Şorgöz deyiləm, ancaq... - Elnaz Eyvazdan YENİ HEKAYƏ

Şorgöz deyiləm, ancaq... - Elnaz Eyvazdan <span style="color:red;">YENİ HEKAYƏ
13 iyul 2015
# 09:24

Kulis Elnaz Eyvazın “Sahildə” hekayəsini təqdim edir.

Mən əslində şorgöz deyiləm, ancaq gözüm tutan olanda, dinc oturmuram.

Tədbirdə ikimiz də eyni ölkəni təmsil edirdik. O, gözəl deyildi, amma kifayət qədər yaraşıqlıdır demək olardı. Düz qaməti, biçimli bədəni, özünəməxsus şux yerişi, oturuşu ilk gördüyüm andan məni ovsunlamışdı. Başdan ayağa ağ geyimdə idi – ağ uzun don, ağ ayaqqabı qapqara saçlarını daha gözəçarpan etmişdi. Ən gözəli isə gözləri idi. Mən həyatımda ilk dəfə idi ki, bu qədər qara gözlərə rast gəlirdim, qapqara!

Onunla təklikdə qalmaq üçün əlimdən gələni edirdim. Hətta bir axşam şam yeməyimi restorandan bayırda qoyulmuş stollardan birində etdim. O, içəridə həmkarları ilə birlikdə şam edirdi. Zəng çalıb öz stoluma çağırdım. Bunu içəridə edə bilməzdim, adamlardan ayıb olardı.

Bir də baxdım ki, restoranın dənizə tərəf açılan qapısının astanasında dayanıb sağa-sola boylanır. Ayağa qalxıb əl elədim.

Mənimlə şam eləmədi, çünki yeməyini yeyib bitirmişdi. Mənim də iştaham küsdü. Ondan xoşum gəldiyini sezmişdi, çox həssasdı. Ancaq üzə vurmurdu. Özündənrazı görkəmi birdən-birə ürəyimi sıxdı. Danışanda gözlərini yayındırması, bir dəfə də olsun gözlərimin içinə dik baxmaması məni öz gözümdə alçaldırdı. Söhbət zamanı gözlədim ki, bəlkə əllərini stolun üstünə qoya, nəyisə bəhanə edib əlinə toxunam, olmadı. Ya oturacağa söykənib qollarını sinəsində çarpazladı, ya da dirsəklənib əlini çənəsinə qoydu.

Şam yeməyindən sonrakı toplantı bir saat çəkdi. Sonra hamı ikibir-üçbir dağılışdı. Gec olmasına baxmayaraq, hamı aşağıda idi. Dənizin gözəl havası, dalğaların pıçıltısı sanki hamını sehrləmişdi. Çiyninə saldığı ağ nazik jaketinin yaxasını əlilə tutub həsir oturacaqda dimdik oturmuşdu. Məclisi ələ alıb hamının diqqətini özümə çəkmişdim, zarafatlarımla, atmacalarımla stol arxasında oturanları əyləndirmək, güldürmək xoş idi, ancaq əsas məqsədim onun diqqətini cəlb etmək idi. Lakin oturduğum yerdə nəyəsə nail ola bilməyəcəkdim. Ayağa qalxıb danışa-danışa ona yaxınlaşdım, yanındakı stulu çəkib oturdum. Bir əlimi də onun oturacağının söykənəcəyinə qoydum. O da eyni ustalıqla azca irəli çəkildi. Xeyli zəhmətdən sonra sahilə düşmək təklifimi qəbul etdi.

Birlikdə üzüaşağı yürüdük. Eniş məcbur edirdi ki, sahilə yüyürə-yüyürə düşəsən. Çatan kimi arxasıüstə hələ də isti olan qumun üstünə uzandım. O, bir qədər ayaq üstə dayanıb səssizcə dənizi seyr etdi, sonra qumun üstünə oturdu. Qəfil sıçrayıb qalxdım, ləpədöyəndə dayandım. Üzümü dənizə tutdum. Gözlərimi yumub havanı ciyərlərimə çəkdim. Mənə elə gəlirdi ki, mənə baxır, lap elə mən baxdığım kimi – boy-buxunumu süzür, enli çiyinlərimə, güclü qollarıma baxır. Əslində, mənə elə gəlirdi yox, mən bunu arzulayırdım, arzulayırdım ki, məni görsün. Çiynimin üstündən baxanda gördüm ki, dizlərini qucaqlayıb başını qollarının üstünə qoyub, uşaq kimi özü-özünə qısılıb dənizə baxır. Gəlib yanında oturdum. Ayaqlarımı uzadıb, əllərimi arxaya atıb söykəndim.

Nə maraqlı danışırmış. Söhbət etdikcə ayrılmaq istəmirdim, hətta bir az da vurulurdum. Danışdıqca gözlərini geniş açır, güləndə başını dala atıb qəhqəhə çəkirdi. Səsi dalğaların səsinə qarışıb ağlımı başımdan alırdı. O qədər isti söhbət edirdik ki, bir anlıq qucaqlayıb bağrıma basmaq, başını sinəmə sıxıb saçlarını tumarlamaq istədim, cəsarətim çatmadı.

Nə gizlədim, bütün varlığımla onu oxşamaq, əzizləmək, eyni yatağı bölüşmək üçün həmin vaxt hər şeyə hazır idim. Nəinki hazır idim, hətta bütün diqqətimi bu məqsədə cəmləmişdim.

Söhbət əsnasında bildim ki, ailəli deyil, daha doğrusu ərindən ayrılıb. Subay olsa idi də, çox şey dəyişməyəcəkdi, sadəcə ümidsizliyə qapılacaqdım. Çünki aramızda kifayət qədər yaş fərqi var, on-on iki yaş məndən böyük idi, hərçənd yaşını göstəmirdi, daha gənc görünürdü. İndi heç olmasa ona yaxınlaşmaq, toxunmaq, lap elə sevişməyi xəyal etmək olardı.

Ancaq birdən-birə ümidimi itirdim. Ailəsinin dağılması məni darmadağın etdi. İndi qəfil qalxıb boynuma sarılsa, lap elə bu ilıq qumun üstündə mənimlə sevişmək istəsə, ya da əlimdən tutub öz otağına aparmaq istəsə belə, etiraz edərdim. O qədər ümidsiz idim...

Ayağa qalxıb bayaqkı kimi ləpədöyəndə dayandım. Aramızda çox az məsafə vardı. Səsimi eşidərdi. Bütün gücümü toplayıb üzü dənizə dedim:

- Bilirsən, əslində gördüyüm andan xoşuma gəlmisən. Hətta çox xoşuma gəlmisən. İki gündür əlimdən gələni edirəm ki, səninlə tək qalım, sənə toxunum, lap elə səninlə sevişim, - dönüb ona baxdım. Tərzini pozmadan sakitcə məni dinləyirdi. Eşitdiklərinə təəccüblənmirdi, - ancaq olmaz, başa düşürsən, olmaz! Əgər mənim də bacım sənin taleyini yaşamasaydı, o da dul qadın adını daşımasaydı və sən də bu istəklərə az da olsa, qarşılıq versəydin, bəlkə də bunlara cəhd etməkdə davam edərdim. Bir anlıq gözlərimin qarşısına bacım gəldi. Görünür belə istəklərdən vaz keçmək üçün dul qadının qardaşı olmalısan. Ani istək, şəhvət, ehtiras... yox, sənə bunu qıya bilmərəm, səni ancaq sevmək olar. Bilirsən, əgər aramızda bu qədər yaş fərqi olmasaydı, səni sevərdim, həyatımın sonuna qədər səninlə yaşayardım, övladlarımın anası sən olardın.

Dönüb gəldiyimiz yola yönəldim. Beş-on addım gedib dayandım. Geri döndüm. Ayağa qalxıb üstünün qumunu çırpdı. Ağ jaketini çiyninə saldı. Hər şeydən, hamıdan küsmüş kimi dodaqlarını bir-birinə sıxmışdı. Yaxınlaşıb yavaşca çiyinlərindən tutdum. Qorxmadı. Üzünü yana tutdu.

- Məni bağışla...- dedim.

- Sən neynəmisən ki mənə?! - deyib qapqara gözlərlə ilk dəfə bu qədər inadla gözlərimə baxdı.

- Səni xoşbəxt edə bilmək şansım olmadığı üçün, bağışla...

Üzüyuxarı, hotelə tərəf addımladıqca arxadan onun ayaq səslərini eşidirdim. Bizim yollarımız beşulduzlu hotelin giriş qapısında ayrılırdı...

# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #