İngiltərəni Hitlerin pəncəsindən xilas edən erməni

İngiltərəni Hitlerin pəncəsindən xilas edən erməni
22 dekabr 2013
# 15:00

Xristofor Kolumb Amerikanı kəşf etdi. Bu hadisə onu həyatını dəyişdi, tarixə adını yazdı. Həm də dünyanın axarını dəyişdi. Yeni dünya yarandı. Dünyanın siyasi xəritəsində yeni dövlət peyda oldu. Və ilaxır...

Tarixdə belə hadisə yüzlərlədir. Bəs bir foto necə, həm bir insanın, həm də bir xalqın taleyini dəyişməyə qadirdirmi?

Bəli, 1941-ci ildə belə bir foto çəkildi və bu foto onun müəllifini dünyanın ən məşhur fotoqraflarından etdi, foto isə bir xalqın dönüş nöqtəsi oldu.

Söhbət məşhur siyasi xadim Böyük Britaniyanın baş naziri olmuş, ədəbiyyat üzrə Nobel mükafatı sahibi Ser Uinston Çörçillin fotosundan gedir.

Hitlerin qanlı pəncəsi artıq kontinental Avropanı canavar kimi ələ keçirərək parçalayıb. Bəşəriyyət tarixinin ən amansız, adı iblisi andıran siyasi xadimlərindən biri Hitler dünyanı qan çanağında boğmağa iddialı. Stefan Sveyqin təbiri ilə desək Avropanın başının üzərinə qara buludlar bürüyüb.

Hitler artıq adanı da almaq istəyindədir. Hələlik yalnız hava hücumu ilə kifayətlənir. Ar-sıra London səmalarında alman təyyarələri görünür.

Xalq ruh düşkünlüyü yaşayır. Onu dirçəltmək, mübarizəyə səsləmək, qələbəyə inandırmaq lazımdır. Bəs xalqı bu qələbəyə aparacaq siyasi lider varmı?

Əlbəttə, o da var. Uinston Çörçill. Bəs onun xalqı bu qələbəyə aparacağına xalqı necə inandırmalı? Bu isə kanadalı sadə bir fotoqrafın sayəsində baş tutdu. Adı Yusif Karş.

Yusif Karş 1908-ci ildə Osmanlı İmperiyasının Mardin şəhərində doğulmuşdu. Ailəsi Birinci Dünya müharibəsi zamanı Suriyaya köçmüşdü. İki il sonra isə övladlarını Kanadada yaşayan dayısının yanına göndərmişdilər.

Kanadada dayısının foto-atelyesində çalışan Karş tezliklə bu sənətə dərindən yiyələnir. Bir müddət sonra isə Ottavada özünün studiyasını açır. Məhz onun, erməni əsilli kanadalı fotoqrafın cəsarəti nəticəsində bu foto ərsəyə gəlir.

ABŞ-a səfərindən Kanadaya gələn baş nazirin Ottava küçələrində gəzişməsi zamanı qarşılarına Karşın foto studiyası çıxır. Ətrafındakılar ötkəm nazirə studiyaya girib foto çəkdirməsini təklif edirlər. O da razılaşır. Amma bir şərtlə: yalnız bir foto çəkiləcək. Ölkəsi təhlükədə olan baş nazirin bu laqeydliyini anlamaq asandır.

Kamera qurulub. İşıq lazımı bucaqlarda yerləşdirilib. Çörçill də hazırdır. Amma nədənsə fotoqraf nazirin üzündə lazımı ifadəni tuta bilmir. Baş nazirin demək olar ki, heç zaman ayrılmadığı siqarı damağındadır.

Qəfildən Karş Çörçillə yaxınlaşır, “Üzr istəyirəm, Ser” deyərək bir anda sudan balıq ovlayan qutan kimi nazirin ağzından siqarı qamarlayaraq külqabıya qoyur. Yenidən kameranın qarşısına qayıdır.

Çörçill sadə fotoqrafın bu qeyri-etik hərəkətindən qəzəblənərək qaşlarını çatır, hirslə kameranın qarşısında dayanmış Karşa baxır. Elə bu an da uşaqların dili ilə desək kameradan “quş çıxır”.

Siz deyin bu “quş” qartal idi, mən deyim sülh göyərçini. Əgər qartal idisə, bu qartal tezliklə faşist ilanını öz caynaqlarında boğacaqdı, göyərçin idisə, öz bəyaz qanadlarını dünya səmasında gəzdirəcəkdi.

Karşın fotosu mükəmməl alınır. Fotoqrafın qurduğu işıq effekti əsərə dərinlik verməklə yanaşı, baş nazirin üzündəki qəzəb anını da ustalıqla yaxalayıb verə bilir.

Tezliklə bu foto bütün dünya mətbuatını bürüyür.

Britaniya xalqı üçün bu foto təkcə bir baş nazirin fotosu deyildi. Kağız parçasından baxan nazirin çöhrəsi, qətiyyət, mübarizliyi aşılayırdı.

Səmalarında düşmən təyyarələri uçuşan Britaniya xalqına bu foto olduqca vacib idi. Bu foto bir ordunu arxasınca aparacaq bayraq olacaqdı. Bu foto Britaniya xalqının mübarizə simvoluna çevriləcəkdi.

Yusif Karş isə bu foto ilə məşhurluq qazanacaq, bundan sonra hələ neçə il fotokamerasının obyektivini XX əsrin məşhur insanlarına tuşlayacaqdı.

# 4588 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #