Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Hər həftə kulis.az saytında bir mövzu üzrə 4 məruzə və müzakirə yayımlanacaq. İlk panelimiz “Türk dilindən tərcümə lazımdırmı?” mövzusundadır. Mövzu üzrə məruzəçilər Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar, Qəmər Alxanova, Kəmalə Ələkbərovadır.
Son olaraq Şərif Ağayarın məruzəsini təqdim edirik.
Türk dilindən tərcümə lazımdırmı?
Qohum dillərdən tərcümə etmək daha çətindir fikrini, yəqin ki, zaman-zaman müxtəlif tərcüməçilərdən eşitmisiniz. Çətinlik, şübhəsiz ki, təkcə, yaxın dillərdə oxşar sözlərin müxtəlif məna verməsiylə bağlı deyil. Türk mənşəli dilləri götürsək, burada əsas çətinlik müxtəlif mədəniyyətlərin təsiri ilə müxtəlif coğrafiyalarda inkişaf edən dillərin fərqli yeniliklər əxz etməsi və biri-birindən uzaqlaşma mərhələləri yaşaması ilə bağlıdır. Tutaq ki, Türkiyə türkcəsi Avropa dillərinin, güneylilər fars dilinin, biz isə rus dilinin daha çox təsirində olmuşuq. Ona görə dillərimizin intonasiyasında da, sintaktik quruluşunda da, yeni söz ehtiyatında da fərqliliklər meydana gəlib.
Dillərimiz arasındakı uçurum həm də uzun zaman fərqli əlifbalardan istifadə etməyimizlə bağlıdır. Ən yaxın coğrafiyada yaşayan və təxminən eyni dildə danışan milyonlarla insan məhz ərəb, latın və kiril hərflərinə görə biri-birinin yazdıqlarını oxuya bilməyib. Bizim cənubu, cənubun bizi və xüsusilə, hər ikimizin Türkiyəni oxuya bilməməyimiz bizə “Parçala və hökm sür!” məntiqi ilə yanaşanların ən amansız siyasəti idi. Bu məqamda böyük Axundovun əlifba narahatlığını necə də asanlıqla anlamaq olur. Təsəvvür edin, otuz-qırx işarə ucbatından milyonlarla oxucu itirirsən. Hətta günü bu gün, cənubda latın əlifbasını bilməyən üçün bizim yazıb çap etdirdiklərimiz mənasız işarələr toplusundan başqa bir şey deyil.
Yadımdadır, 2008-ci ildə Tehran Kitab Sərgisində güneyli ədəbiyyat fəalları Quzey Azərbaycan və Türkiyə şairlərini fars əlifbasıyla nəşr edir, satış rekordları qırırdılar. Onlara balaca bir tövsiyəm oldu: şeirləri eyni səhifədə həm də latın əlifbasında çap etsinlər, oxucular bu əlifba ilə oxumağı öyrənsin. Çünki, sərgi boyu ingilis dilində işarəsi olmayan hərflərə görə (ç, ş, ə və s.) əziyyət çəkən onlarla tələbə gördüm.
Mən ortaq türkcə ideyasını kökündən dəstəkləyirəm. Çünki ortaq türkcə və ortaq əlifba artıq milyonlara deyil, on milyonlara, İstanbul boğazlarından Çinə – uyğurlar yaşayan torpaqlaracan nəhəng bir coğrafiyaya çıxış imkanı deməkdir. Bunun üçün, düşünürəm ki, dağa-daşa düşmək lazım deyil, sadəcə Türkiyə türkcəsini ortaq dil kimi qəbul etmək kifayətdir. Türkiyənin ədəbiyyatı da, kinosu da, mediası da kifayət qədər bazaya malikdir.
Dillərin, xalqların mədəni müstəvidə qovuşması, şübhəsiz, ən çox tərcümə işi ilə reallaşa bilər. Ancaq bu iş pafoslu qardaşlıq eyforiyasına uymadan, soyuq başla, sənət və estetika çərçivəsində aparılmalıdır. Qarşılıqlı tərcümə həm də dillərin biri-birindən faydalanması deməkdir. Bu gün Azərbaycan dilinə Türkiyə türkcəsindən çoxlu sözlər keçib. Doğrudur, biz bu sözləri, adətən, televiziyadan əxz edirik, ona görə dilimizin özəlliklərinə tam oturuşması üçün vaxt lazımdır. Ədəbi tərcümələr və peşəkar nəsr əsərləri ilə “gətirilən” sözlər, daha tez “yerli mala” çevrilə bilər.
Postsovet məkanındakı türk respublikalarından da Türkiyə türkcəsinə çoxlu maraqlı sözlər keçə, Avropadan əxz olunmuş bəzi naqolay ifadələrə uğurlu qarşılıq ola bilər.
İndilikdə mövzumuz yalnız Türkiyə türkcəsindən tərcümə məsələsi olduğundan, hədəflərimizi daha da yığcamlaşdıraq.
XVIII-XIX əsrlərin qovşağında Gəncəbasarda məşhur olan Yəhya bəy Dilqəm adlı bir şairimiz var. Yazdıqları, Yunis Əmrə kimi, daha çox şifahi şəkildə gəlib çatıb bizə. Deyilənə görə, sazdakı məşhur “Dilqəmi” havası da onundur. Həmin hava üstündə oxunan qoşmaların biri bu misralarla başlayır:
Bir namə yazmışam canan elinə
Əhvalım canana yetişərmola...
Şeirin rədif qafiyəsi “soruşarmola, qarışarmola və görüşərmola” kimi deyilərək “yetişərmola” söznün yerində olmadığına diqqət çəkir. Bəs burda hansı söz vardır? Açığı, uzun zaman bu sual mənə qaranlıq qalmışdı. Bir gün yaşlı sənətkarların hansındansa bu misranı belə eşitdim:
Əhvalım canana yerişərmola...
Sözün etimologiyasına baş vuranda erişmək feili ilə qarşılaşdım. Erişmək çatmaq, qovuşmaq anlamına gəlir. Beləliklə, həm də “ermiş”, “eren” kimi unikal sözləri əmələ gətirən feili tapmış olduq. Bizim klassik şeirlərdə “ərən” sözünə rast gəlinir, ancaq “ərmiş”ə heç vaxt rast gəlməmişəm. Və mənə görə, “ərmiş” sözünün Azərbaycanca qarşılığı yoxdur. Yaxud, təsəvvüf ədəbiyyatlarında çox rast gəlinən “alçaqkönüllü” sözü... Bu qədər uğurlu bir ifadənin tam qarşılığı yoxdur, bildiyim qədər. Demək, qohum dillərin ünsiyyətindəki ən böyük üstünlük tarixi özünüdərk və zamana, həm də geriyə ekskurs etmək imkanlarının hüdudsuzluğudur.
Türk dilindən çevirmə işində nəzərə almalı ən vacib amillərdən biri də dilin musiqililiyi, intonasiyası məsələsidir. Xüsusən bizdə analoqu olmayan hərf səsləşmələri. Məsələn:
Kapatarak kafasını eski düşüncelere
Nazim Hikmətin bu qeyri-adi ifadəsini Rəsul Rza belə çevirib:
...Keçmişlərdən nələrsə düşünür
Çünki, “qafasını qapatmaq” ifadəsi bizdə işlənmir. İşlənsə də, buradakı anlama gəlmir. Ona görə alliterasiya alınmır və şeirin havasını saxlamaq olmur. Biz R.Rzanın tərcüməsini bəyənməyə bilərik, ancaq, boynumuza alaq ki, başqa, daha uğurlu variantımız da yoxdur.
Türkiyə türkcəsi çox inkişaf edib. Mənim düşüncəmə görə, bizdən azı 50 il qabaqdadır. Burda yüzlərlə üstünlüklər var ki, bir yazıda ifadə edib başa gətirmək mümkün deyil. Və ən çətini budur ki, həmin tendensiyaların bəzilərini dilimizə tətbiq edə bilsək də, bəzilərinin tətbiqi hardasa mümkünsüzdür. Əks halda, dilimizin qrammatikası alt-üst olur.
Misal:
Kırmızı bir deniz gibi parlayıp kımıldayan bu bir karış boyundaki kuru bozkır otlarının üzerinde upuzun gölgem yatıyor ve gölgemin başı, ileride, aralarından yer-yer çekirgeler fırlayan bu otların arasında kayboluyordu.
Cümlədə nəinki tamamlıq, hətta zərflik önə keçib. Biz cümlənin havasını, əhvalını, yazıçının üslubunu və dilimizin imkan və qaydalarını nəzərə alıb təxminən belə bir variant təklif edə bilərik:
Qürub edən günəşin işığı altında uzanan kölgəm qırmızı dəniz kimi parlayıb qımıldanan bir qarış boyundakı qurumuş çöl otlarının üstünə sərilib yatır, çəyirtkələrin uçuşduğu otlar arasında əriyib itirdi.
Yəni, bəziləri düşünürsə ki, sözləri elə öz yerindəcə Azərbaycan dilinə uyğunlaşdırmaqla tərcümə edə bilərik, kökündən yanılırlar. Bu, hərfi tərcümədir, bunu Google-un tərcümə proqramları da bacarır. Məncə, belə məqamlarda “üzünü başqa dilə köçürmə” yox, hardasa, “ifadə estetikası” işə düşür: oxuyub əxz etmək, öz dilində adekvat variantlar tapmaq!
Sözlər məcazi mənada da fərqliliklər doğurur.
Məsələn:
Gitgide daha kuvvetlenen keskin bir gübre kokusu beni daha çok buraya yaklaştırdı.
Burada kuvvetlenen - qüvvətlənən, keskin – kəskin, gübre – gübrə (!), yaklaştırdı – yaxınlaşdırdı kimi tərcümə oluna bilməz.
Yazıçı demək istəyir:
Getdikcə güclənən sərt peyin qoxusu bu kəndi mənə daha da doğmalaşdırdı.
Deyilənlərdən əlavə feilin işlənmə vəziyyətinə fikir verin: “meni daha çok köye yaklaşdırdı” yox, “kəndi mənə doğmalaşdırdı”. Bir daha diqqət: meni-köyə, kəndi-mənə...
Mən uzun müddət türk dilindəki feildən yaranan isimlərin dilimizdə olduğu kimi saxlanmasının tərəfdarı olmuşam. Hətta buna görə xeyli tənqidlərə də məruz qalmışam. Ancaq özüm tərcümə işiylə məşğul olandan sonra gördüm ki, durum, uçaq, çevrə (ətraf mənasında), olay, gündəm və s. kimi çox dəyərli sözlər belə bizim yaxşı alınmış nəsr əsərlərində mətnin ümumi estetik aurasına yad gəlir. Bu, nəsə sirli bir işdir... Elə bil çox inkişaf edən dil (Türkiyə) az inkişaf etmiş (Azərbaycan) dilə nisbətən daha çox çağdaş havaya düşə bilir, orda müasir sözlər, çətin terminlər göz deşmir, yeni hava, yeni intonasiya ilə ram olunur. Məsələn, traktor sözü sərbəst şeirdə heca şeirindən daha rahat işləndiyi kimi...
Şübhəsiz, dilimiz yaxın illərdə tarixi inkişafın elə bir mərhələsinə yüksələ bilər ki, lap pantolon, yakamoz, yadsımak, öğe, tinsel, patates və s. kimi “ağır sözlər”i də bədii-estetik mətndə rahatlıqla əridə bilərik. Amma, məncə, hələlik bu tarixi mərhələ yetişməyib.
Dünyada zəif dil yoxdur, inkişaf etməyən, inkişaf etməkdə olan və inkişaf etmiş dillər var. Ümid edirəm, biz sükunət mərhələsində deyilik. Son illər tərcümə sahəsindəki canlanma da bunun bariz nümunəsidir.