Amaliya Pənahova: “Etiraf edim ki...” - SÖHBƏT

Amaliya Pənahova: “Etiraf edim ki...” - <span style="color:red;">SÖHBƏT
24 iyul 2017
# 10:06

Yadıma gəlir, ilk dəfə onu qolları və ətəkləri geniş ağ libasda, gözlərindəki amansız baxışlarla "Medeya" tamaşasında gördüm.

Uşaq ağlımla aktrisanın səhnədəki hərəkətləri məni qorxutdu. Aktrisanın alnına tökülmüş zil qara, buruq-buruq saçların titrəyişi sanki Medeyanın nə zamansa bu dünyada var olmasını sübut edirdi. Sonralar "Medeya" əsərinin ekran versiyasını bir neçə rejissorun yozumunda izlədim. Amma heç biri mənə o ecazkar obrazı unutdura bilmədi. Bu gün "Dördüncü divar" layihəsinin qonağı sadalamağa ehtiyac duyulmayan, bir çox parlaq rolların ifaçısı, həm də mənim yaddaşımdakı əsrarəngiz Medeya obrazını yaradan aktrisa, xalq artisti Amaliya Pənahovadır.

- Amaliya xanım, teatr və kino sahəsindəki son dövrləri necə xarakterizə edərdiniz?

- Müstəqilliyimizin otuz illiyinə az qalmış bir vaxtda mənim yaratdığım Bakı Bələdiyyə Teatrının 25 yaşı tamam olur. Sözsüz ki, bütün sahələrdə olduğu kimi 90-cı illərin əvvəllərində teatr sahəsində də süstlük, durğunluq, teatrların bağlanması təhlükəsi vardı. Amma elə çətin bir vaxtda bir neçə yeni teatr yarandı, o cümlədən də Bakı Bələdiyə Teatrı. Bu gün isə yaranan həmin teatrlar artıq yoxdur. Lakin bizim teatr fəaliyyətdə və inkişafdadır. Yeni tamaşalar hazırlayır, festivallara gedirik və mükafatlarla geri qayıdırıq.

Ümimilikdə isə ulu öndərin ikinci qayıdışından sonra teatrlara, sənət adamlarına qayğı göstərildi. Daha sonra isə Prezident İlham Əliyevin teatrların təmirinə və təchizatına göstərdiyi diqqət, onların yenidən bərpası biz sənət adamlarının rahat çalışmasının təminatı oldu.

Lakin hər premyera da hələ uğur demək deyil. Heç bu o qədər düzgün fikir də deyil. Çünki teatr canlı sənətdir. Orda eksperimentlər olur. Fərz edək ki, bu gün yeni hazrlanıb təqdim olunmuş bir tamaşa bir müddətdən sonra başqa quruluşda təqdim olunanda sənət baxımından zövqləri oxşamaya bilər. Bu da bir az fərdi məsələdir. Sözsüz ki, iş olan yerdə nailiyyətlər də olur, səhvlər də. Əgər biz yeniliyə gediriksə, dünya teatrları ilə ayaqlaşmaq istəyiriksə, birinci olaraq bizdə yaxşı rejissorlar olmalıdır. Əgər müasir dramaturqlarımız zəifdirlərsə və yaxud da azdırlarsa, çalışmaq istəmirlərsə bizim klassik dramaturqlarımız var ki, onların əsərlərinə müraciət edib həmin əsərləri bu günlə səsləşdirib tamaşalar hazırlamaq olar. Amma məsələ burasındadır ki, teatr rejissorları bu gün bizdə azdır.

- Klassik dramaturqlardan söz açdınız. Axı müasir dramaturqları həm də teatr özü yetişdirir...

- Sözsüz ki, belədir. Amma bilirsinizmi, vaxtilə tutalım, Milli Akademik Dram Teatrı Səməd Vurğunu, Sabit Rəhmanı, İlyas Əfəndiyevi, Anarı, Elçini, daha sonra nisbətən gənc nəsil dramaturqları ilə iş apararaq onları yetişdirib nailiyyət əldə edirdilər. Amma bu da hər teatrın hünəri deyil. Daha doğrusu, hər rejissor dramaturqla iş görməyi bacarmır. O zaman böyük rejissor Tofiq Kazımov vardı ki, dramaturqlarla yaxşı işləyirdi. Nəticədə də ortaya gözəl tamaşalar çıxırdı.

Görünür indiki rejissorların biliyi, savadı, dünyagörüşü, ya da ki, həvəsi çatışmır ki, belə tamaşalar təhvil versinlər. Onlar bu gün hazır əsəri götürüb guya eksperiment edərək qol-qanadını sındırıb tamaşa hazırlayırlar. Bununla da vaxtında uğur qazanmış tamaşaların da keçmişinə kölgə salıb, tamaşaçıları çaş-baş qoyurlar. Nə zamansa əfsanəyə çevrilimiş tamaşadan qazanılan şöhrəti yerə vurmaq çox acınacaqlı haldır.

Bir yandan qınamaq da istəmirsən ki, bəlkə yeni nəfəs, dəsti-xətt yarada bilərlər, təkrarçılıq olmaz. Lakin bunun alınmadığını görəndə məyusluq yaşanır. Belə olan halda mən onun tərəfdarıyam ki, vaxtı ilə bizim böyük rejissorlarımızın teatr məşqləri zamanı hazırlanan stenoqrafiyalarını bu gün bərpa etsinlər. Çünki bərpa özü də bir sənət və məktəbdir. Böyük sənətkarların dəsti-xəttini öyrənib o zaman işlənən əsərləri heç bir əlavə etmədən yenidən səhnələşdirmək olar. Rejissorların bircə işi ondan ibarət olamalıdır ki, aktyorlarla iş prosesini düzgün qursun. Bizim rejissorlarımız isə təəssüf ki, aktyorlarla işləməyi sevmirlər. Aktyorlarımız da öz üzərlərində işləməyi öyrənməyiblər. Hər kəsin hünəri deyil ki, öz üzərində davamlı işləyərək özünü yetişdirsin.

- Sizcə, bu kimi problemlər nədən yaranır?

- Burda teatr tənqidçilərinin də günahı var. Ya kimisə tənqid etmək istəmirlər, ya da kimisə həddindən artıq tərif edirlər. Bu da ümumi işin davam etməsinə zərər vurur.

Bu gün bir çoxları teatrı məktəb, məbəd adlandırmaqdan qorxurlar. Əksinə, teatrı əyləncə məkanı kimi təqdim etmək istəyirlər. Mən bunun həmişə əleyhinə olmuşam. Teatr əyləncə məkanı ola bilməz. Əylənmək üçün sirk və bu kimi məkanlar var. Hətta pantomimanın, komediya tamaşalarının özü belə düşündürcü olmalıdır.

Mən təbii ki, öz teatrıma cavabdehəm. Quruluş verilən tamaşaların hamısı beynəlxalq müsabiqələrdən diplomlarla qayıdıb. Özəl tamaşalar hazırlanıb. "Ölülər" tamaşası çox böyük zövqlə hazırlanmışdı, xeyli mükafatlar əldə etdi. Daha sonra "Əli və Nino" tamaşası Moskvada "Çexov" festivalında ilk dəfə olaraq mükafat qazandı. Eləcə də digər festivallarda. Sözü ona gətirirəm ki, mən rəhbərlik etdiyim teatr fəaliyyətini və işini layiqli şəkildə davam etdirir. Teatrımız yaradığı gündən cəbhə bölgəsindən tutmuş ölkəmizin bütün şəhərlərində qastrol səfərlərində olub. Moskva, İran, Gürcüstan, Yunanıstan, Almaniya və s. ölkələrin səhnələrində tamaşalarımızla çıxış etmişik. Biz teatr truppası ilə Türkiyəni qarış-qarış gəzmişik. Deməli, teatr bu səfərlərlə yanaşı, həm də böyük inkişaf yolu keçib.

- İnkişafla yanaşı yəqin ki, çətinliklər də olub?

- Biz bu yaxınlarda "Nargin faciəsi" tamaşasını təhvil verdik. Bu Sarıqamış adasında əsir düşən soydaşlarımızn faciəsindən bəhs edirdi. Tamaşa çox böyük uğur qazandı. Amma bir məsələ var ki, bu gün məktəblilərin, gənclərin tamaşalara diqqəti çox aşağı səviyyədədir.

- İkinci planla iş üzrə elmi iş müdafiə etmisiniz. Bu gün aktyorların ikinci planla iş prosesi sizi qane edirmi?

- Bayaq mən mövzunun adını çəkməsəm də, qeyd etdim. Söhbət elə aktyorların ikinci planla işləmələrindən gedirdi. Bu gün rejissorlar aktyorla işləmək istəmir, onu başa sala bilmir. Aktyorlar da öz üzərlərində işləmirlər. Əslində, mənim kitabım özü elə dərslikdir.

İkinci plan sətirarası yazılmayan duyğuları tamaşaçıya çatdırmaq hünəridir. Bunun da təsir qüvvəsi və təsvir yolları var. Bunu da hər aktyor bacarmır. Universitet illərindən bunları aktyora öyrətmək, başa salmaq lazımdır. Rejissor da tamaşa zamanı istiqamət verməli, yönətməlidir. Niyə türklər rejissora yönətmən deyirlər? Məhz onun yönətici funksiya daşıması səbəbindən. Bu baxımdan təbii ki, zəiflik var.

- Tofiq Kazımov sizin teatr yaradıcılınızda mühüm rol oynayan rejissor olub. Bəs kinoda belə rejissor kim olub?

- Tofiq Kazımov məni ilk dəfə tələbə olanda "Romeo və Cülyyeta" tamaşasında görüb, İlyas Əfəndiyevin "Boy çiçəyi" pyesi əsasında hazırlanan tamaşaya dəvət etdi. Tofiq müəllim mənimlə işlədi. Və onun əməyinin nəticəsində mən Azərbaycan dilində səlis danışmağı öyrəndim. Çünki rus dilində təhsil almışdım. Ondan sonra da o, məndəki potensialı görüb məni işlətdi və nəticədə bir gecənin içərisində məşhurlaşdım.

Kinoya çəkiləndə isə hesab edirəm ki, artıq püxtələşmiş aktrisa idim. Çünki mən ən gənc vaxtlarımda teatrda məşğul olduğum üçün məni filmlərə çəkmədilər. Amma sonralar kino yaradıcılığımda Əlisəttar Atakişiyev, Kamil Rüstəmbəyov, Eldar Quliyev, Arif Babayev kimi sənətkarlar mühim rol oynadılar.

- Siz bir çox filmlərdə oynamısınız, maraqlı qadın obrazları yaratmısınız. Amma niyə sizin kimi parlaq aktrisanın olduğu ölkədə sırf qadın dramı olan filmlər çəkilmədi?

- O zaman bədii şura mövcud idi. Orada da yazıçılar, dramaturqlar və müxtəlif incəsənət adamları olurdu. Sınaq çəkilişlərinə isə bir rol üçün dörd-beş aktrisa dəvət olunurdu ki, onların hərəsinin də on-on beş tanış-bilişi olurdu. Mən belə işlərə baş qoşmurdum. Məni yaınız rejissor tələb edirdi. O isə çox zaman tək qalırdı. Çünki mübahisə düşürdü və hətta təhlükə yaranırdı ki, ümumiyyətlə əsəri ondan alıb başqa rejissora versinlər.

Bir dəfə elə öz dilimin bəlasına düşdüm. "Mən ki, gözəl deyildim" filmi üçün təsdiq olunmuşdum. Amma qrim zamanı necə oldusa dedim ki, bir neçə aydan sonra ana olacağam. Bunu eşidən rejissor isə səhhətimə görə ehtiyat edib məni həmin rola çəkməkdən imtina etdi. Yəni bu və ya bu kimi hallarla gənclik illərində filmlərə çəkilməyimin qarşısı alınıb.

- Fransız rejissoru Fransua Ozonun "Səkkiz qadın" filmi var. Orada Fanni Ardant, Katrin Denev kimi məşhur aktrisalar rol alıb. Bu gün bizdə belə bir film çəkilsə, siz ətrafınızda hansı aktrisaları görmək istərdiniz?

- Vallah, mən heç kimin könlünə toxunmaq istəmirəm. Gərək mövzunu biləsən ki, aktrisaların da seçimini müəyyənləşdirəsən. Yaxşı inkişaf edən aktrisalarımız var. Misal üçün Həmidə Ömərova artıq özünü təsdiq edib. Çox işgüzar və istedadlı aktrisadır.

Belə, ümumilikdə xatırladıqlarımın əksəriyyəti isə rəhmətə gedib. Yadınıza salın, bizim rejissorlar bizimkiləri yetişdirmək əvəzinə ən dramatik rollara rusları, gürcüləri, erməniləri dəvət ediblər. Bizi yetişdirmək istəməyiblər. Onlara hazır ad lazım olub. Bu səbəbdən də günahı yalnız rejissorlarda görmək lazımdır. Mən bunu həmişə vurğulamışam ki, bizim dünya səviyyəsinə çıxa bilən aktrisalarımızı üzə çıxara biləcək rejissorlarımız olmayıb. Bəlkə də olub, amma onlar bu sahədə maraqlı olmayıblar. İstəməyiblər...

- Amaliya xanım, ailəli aktrisa olmusunuz. Aktrisa kimi ailənin sizin yaradıcılığınızda hansı üstünlükləri və qeyri-üstünlükləri olub?

- Aktyor sənəti elədir ki, nə baş verir-versin, səhnədə olmaq lazım gəlir. Müxtəlif tədbirlər, bayram günləri, tamaşalar və s. Bu kimi günlərdə təbii ki, ailəyə vaxt ayırmaq çətin olur. Amma mən ailəmin həmişə qayğısına qalmışam. Uşaqlarımın xörəyini də, təmizliyini də özüm etmişəm. Hətta qastrollara, çəkilişlərə gedəndə belə yoldaşım və uşaqlarımla birgə getmişəm ki, onlar ayrılıq yaşamasınlar, diqqətdən kənarda qalmasınlar. Baxanım yox idi. Atalarının ümidinə də qoya bilməzdim. Çünki o da işləyirdi. İşləyə-işləyə də uşaqlara baxmaq mümkün deyil. Həm də ki, istəmirdim. Bir halda ki, imkan var idi onları da özümlə birgə aparırdım.

Ancaq etiraf edm ki, özümün dincliyim olmadı. Çünki axşam teatrdan on birdə, on ikidə gəlirdim, uşaqları yatırdıb, onların səhər yeməklərini hazırlayırdım. Səhər isə erkəndən qalxıb onları dərsə, bağçaya yola salırdım. Bəlkə də bu səbəbdən mənim rəfiqələrim və asudə vaxtım olmadı. İndi bir az özümə diqqət ayıra bilirəm. Amma o vaxtı hər gecə pariklərimi dəyişirdim. Çünki, hər gün bir obrazda çıxış edirdim və obraza uyğun saç rəngləmək düzəltdirməyə vaxt qalmırdı. Yəni işimə tabe aktrisa idim. Bir də ki, rəhmətlik həyat yoldaşım da mənə çox kömək oldu. Necə ki, birinci gündən məni institutdan əlimdən tutub gətirmişdi, eləcə də son gününə qədər mənim və ailəmin qayğısını çəkdi.

Bilirsiniz, gərək sidq-ürəklə ailəyə bağlılıq, sədaqət, fikir birliyi olsun. Kiməsə resept demək düzgün deyil. Bəzən elə eyni sənətdə çalışan adamlar ailə qursalar da, bir ildən sonra ayrılırlar. Yəni kiməsə necəsə yol göstərmək olmur. Bəlkə də bir az özündən nələrisə keçməyi də bacarmalısan.

- Bayaq qeyd etdiniz ki, dincliyim olmadı. Təbii ki, ötən illər ərzində istər fiziki, istərsə də mənəvi baxımdan böyük enerji sərf etmisiniz. Bu gün həmin illərin yorğunluğunu hiss edirsiniz?

- Yox, mən deməzdim. Çünki sənətimi çox sevmişəm. Mən sənətə iş kimi baxmamışam. Hər iş günü mənim üçün bayram idi. Bəzən xəstə, qızdırmalı gəlib çıxış etmişəm. "Nişanlı qız" tamaşasında ayağım ikinci dərəcəli yanmışdı. Buna baxmayaraq gəlib primyerada iştirak etmişəm. "Hamlet" tamaşasında rolumu ifa edib gedəndən sonra qızım dünyaya gəlib. Yəni mən sənətə iş kimi baxmamışam. Çətin olub, düzdür. Çünki aktyorun bütün silahı onun özündən və səsindən ibarətdir. Kənardan döyüş asan görünə bilər. Amma səhnəyə çıxanda hər şey başqa cür olur. Bəzən görürsən ki, akademikdir, amma səhnəyə qalxanda iki kəlmə sözü deyə bilmir. Səhnənin vahiməsi onu basır. Bütün bunlar aktyordan hazırlıq, bacarıq və istedad tələb edir. Bunları təkcə öyrənməklə əldə etmək olmur. Gərək insanın özündə də nələrsə olsun. Yəni dediyim odur ki, mən sənətə yaradıcı nöqteyi-nəzərdən yanaşdığım üçün orda yorulsam belə, gəlib evdə dinclik tapmağa çalışmışam.

- Ədəbiyyata, mütaliəyə vaxt ayıra bilirsinizmi?

- Bilirsiniz, deyim ki, daima mütaliə edirəm, doğru olmazdı. Amma elə gündəlik işimiz istəsək də istəməsək də ədəbiyyatla, mədəniyyətlə, incəsənətlə bağlıdır. Daima yeni dram əsərləri axtarıram ki, misal üçün gənc aktyorların inkişafına kömək edəcək. Və yaxud da köhnə əsərlərin bərpasına nəzər salıram. Yəni işimiz özü ədəbiyyatla məşğul olmağa şərait yaradır. Amma konkret hansısa bir romanı çap olunan kimi alıb oxumuşam desəm, yalan olar.

- Amaliya Pənahova bu gün ən çox nə üçün şükür edir?

- Elə bugünkü günümə şükür edirəm. Nə yaxşı ki, pis-yaxşı sağlamlığımız var. İş başındayam. Allah ömür versin ki, teatrla, sənətlə, ailə ilə bağlı arzularımı həyata keçirə bilim. Hamısı Allahın əlindədir. Və mən heç vaxt naşükür insan olmamışam. Həmişə şükür etmişəm və edəcəyəm də. İnsan bu dünyada ancaq yaxşı ad qoyub gedir.

Söhbətləşdi:

Samirə Əşrəf

“Ədəbiyyat qəzeti”

# 807 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #