Azərbaycandan iki nəfər beynəlxalq ədəbiyyat mükafatına namizəddir

Azərbaycandan iki nəfər beynəlxalq ədəbiyyat mükafatına namizəddir
13 mart 2014
# 10:08

Yazıçı Natiq Rəsulzadə və şair Nicat Məmmədov Rusiyada keçirilən “Russkaya premiya” beynəlxalq ədəbiyyat mükafatına namizəddir. “Russkaya premiya” mükafatı müsabiqə yolu ilə verilir. Müsabiqə ildə bir dəfə, yeni ilin birinci rübündə keçirilir və hər belə müsabiqədə əvvəlki ilin yekunları qiymətləndirilir. Hazırkı müsabiqə “Russkaya premiya”nın 2013-cü il üzrə qaliblərini müəyyənləşdirmək üçündür.

2005-ci ildən start götürən “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsində məqsəd rus dilini dünya ədəbiyyatında qoruyub inkişaf etdirmək, rusdilli yazıçı və şairlərə dəstək verməkdir. Müsabiqəni “Russkaya premiya”nın təşkilat komitəsi Yeltsin Mərkəzi ilə birlikdə reallaşdırır. Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyan “B. N. Yeltsin - Prezident Mərkəzi” qeyri-kommersiya xarakterli ictimai-siyasi qurumdur. Mərkəzin bir çox layihəsini “Yeltsin Fondu” maliyyələşdirir.

“Media forum” saytı xəbər verir ki, “Russkaya premiya”nın təşkilat komitəsi və Yeltsin Mərkəzi 2013-cü il üzrə “Russkaya premiya” mükafatına namizəd olan şair və yazıçıların adlarını 2014-cü ilin mart ayının 12-də açıqlayıblar.

Namizədlər siyahısında 14 ölkədən (Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Belarus, Moldova, Serbiya, ABŞ, Almaniya, İsrail, Finlandiya, Venesuela, Tailand) 34 şair və nasirin adı var. Bu 34 nəfər “Russkaya premiya”ya iddia edən, 39 ölkədən olan 547 şair və nasirin arasından seçilib.

Müsabiqə üç nominasiyada (poeziya, kiçik həcmli nəsr, iri həcmli nəsr əsərləri üzrə nominasiyalar) keçirilir. Natiq Rəsulzadə kiçik həcmli nəsr əsərləri, Nicat Məmmədov isə poeziya üzrə nominantdır. Müsabiqəyə Natiq Rəsulzadəninin povest və hekayələrindən ibarət kitabı (“Рассказы и повесть”), Nicat Məmmədovun “Hər yan görüş yeridir” (“Место встречи повсюду”) kitabı təqdim olunub.

Qaliblərin adları martın 25-də bilinəcək. Mükafat qaliblərə aprelin 22-də Moskvada, “Prezident-otel”də təqdim olunacaq.

“Russkaya premiya” müsabiqəsi həmişə üç nominasiya üzrə keçirilir. Bu müsabiqədə Rusiya Federasiyasından kənarda yaşayan və rusca yazan istənilən şair, yazıçı iştirak edə bilər.

Bir sıra ekspertlərin rəyinə görə, “Russkaya premiya” Rusiyanın ən nüfuzlu beş ədəbiyyat mükafatından biridir.

İndiyədək Azərbaycandan “Russkaya premiya” mükafatını alan olmayıb.

Natiq Rəsulzadə 1949-cu ildə Bakıda doğulub. 1975-ci ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır. 2 roman, 20 povest, 200-dən çox hekayənin müəllifidir. Azərbaycanda və xaricdə ümumilikdə 30 kitabı çap olunub. Bir neçə filmin ssenarisini yazıb.

Nicat Məmmədov 1982-ci ildə Bakıda doğulub. Üç kitabı işıq üzü görüb. Onun “Russkaya premiya” müsabiqəsinə təqdim edilmiş “Hər yan görüş yeridir” (“Место встречи повсюду”) kitabı 2013-cü ildə Moskvanın “Russkiy Qulliver” nəşriyyatında çap edilib. Kitabda müəllifin 2007-2012-ci illərdə yazdığı 20 şeiri, 10 essesi, 2 müsahibəsi toplanıb.

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #