Kulis.az bölgədə - Beyləqanda yaşadığı üçün yeni nəslə imzası o qədər də tanınmayan istedadlı şair İslam Kəbirlinin seçmə şeirlərini təqdim edir.
Böyütdü sevgilər məni
Bu şəhərin ortasında,
İstilər qovurar məni.
Bir dəli sevgi ağladar,
Kim gəlib ovudar məni?
Kəpənəyi gül bağından,
Sevdiyimin sorağından,
Çiçəklərin yanağından,
Qovdular, qovdular məni…
Ürəyimdə şirin kədər,
Nələr keçdi məndən, nələr…
Böyüklər dəli dedilər,
Uşaqlar sevdilər məni…
Bu yağan yağışdı, nədi,
Dağları keçdim, bilmədim.
Mən ki, yetim böyümədim,
Böyütdü sevgilər məni….
Fələstin uşaqları
Kədəri, kini üzündə açıb içini
üzündə yandırır
Fələstin uşaqları.
Kədəri yığar qəlbinə,
Ölümdən tapmaca düzəldər,
Qəzəbdən körpə,
totuq əllərini
tapança düzəldər
Fələstin uşaqları.
Bu torpağın lalələri
Bir gör nə qədər çoxdular.
Qanlarına büründülər
Dan üzünə çıxdılar
Fələstin uşaqları.
Qaldırın dünyanı çiyinlərimə
Ağ evli, qara evli, Naqasakili,
Yaşayır qulağı o səksəkəli.
Göydə çadır buludları tikili,
Qaldırın dünyanı çiyinlərimə.
Yenə narahatdı, narahat bəşər,
Ərəb körpələri susuz mələşər.
Dünya tanklar ayağına ilişər,
Qaldırın dünyanı çiyinlərimə.
İşıqlı ömrümün bu odlu çağı
Gözüm işığıdır qarası, ağı.
Çəkərəm bu yükü, bu ağırlığı,
Qaldırın dünyanı çiyinlərimə.
Demirəm bu dünya tək ilham pərim
Odlu ürəyimdə o dərdim, sərim.
Haqqın kürsüsüdür bu çiyinlərim,
Qaldırın dünyanı çiyinlərimə.
***
Zaman atlı, biz piyada
Hey çapır kəhərlər uzaq
Bizdən uzaqdı o dəniz
Bizdən o səhərlər uzaq.
Zaman qovur biz qaçırıq
Tufanlar qoparan yerə
Göy tutub qanad açırıq
Talelər aparan yerə
Bir dəstə gül apardıqmı?
Yolumuza çıxanlara
Uzaqlardan nə gətirdik
Arxamızca baxanlara
Dünya şahmat oyunudur
Nələr düzür xanalara.
Bu dünya göz yaşı ağırlığında
İsinə bilmirəm, bilmirəm, Tanrım,
Bu payızın, qışın ağırlığında
Mən elə Bursalı Naziməm, atam,
Dərdlərim qurğuşun ağırlığında.
Mənim bu gözümdə nə qəm, ilahi
Ayrıla bilmirəm bir dəm, ilahi,
Göylər nələr çəkir bilməm, ilahi
Qanadsız bir quşun ağırlığında.
Nə gülüş, nə də bir xoş qılıqları,
Ya dənizlər, çaylar, ya balıqlardı.
Yanaqdan süzülən ayrılıqlardı,
Bu dünya göz yaşı ağırlığında.
Üzü günə qalan evlər
Üzü günə qalan evlər
Sükutdan asılan evlər
Kişilər qayıtmadı davadan
Arvadlar oyatmadı
Körpələrini...
Durub ata istəyərlər anadan
Yerdən, göydən, havadan
Üzü günə qalan evlər
Yuva sizdən yaxşıdı.
İsa çıraq yandırmışdı
Şamı əriyib qaldı.
Musa gəlin gətirmişdi
Bucağında qarıyıb qalıb.
Üzü günə qalan evin
Qapısı kiriyib qalıb
Hanı axı yiyələri bu evlərin?
Toplardan səksənən evlər,
Alovdan diksinən evlər,
Qəmdən beli sınan evlər,
Ellər, sazım, sözüm var,
Ürəyimdə dözüm var
Sizə baxa bilməyə.
Bir həsrət oda yaxıbdı,
Evlər yaman darıxıbdı.
Uçuq, sökük damlarında
Sağsağanlar qıvrıxıbdı
Barı qayıdıb gələn ola yiyələri.
Üzü günə qalan evlər
Üzü günə qalan evlər
Yuva sizdən yaxşıdı.
***
Oduna yanmağa bir adammı var,
Ya çıraq olmağa, ya şam olmağa?
Mənim quş olmağa qanadımmı var,
Mənim canımmı var adam olmağa?!...
Bircə pəncərəm yox güllər açıla,
Yoxdu çiçəklərə evim, ölməyə.
Sevib yaşamağa bir anım ola,
Bircə anım ola sevib ölməyə.
Gedirəm, azadlıq qoxusu çəkir,
Orda bir sevgi var, ya bir ölüm var.
Məni körpələrin yuxusu çəkir -
Çəkir ayaqlarımı kor qarışqalar...
Hardasan, qanıma bələnən çiçək?...
Sevgidi, ölümdü - gəlir ağlıma.
Bitsəm bu dünyada ya bir tikan tək,
Ya bir çiçək kimi ölsəm, ağlama.
Azadlıq günündə, ölüm günündə,
Bu taledi, işdi, Qarsiya Lorka!
Güllə qabağında, çiçək önündə,
Mən sənə and içdim, Qarsiya Lorka!
Gözəl işıqları göy üzü doğur
Buluddan gəlmisən, aydan gəlmisən,
Ulduzdan düşmüsən, göydən gəlmisən,
Bəlkə bu dünyaya tək sən gəlmisən,
Gəlmisən Adəmdən, Həvvadan qabaq.
Gəlmisən, arxanca insan qatarı,
Gəlmisən, arxanca taleyin, baxtın.
Baxdığın göy üzü bir pəncərəymiş,
Üzümə göylərin üzündən baxdın.
Tutub əllərini göyün üzünə,
Qərib göy üzünü gəzər analar.
Gözəl işıqları göy üzü doğur,
Gözəl uşaqları gözəl analar...
Ulduzsan, çəkilmə göyün üzündən,
Bir ağac buludsan, ağlama, kiri.
Məni baxışların çəkir, sürüyür,
Çəkir qollarımda işıq zənciri...
Qərib baxışların rəngi min cürə,
Döyür gözlərimi qırmızı, sarı.
Yoxdu bu uşağın rəhmi, İlahi,
Yoxdu bu işığın sonu, axırı?
Bəlkə unutdular göz yaşlarımı,
Bəlkə unutdular dostlar məni də?
Apardın, ay uşaq, ay işığına,
Qəribəm... Allaha göstər məni də...
Kişilər kiçilir
İlahi, İlahi şərtlər böyüyür,
Sözlər zəncirdədir, fikirlər darda.
Ağrılar böyüyür, dərdlər böyüyür,
Kişilər kiçilir yad qapılarda.
Qanından, canından ötüb keçəndə,
Özgənin sevgisi, yadın sevgisi.
Kişilər kiçilir evin içində,
Yanıb kiçiləndə qadın sevgisi...
Tamahlar çoxalır, dişlər böyüyür,
Biri kef içində, nəşə içində.
Qoyunlar çoxalır, şişlər böyüyür,
Kişilər kiçilir şüşə içində.
Sən hara gedirsən, Allah uşağı?...
Hasarlar, barılar, divarlar keçib -
Göydən yuxarısan, yerdən aşağı,
Günəşdən böyüksən, yerdən aşağı....
Dərək çiçəyini çölün, düzün də,
Boyumuz küləkdən, yeldən asılı.
Kişilər kiçilir bu yer üzündə,
Deyəsən, dünyanın boyu qısalır!
Özünə baxmadı
Gül olub düşdüm izlərə,
Bu dərələrə, düzlərə,
Ay gülüm, sevgizilərə,
Dünya bir soyuq daxmadı...
Mən ki, sel olub daşmadım,
Mən ki, quş olub uçmadım,
Ax, bu qızın göz yaşları,
Mənim üzümdən axmadı.
Mən ay oldum, mən gün olum,
Sevdim, yandım, küskün oldum,
Qarşısında güzgü oldum,
Zalım özünə baxmadı...