Müqəddəs kitabların tərcüməçilərinə belə şərt qoyulubmuş...

Müqəddəs kitabların tərcüməçilərinə belə şərt qoyulubmuş...
20 yanvar 2015
# 17:52

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” İkinci dildən tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Üçüncü müzakirə mövzusu “Tərcümə mətinlərinin müqayisəli təhlili” adlanır. Mövzu üzrə məruzəçilər Qismət, Hamlet Qoca, Şahin Ələsgərov, Fərid Hüseyndir. Qismət Rüstəmovun məruzəsini təqdim edirik.

Tərcümə mətnlərinin müqayisəli təhlili

Söhbət dildən, tərcümədən düşəndə həmişə Babil qülləsinin əhvalatını xatırlayıram. Mənası “səmanın qapısı” olan Babil sözünün kökü “qarışdırmaq” feilindəndir. Daşı daş, cəsədi cəsəd üstünə qoyub göylərə - tanrıya meydan oxumaq üçün tikilən bu qüllə bəşəriyyətin kollektiv təkəbbürünün simvoludur. Mən nədənsə qeyri-rəsmi, alternativ bir tarix insktinkti ilə daim düşünmüşəm ki, əfsanədə deyildiyi kimi, hərəmiz bir dildə danışmaqla cəzalandırıldığımız gün tərcümə işi də doğuldu. Bu, bir az da mədəni Sizif əməyidir. Hər tərcümə olunan əsərlə Babil qülləsindən bir daş düşür, altında qalan da olur, günahından bir kitablıq təmizlənən də.

Yadınızda olar, əvvəl kitablar daşlaşıb daş kitabə oldu, sonra müəlliflər heykəlləşdi, yaxşı ki, sözlərə heç nə olmadı...

***

Tərcümə işinin xarakteri elədir ki, həmişə iki dil qarşılaşmalı olur və bu qarşılaşmada qaçınılmaz şəkildə itələmə qüvvəsi işə düşür. Təcrübəli dil təcrübəsiz dili sıxışdırmağa başlayır.

(Şərti də olsa, dillərin tarixini Babil əhvalatından götürdüm deyə, bütün dilləri eyni dərəcədə qədim sayıb, bilərəkdən təcrübəli-təcrübəsiz dil deyirəm).

Mən təcrübəli dil deyəndə lüğət tərkibi zəngin, fəlsəfi terminologiyası oturuşmuş, akademik mətnlərdən “yan gəzməyən” dilləri nəzərdə tuturam.

Mən dili bütün rəngləri, tonları, çalarları ilə tamam canlı bir orqanizm kimi görürəm deyə, analogiyalarım da insanımızla, həyatımızla bağlıdır.

Təcrübəsiz dil isə adətən çətin anlarda vəziyyətin qəlizliyini görüb uzaq qohumlarına xəbər verən adamlar kimi ləhcənin, dialektin yardımına üz tutur. Yardıma gələn sözlər çox vaxt sosial həyatımızda öz yerində olmayan kadrlar kimi başqa sözlərin məqamını məşğul edir, öz həqiqi yerini kimsəsiz qoyur. Elə bu yerdəcə bir cümləlik metaforik haşiyə çıxmaq istəyirəm: kim bilir, bəlkə dilin də “kadr çatışmazlığı” olur?...

Təcrübəsiz dil öz mikro mühitindən kənardakına qapalı olan, eynən evlilik yaşına gələn övladına yalnız qohum-qardaş, qonum-qonşu içindən potensial həyat yoldaşı axtaran, mühafizəkar, mental stereotiplərlə düşünən adamlar kimi “başqasını həmişə cəhənnəm” hesab edir.

İri, qara hərflərlə zəruri bir qeyd: PROBLEM QƏTİYYƏN DİLDƏ DEYİL, PROBLEM BİZİM DİLƏ MÜNASİBƏTİMİZDƏDİR.

***

Türkiyənin məşhur tarixçisi, Topqapı muzeyinin direktoru professor İlbər Ortaylı çıxışlarının birində təxminən belə bir fikir işlətmişdi: “Bizdə lisan (yəni dil) reformasiyası oldu, Azərbaycanda yox. Onlar mənə öz gəncliyimizi xatırladır”. Müzakirə olunası fikirdi.

Başqa ölkənin vətəndaşlığını almaq istəyənlərə, bilirsiniz ki, bəlli müddətdə adaptasiya, yaşamaq şərti qoyulur. Bəzi ölkələrin vətəndaşı olmaq üçün 5 il, bəzilərində isə 10 il qeydiyyata düşüb yaşamaq lazım gəlir. Bunu əbəs yerə xatırlamadım. Tərcüməçi ixtisaslaşmadıqca – bu konkret dil üzrə də ola bilər, konkret müəlliflər üzrə də – nə qədər uğurlu işlər görür-görsün, başqa dilin coğrafiyasında həmişə turistdir. İxtisaslaşma olmadıqca tərçüməçi qoltuğundakı qalın-qalın lüğətlərlə, kompüterinə yüklədiyi tərcümə proqramları ilə modern araşdırmaçıdan, peşakar tərcüməçidən daha çox, ilk dəfə düşdüyü şəhərdə yolunu itirməmək üçün bələdçi kitablara, aeroportdan aldığı xəritələrə baxıb azmamağa çalışan turistlərə bənzəyir. Turist bənzətməsini davam etdirək.

Məsələn, frazeoloji birləşmələr, metaforik ifadələr. Gəlin onlara “taksi ifadələr” deyək. Əgər tərcüməçi turistdirsə, bu ifadələr yolu uzadıb tərcüməçinin kisəsindəki bütün “sözləri” almayınca mənzil başına çatan deyil. Sonda məlum olacaq ki, ünvan çox yaxında imiş.

***

Ötən əsrin ikinci yarısından etibarən nüfuzlu universitetlərin əksəriyyətində qarşılaşdırmalı ədəbiyyat tədris olunur. Qarşılaşdırmalı ədəbiyyatın birinci pilləsi yəqin ki, tərcümədir. Çünki tərcümə işi mədəni inteqrasiyadır. Bu mənada qarşılaşdırmalı tərcümə də həm başqa dilləri tanımaq, həm öz dilimizi zəngiləşdirmək, həm də tərcüməsi nəzərdə tutulan mətni daha dərindən öyrənmək baxımından çox yararlı ola bilər.

Dil öz malına çevirdiyi mətnlərin təkcə məzmunundan yox, həm də aurasından nələrsə qazanır. Beləliklə, kültür səmasındakı göyqurşağına yeni çalarlar əlavə olunur.

Məni həmişə düşündürüb ki, tərcüməçinin öz dilini, üstəgəl xarici dili bilməsindən başqa, zövqü niyə kriteriya kimi gözdən qaçırılır. Tərcüməçi ha içində öz dili də olmaqla beş-altı dili yaxşı bilsin, hansı mətni seçdiyi də önəmli deyilmi?

Çox deyilib: ən mükəmməl tərcüməçinin belə yaxşı redaktoru olmalıdır. Bəs ekspertlər necə? Nüfuzlu universitetlərdə, nəşriyyatlarda, tərcümə mərkəzlərinin demək olar ki, hamısında yeni tendensiyaları izləyən, aktual olandan xəbərdar, çağdaş və açıq görüşlü bir neçə ekspert olur. Prosesi daha dinamik, daha müasir tempdə saxlamaq üçün davamlı axtarışda olan, çağdaş düşüncəli ekspertlərin varlığı qaçılmazdır. Yeri gəlmişkən, bu təkcə tərcümədə yox, bütün sahələrdə vacibdir.

***

Yadıma gəlir, bir gün tərcüməçi dostlarımdan birinə rast gəldim. Əsəbi-əsəbi siqaret çəkdiyini görüb soruşdum ki, nə baş verib? Dərdi açıldı: əməkdaşlıq etdiyi nəşriyyatdan tələb ediblər ki, tərcümə etdiyin xarici dildə nə qədər söz varsa, eyni qədər də bizim dilimizdə söz olmalıdır, yoxsa səninlə işləmirik. Düz bir həftə bu əhvalata gülmüşdüm. Sonra balaca bir araşdırma apardım ki, görüm bu qeyri-adi tələbin əsası varmı? Məsələ beləymiş, indi artıq o qədər ciddi qəbul edilməyən, amma öz ömrünü tam başa vurmamış bir tərcümə üsulu var: mot a mot – yəni sözbəsöz tərcümə. Bu tərcümə üsulu müqəddəs kitabların tərcüməçilərinə şərt kimi qoyulurmuş, çünki qayda beləymiş ki, müqəddəs kitabın bir sözünü belə dəyişmək olmaz, günahdır. Vay bə! Sən demə ölkəmizdə kitablar müqəddəsləşibmiş, xəbərimiz olmayıb.

***

Dünyada tərcüməçilər üçün dilə münasibətdən əlavə şərti olaraq üç kriteriya da müəyyələşdirilib:

1. Yaxşı oxucu olmalı;

2. Tənqidi düşüncəsi olmalı;

3. Yazıçılıq qabiliyyəti olmalı.

Bu yerdə məncə üslub məsələsinə asta bir keçid etmək olar. Belə ki, hər hansı dərman preparatının insturksiyanı tərcüməsi ilə, tutaq ki, Bodlerin şeirlərinin çevirisi arasındakı fərq üslub məsələsidir. Çünki quru, sxematik, adi informativ dərman instruksiyasından fərqli olaraq, bədii mətnə qaçınılmaz şəkildə müəllifin üslubu, intonasiyası hopur. Elə burdan həməncə keçid verib deyim ki, stilist müəlliflərin mətnlərini çevirərkən məncə məxsusi diqqət, ikiqat zəhmətə ehtiyac var. “Madam Bovari”, yaxud “Lolita” kimi romanlar təkcə məzmunun çatdırılması, mesajın ötürülməsi ilə kifayətlənib çevrilməməlidir. Çünki bu mətnlər həm də çox ciddi üslub hadisələridir.

Unutmadan demək istədiyim bir başqa məqam isə bizim tərcüməçilərin dünyaca məşhur elmi əsərlərə, nəzəri kitablara, akademik mətnlərə, tutalım, fəlsəfə ensiklopediyası, mifologiya lüğəti kimi kitablara uzaq durmasıdır. Sonuncu dəfə ötən əsrin 80-ci illərdə çıxan ədəbiyyatşünaslıq terminləri lüğətinin vəziyyətini ifadə etməyə ayrı dil lazımdır.

Və sonda. Ümid edirəm ki, gün gələcək, gecənin narahat yuxusundan oyanıb görəcəyik ki, biz də başqa-başqa dillərə çevrilmişik, Qreqor Zamza kimi yox, Frans Kafka kimi.

# 1799 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #