“Azərbaycanda dindar reperlər də var” MÜSAHİBƏ

“Azərbaycanda dindar reperlər də var” <span style="color:red;">MÜSAHİBƏ
2 may 2015
# 08:00

Kulis.Az Eon Liga rep qurumunun prodüseri Emin Ali ilə müsahibəni təqdim edir.

- Nədənsə indiki reperlər telekanallarda çox görünmürlər.

- Azərbaycanda çoxlu reperlər var. Onların tanınmamasının səbəbi televiziyaların reperləri efirə dəvət etməməsidir. Repdən pul çox az gəlir. Azərbaycanda musiqi sənəti toyun üstündə qurulub. Pul ancaq toylardan gəlir. Reperlər də toya getmir, ancaq konsertlərdən qazanırlar. Bir də albom satışlarından gəlirləri olur. Buna görə reperlərin adətən ikinci işləri də olur. Bir çox reperlər əsasən səs rejissoru işləyirlər.

- Replərin mətnlərində söyüş, açıq-saçıq ifadələr çox olur. Bəlkə ona görə kanallar efirə dəvət etmirlər?

- Elə reperlər var ki, söyüşsüz trəklər, musiqilər yazılar. Bununla belə efirə dəvət olunmurlar. Reperlərin hamısı söyüşlü rep demir. Demək olar ki, bir çoxu kütləyə çıxmaq üçün, dinləyici qazanmaq üçün normal mətnli replər deyirlər.

- Yəni mentalitetə uyğun replər deyirlər?

- Bu cür də deməzdim. Yəni qızıl ortanı axtarmağa çalışırıq. Elə edirik ki, 15-16 yaşlı bir rep dinləyicisini evdə “Bu nədir dinləyirsən, söyüşdür” deyə danlamasınlar.

- Bətllarınızda söyüş çoxdur.

- Bəli, yetərincə çoxdur. Əvvəlcə “bətl” sözünün mənasını deyim. “Bətl” ingilis dilindən tərcümədə döyüş deməkdir, amma söz döyüşü. İndi gələk bətlda söyüş məsələsinə. Bətl kütə mədəniyyətidir. Küçədə biz necə danışırıqsa bətldə də o cür danışırıq. Repdə “tru” deyə bir termin var. Repçi həyatda necədirsə repində də o cür olmalıdır.

- Təşkil etdiyiniz bəzi bətllara baxdım. İştirakçılar söyüşdən yeri gəldi-gəlmədi istifadə edirdilər.

- Razıyam. Mən də söyüşü söyüş kimi istifadə edənləri qəbul etmirəm. Repdə söyüş gərək yerində işlənsin, ağırlığı olsun. Sırf “Kütlənin xoşuna gəlir, söyüş söyüm” təfəkkürünü doğru saymıram.

- Bununla belə reperlərin arasında dindarlar da var.

Bəli, dindarlar da var. Ekspert ləqəbi ilə çıxış edən Şəhriyar adlı reper var, A4 ləqəbli Orxan var, onları nümunə kimi göstərə bilərəm. Orxan dindardı, namaz qılır. Replərində dini mətnlərdən istifadə edir. Yaxşı da qəbul olunur. Bəyənilir. Bizim dostlardan biri “Bəsurə” adlı trək yazmışdı, çox da maraqla qarşılandı.

- Bayaq reperlərin efirə buraxılmadığını söylədiz. Mən sizə deyim ki, Anar Nağılbaz, Elşad Xoe, “Dəyirman” qrupu və başqaları əvvəllər rahat şəkildə efirdə görünürlər. Bəlkə yeni gələnləri ciddi qəbul eləmirlər, ona görə də efirə buraxmırlar?

- Səbəb bu deyil. Bizdən daha öncə gələnlər böyük işlər görməklə yanaşı pis tərəfdən də tanındılar. Reper deyəndə ilk olaraq ağıla narkomanlar, avaralar gəlməyə başladı. Məncə bu bizdən öncə gələn nəsillərin günahıdı. Bir məsələni də qeyd edim ki, rep azad sözdür. Bu da efirə çıxmağımızda problem yaradır.

- Rep azad sözdür deyirsən, o zaman repin toxunduğu mövzular hansılardır?

- Rep hər bir insanın öz istəklərini, öz üsyanını bildirdiyi musiqi janrıdır.

- Xitab çevrəniz kimlərdi?

- Hər kəs ola bilər.

- 60 yaşlı adam muğamı qoyub, repə qulaq assın?

- Niyə də olmasın?

- Rep mövzuları yaşlı adamların düşüncəsinə yaddır axı?

- Hər kəs fərqli mövzuda işləyir. Yaşlı nəsil dini məsələlərdən, ata-anaya sevgidən bəhs edən repləri dinləyir. Bayaq dediyim kimi sadəcə bizdən əvvəl gələn rep nəsli bunu çox pis yöndə təqdim etdi.

- Repdə ən çox rast gəlinən sözlər cinsiyyət üzvlərinin adları, nəşə, narkotik, seks kimi kəlmələrdir.

- Adətən gənc reperlər bu temada yazırlar. Qınamalı deyil, qanlarının qaynayan vaxtıdır. Mən də bunu doğru hesab eləmirəm. Repə atamız da qulaq asa bilər, bacımız da, anamız da.

- Birə repə qulaq asdım, içində belə bir ifadə var idi. “Bacın azad seksin uğurudur”. Repçilərin azad seks, seksual inqilaba münasibəti necədir? Geyimləri, tərzləri modern olsa da mühafizəkar təfəkkürlüdürlər.

- Açığı deyim ki, reperlərin çoxu belə şeyləri xoşlamırlar, daha çox köhnə kişilər kimi düşünməyi sevirlər. Reperlər arasında çox az adam azad seks məsələsinə müsbət yanaşır.

- Elə çıxır Qərbdən, Amerikadan repin formasını götürmüsüz, məzmunu yox.

- Belə deyək də, Amerikada cəmiyyət azad seks tərəfdarıdır deyə reperlər də bu cür düşünür. Bizdə cəmiyyət bunun əksini fikirləşirsə biz niyə öz cəmiyyətimiz kimi düşünməyək?

- Reperlərin maraqlı təxəllüsləri olur; EPİ, PROMETE, XPERT və sair. Reperlər niyə təxəllüslə tanınırlar?

- Müasir reperlərin əksəriyyəti təxəllüsdən istifadə edirlər. Əvvəllər belə deyildi.

- Eon Liganın fəaliyyəti nədən ibarətdir?

- Biz Eon Liga olaraq rap bətllər, yarışlar təşkil edirik.

- Bəttlərin xüsusiyyəti nədir? Qalib necə seçilir? Ən çox alçaldan, publikanın marağını toplayan, ya necə?

- Ən çox kim əzə bilirsə, onu da qalib seçirlər. Buna alçaltmaq deməzdim. Elə reperlər var ki, heç söyüş söymürlər. Yəni adamın özündən, xasiyyətindən asılıdır. Biz heç bir qayda qoymuruq. Bətl söz savaşıdır. Kim sözlə digərini əzə bildisə o da qalib gəlir.

- Meyxanan deyişməsi kimidir?

- Hardasa bənzətmək olar.

- Məşhur repçi olmağın göstəricisi nədir? Youtube-da izləmə, yoxsa?

- Düzdür bizim trəklər daha çox Youtube-a yerləşdirilir, amma deməzdim ki, burdakı izləmə göstəricidir. Fərqli göstəricilər var. Bizim məqsədimizi repi yenidən küçələrə qaytarmaqdır.

- Youtubeda ən çox izləyicisi olan reperlər kimlərdir?

- Adlarını çəkə bilərəm, yetərincə bacarıqlı emsilərdir.

- “Emsi” nədir”?

- Kütləni coşduran, ələ ala bilən reperə emsi deyirlər. Mənası “master seremoni” deməkdir. Misal üçün, Uran emsidir. Kütləni coşdura bilir. Qaraqan, Aid, Promete, Xpert, Paster, Okaber məşhurdurlar. Bunların baxışlarının sayı ən azı 300 min olur.

- Reperlər arasında Qarqandan başqa roman yazan var?

- Dakoce adlı reper yazır. O, daha öncə kitab buraxmışdı. Yetərincə də marağa səbəb olmuşdu. İndi növbətisini yazır.

- Reperlərin fanatları arasında qızlar çox olar? Xüsusən də yeniyetmələr.

- Var, əlbəttə. Bu daha çox yaşla əlaqədardır. Əsasən 15-18 yaşlı qızların arasında fanatlar çox olur.

- Reperi görəndə çığırıb özlərindən gedirlər, özlərini lezvalayırlar...

- Reper dostum var, adını çəkmək istəmirəm. Bir qız onun fanatıdır. Bütün günü zəng edir, Facebookda izləyir. O qız dostuma görə neçə dəfə damarını kəsib, lezva ilə qoluna onun adını yazıb. Belə şeyləri qəbul etmirəm. Məncə valideynlər övladlarına nəzarət eləsələr yaxşı olar.

- Deməli günah sizdə deyil.

- Təbii ki, bizdə deyil. Biz demirik ki, gedin damarlarınızı doğrayın. Biz deyirik ki, rep incəsənətdi. Bəyənmirsənsə izləmə, bəyənirsənsə zövq al.

Repi bəyənməyən adamlara demək istəyirəm; bir nəfərə görə repi silib atmayın. Bir nəfər pis repçiyə görə repdən zəhlələri getməsin. Axtarsınlar, baxsınlar, bu işi yetərincə yaxşı edən insanlar var, hansı ki, nə narkomandırlar, nə də avara. Hamısı öz işləri ilə məşğul olan ali savadlı adamlardırlar. Qoy onlara baxsınlar. İnanıram ki, bəyənəcəklər. Çünki Azərbaycanda çox güclü reperlər var.

# 7295 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #