Türkcə danışan Hitler -TİFLİS GÜNLƏRİ

Türkcə danışan Hitler -<span style="color:red;">TİFLİS GÜNLƏRİ
11 oktyabr 2014
# 08:30

Bu günlərdə nəinki Qafqazda, hətta keçmiş postsovet məkanında ən ciddi mədəni hadisələrdən biri baş tutdu. Sentyabrın 20-dən start götürmüş Tiflis Beynəlxalq Teatr Festivalı oktyabrın 8-də öz işini başa çatdırdı. Festivalda Kulis.az ədəbiyyat portalının əməkdaşı, teatrşünas Aliyə Dadaşova da iştirak edirdi. A.Dadaşovanın tədbirlə bağlı yazıları “Tiflis günləri” rubrikasında yayımlanacaq. Rubrikanın ilk yazısını təqdim edirik.

Qafqazın Parisi

Sayca altıncı olan Tiflis Beynəlxalq Teatr festivalının proqramını xatırlatmazdan əvvəl onun ölkə üçün nə dərəcədə prioritet məsələ olduğunu vurğulamaq lazımdır. Festival 2009-cu ildən keçirilir və 77 dən artıq ölkənin qatıldığı festival Beynəlxalq Festivallar Assosiasiyasına daxildir və dünya teatr mühitində populyarlıq qazanıb artıq. Builki festivalın açılış mərasimində Gürcüstan prezidenti Georgi Marqvelaşvili və Tiflisin şəhər rəhbərliyi iştirak edib.


İki əsas bölümü olan - Beynəlxalq və Gürcüstan Showcase - festivala bu il "New market" proqramı da əlavə olunub. “New market”ə Qafqaz və Qara dəniz sahillərindən olan ölkələrin teatr kollektivləri qatılıb. Həmçinin festival çərçivəsində master-klasslar, konfranslar və sərgilər keçirilir. Azərbaycan festivala Akademik Milli Dram Teatrının “İlahi oyun” (rej. M.Mikayılov) tamaşası ilə qatılıb. Gənc Tamaşaçılar Teatrının “Müharibə” tamaşası proqramda qeyd olunsa da, gedən gendən onun göstərilməyəcəyi bəlli oldu.

Festivalın “Georgian Showcase + New market” proqramında iştirak etmək üçün dəvət olunmuş teatrşünaslar Elçin Cəfərov, Könül Əliyeva, Yuğ Teatrının direktoru Tərlan Rəsulov və mən Tiflisə üz tutmuşuq. Yolboyu Könül Tiflisin bir zamanlar Qafqazın Parisi olduğunu söyləyir, özünü teatrın mədəni mühitinə hazırlayır. Əsrin əvvəllərindəki milli maarifçiləri və bugünkü məşhur postmodern-maarifçi yazarlarımızı xatırlayıb: “Bir zamanlar nöşün? Elə mən bilən indi də elədir” - deyirəm.

Tiflis həqiqətən də, öz sadə, təbii, tarixi və ən əsası bədii görkəmilə Bakıdan çox fərqlənir. Şəhərdə hər şey – şəhərdəki heykəltəraşlıq nümunələrindən tutmuş, qraffitilərə kimi hər şey mütləq bədii dəyəri vurğulayır, ona iddia edir. Yəni, uzun sözün qısası, görünəni, gürcülər nəyin daha dəyərli olduğunu bilirlər və hər cür dəbdəbədən uzaqdırlar. Restoranlarda xorla oxuyan, rəqs edən, teatr tamaşalarında gözləri parıltılı dərinliklə dolan insanları gördükcə, pulsuz da xoşbəxt olmağı, əylənməyi bacaran qonşuyla özünü necə hiss edərsənsə elə hiss edirsən. Həqiqətən də qonaqpərvər olan gürcülər öz milli yeməkləri, tarixi və mədəniyyəti ilə fəxr edirlər. Qaldı teatrlara, klişeləri təkrarlamamaq üçün təəssüratları saxlayıb, balaca bir anons veririk. Tiflis teatrları haqda müsahibə və materialları qarşımızdakı günlərdə sizə təqdim edəcəyik. Hələlik festival haqda...

Çaxır və tamaşa

Getdiyimiz teatrların çoxunda bizi çaxır və tamaşa gözləyir. Bu, bir festival qarşılamasından çox, məşhur devizi – “çörək və tamaşa”nı yada salır. Gürcü həmkarlarımıza inansaq, doğrudan da belədir, gürcülərin tamaşaçı problemi yoxdur...

“Georgian Showcase + New market” proqramı çərçivəsində ilk baxdığımız tamaşa müasir xoreoqrafiya məktəbinin “Gravity” (“Cazibə”) tamaşası oldu. Tiko Koiavanın quruluşunda hazırlanan “Gravity” iki klounun sevgisindən bəhs edir. Siam əkizləri olan klounlar eyni qıza vurulur və bu sevgi onları ayırır. Bu sevgilə onlar yalnızlığın dəhşətini hiss edirlər. Əlbəttə bu tənhalığı, boşluğu ötürməkdə yalnız aktyorların rəqsləri deyil, Sandro Nikoladzenin bəstəsi və Levan Kvaratşxelianın dekorları iştirak edir: Dairəvi kəsikləri olan şəffaf lövhə tək qalmış qəhrəmanı həbs edib. Ayrılıq ölümcüldür. Başda sevgi yaşamağa mane olan bağlar – (bunu plastik həldə birbaşa ifadə ediblər, aktyorların qolları bir birinə bitişikdir və hər ikisinə qızla ünsiyyətə mane olur) – sonda əzab verir və klounlardan birini öldürür...

Qəhrəmanlar hisslərlə yaralandıqca aktyorlar bu yaraları, ağrıları bədənləri ilə ifadə etməlidir. Asan deyil, fiziki ağrıdan fərqli olaraq, bir yerini tutmalı deyilsən, sadəcə yaralanmış bədəni şəffaf lövhələrin arasındakı vakuuma buraxmalısan. Bu yaralar onların üzündə hər səhnədə dəyişən, dərinləşən cizgilərlə-qrimlə tamamlanır və “Gravity”nin bir sevgi yox, bir ayrılıq əhvalatı olduğunu anlayırsan. Aktyor oyunu, rəqslər mükəmməl səviyyədədir, elə kastinq də, nəinki kastinq təzim də dəqiq seçilib: təzimə çıxarkən aktyorlar öz temporitmlərinə və əhvalata sadiq qalırlar...

Onu yalnız it yerinə qoyduğu qadın başa düşürdü...

Kaxa Baxuradzenin Movement Teatrı bizi bir dünya əşya, bir dünya adam və iki qazan qaynar çaxırla qarşılayır. Əşyanı elə belə demədim, teatrın foyesi yəqin ki, köhnə rekvizitlərlə bəzənib. İçəri bizi əllərimizdəki çaxır stəkanları ilə birgə dəvət edirlər. Teatrın içində bir daha təəccüblənirik, adi, standart oturacaqlar əvəzinə əldəqayırma kürsülər görürük. Nədən iki parça dəmir və köhnə cins şalvar kürsüyə çevrilməsin? Kreativlik-filan öz yerində, amma teatrın belə jesti onun elitar olmaq kimi snob iddialarını kənara qoyması deməkdir. Movementdə pərdə də yoxdur, adından göründüyü kimi o hərəkət üzərində qurulmuş tamaşalar göstərir. Movementin festival iştirakçılarına təqdim etdiyi Kaşa Bakuradzenin “İntro” tamaşası aktyorun saksofonda musiqi ifa etməsi ilə başlayır. Bu musiqi ilə qaranlıq, tavanı hündür interyerə adaptə olunursan. Bu, canlı ifa yarıqaranlıq məkanda fərqli təsir buraxır. Sanki onun əsas məqsədi tamaşaçının qəlbində dərin yarğanlar açmaqdır, elə dərin ki, bura mümkün qədər çox sevgi yerləşsin. Bunun ardınca vokal ifası və bir “marionet əfəndinin” oxuduğu satirik mahnı və monoloq başlayır. Bunun ardınca isə rəqqas aktyorlar fəzada müxtəlif rəqslərlə tamaşaçıları heyrətləndirir. Bu sinkretik tamaşa kədər, ümidsizlik, istehza ilə boldur. Məhz bu rakursdan, (peşəkarlıq rakursundan deyil) tamaşaçıları heyrətləndirən rəqslər bəzən ağrıdan çabalama kimi görünür.

Festival iştirakçıları arasında apardığım kiçik sorğu “Georgian showcase + New market” proqramının ən yaxşı tamaşalarından birinin Keto Marcanaşvili teatrı ilə Emilia Romagna Teatro Fondazione Co-Productionun (İtaliya) birgə hazırladığı, premyerası elə festivalda keçirilən “Dəlinin qeydləri” (Qoqol) olduğunu bəlli edir. Dəlinin qeydləri inanılmaz səhnə həlli ilə bütün tamaşaçıları heyrətdə qoydu. Üç-dörd planda işlənmiş səhnəqrafiya eyni zamanda reallığı və Poprışçinin əyal dünyasını göstərir. Səhnədəki hər əşya funksional, dinamikdir. Və ən əsası bu tərtibatla, müxtəlif planlardakı işıqlanmalarla, biz Poprışçinin pozulmaqda olan beyninin qəfil işıqlanmalarını görə bilirik. Bu iki dünyanı eyni zamanda görmək bizə nə verir? Təbii ki, əsərin içində olmaq, hadisələri Poprışçinin beynindən təqdim etmək və s. Amma bu dünyaları yanaşı şəkildə təqdim etmək həm də onların ziddiyyətlərini göstərmək deməkdir və işin ən ciddi tərəfi də elə budur. Biz real dünya ilə Poprişçinin xəyallar dünyasını eyni anda görürük və bu, bizə reallığın nə qədər qəddar olduğunu, amansız olduğunu görməyə imkan verir... Bu realıq dünyası ona arzulamağın qadağan olunduğunu, onun haqqı olmadığını deyir, bu dünyadakılar əl-ələ verib onun dünyasını yıxmağa, yalan olduğunu ona döyə-döyə (dəftərxana müdirinin, psixiatr həkimin simasında) sübut etməyə çalışırlar. Poprışçin öz azad xəyal dünyası uğrunda bütün fiziki azadlıqdan məhrum olur. Onu yalnızca bir qadın - xəyallarında it yerinə qoyduğu bir qadın başa düşür. Onun dünyasını məhv etməyin nə qədər faciəvi olduğunu yalnız o dərk edir. Bir də əlbəttə ki, tamaşadan təsirlənmiş, italyanlardan və gürcülərdən ibarət yaradıcı heyəti alqışlarıyla ən azı 5 dəfə səhnəyə çağıran tamaşaçılar...

Təlxəklər nə qədər ciddidir?

“Adolf”u (rej. Levent Özdilek, müəllif Pip Utton) baxdığımız onca tamaşadan ayırıb yazmağımın sadə bir səbəbi var, tamaşa aktyor oyunu baxımından maraqlı idi, qətiyyən darıxdırıcı və yorucu deyildi və üstəlik dil baxımından (türk dilində oynanıldı) daha rahat qavranılırdı – gah tamaşaya, gah subtitrə baxıb hər ikisindən olmaq kimi problem yox idi. Hitlerin “sərsəmləmələri”ni ciddiyə almağa dəyərdi, çünki ikinci dünya müharibəsində onlarla millət bu sərsəmləmələrə son qoymaq üçün qurbanlar verdi. Avropanın illərlə yetişdirdiyi Adolf tamaşaçının qarşısında psixopat-təlxək personajında çıxırdı. Burak Sergen onu zalımlığı o saatca tanınan biri kimi yox, məhz ciddiyə almadığımız təlxək kimi təqdim edir. Siz bu təlxəyi ciddiyə almazsınız, amma o, sizi nişan alar. Burakın Adolfu zala dostyana yanaşır, gah gedib bir tamaşaçının yanında oturur, onu qardaşı bilib danışır, gah gəlib duz qarşımda onun makinaçısıyammış kimi müraciət edir. Amma bu zalla oyunun ən kulminasiya anı sülh tərəfdarlarını seçməkdir. Burak-Adolf tamaşaçıdan ağ yaylıqdan yapışıb barış tərəfdarı olub-olmadığını söyləməyi xahiş edir. Tamaşaçı utanır və “barış tərəfdarıyam” deyib mızıldanır. Onda Burak qəhrəmanının, tamaşanın əsas leytmotivini açıqlayır; mızıldanaraq tamaşaçının ağzını əyir: “Böylə barış tərəfdarı olurmu?”

Demək ki, biz ciddiyə almadıqca, biz gülüb üstündən keçdikcə, utanıb, qorxub, səsimizin tək çıxmasından üşənib susduqca, mızıldadıqca Hitlerlər yetişir, onlar daha bərk qışqırırlar. Aktyor oyununu bu leytmotivin üzərində qurub, ara-sıra səhnədən güllə səsləri eşidilir, bombardmanlar qulaqları batırır.

Müəlliflər bu səslərlə Hitlerin təbiətindəki qorxuları paralelləşdirir, onun diktator eqosunun qorxulardan gəlişdiyini və qorxa-qorxa ölümə getdiyini də göstərirlər. Biz Burakın “Demokrasi” pafosuna yalnızca gülürük. Onda Burak Sergen qapıya doğru tələsən tamaşaçıları buraxmır, ciddi-ciddi belə ağır məsələləri çözməyə çağırır. Bu dəfə isə, aktyorun cemyılmazvari stand-up tərzi hitlerləri ciddiyə almağa mane olur...

Fetişizm və teatrşünaslıq

Festivalın teatrşünaslara ayırdığı bir bölməsi “Şekspir mənim vətənimdə” mövzusunda keçirdiyi konfrans idi. Yəqin ki, bu mövzu ilə festival təşkilatçıları konfransı Şekspirin 450 illiyinə həsr ediblər. İspaniya, Qazaxıstan, Moldova, Almaniya, Fransa, Belorus və s. kimi ölkələrdən gəlmiş teatr adamları və teatrşünaslar ciddi-ciddi bu mövzu ətrafında yığışdılar. Konfransı teatrşünas İrina Qoqoberidze yüksək həssaslıqla idarə edirdi. Uzun, yorucu, statistik çıxışlar, sanki tanıyırıqmış kimi detallı, dəqiq anlatmalar məsələnin mahiyyətindən uzaqlaşırdı və bizi cəmi teatrşünaslar haqqında bəd-bəd fikirləşməyə məcbur edirdi ki... İrina xanım gözəl fransızcası ilə çıxışları mümkün qədər qısaltmağı xahiş etdi. Madam ki, məqalələri bir-birimizdən alıb oxuya bilərik, niyə qızıl kimi vaxtımızı “filan neçənci ildə filan teatrda Şekspirin filan əsəri tamaşaya qoyuldu” kimi yorucu, bu günə heç bir dəxli olmayan çıxışlarla itirək? Ümumiyyətlə, teatrşünasların teatra, teatrdakı faktlara belə fetişist münasibəti haradan qaynaqlanır? Bu özü də əla bir konfransın mövzusu ola bilər... Madam ki, ta dünyanın Avropasında belə tendensiya var...

Bu konfransın yorucu atmosferindən, peşəmiz haqda naümid fikirlərdən bizi qazax teatrşünas, alim Saniya Kabdıyeva aldı. O, qısa bir çıxışla, Şekspir əsərlərinin qazax teatrındakı tamaşalarının nümunəsində ümumiyyətlə qazax teatrının vəziyyətini, inkişaf və geriləmə faktlarını göstərə bildi. Elə bir az sonra Saniya xanımla qazax teatrının vəziyyəti haqqında söhbət edirdik. Məlum oldu ki, onlarda da, vəziyyət aşağı yuxarı eynidir. Belorusun, Ukraynadan olan teatr adamları ilə söhbətdən postsovet ölkələrinin çoxunda eyni vəziyyətin olduğu qənaətinə gələcəyəm:

qeyri-dövlət teatrları ya azdır, ya da demək olar ki, yoxdur, müstəqilliyin ilk illərindən bu yana çoxlu sayda uropatriotik, pafoslu, tarixi tamaşalar hazırlanıb. Lakin yeni inkişaf meylləri də var. Məsələn, Qazax teatrının Şekspirə münasibətdə mifik təfəkkür oyatmaq, postmodern yanaşmalar təqdim etmək kimi maraq oyadan işləri var.

Amma iki cümlə əvvəlki məsələləri postsovet məkanı kimi Gürcüstana aid etmək olmaz. Gürcü teatrı, teatr mühiti klişe də çıxsa, deməliyik ki, həqiqətən başqa məsələdir. Bu fikri inamla demək üçün bircə fakt kifayətdir: Tiflisdə onlarla zirzəmi teatrı var. Amma bu barədə ayrıca bir yazıda danışacağıq...

# 4275 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #