Kimdir günahkar: Nazirlik, yoxsa kinostudiya?

Kimdir günahkar: <span style="color:red;">Nazirlik, yoxsa kinostudiya?
12 yanvar 2017
# 12:56

Milli Kinomuzda Sədaqət Kamal adlı bir imza var. Ömrünü Azərbaycan kinosunun təbliğinə həsr edib. Yazıb, pozub, danışıb, müsahibə alıb, müsahibə verib və s.

Sədaqət Kamal “Kino” qəzetində məsul katib işləyib. 90-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyi bağlanıb bir şöbə kimi Mədəniyyət Nazirliyinə veriləndə “Kino” qəzeti də nəşrini dayandırdı. Sədaqət Kamalı nə işdən çıxaran oldu, nə başqa işə keçirən. Adam qaldı havada.

İllər sonra Mədəniyyət Nazirliyinin nəzdində “Kino+” qəzeti yaradılanda Sədaqət Kamal da peyda olub haqlı bir sual verdi: “Mən indi bu qəzetin harasındayam?”

Məlum oldu ki, Azərbaycan qanunları və Azərbaycan reallıqları Sədaqət Kamalın problemini həll eləmək iqtidarında deyil.

Mən niyə yazıma Sədaqət Kamalla başladım?

Ona görə ki, Azərbaycan kinosunun vəziyyəti eynən Sədaqət Kamalınkı kimidir.

Qalıb ortada, düyünü çözülmür ki, çözülmür...

Düyün dedim, yadıma düşdü, biz C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında qəzet buraxan vaxt kinostudiyanın direktoru Xamis Muradov məni yanına çağırıb dedi ki, gecə işləyəndə işıqlarla son dərəcə ehtiyatlı davranın. Dalınca söylədi: “Sən bizim montyor Sabiri tanıyırsan?” Tanıyıram, dedim. Dedi, Allah eləməmiş Sabir kişi ölsə “Azərbaycanfilm” kinostudiyasında işlər dayanacaq. Niyə? Çünki əlli ildir Sabir kişi bu qaim-qədim binadakı saysız-hesabsız elektrik xətlərini ordan kəsib bura bağlayır, burdan kəsib ora... Nəyi hardan-hara çəkdiyini özündən başqa heç kim bilmir.

Milli kinomuza ikinci böyük təşbeh Sabir kişinin düyünləridir.

Ona görə, şəxsən mən Azərbaycan kinosundan əlimi üzmüşəm.

Ya hər şeyi dağıdıb təzədən yaratmaq lazımdır, ya da problemlərin həlli mümkünsüzdür.

Amma problemin həlli mümkünsüzdürsə, o demək deyil ki, onu müzakirə etməməliyik.

Edək, yazaq, pozaq gör axırı hara gedir.

Azərbaycanın dövlətdən maliyyələşən kino industriyasında bir-iki naşı cavanı çıxmaq şərti ilə sənəti pul qoparmaqdan üstün tutan bir nəfər də tapa bilməzsiniz.

Niyə məhz pul qazanan yox, pul qoparan? Çünki söhbət büdcə vəsaitindən gedir... O vəsait ki, əslində kino üçün xərclənməməlidir.

Hamı gözünü ona dikib.

Bu səbəbdən prodüser, menecer, menecmentlik kimi anlayışlar Azərbaycanda tamam başqa mənalar kəsb edir.

İstənilən sadə müzakirədə aləm dəyir bir-birinə.

Necə ki, son günlər dəyib və bir neçə tanınmış rejissor kinostudiyanı və onun rəhbərliyini hədəf alaraq yeganə günahkar kimi göstərir: kinostudiya monopoliya yaradır... Qohumbazlıq edir...

Yazdım, bir də yazım: kino industriyamızda hamı günahkardır.

Hətta, “Hamı günahkardı dünyada amma, dünyada heç kəsin günahı yoxdu” misralarını yazan Ramiz Rövşən də!

Amma və lakin günahın ən böyüyünün Ramiz Rövşənə və onun işlədiyi kinostudiyaya aidiyyatı yoxdur.

Sədaqət Kamalın yazılarını Sabir müəllimin çəkdiyi işıqda oxuyan ən kəmsavad adam da bilir ki, kinostudiyanın monopolya yaratmaq imkanları yoxdur.

Çünki kinostudiya da müstəqil prodüser mərkəzləri kimi “ələbaxandır”.

Mən heç kimin əl-üzünü yumaq istəmirəm.

Kinostudiya ilə bağlı irili-xırdalı yüzlərlə acınacaqlı fakt saya bilərəm...

Sadəcə indi söhbət konkret məsələdən gedir və biz son dərəcə ədalətli olmalıyıq.

Kinostudiya kinoya vəsait ayırmadığı üçün monopoliya yaratmaq imkanı absurddur.

İstehsalata başlayandan sonra kiminlə işləyib, kiminlə işləməmək, kimə iş verib, kimə iş verməmək məsələsində birtərəfliliyə yol verirsə, bu faktları konkret demək və yazmaq lazımdır.

Problem Sədaqət Kamalın işi və Sabir kişinin elektrik xətləri qədər qarışıq olsa da, problemi yaradan ünvan gün kimi aydındır.

Pulu nazirlik ayırır, monopoliyanı da yaratsa, yaratsa, nazirlik yaradar.

Amma bu barədə heç nə danışılmır.

Çünki ...

Lütfən, nöqtələrin yerini özünüz doldurun...

Və problemi yaradan əsl ünvan haqqında heç nə danışmırlarsa, Sədaqət Kamalın kino haqqında yazılarını Sabir müəllimin çəkdiyi işıqda oxuyan ayıq oxucuda aşağıdakı suallar yaranır:

- Əcəba, dava sənət yox, büdcədən ayrılan pulların davası deyil ki?

- Kinonun büdcəsi altı milyon olanda susanlar büdcə bir milyona endiriləndə niyə səslərini ucaltdılar?

- Bu narazılıq səsləri etirazçı rejissorlar dövlət sifarişi ilə kinostudiyada film istehsal edəndə niyə eşidilmirdi?

- Nazirliyi qoyub kinostudiyanın boğazından yapışmaq marginal maraqlardan doğmurmu?

- Sənət davası adı altında kinostudiya rəhbərliyinə qarşı kampaniya aparılmadığına necə inanaq?

Deyəsən, zirzəmidə qısaqapanma baş verdi.

Təcili Sabir kişiyə zəng edin...

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #