Kulis.Az Antonin Zqorjun "Tale ilə təkbətək" kitabından bir hissəni təqdim edir.
Söhbət o qədər qızğındır ki, həmsöhbətlər otura bilmirlər. Biri çəhrayısifətdi, açıq rəngli saçları var. Digəri qarabuğdayı, kəskin üz cizgiləri var. Hər ikisi iti nitqə malikdir. Demək olar ki, bir-birinə macal vermirlər. Otaq o qədər də böyük deyil. Böyük royal isə onsuz da kiçik olan məkanı daha da kiçildir. Onlar öfkəli aslanlar kimi ora-bura vurnuxurlar. Bəzən toqquşacaqlarını hiss edərək, qeyri-ixtiyari bir-birinə güzəştə gedirlər.
Gah italyanca, gah da almanca danışırlar. Hər ikisi gərgindi, artıq jestikulyasiya edirlər. Bəzən almanca danışığa italyan sözləri daxil olur, bəzən də əksinə, melodik italyancaya gurultulu alman kəlmələri. Kənardan gərgin mübahisə kimi görünən bu vəziyyət, əslində bəstəkar və librettoçunun dostyana müzakirəsidi.
Motsart yeni opera yazır, şair Lorentso da Ponte isə ona librettto . Beləliklə, musiqi almanca, sözlər isə italyan dilində olacaq. Burada təəccüblü heç nə yoxdur! Kimsə Vyanada belə deyib: “Əgər kimsə operaya gedirsə, əlbəttə ki, italyan operasına gedir”. Romalı, neapollu, venesiyalı “oğlanlar” Avropa musiqisində tacsız krallar kimi hökm edirlər. Bəzən çox az insan etiraz etməyə cəhd göstərir – bəlkə artıq gəlmə italyanca yerinə səhnədə ana dilimizdə musiqi səslənsin?! Lakin. Məgər ləyaqətli insanlar səhnədə plebey danışığını dinləməyə gələrmi?...
Volfqanq Amadey Motsartın 31 yaşı var. İndiyə qədər alman operası yaratmaq uğrunda uğursuz cəhdlər edib. Və qərar verib – bundan sonra mövcud nizama uymaq lazımdı. Libretto italyan dilində olacaq. Şübhəsiz!
Təəssüf ki, fikir ayrılığı var. Söhbət əsas qəhrəman Don Juandan gedir. Müəlliflərin obraza baxışları fərqlidir. Motsart sanki skripkaçının əlindəki yay kimi otaqda iti addımlar atır, qətiyyətlə etiraz edir:
- Siz Don Juanı operada yalnız publikanı əyləndirmək üçün iştirak edən təlxəyə çevirirsiniz!
Da Ponte isə coşğun temperamentə malikdir. Nitqi cəldliyi ilə fərqlənir.
- Belə də olmalıdır! Don Juan haqqında opera komik olmalıdı! Siz əyləncəli musiqi yazacaqsınız, mən isə düşündürücü mətn.
Motsart yenə də etiraz edir:
- Axı mən hamı kimi davranmağa məcbur deyiləm. Teatr həyatın özü kimi həqiqi olmalıdı! Bir az dramatik, bir az da gülməli.
- Ancaq siz, maestro, bununla şöhrətinizə məzar qazırsınız.
Ehtiyatlı olun! Birdən teatrda sizdən və məndən başqa əl çalan olmadı? Cəmiyyət əylənmək istəyir. Heç kim sizi başa düşməyəcək!
- Başa düşməyəcəklər? Mən “Don Juan” ı Praqa teatrı üçün yazıram. Çexiyada isə məni heç yerdə olmadığı kimi, başa düşdülər. Kaş görəydiniz, məni orada necə də coşğuyla qarşılamışdılar?! Siz italyanlar belə hesab edirsiniz ki, musiqini hamıdan yaxşı anlayırsınız, amma orada – Praqada hər dalandarın musiqidən başı çıxır!
- Yaxşı görək?!-Sonuncu cümlə Da Pontenin xətrinə dəydi.
- Sübut istəyirsiniz? Elə isə qulaq asın! Bir dəfə həyat yoldaşımla Praqaya gedəndə bir yeməkxananın yanında dayandıq. İliyimə qədər dondum. Şaxta buz kimi kəsirdi. Yoldaşım düşmək istəmədi, mən isə düşdüm. Hərçənd, yeməkxana o qədər də cəlbedici deyildi, amma arabaçının arxasınca getməyə qərar verdim. İçəri dolu idi. Geyimlərə baxanda o qədər də varlı olmadıqları bəlli olurdu. Buzqıranlar, arabaçılar, dülgərlər... Ali təbəqədən əsər-əlamət yox idi. Nimdaş palto geyinmiş yaşlı adam bir küncdə əyləşmiş, arfasını kökləyirdi. Köklədi və ifa etdi. Sizcə, mən nə eşitdim? Operamdan melodiya – “Fiqaronun toyu” ndan. O virtuoz deyildi, lakin hiss olunurdu ki, zövqlə ifa edir. Və qəfil yeməkxanaya sükut çökdü. Cənab, Da Ponte! Kaş görəydiniz, çexlər musiqini necə də sevirlər. Bu yırtıq geyimli ağackəsənlər, muzdlu işçilər artisti müşayiət edirdilər. Təbii ki, italyanca bilmirdilər, yalnızca ta-ta-tam deyərək oxuyurdular. Amma necə? Elə zövqlü, elə istəklə oxuyurdular ki, gözlərim yaşardı. Hiss etdirmədən arfaçalanın cibinə bir dukat basıb, oradan qaçdım. Əgər qalsaydım, sevincdən ağlayardım. Buna nə deyirsiz, dost? Mən Praqa üçün bacardığım qədər mükəmməl bir əsər yazmaq istəyirəm. Amma sözləri yaza bilmirəm.
- Oldu! Etirazım yoxdu- Da Ponte cəld bir şəkildə qəbul etdi. Siz özünüz üçün yaxşı olanı hamıdan yaxşı bilirsiniz.
Ruscadan tərcümə etdi: Nigar Həsənli