İlhamın ölüm xəbəri şirin xəyalımın qol-qanadı sındırdı...
Səsiylə-sədasıyla Azərbaycanımızın dünənindən bu gününə körpü salan, boy-buxununda doğulub boya-başa çatdığı Masallımızın Dəmbəlov ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar idi İlham. Barəsində duyğularımı ipə-sapa düzüb, sağlığında dövrü mətbuatda, “Masallı-cənnət misallı” kitabımda dərc etdirmişəm. Amma indi o, bu dünyada olmayanda yazdıqlarıma baxıram və düşünürəm İlham haqqında nə qədər yazılsa yenə azdır.
...Özüm də bilmirəm, İlham barədə həmişə düşünəndə nədənsə məhz onu ali məktəbə qəbul imtahanına gələndə Sahil bağında – tənha bir skamyada səhəri açan ağ köynəkli abituriyent obrazında görürəm. Niyə?! Bəlkə o vaxt aktyor olmaq arzusuyla yaşayan sadə bir kəndli gəncin abır-həyası, qanacağı ona şəhərdə yaşayan qohum-əqrəbasının qapısını döyməyə mane olmuşdu?... Bəlkə o gecə İlham gələcəkdə böyük səhnədə tənha və doğmalar arasında qərib bir insanın obrazını oynayacağı rolu məşq etmişdi?!
Deyəsən, o zaman belə hissləri bizim həmyaşıdlarımızın çox yaşayıb axı? Yəni İlham öz müasirlərinin canlı obrazını erkən yaşlarından həyat səhnəsində oynayan bir sənətkar idi...
***
Biz hər ikimiz Masallıda – mərhum yazıçı Rafiq Tağının “Muğan tərəflər” dediyi yamyaşıl zəmiləri olan qonşu kəndlərdə doğulsaq da Bakıda tanış olmuşduq.
Masallının el ağsaqqallarından olan Samı Kəlbiyevə hər ikimizin dərin rəğbəti vardı. O Samı Kəlbiyev ki, vaxtilə Rəsul Rza, Qılman İlkin, Lütvəli Abdullayev, Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil və Azərbaycanın başqa görkəmli şəxsiyyətləri, sənət adamları onun dostu və qonağı olmuşdular ...
İlham tele-müsahibələrində tez-tez el ağsaqqalının adını çəkirdi, sinif yoldaşlarını, uşaqlıq dostlarını unutmurdu. Yaxın qohum-əqrəbalarının təbirincə desək, İlham hələ lap uşaq çağlarından “oyun”, “teatr” çıxardırdı. Bəlkə bu “oyun”, “teatr” çıxarmaq hissi onda Samı kişigildə xalq artisti Lütvəli Abdullayevi görəndə, onun məclisdə zarafatyana dediyi sağlığın Muğan elində dildə-ağızda gəzdiyini eşidən anda yaranmışdı? Ölməz sənətkar Lütvəli Abdullayev Samı kişinin şərəfinə öz sağlığını belə ifadə edirdi: “Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. Bəziləri mənə toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən...”
***
İlk dəfə ali məktəbə daxil olmaq cəhdi daşa dəymişdi İlhamın... Şirvanda (o vaxtkı Əli Bayramlı) çilingər, tikintidə fəhlə işləmişdi. Həyat və əmək təcrübəsi qazanmışdı. Amma SƏHNƏ onunçun həyatın bir parçasıydı. “Müqəddəs ocaq” adlandırdığı səhnədə ilk uğurlu addımlarını atıb, teletamaşalarda müxtəlif rollarda oynamışdı...
Deyirdi ki, səhnədə ölüm səhnəsi yaratmaq kinodakından qat-qat müşküldü. Lal obrazını yaratmaq isə ondan da çətindir. Hüseyn Cavidin “İblis” dramında səhnədə oynadığı lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov kollektiv çəkdirdikləri şəklin arxasına bu sətirləri yazmışdı: “İlham, lal dilində gözəl danışdığına görə səni təbrik edirəm!..”
***
Sonra səhnədə sərkərdə, xan, xaqan, kral, böyük siyasi xadim də oldu: Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Sabutay, İlyas Əfəndiyevin "Hökmdar və qızı"nda Məhəmməd xan, Şekspirin "Kral Lir"ində Fransa kralı, Əli Əmirlinin "Mesenat"ında N.Nərimanov, Mövlud Süleymanlının "Fatehlərin divanı"nda Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham...
Akademik teatrın ən populyar tamaşalarında iştirak etməklə yanaşı, İlham Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi. Çox incə qəlbli, həssas insan idi İlham.
Əməkdar artist Əli Salahlı haqqında “Sonuncu monoloq” kitabımı oxuyandan sonra mənə telefonla minnətdarlığın bildirdi. Mənə elə gəldi ki, İlham əyalət teatrlarında çalışan və dünyasını dəyişən sənətkarların yad olunmasına bərk kövrəlmişdi... (Əli Salahlı 12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə 59 yaşında Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi)
Bir il ö neçə il öncə “Həzrəti Yusif” teleserialında Yaqub peyğəmbərin rolunu səsləndirirdi İlham. Sanki təkcə səsləndirmirdi, həm də həmin rolu oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə olan ürəklərə sərinlik yayırdı… Amma İlham etiraf edirdi ki, dublyaj zamanı mətni oxuyarkən bəzi məqamlarda özü də bərk kövrəlib, hətta ağlayıb da...
***
Bir də nədənsə xanəndələr həmişə “Apardı sellər saranı” mahnısını oxuyanda, “Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!” sözlərini eşidəndə, gözümün önündə Xalq artisti İlham Əsgərov canlanır. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə bəylə-gəlinə xeyir-dua vermysinın az şahidi olmamışam. “Xançoban” söz-sövqatıyla hər il Muğana gəlirdi... İnana bilmirəm. Təəssüf ki, doğma kəndi Xoşçobanlının da, Muğanın da, Azərbaycan da toy-büsatları söz-sənət aşiqi İlhamsız qaldı!.. İlham xeyir-duasıyla sanki müdrik, ağsaqqal babaların ruhunu yaşadırdı...
***
...Səhnədə Elçin Həşimovun tarı cuşə gəlir… Xanəndə Məsumun səsi pərdə-pərdə yüksəlir. İlham da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə haray düşür, ün düşür: “Dünya yaşamalı dünyadır, qardaş!” misraları ruhlara sığal çəkir.
İlhamın səsi neçə-neçə səs dalğasında öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə ölməz ustad sənətkarın, cəngavərin obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbi idi...
***
İlhamlı günlərdə-hər dəfə onu səhnədə, efirdən səsini eşidəndə şirin xəyala dalırdım... Günlərin bir günü Kazım Ziya sənətini yaşadan xalq artisti İlham Əsgərov Dədəm Qorqudsayağı səsiylə elimizə - obamıza QƏLƏBƏ müjdəsi verəcək... İlahi, zəfər təranələri ilə süslənən Azərbaycan İlhamın qələbə müjdəli səsiylə necə də möhtəşəm görünərdi.... Taleyin və tarixin min cür sınağına sinə gərən Qarabağ eli bayram libasına bürünərdi. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönərdi. İlhamın səsi AZADLIQ meydanına nur çiləyərdi: “Gözün aydın, Azərbaycan!..” Amansız ölüm xəbəri xəyalımın qol-qanadı sındırdı...
***
Tarixçilərin yazdığına görə qədim Muğan cəngavərləri boylu-buxunlu olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladırdı:
- Ehey, siz niyə belə cırlaşmısınız? - deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz? Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar, bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir...
...Yaradıcılığının otuz illik gecəsində dostlarından biri ona Məkkədən üzük gətirmişdi. Bəlkə o üzük mənin barmağımda elə də parlaq görünməzdi, amma “İncəsənət qvardiyasının sərdarı”, söz sərkərdəsi İlham Əsgərovun barmağına yaraşırdı. İlham bütün vücudu ilə, ululara xas səsi ilə səhnədə daha əzəmətli görünürdü.
Qəribə də olsa, son vaxtlar mən onu istər kinoda, istər teatr səhnəsində yalnız özümün arzuladığım rollarda görmək istəyirdim: Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin! Qaçaq Mozu elə qaçaq Nəbi kimi bir igid olub bizim Muğan tərəflərdə. İlhamın həmkəndlisidir. Ona öz zəmanəsinin Robin Qudu da demək olar.
***
Nə isə... Son vaxtlar həyat səhnəsində qəfil itirdiklərimiz o qədər çoxdur ki! Ölüm mələyi nə ad-sana baxır, nə də yaşa. Dünən axarlı-baxarlı Viləş sahilində gəzib-dolaşarkən eşitdim ki, ÖLÜM çağırılmamış qonaq kimi İlhamın da ünvanını tapıb. Və sanki Dəmbəlovdan əsən sərin meh də onun ölməz səsini yayırdı hər yana. İlhamın ruhu isə Sarəngin bu misralarını pıçıldayırdı.
Ax Viləş, qəlbimdə qanlartək, fəğanlartək, Viləş!
Ax Viləş, gərdişi-dövranda zamanlartək, Viləş!
Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,
Ruhuma lay-lay çalan sənsən, kamanlar tək, Viləş!
Uca Rəbbimizdən sənə qəni-qəni rəhmət diləyirəm, İlham!
Sənin sənətinə, şəxsiyyətinə və ruhuna ehtiramla.
Yazıçı-jurnalıst Nurəddin ƏDİLOĞLU