissor filmidir. Təbii ki, mənim də aktyor kimi demək istədiyim sözüm var. Mübahisə deməzdim, müzakirələrimiz olurdu. Bütün aktyorlar eyni xəmirdən deyllər. Biz bilirik ki, aktyor rejissorun fikrini icra edəndir. Amma mənim də filmə qatdığım ismarıcım var. Mənim üçün də maraqlıdır ki, övladını itirən ana hansı ovqatlardan, yaşantılardan keçə bilər? Demirəm ki, onu tam şəkildə yaşadım, hər halda əlimi toxundurmağa çalışdım. Əminlikə deyə bilərəm ki, bir kadrda bu var!

- Hansı ?

- Onu deməyəcəm.

- Siz dediz ki, oynadığınız evdar qadin özünü tanımayan, müti qadın deyil. Obrazı bu cür təqdim etmək Asifin rakursu idi, yoxsa sizin? Fikir ayrılığı oldumu?

- Fikir ayrılığı olmadı. Kastinqi Asif eləyib və bilirdi ki, kimi dəvət eləyib. Sual verdim ki, niyə məni çəkirsən? Bu obraza fakturaca uyğun aktrisalar vardı. Aktyor ansamblı uyğun deyildi. Çox qarmaqarışıq idi. Və Mehriban Zəki də o ansambldan seçilirdi.

- Seçilməyinizi nədə görürdüz?

- Onu siz deyəcəksiz. Və “niyə məni çəkirsən” sualıma verdiyi cavablardan o cavabı almadım. Amma filmə baxanda bəlkə də eşitmək istədiyim cavabları aldım. Sual verəndə ki, sənin baş qəhrəmanınla arvadı arasında böyük energetik uçurum var, “mənə elə lazımdır” dedi. Siz filmə baxanda qadının obrazında boşluqları görə bilirsiz. Ssenarini oxuyanda mən də görürdüm. Amma sonra anladım ki, filmdə müəllifi maraqlandıran qadın deyil. Müəllif üçün vacib olan atadır.

- Rolunuz haqda fikirlər birmənalı deyil. Bəzilərinə görə alınıb, bəzilərinə görə ananı hiss etməmisiz, soyuqqanlı oynamısız. Başqa fikrə görə, uğurlu oynasanız da, sanki ansambldan kənarda qalmısız. Nə deyə bilərsiz bunla bağlı?

- Bütün sağlam düşüncəli fikirləri, analitik təhlilləri eşitməyə hazıram. Aktyor kimi kadrbakadr öz işimi analiz də edə bilərəm. Nəyi harda düz eləmişəm, nəyi harda səhv yox, başqa cür eləmişəm. Soyuqqanlılığa gəlincə, filmə baxanda düşündüm ki, bir az da soyuqqanlı eləmək lazım idi. Məsələn, qonşu qadının, ananın, polisin, atanın olduğu səhnə vardı. Həmin səhnədə qonşu qadın emosional idi, birdən ana da qışqırır, dalınca ata da. Və mənim orda ətim töküldü. Emosional olaraq qarışıqlıq yarandı. Biri qışqıranda, o biri daha yüksək not götürmək üçün başqa texniki vasitə tapmalıydı. Şəxsən mən öz adıma deyirəm. İş prosesində bu, məni narahat edirdi. Bir şey də var. Sözün özünün daşıdığı energetik yük var. Söz çox şeyi diqtə edir ki, sən məhz bunu belə eləməlisən.

- Namiq Ağayevlə tandem necə alındı? Psixoloji, sənətkarlıq baxımdan işləmək istədiyiniz partnyor idimi?

- Çalışıram ki, çəkiliş meydanında işlədiyim, tərəf müqabili olduğum aktyorlarlın heç biri ilə konflikt olmasın. Yalnız sayğı, hörmət. Sadəcə bir şeyi deyim. Qəbul edəcəklər, etməyəcklər, hər kəsin öz fikridir. Mən kamera qarşısında qeyri-peşəkar aktyorları qəbul etmirəm. Buna izahım da var. Qeyri-peşəkar aktyorun oyunu bir filmdə alına bilər, rejissor onu alındıra bilər. Əgər həmin qeyri-peşəkar insan, başqa filmlərdə işləmək fikrinə düşərsə mütləq məktəb görməlidir. Bilirsiz, ən böyük arzum nədir? Pianoda ifa eləmək. Xəyallarımda Şubertin, Hendelin əsərlərini bilirsiz necə gözəl ifa edirəm? Amma reallıqda bacarmıram bunu!!! Aktyorluq zahirən asan göründüyü kimi, daxilən cox qəliz sənətdir! Rejissorun “Axınla aşağı” filmində baş qəhrəman üçün təqdim etdiyi yük çox ağırdır, obrazın paradiqması ağırdır, dərin qatlar var orda, onu həll etməyi, daşımağı bacarmaq, kadrbakadr o prosesin necə inkişaf elədiyini sezdirmək lazımdır. Və bunu peşəkar aktyor qurur. Nə deyirsiz deyin, qeyri-peşəkara baxmaq mənə maraqlı deyil!

- Siz intellektual aktrisasız. Yəni belə imiciniz var. Ümumiyyətlə, sizin belə kompleksləriniz olurmu ki, məsələn, əyalətçi qadını oynamaq istəmirsiz? Hərçənd, Nicat Feyzulayevin “Küçələrə su səpmişəm” filmində əyalətçi qadın obrazını yaxşı oynamısız.

- Mənim üçün önəmlisi obrazın bioqrafiyasının olmasıdır. Şəhər və əyalət qadını oynamaq vacib deyil, vacib olan odur ki, həmin insanın bioqrafiyası olsun. Bir tarixçəsinin olması mühümdür. Əks təqdirdə aktyor nə ilə əlləşsin.

- “İbrus” teatrı bağlanandan sonra başqa teatrlardan əməkdaşlıq təklifi alırsızmı? Filmlərə çəkilməyəndə aktrisa kimi formada qalmaq üçün nə edirsiz?

- Qəliz məsələdir. Aktrisa teatrda işləməlidir özünü formada saxlamaq üçün. Digər tərəfdən isə sənin var olduğun ortam istər-istəməz səni formalaşdırır. Mənim dublyajla məşğul olmağım istər-istəməz danışıq tərzimi formalaşdırır. Çəkiliş vaxtı öz səsimi kənardan eşitmək texnikası yaranır. Təbii ki, özümü də kənardan eşidincə, sən onu idarə edirsən. Teatrda işləmək lazımdır. Digər tərəfdən mənim fikrimcə teatr, xüsusən böyük teatr aktyoru başqa istiqamətdə formalaşdırır. Kamera, xüsusilə indiki kino tendensiyasının oyun tərzi tamamilə başqa şey tələb edir, mümkün qədər yox olmaq. Yəni indiki kinoda oyun tərzi, guya ki, oynamıram, amma peşəkar gözü görür, hansı texniki vasitələrdən istifadə edir oynayan kəs. Əlbəttə ki, teatrda oynamaq istəyirəm. Çünki onun verdiyi emosional güc kinoda baş vermir. Kinoda sən rejissorun alətisən. Faktura olaraq rejissorun əlində vasitəsən. Filmlərin çox olmasını ona görə istəyirəm ki, peşəkarlaşırsan.

- Dünya kinosunda qadın dramları, onu təqdiq edən filmlər var. Sizcə, niyə bizdə belə materialı ola biləcək film yoxdur?

- Yəqin, qadın fenomeni rejissor və ssenarı müəlliflərimizə maraqlı deyil. Hərçənd, Elçin Musaoğlunun “Nabat” filminin qəhrəmanı qadın idi, çox güclü obraz idi.

- Sizcə, bu, mentallığımızla bağlı ola bilər?

- Yox. Elə dünya kinosunda da qadını tədqiq edən tək-tük rejissor var.

- Bəlkə bizim rejissorlar qadını hiss edə bilmirlər?

- Bəlkə də... Ümumiyyətlə, mənə daha çox qadın və dünya, qadın qarşıdurmada, konfliktdə maraqlıdır. Sonra Trierin “Melonxoliya”sını görəndə, dedim bunu da elədilər.

- “Yuğ” teatrının sərhədləri, qəlibləri var. Siz sonra “İbrus”da işlədiz, filmlərə çəkildiz. “Yuğ”un qəliblərindın çıxmaq çətin oldu?

- Çox çətin. Hər hansı mühitdə olanda sənin avtomatik olaraq vərdişlərinə, davranış mədəniyyətinə sirayət edir. Təbii ki, “Yuğ” teatrında bədii ifadə vasitələri tamamilə fərqlidir. “Yuğ” teatrında daha çox plastika, emosional təsiri hər hansı bir jestlə, qeybdən gələn səs çaları ilə ifadə etməli olurdumsa, “İbrus”da yeni istiqamətdə işlədim, fikri sözlə ifadə etməyi bacarmağı, sözün diqtə elədiyi yükü, energetikanı öyrənməyə başladım. Rastlaşdığım rejissorlarla maraqlıdır işləmək. Onların verdikləri dil ifadə vasitələri, bədii təzahürlər fərqlidir və mən də hər dəfə yeni şeyləri öyrənirəm. Hər bir rejissorla işləmək böyük məktəbdir.

- Bəzən aktyorlarımız şikayətlənirlər ki, rejissorlar aktyorla işləyə, nə istədiyini anlada bilmir.

- Mən Azərbaycanda aktyorla işləyə biləcək yalnız bir rejissor tanıyırdım. Allah ona qəni-qəni rəhmət eləsin, mənim ustadım Vaqif İbrahimoğıu. O akyoru yalnız material və bilgi ilə yükləmirdi. Hər bir insanın içi, bilgiləri, şüurlatısı, bədənin yaddaşı var və o, bunu açıqlayırdı, öyrədirdi, izah edirdi.

- “Yuğ”dan təklif olsa oynamağa razılaşırsız?

- Yox. Vaqif müəllimdən sonra maraqlı deyil.

# 1472 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #