Rasim Balayev: “Babək”də atdan yıxılmışdım, indi ağrıyıram”

 Rasim Balayev: “Babək”də atdan yıxılmışdım, indi ağrıyıram”
1 mart 2017
# 15:10

Kulis.az Şərif Ağayarın Xalq artisti Rasim Balayevlə söhbətini təqdim edir.

- Sizi xeyli küskün görürəm. Müsahibəyə də çox çətinliklə razılıq verdiniz. Sanki unudulmaq, yaddan çıxmaq istəyirsiniz…

- Bir balaca xəstəlik oldu məndə... Yoldaşım da əməliyyat olundu. Diz qapağını dəyişdilər. Şükür, indi yaxşıdır vəziyyəti.

- Özünüzə nə olmuşdu?

- Belimdə ağrılar əmələ gəlib. O vaxt “Babək”ə çəkiləndə bir iki dəfə atdan yıxılmışdım. O vaxt cavan idim, hiss eləmirdim, görünür indi fəsadlarını göstərir.

- Rayon uşağı idiniz, at minməmişdiniz?

- Bizimki nə kənd kimi kənd idi, nə şəhər kimi şəhər. Həm də orda kolxoz atları olurdu, filmdə cıdır atını minmişdim. Nə qədər cilovunu dartırdım, saxlaya bilmirdim. Dartıb, ağzını cırırdım, sonra dayanırdı. Özündən qabaqda at görsə, götürülürdü. Yarış atı necə olur?

- Məncə, kino sahəsindəki son islahatlar da sizə bir az təsir elədi. Sizin ittifaqın ləğv olunması-filan...

- Bəli, elədi. Bizim ittifaqın müəyyən siması vardı, sifəti vardı, işi-gücü, məqsədi-ideyası vardı. Yeni yarananın nə olduğu bilinmir. Nazirlik dəstəkləyir sadəcə, maaşlarını verir, tədbirlərin təşkilatçısı kimi afişalara yalandan adını yazır...

- Gününüz necə keçir? Darıxmırsınız?

- Bağda oluram. Şüvəlanda. Demək olar, şəhərə gəlmirəm. Qayğılar, problemlər... Boş vaxtım olanda mütaliə edirəm.

- Nə oxuyursuz?

- Adətən, mətbuatı izləyirəm.

- Yaradıcılıqda yenilik yoxdur?

- Klassik qəzəllərdən tutmuş bu günəcən ən gözəl şeirləri oxuyub yazdırmaq istəyirəm. Əslində işə başlamışdıq, ancaq kinostudiyanın studiyası soyuq olduğundan işi dayandırdıq. Havaların qızmasını gözləyirik.

- Televiziya verilişlərinə, tədbirlərə çağırırlar?

- Çağırırlar, getmirəm. Film dəvətləri də olur, ssenarilərə baxıram ki, mənlik deyil. O günü biri dəvət edib, deyirəm ssenarini göndər, mənə aid olacaq hissənin dialoqunu göndərir. Ssenari ilə dialoqun fərqini bilməyən adamlar məni çəkilişə dəvət edirlər. Təbii ki, mən də razılaşmıram

- Mən bilən bir kommersiya filminə çəkilmisiniz.

- Çəkilmişəm.

- Kim çəkib?

- Rejissorun adını unutmuşam. Cavan oğlandır. Onu bilirəm ki, son tamamlama işləri gedir. Çəkiliş olanda özümü yaxşı hiss edirəm, səhhətim düzəlir. Amma yaxşı əsərə çəkiləndə.

- Sonuncu “Sübhün səfiri” filmi oldu də, baş rol oynadığınız böyük proyekt...

- Hə.

- “Cavid ömrü”ndə də baş rola çəkilmişdiniz. Hər iki film haqqında ciddi tənqidi fikirlər səsləndi. Özünüz bu rollar haqqında nə düşünürsünüz?

- Anarın bir neçə filmi var ki, maarifçilik üzərində qurulub. “Qəm pəncərəsi”, “Üzeyir ömrü”... Təsəvvür edin, müasir nəsil Cəlil Məmmədquluzadəni tanımır, yaxud Axundovu tanımır. Bu filmlər tarixi şəxsiyyətlərimizi tanıtmaq baxımından dəyərlidir.

- Janrları da qarışıqdır. Bir az bədii, bir az sənədli...

- Bu artıq ssenaristin və rejissorun yozumudur. Filmə baxdığın yerdə, birdən qəhrəmanın əsərindən hansısa an keçir, tamaşaçının fikri dağılır. Amma, dediyim kimi, maarifçilik baxımından yaxşı filmlərdir. Hansı sənətin sahibi olursan ol, Azərbaycanın böyük ədiblərini tanımalısan.

- Belə başa düşdüm ki, “Cavid ömrü” və “Sübhün səfiri” filmlərini də maarifçi filmlərdən hesab edirsiniz...

- Bəli.

- İlk iki filmin rejissoru yazıçı Anar idi, ancaq son iki filmi peşəkar rejissora vermişdilər...

- Hə, Ramiz Həsənoğlu çəkdi. “Cavid ömrü” əvvəl “İblis” kimi sifariş olunmuşdu. Bildiyiniz kimi, “İblis” teatr üçün yazılıb. Lazım idi ki, bu pyesin kino həllini tapasan. Bunu tapmaq mümkün olmadı. Çətindir. Çünki dünyada “Faust” var, iblis obrazı keçən çox güclü əsərlər var. Onların filmləri də var, operası da var... Mən belə başa düşürəm ki, iblis söhbətinin kino həllini tapa bilmədilər və onu obraz kimi filmə saldılar. İblis belə ayrıca bir şəxs kimi olmur axı. O, hər kəsin öz içindədir. Bir də ki, Cavidin bütün yaş dövrlərinə mən uyğun gəlmirəm. “Nəsimi”də çəkiləndə bu asan idi. Gənc idim. Qrimin və hərəkətlərin köməyi ilə yaşlılığı oynaya bilirdim. Ancaq yaşlı adamı geri qaytarmaq olmur. Cavidin ömrünün sonlarında sürgündə əzabları çox olub. Gözləri tutulub. O əzabları oynamaq istərdim. Amma belə alındı.

- Siz Nəsimi, Babək, Cavid, Axundov kimi çox böyük simaları kinoda yaratmısınız. Amma son iki obraz bir az xəfif keçir avtobioqrafiyanızdan. Sanki tam inandıra bilməmisiniz tamaşaçını...

- Bədii əsər başqadır, kino başqa. Əsərin fabulası var, ana xətti var. Film yazıçının, şairin həyatından səhifələrdirsə, əsərlərindən səhifələr nədir? Bax belə bir şey oldu. Bu gün sənət aləmində ssenarist və dramaturq qıtlığıdır. Yadımdadır, mən kinostudiyada işləyən vaxt orda pis-yaxşı ehtiyat çoxlu ssenarilər olurdu. Hardasa yarım qəbul olunmuş ssenarilər... Teatrda da eləcə. Çoxlu dramaturqlar vardı. İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri... Əsərin olmamağı repertuarın bərbad vəziyyətə düşməsinə gətirib çıxarır. Əsər olanda yaradıcı heyət birləşib ortaya bir şey çıxarır. Elə bil parça yoxdur, biz kostyum tikmək istəyirik.

- Gənclərin inamı yoxdur əsərlərinin səhnələşdiriləcəyinə və ya filmə çəkiləcəyinə. Çünki bizdə çox zaman əsər yox, titullar, imzalar işləyir. Ona görə yazmağa həvəs göstərmirlər.

- Sovet vaxtı da belə idi. Hələ üstəlik senzura vardı. Amma əsərlər yaranırdı. Bu gün senzura yoxdur, əsər də yoxdur.

- Ürəyiniz istəyən ssenarilər, dramlar olsa, böyük şəxsiyyətlər çələnginə daha kimləri əlavə edərdiniz?

- O qədər böyük şəxsiyyətlərimiz var ki? Onların hamısını tanıtmaq lazımdır. Yadımdadır, mən özüm orta məktəbdə oxuyanda Nəsimi haqqında balaca bir məlumat vardı, bir də “Ağrımaz” qəzəli. Şəkli də qoca bir kişi şəkliydi. Filmdən sonra camaat tanıdı, haqqında təsəvvür yarandı, uşaqların adını Nəsimi qoymağa başladılar. Sonra Nəsimi adına rayon oldu, küçə oldu...

- Siz deyən səpkidə bir layihə də vardı, tutmadı: “Nizami” filmi...

- Onu filmin rejissorundan soruşun.

- O, “Babək”i çəkən rejissordur. Ssenari müəllifi isə “Nəsimi”ni yazan çox dəyərli yazıçımızdır...

- “Babək” çəkiləndə rəhmətlik Ənvər Məmmədxanlı bəzi məqamlarla razı deyildi, ancaq rejissor Eldar Quliyev onun dediklərini qəbul etmədi. O da inciyib çəkiliş meydançasından getdi.

- Sirr deyilsə, hansı məqamlar idi?

- O, istəmirdi ki, Babək arvad sözüylə başçı olsun. Filmdə belə bir məqam var, Amaliya qıza deyir ki, Babəki Babək eləyən mənəm! Ənvər Məmmədxanlı buna razı deyildi. Acıq elədi, getdi. Çox qürurlu adam idi. Mənə belə gəlir ki, filmlər, xüsusilə də tarixi filmlər hadisə tələb eləyir.

- Dramaturgiya.

- Ay sağ ol! O filmdə hadisə yox idi. Tamaşaçı çox vaxt o hadisəni gözləyir. İranlıların bir filmi vardı, Yusif peyğəmbər haqqında. Yaxşı alınmışdı.

- Serial idi.

- Hə, serial... Ancaq tamaşaçını baş verən hadisə maraqlandırırdı və buna görə növbəti seriyanı həvəslə gözləyirdilər. O tarixi filmdə ki, hadisə yoxdur, onu sevdirmək çətindir.

- Yeri gəlmişkən, İran filmi Oskar aldı... Xəbəriniz oldu?

- Rejissoru buraxmadılar Amerikaya.

- Özü getmədi. Ümumiyyətlə, İran kinosu ilə aranız necədir?

- Mən İranda bir filmə çəkilmişəm. Çox təəssüf ki, onu burda göstərməyiblər. İyirmi il bundan qabaq çəkilib. Rejissoru Həsən Məhəmmədzadədir. Çox yaxşı, ağıllı rejissor idi. On-on beş il Hollivudda işləmişdi. Yaşlı adam idi. Orda böyük rejissorlar çoxdur. Həmişə maraqlanmışam ki, İran filmləri dünyada necə uğur qazanır? Özü də bu qədər qorxu-qadağa ola-ola! Görünür, qorxu-qadağa olanda yaradıcılıq güclənir. Deyəsən, ədəbiyyat da belədir. Şair lüstürün altında yaza bilmir, şam işığında daha yaxşı yazır (gülür). Kimsə demişdi zarafatca: “Şairə də mükafat verərlər? Şairin dərisini soyarlar!” Sovetin senzurasında Tarkovski kimi əjdaha yetişdi. Qadağalar insanı daha dərindən düşündürür.

- Bilirəm ki, Beyrəyə Nodar Şaşıqoğunu çəkmək istəyirmişlər... “Nəsimi”də, “Babək”də necə, rəqibləriniz vardı?

- Çox idi, mənə demirdilər.

- Babəkin oğlu ilə vidalaşma səhnəsinə görə ömrüm boyu sizə təşəkkür eləmək istəmişəm. Qismət bugünəymiş. Əla oynamısınız orda.

- Mən o göz yaşlarını filmə özüm əlavə elədim. Ssenaridə yox idi. Birinci gün ağlaya bilmədim. Süni damcı-filan da qəbul eləmədim. İstədim, təbii olsun hər şey. Eldar Quliyevə dedim, mənə bir günlük icazə ver, içimdə boşluq hiss edirəm. O vaxt kinostudiya təsərrüfat hesabla müəssisə idi və çəkilişin metrajına uyğun bankdan maaş götürürdülər. Yəni, işi saxlamaq olmazdı. Pavilyonda da dekorasiya vida səhnəsi üçün qurulmuşdu. Amma Eldar məni bir aktyor kimi başa düşdü və icazə verdi. Səhəri gün gəldim və oynadım. Deyirdilər, Babək ağlamasın. Dedim, o həm də atadır axı. Nə olsun oğlundan inciyib, nə olsun onu qovub.

- Cavanlıqda fanatı olduğunuz aktyor vardı?

- Vasili Lanovoy... Sonra Vyaçeslav Tixonov. Xoşbəxtlikdən Tixonovla görüşdüm. O, “Nəsimi”nin rus variantını səsləndirdi.

- Bəs bizdə?

- Bizdə belədir ki, teatr aktyorları olub, arada filmə çəkiliblər. Əslində, ən yaxşısı elə budur. Aktyor teatrda olmalıdır və vaxtı, imkanı olanda filmə çəkilməlidir.

- Amma özünüz “Azdrama”dan getdiniz...

- Repertuar məni qane etmədi. Orda qala bilməzdim.

- Həsən Məmmədov da teatrda darıxdı. Qalmadı.

- Həsən Məmmədov əvvəl teatrda idi. Getdi kinoya, sonra bir də qayıtdı. Nəsə, hə, kinoda daha uğurlu oldu.

- Sizcə, Həsən Məmmədov kino aktyoru kimi necə idi?

- Çox yaxşı. Bir neçə filmə birlikdə çəkilmişik. Ən yaxşılarından idi.

- Aktyor teatrda işləyib imkanı olanda kinoya çəkilməlidir dediniz. Misal üçün, Türkiyədə təxminən elə siz deyəndir. Hələ arada bir serial mərhələsi də var. Əməlli-başlı aktyor yetişdirir.

- Mən serialı sevmirəm. Seriala xaltura kimi baxıram. Yaxşısına yaxşı, pisinə pis xaltura kimi... Bir dəfə məni də dəvət eləmişdilər, saat 8-dən çəkilişə başladıq, o biri gün 6-ya kimi... Hardasa 20 saat! Gah yuxu basır səni, gah səndələyirsən, gah səsin batır, gah üzün-başın şişir. İnsanın iş qabiliyyətini göstərən saatlar var. Səkkizmi, onmu... Bu saatdan sonra formadan düşürsən, yorulursan. Dedim, belə olmaz, dedilər, biz bu mülkü bir sutkalığa almışıq, burayla bağlı bütün çəkilişləri bitirməliyik. Belə sənət olar? Bu, xaltura deyil, nədir?

- Aktyorda belə bir hiss olurmu ki, hansısa filmə baxsın, desin, mən bu rolu daha yaxşı oynayardım?

- Yerli yox, xarici filmlərə həsədlə baxdığım olub. Düşünmüşəm ki, o imkan, o şərait, o gözəl çəkilişlər bizdə niyə yoxdur. Siz deyən də olur. Düşünürəm ki, mən bu rolu daha yaxşı oynayardım.

- Sizin Tarık Akanla məşhur bir fotonuz var...

- Hə. Daşkənddə çəkilib. Onunla on gün bir yerdə olduq. Rəhmətə gedəndə Türkiyədə idim, ancaq dəfninə gedə bilmədim. Demək, o vaxt cüt illərdə Daşkənddə, tək illərdə Moskvada beynəlxalq kinofestivallar keçirilirdi. Tale elə gətirdi ki, 74, 76 və 80-ci illərdə dalbadal Daşkəndə getdim və hər dəfə də baş rol ifaçısı kimi. Çoxu elə bilirdi özəl kinostudiyam var (gülür). Asiya, Afrika və Latın Amerikasından səksənə yaxın ölkə iştirak edirdi festivalda. O cümlədən də Türkiyə. Tarık bəylə də həmin festivalda görüşdük. Filmlərimi də bəyənmişdi. Biz festivalda “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmləri ilə təmsil olunurduq. “Dədə Qorqud”un tərcüməsində bir balaca problem yarandı, amma “Nəsimi” ilə “Babək” çox uğurla nümayiş olundu. Rac Kapurla da görüşdüm. Türklərlə Moskvada da görüşürdüm. Yücel bəy adlı rejissor vardı, məni dəvət elədi, “Qanayan yara” adlı filmə çəkildim. TGRT-də “İbrahim Gülşəni həzrətləri” filminə çəkildim. Tez-tez göstərirlər Türkiyədə. O günü təsadüfən özüm də gördüm. İbrahim Gülşəni azəri kökənli bir övliya olub, rəhmətə gedəndə qəbrindən gül qoxusu gəlirmiş. Sovet vaxtı Amerikaya da dəvət almışdım, təbii ki, gedə bilmədim.

- Müstəqillik dövründə birdən-birə epizodik mənfi obrazlarda göründünüz; “Həm ziyarət həm ticarət”, “Nə gözəldir bu dünya” və s.

- Həmişə çalışmışam ki, tragikomik bir rol oynayım. Ancaq rejissorlar məni müsbət obrazda görüblər. Halbuki, “Nəsimi”dən dərhal sonra “Qatır Məmməd”dəki Əzizə çəkilmişəm. Hər halda o vaxt mənfi tip sayılırdı. Amma indiki baxışla mənfi deyil. Siz deyən mənfi tiplər də, hardasa içimdəki fərqlilik ehtiyacından doğub. Rasim Ocaqov məni dəvət edəndə, dedi, səni görürəm bu rolda. Çünki adətən bizi mələk simalı insanlar aldadır.

- Son illər çəkilən filmlərdən bəyəndiyiniz yoxdur?

- Baxdıqlarımı bəyənməmişəm. Ola bilər baxmadıqlarım içərisində yaxşıları var. İndi tamaşaçı hırıltı dalınca gedir. Ciddi sənət unudulub.

- Yaxşı sənətkar da həmin tamaşaçının dalınca düşür.

- Bax, faciə burasıdır! Mən bunu bacarmadım. Ancaq pessimist deyiləm. Yenə nələrəsə ümidim var. Aktyorluq elə sənətdir ki, bütün yaşlarda işə yaraya bilər. Hər yaşın öz rolu var. Məni qane edən ssenari, mənə uyğun rol olsa sevə-sevə çəkilərəm.

# 2644 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #