“Qocalar evinə evlənməyə gedirlər ” – REPORTAJ

“Qocalar evinə evlənməyə gedirlər ” – <span style="color:red;">REPORTAJ
22 iyul 2015
# 07:30

Qocalar uşaq kimi olurlar: qayğıya möhtac, şirin, məzəli, hər şeylə maraqlanan, bir az nəşəli, bir az da kədərli. Uşaq olaraq başlanan ömür yeniyetməlik, gəncliklə davam edir, sonra təzədən uşaq kimi meydana çıxır. Tez-tez xatırlayır, danışır, keçmişin sandığını açıb-tökür, bəzən kitablarda yazılmayan, filmlərdə görünməyən hadisələrdən ağız dolusu nağıl edir, ürəklərini boşaldırlar.

Qoca park

Qocaların yaşamı, həyat tərzi, xarakterini açan saysız-hesabsız əsər, film adı çəkmək olar. Hər kəsin düşüncəsində, təfəkküründə bir qoca obrazı var. Bəzən yaşlanmaqdan, əlimizin, ayağımızın bir iş tuta bilməyəcəyindən qorxuruq. Qocalığın yaxınlaşması, belimizin bükülməsi, dişlərimizin çürüməsi, saçlarımızın ağarması, əlimizə çəlik alıb ləhləyə-ləhləyə yeriməyimizi düşünəndə, xəyalımıza gətirəndə gəncliyin, gənclik alovunun sönməsini istəmirik. Ancaq həyat amansız, ömür qısa... Nə vaxtsa qocalıqla baş-başa qalanda uşaqların çərpələng uçurmasına, sevgililərin öpüşməsinə baxıb köks ötürəcəyik...

Bu qədər qocalardan danışdıq, bir az da onların dünyasına səyahət edək. Xeyr, ağlınıza elə gəlməsin ki, sizi Qocalar Evinə aparıb orda ölümünü gözləyənləri göstərmək istəyirəm. Gəlin, Bakı Kinoteatrının yuxarısında yerləşən Təqaüdçülər parkına gedək. Burda həyatlarının sonlarını birlikdə, deyə-gülə, söhbət edə-edə, nərd, damino oynaya-oynaya, keçmişi vərəqləyə-vərəqləyə, xatirələrə işıq sala-sala vaxtlarını keçirən qocaları görəcəksiniz. Onlar özlərini xoşbəxt hesab edirlər, üzləri gülür, lətifələr danışır, bir-biri ilə zarafatlaşır, həyata təzə atılmış körpə kimi hər şeylə maraqlanırlar. Bu park da onlara bənzəyir: köhnə, qırışmış, sadə, bər-bəzəksiz... Onların qalan ömrü kimi balaca, eni-uzunu on addımlıq yer ola, ya olmaya...

Təqaüdçülər parkının sakinləri təkcə qocalar deyil. Cavan oğlanları, cütlükləri, ailəlikcə yığışıb gələnləri və uşaqları da görmək mümkündür burda.

- Bura niyə Təqaüdçülər parkı deyirlər? - Qocanın birindən soruşuram.

- Niyə soruşursan?

- Heç, elə-belə. Maraqlı gəldi.

- Burda təqaüdçülər olub həmişə. Ona görə. Təqaüd alanlar bura yığışırdı. Adı da elə o vaxtdan belə qalıb. Amma görürsən də burda, qocalardan başqa gələnlər də var.

- Siz də təqaüdçüsüz?

- Hə.

- Nə qədər alırsınız?

- 160 manat.

- Dolana bilirsiniz?

- Mənim vəziyyətim çox yaxşıdır.

Skamyaya yayxanır, maraqla məni süzür, gözlərində cavabsız sorular görürəm.

- Dostumu gözləyirəm. – onun baxışlarından yayınmaq üçün qəsdən deyirəm.

Yenə həmişəki küt ifadələr qarşımda durub. Deyəsən, qocanın qulaqları zəif eşidir. Hər ağzımdan çıxan sözə qulaq tutur, başını mənə yaxınlaşdırır.

- Burda qalansız?

- Sən nə qədər sual verirsən?

Gülümsünür, ancaq hələ də mənim hardan gəlib çıxdığımı öz-özlüyündə götür-qoy edir.

- Sadəcə dostumu gözləyirəm. Vaxt getmir.


“Evlənməyə gedirlər qocalar evinə”

Bu vaxt başqa bir qoca da gəlib bizə qoşulur.

- Hə, başa düşürəm səni. Burda qalıram çoxdan.

- Tək?

- Niyə tək? Tək olan gedir Qocalar Evinə. Mənim iki uşağım var, oğlan, qız, ikisi də evlidir, nəvələrim var. Hər gün gəlib gedirlər. Yoldaşım da yanımdadır. Sağ olsun, hələ də mənim dərdimi çəkir.

- Təki elə olsun. Bəs Qocalar Evinə getmək istəməzsiniz?

- Niyə gedim ora?

- Pisdir ki?

- Yox e, yaxşıdır. Qocalara yaxşı baxırlar. Ancaq ora həmişə işsiz-gücsüz, əli bir iş tutmayanlar gedir. Evlənməyə gedirlər hələ. – gülür. – Amma yaxşı baxırlar onlara. Görməmişəm, amma eşitmişəm. Paltarlarını yuyurlar, yemək-içməkləri yaxşı. Daha nə istəyirsən? Kef çəkirlər.

- Onda gedin ora... – məzələnirəm.

- Mənə lazım deyil axı? Mənim hər şeyim var. Ora evdə dalaşan qocalar gedir. Oğlu, ya qızı ilə sözü çəp gəlir, küsür, inciyir, gedir ora. Elə uşaqlarım yoxdur, nə yaxşı. Məni heç vaxt tək buraxmırlar...

O biri, təzə gələn, uzun, arıq qoca diqqətlə mənə baxır. Açığı, onun baxışları prajektor işığı kimi gözümə düşür, narahat oluram.

- A bala, bu qoluna taxtdıqların nədir?

Balacaboy, kök qoca danışığını yarımçıq kəsir, o da maraqla məni süzür, gülümsünür, həmyaşıdı ilə baxışır.

- Heç, elə belə taxmışam. – qolumdakı bər-bəzəkli, rəngli bilərzikləri gizlətməyə çalışıram, söhbəti dəyişmək üçün həmin qocaya sual ünvanlayıram: - Haralısınız? Danışığınızdan Qarabağlıya oxşayırsınız?

Qulağını mənə tərəf əyir, sözləri başa düşəndən sonra başını yelləyir, yəni yox.

- Şuşalıyam.

Gülüşümü zorla boğub saxlayıram. Deyəsən, qocanın ağlı bir az o məsələ... Amma yaxşı ki, haralı olduğunu xatırlayır:

- Bəy nəslindən olmuşuq. Atam Böyük Vətən Müharibəsində iştirak edib. Anamla onu bir yerdə yola salmışıq. Sonra xəbər gəldi ki, itkin düşüb orda. Mən də iştirakçı olmuşam.

- Neçə yaşınız var idi onda?

- Dörd.

- Dörd yaşında necə atanızı yola salmısız?

- Hə, dörd yaşımda. Xatırlayıram.

Hiss edirəm, qoca bir az basıb bağlayır, ancaq dinmirəm, qoy danışsın, mənə problem deyil...

- Atamı yaxşı xatırlamıram. Dedilər, Almaniyada əsir düşüb. – nədənsə, bu cümləyə iki qoca da qəhqəhə çəkir, anlaya bilmirəm. – Anamın danışdığına görə Stalini görübmüş. Özü çox hörmətli, adlı-sanlı, bəy nəslindən olub. İri, cüssəli. Doqquz uşağı olmaq elə-belə deyil e...

Uzun, arıq qoca yenə diqqətlə məni süzür.

- A bala, üzün niyə saqqallıdır?

Paho, işə düşmüşük də. Bu qocadan necə yaxa qurtaraq? Əl çəkmir ki, əl çəkmir. Ən yaxşısı ona layiqli bir cavab verməkdir:

- Qızların xoşuna gəlir, ağsaqqal.

İkisi də bir-birinə baxır, uğunub gedirlər.

Şuşa

- Sən harda qalırsan? – danışan qoca soruşur.

- Burda... – kəkəlliyirəm. – Beş mərtəbə. – ağlıma gələn ilk variantı səsləndirirəm.

Onların arasında söhbət:

- 19 nömrəlini deyir.

- Yox e, bu park var e, karuselli-zadlı, oranı deyir.

- A kişi, o 9 mərtəbə ilə üzbəüz olan deyil?

- Ay sağ ol!

Axırı mübahisə sona çatır. Bayaqkı söhbətə qayıtmaq üçün yenə sual verməli oluram:

- Şuşanı necə xatırlayırsınız, dayı?

- Yaman maraqlanırsan ha... – kişi barmağı ilə yanayıb gülümsünür. – Deyəsən, siyasətçisən.

- Haranı qurtarmısan, ə? – o birisi soruşur.

- Siyasətçi deyiləm. Sadəcə maraqlı gəldi.

- Şuşadan uşaq vaxtı çıxmışıq. Amma yadımdadı. Mən gecə məktəbində oxumuşam orda. Hə, gecə məktəbi. Çətin idi o vaxt oxumaq. Qəfil müharibə çıxdı, mənim də yaşım az, məktəbi atdım, apardılar arxa cəbhəyə. Köməkçi kimi. İştirakçı yəni. O vaxt eləydi, kimin fiziki gücü yaxşı idi, aparırdılar.

Düşünürəm ki, şəhərlər işğal olunur, amma xatirələr yox.

“Qızınızı mənə verərsiniz?”

Bu vaxt başqa bir qoca yaxınlaşır, salam verib oturur. Nədənsə, onlarla məzələnmək könlümə düşür.

Təzə gələnə üzümü tutub:

- Saçınıza xına qoymusuz?

- Yox. Niyə ki?

- Qaradır axı, qoca adamın saçı ağ olar?

- Ağaran təksə saç deyil, hər yerim ağarıb. – bu cümləyə üçü də uğunub gedir.

İndi məni sancan qocadadır sıra.

- Dayı, qızınız, oğlunuz var?

- Hə. İki qızım var. Oğlum yoxdur.

- Qızınızı mənə verərsiniz? – qocalar bir-birinə baxır.

- Necə? Nə deyirsən? – guya eşitmir.

- Deyirəm, elçi gəlsəm, qızınızın birini mənə verərsiniz? – səsimi qaldıraram.

- Hə... – hiss edirəm, xoşuna gəlib. – bəxtin gətirmədi, cavan oğlan, ikisi də ərdədi.

- Heyf... – guya təəssüflənirəm. – Sevdikləri adama gediblər?

Bu sual deyəsən qocanı çaşdırır, üz-gözünü turşudur. Onun yerinə Şuşalı qoca cavab verir:

- Birini qaçırıblar mən bilən. O birisini də dayısı oğluna verib. – dostunun kürəyinə vurur. – Bizim vaxtda elədir, biz belə görmüşük, belə də davam edəcək. Sevgiylə qarın doymur.

Bu qocadan heç gözüm su içmir, buynuzunu mənə sürtüşdürür, dəli şeytan deyir, bunu bu qoca vaxtında lap pis günə qoy.

- Dayı, evlənmək istəyirəm. – topu atıram, kim götürür götürsün.

Üçü də bir-birinin sözünü kəsə-kəsə sorğu-suala tutur: işimi-gücümü, əsgərliyi bitirib-bitirmədiyimi, evimin olub-olmadığını. Axırda biri, təzə gələn məsləhətə keçir. Həmişə belə düşünmüşəm: məsləhət verən adamlar həyatda uğursuz olanlardır.

- Pul qazan, boş-boş avaralanma. Ev tik, ondan sonra gör qızlar necə gələcək? –gülməli şey dediyini güman edib qəhqəhə çəkir, heç kimin reaksiya vermədiyini hiss edəndən sonra özünü pis vəziyyətdə qoymamaq üçün söhbətə davam edir, - Bax, görürəm, yaxşı oğlana oxşayırsan. İnan ki, qızım olsa sənə verərdim.

Gülüşmə düşür.

Tənha qoca və son

Məlum olur ki, bu qoca sovet vaxtı bir dəfə evlənib, iş-güc sahibi olmadığından, evə bir tikə çörək gətirə bilmədiyindən hər gün arvadla söz-söhbəti düşüb. Axırda səhər görüb ki, ev bomboşdur. Qadın yır-yığış eləyib köçüb dədəsi evinə. Uşaqları da yoxdur, uzun, arıq kişi qızlarından danışanda hiss edirəm, gözləri dolur. Dostlarının dediyinə görə, öz həyatını qura bilmədiyi üçün hər bura gələn cavanları qırağa çəkib onlara öyüd nəsihət, məsləhət verir, ürəyini boşaldır. Çox maraqlı gəlir ki, bəs bu adam işsiz-gücsüz biridirsə, necə olub bu yaşa qədər yaşaya bilib. Ac-susuz? Məni narahat edən sualı verirəm.

- Nəylə dolanmısınız bəs?

- Dayım varlı adam olub. Cavan vaxtı heç yerdə oxuya bilmədim, atam-anam da dünyasını dəyişdi. Dayım mənə kömək elədi. Onun yanında qalırdım, öz uşağı kimi baxdı mənə. Sonra bir obyekt verdi ki, işlət. Ondan sonra o mağazanın şotuna dolanmışam. – türk filmlərinin süjetinə bənzəyir.

- Haralısınız?

- Qərbi Azərbaycan. Göyçə mahalı. – çox təmtəraqla deyir və mənə artıq hər şey aydın olur. Bunu bayaqdan de da...

Qəfil Şuşalı qoca soruşur:

- Dostun gəlmədi?

Özümü itirmədən telefonumu götürür, qulağıma tutur və yavaş-yavaş təqaüdçülər parkını tərk edirəm. Uzaqdan tək-tük görünən uşaqlar və gənclərin səsi gəlir, qocalar isə heykəllər kimi donub qalıblar.

Ayxan Ayvaz

Fotolar: Nihad Qulamzadə

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #