Kulis.az “Rəssamın 10 əsəri” layihəsində Pablo Pikassonun məşhur əsərlərini təqdim edir.
Tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso Pablo Ruiz Pikasso olan rəssam Pablo Pikasso 25 oktyabr 1881 – ci ildə İspaniyada anadan olub. XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pikasso rəssam, heykəltəraş, qrafik, keramist və dizayner kimi tanınır, o cümlədən Jorj Brakla birlikdə kubizm cərəyanının banisi sayılır.
Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib.
Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdı. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən almış və tezliklə bu sənətə mükəmməl yiyələnmişdi. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır. Pikasso 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alır. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olur. İlk əvvəl atasının adı - Ruiz Blasko adı ilə işləyir, lakin sonradan anasının soyadını - Pikassonu seçir. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olur.
Pikasso Barselonaya 1898-ci ilin iyununda dönür və burada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılır. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilir. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olur.
1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvəllərində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Pikasso bu üslubu 1903-1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyir. Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunur, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903). Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırırdı. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı.
Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir.
Pikasso 1904-cü ildə Parisdə məskunlaşır. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirirdi ("Akrobat ailəsi meymunla", 1905).
Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltəraşlığını yeni janra çevirir. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyur.
Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırır (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırır (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itir, palitra monoxromluğa meyl edir. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarır. Reallıqla əlaqəyə qayıtmaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə edirlər. Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvəllərində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayır.
Kompozisiyalarda "kubistik kriptoqrafiya" – şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlir. Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verir (Qızın portreti, 1914). "Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilir. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq Birinci Dünya Müharibəsinin başlanmasından az sonra bitir. Lakin buna baxmayaraq Pikasso bir çox əsərlərində bu üsluba yenidən müraciət edir.
Absent həvəskarı, 1901
Şar üstündəki qız, 1905
Qəlyanlı oğlan, 1905
Avinyonlı qızlar, 1907
Üç musiqiçi, 1921
Yuxu, 1932
Ağlayan qadın, 1937
Gernika, 1937
Mariya Tereza oturmuş vəziyyətdə, 1937
Dora Maar pişik ilə, 1941
Van Qoqun ən məşhur əsərləri hansılardır? – SİYAHI
Fahişədən Müqəddəs Məryəm yaradan dahi rəssamın 10 məşhur əsəri
Qustav Klimtin ən məşhur əsərləri – SİYAHI
Rembrandtın 10 məşhur əsəri – SİYAHI
Tisianın 10 məşhur əsəri – SİYAHI