Məşhur tamada: “Bəyi gözümün qabağında güllələdilər”

Məşhur tamada: “Bəyi gözümün qabağında güllələdilər”
10 iyul 2014
# 08:00

Kulis.Az məşhur tamada Vaqif Yaquboğlu ilə söhbəti təqdim edir.

- İncəsənət Universitetini bitirmisiniz…

- Bəlkə lap əvvələ gedək... Adəmdən başlayaq.

- Necə ürəyiniz istəyir.

- Mən əslən Qəbələdənəm. 1948-ci ildə doğulmuşam. Amma Bakıda yaşamışıq. Uşaqlıqdan ya rejissor, ya da aktyor olmağı qarşıma məqsəd qoymuşdum. Moskvada oxumaq istəyirdim, anam imkan vermədi. Sonra Yeyinti Sənaye İnstitutunun Bakı filialında oxudum, mühəndis-texnoloq ixtisasına yiyələndim. O vaxtdan tar və gitara çalırdım. Musiqi məktəbinin tar sinfini bitirmişdim. Nazirlikdə işləyir, amma axşamlar musiqiçi kimi toya gedirdim.

- Nə əcəb icazə verirdilər? Nazirlik işçisi toyda...

- Nazir atamın xalası oğlu idi (gülür). Bir də ki, heç kəsin bundan xəbəri olmurdu.

- Onda hələ İncəsənət İnstitutuna girməmişdiniz?

- Yox, İncəsənət İnstitutuna sonradan daxil oldum. 1990-cı ildə bitirdim.

- Necə oldu ki, tamadalığı peşə kimi seçdiniz? Pul qazanmağa görə...

- Mən toya musiqiçi kimi gedən vaxtlar bizimlə aparıcılar, tamadalar da gedirdi. Onlara baxanda düşünürdüm ki, mən daha yaxşı apararam toyu. Onların düşdüyü gülünc vəziyyətə gülürdü camaat. Həm də düşünürdüm ki, musiqiçi gərək gənc olsun. Yaşlananda musiqini atmalıyam. Bir gün qərara gəldim ki, sənətimi dəyişim. Bu məqsədlə 37 yaşımda İncəsənət İnstitutuna girdim. Rəhmətlik Şahmar Ələkbərovun kursuna...

- Burda türklər demiş, çox “enteresan” bir məqam var. Aktyor olmaq üçün İncəsənət İnstitutunu oxuyanlar sonradan imkansızlıq ucbatından tamadalıq edirdilər. Siz isə tamada olmaq üçün institutuna üz tutmusunuz. Çoxları tamadalığa ikinci, üçüncü dərəcəli iş kimi baxır.

- Hətta dördüncü dərəcəli iş kimi baxanlar da var. Məni bu sahəyə gətirən Dədə Qorqud oldu. Dədə Qorqudu məclisə dəvət edərdilər, igidlərə ad qoyardı. Mən cavankən ağsaqqal olmaq istədim. Mənim haqqımda kitab da çıxıb. Orda Yaqub Məmmədov deyib ki, Vaqifin sənəti hər nədirsə xalis sənətdir. O, haqlı idi. Mənimki klassik tamadalıq deyil... Daha çox aparıcılıqdır.

Bizim tamadaların bir çoxu orta məktəb və ya universitet müəllimləridir. Bir-iki şeir əzbərləyib tamadalıq edirlər. Şeir bilməklə tamadalıq olmaz. O qədər şeir sevməyən adamlar var ki…Onları uzun-uzun şeirlə yormaq olmaz. Şeir tamadalığın kiçik komponentlərindən biridir. Ancaq təkcə şeirlə məclis aparanlar var.

- Məsələn, rəhmətlik Alqayıt…

- Alqayıt aşıq idi. Onun üslubu başqa idi.

- Hərdən özü ilə bağlı kiçik dastanlar da danışırdı. Həm də bir növ dissident idi. Çap olunmurdu o vaxtlar. Sovet hökumətinin naqis tərəflərini toylarda tənqid edirdi.

- Hə, elədir.

- Bəlkə də siz tamadalıqla bu qədər ciddi məşğul olan ilk adamsınız. Doğurdanmı bu, ciddi bir sənətdir?

- Mən hər şeyə ciddi yanaşıram. Amma aparıcılar var toyda nadinc adamların səviyyəsinə düşür. Ümumiyyətlə, toya ciddi yanaşıram. Mənim də yumorum var, amma qaydasında. Ailə qurmaq ciddi məsələdir. Heç kəs yoldan ötəni almır, yoldan ötənə qız vermir. Əgər bu belədirsə, toyu niyə əyləncəyə çevirək? Toy mədəniyyətdir. Musiqiçilərə də deyirəm, toya girəndə kəşfiyyat xarakterli ifalar edib, əsas kütlənin zövqünü öyrənmək lazımdır. Gənclərə görə toyu diskotekaya çevirmək, ya da başdan-ayağa aşıq musiqisi, xalq mahnısı və ya muğam ifa etmək olmaz. Məclisdə yaşa, savada, dünyagörüşünə, sosial mənşəyinə, üstəlik doğulduğu regiona görə zövqü müxtəlif olan insanlar var, onların hamısını ələ almağı bacarmalısan.

- Siz həm də toya uyğun şeirlər yazırsınız...

- Əlbəttə. Mənim kitabım Dədə Qorqud dastanları kimi 12 hissədən ibarətdir. Onun bir hissəsi toylar üçün yazdığım şeirlərdir.

- Toy haqqında ayrıca kitab da yazırsınız mən bilən.

- Hə, yazıram. İstəyirəm Azərbaycan toyu üçün ideal sayılacaq bir forma təqdim edim.

- Bildiyimə görə, sizdə müxtəlif toy ssenariləri var. Hər dəfə şəraitə uyğun seçib istifadə edirsiniz. Və onu da bilirəm ki, bu ssenariləri heç kəsə vermirsiniz. Deyəsən bu barədə çox qısqancsınız.

- 30 ildir ki, gecə saat 3-də, 4-də yatıram. Amma məndən hazır ssenari istəyən adam saat 10-da, 11-də kəlləni atır yerə. Öz zəhmətimi nəyə görə kiməsə peşkəş etməliyəm.

- Amma videomateriallarınızdan çırpışdırırlar...

- Çırpışdırılar, qolunu-qanadını da qırırlar. Youtubeda videolarım çoxdur. Ordan da götürürlər. Bu sonuncu toy modelini Azərbaycana mən gətirmişəm.

- Çox adam narazıdır indiki toylardan.

- Hər şey dəyişir, inkişaf edir. Toyun açılışı, bəyə-gəlinə xeyir-dua vermək, onları təqdim etmək mənim yeniliyimdir. Hə bir də mənimçün toyun finalı böyük əhəmiyyət kəsb edir. Toyun sonunda ən yaxınlar qalır. Toy qurtaranda güclü çıxış etməlisən. Toyun özünün süjeti var. Açılış, xeyir dua və final vacibdir.

- Vaqif müəllim, nə üçün bizim camaat toya bu qədər pul xərcləyir? Məsələn, müğənniyə 10 min, atəşfəşanlığa 5 min verən adamlar kinoya, teatra getmir, kitab almır.

- Bizdə qonşudan qalma dala prinsipi çox güclüdür. Biz həmişə başqasından üstün olmağa çalışırıq. Hətta qardaş da qardaşdan üstün olmağa çalışır. Toya çağıranda stolunun qiymətinin baha olması ilə öyünürlər. Məsələ budur ki, toyu harda etməyindən asılı olmayaraq, heç kəs evinə pul aparmır. Sadəcə toy sahibi qonaqların hesabına dəbdəbə yaratmağa çalışır. O da ki, borcdur, geri qaytarmalısan. Qazanan şadlıq saraylarının müdirləridir. Ona görə də bu sarayların sayı günü-gündən artır.

- Bəs bu qədər oynamaq həvəsimiz hardandır?

- Oynamaq artıq böyük bir bəladır bizim üçün. İnanın oynamaqdan ürəyi gedən kişilər, qadınlar görmüşəm.

- Ölən olmayıb?

- Olub. “Moskva” mehmanxanasında bir nəfər oynadığı yerdə yıxıldı. Götürüb apardılar, yarım saat sonra ölüm xəbəri gəldi. İçki içəndən sonra çox adam nə etdiyini bilmir. Adam var, yeyəndə doymur, yorulub dayanır.

- Mikrofonunuzu içkili adamlara verirsiniz?

- Çalışıram verməyim. Birdən mümkün olmur. Çox vaxt mikrofonu spirtlə dezinfeksiya edirəm.

- Özünüz içirsiniz?

- Yox. Toylarda qəti içmirəm. Amma evdə, dost məclislərində 50-100 qram təmiz çəkilmə araq içirəm.

- Ardıcıllarınızdan neçə nəfər ümidverici tamada var?

- “Dədə Qorqud ocağı” adlı yaradıcılıq mərkəzinin nəzdində bir illik kurs açmışam, orda istedadlı tələbələr var.

- Bu kursla özünüzə rəqib yaratmırsınız ki?

- Gündə min toy olur, mən birinə gedə bilirəm.

- Deyirlər, bahalı tamadasınız.

- Mən elə düşünmürəm. Məndən öyrənən uşaqlar ağzına gələn qiyməti deyir. Mən 300 deyəndə, onlar 1500 deyir. Dəvət gələndə əvvəlcə restoranla maraqlanıram və adamın sosial vəziyyətini müəyyən edirəm. Qiyməti də buna görə deyirəm.

- Yarımçıq qoyub getdiyiniz məclis olubmu?

- Olub. Amma sonradan pulumu göndəriblər.

- Tamadanın zülmlü anları saat neçədən başlayır?

- Yaxşı sənətkar yarım saata özünü təsdiq etməlidir. Qonaq başa düşməlidir ki, qarşısındakı kimdir. Bundan sonra asan olur. Bəzən bəy-gəlin gəlmədən qonaqlar içəri girib 2-3 şüşə içirlər və toy başlayanda “hazır” olurlar. Bu vaxt aparıcılıq çox çətinləşir. Belə olanda bazburutlu bir adam götürürəm yanıma ki, mənə kömək eləsin.

- Bəzən də hamı danışmaq istəyir...

- Hə... Bir dəfə bir nazir müavinin oğlunun toyunu aparıram. Məşədi İbad demiş, “obrazavonski” biri gəldi ki, toy sahibinin yaxınıyam, mənə söz verin. Söz verdim. Məclisdə də nazirlər, müavinləri oturub. Bu da söz verən kimi başladı, nə başladı. Nazir müavininə dedi ki, yadındadı kənddə Güllü xalanın hinindən yumurta oğurladıq?” (Gülür).

- Maraqlı danışıb ki…

- Toy sahibi gəldi ki, bunu birtəhər yola ver. Başa düşdüm ki, özbaşına hər adama söz vermək olmaz.

- Toyda dava düşəndə nə edirsiniz?

- Mənim toylarımda, demək olar ki, dava olmur.

- 50 ilə yaxındır toylardasınız, heç dava görməmisiniz?

- Görmüşəm, əlbəttə. Hətta atışmalar görmüşəm. Tüfənglər, tapançalar atılıb, bəyin atasını balta ilə vurublar. Bizi mağarın arxasından qaçırıblar. Gözümün qabağında, toy başlamamış bəyi tapança ilə vurub öldürüblər.

- Doğrudan? Harda?

- Maştağada. Biz gəldik, yeməyimizi yedik. Mağar hazırlanır, camaatın gəlməyini gözləyirik. Mağarın qabağında da bəy öz dostları ilə siqaret çəkir. Qəfil bir maşın gəldi, dayandı. Bir nəfər düşüb bəyin alnına üç güllə sıxdı və maşına əyləşib getdi. Aləm dəydi bir-birinə. Sən demə bəyin qardaşı, qatilin qardaşını öldürüb, həbsdədir. Qarşı tərəf məqam gözləyirmiş.

- Hansı müğənnilər yaxşıdır toyda? Hansından zəhləniz gedir? Məncə Səməd Səmədovdan acığınız gələr. Çünki o, toyu özü aparır, tamada istəmir.

- Yox, ondan zəhləm getmir. Səməd yaxşı oğlandır. Səmədi Səməd edən mən olmuşam. Ona çox köməyim dəyib.

- Azərbaycan dilində çətin danışır, toyu necə aparır bəs?

- Sovet vaxtında heç danışa bilmirdi. Aşqabadda doğulub. Amma çox xeyirxah adamdır. Toydan çıxanda qapıçılara, mühafizəçilər pul paylayar.

- Toy müğənniliyi çətindir. Elə adam var ki, səhnədə yüksək səviyyədə çıxış edir, toyu bacarmır. Sizin üçün ən rahat müğənni kimdir?

- Təzə-təzə tamada gedəndə bəzi üzdə olan xalq artistləri, əməkdar artistlər saymazlıq edirdilər məclisdə. Çoxları ilə küsülü olmuşam. Məsələn, Aftandillə yola getməmişəm.

- Niyə yola getməmisiniz?

- Aftandil populyar idi, mən yox. İkimizi də toy yiyəsi aparmışdı. Hərdən gəlib mənə deyirdi ki, qısa elə. Dedim, sən çalanda qısa elə deyirəm? Onsuz da uzun danışan deyildim. Aftandilə dedim bir də mənə mane olma. Əhvalat bir də təkrar olunanda mikrofonu qoyub çıxdım. Toy yiyəsi zorla geri qaytardı məni. Aftandilə dedi ki, siz Vaqif müəllimə tabesiniz. Vaqif müəllim nə desə odur! Ondan sonra dörd il danışmadıq. Bir toyda isə Aftandil qolumdan tutdu, üzümdən öpdü və yanında otuzdurdu. Bununla da barışdıq.

- Bir müğənni seçməli olsanız kimi seçərsiniz?

- Mən İlqar Muradova, Flora Kərimovaya, Teymur Əmraha qulaq asıram. Hüseynağa Hadiyevə qulaq asıram. Flora toy apara bilsə onu seçərdim.

- İndi ağsaqqalı da eşitmirlər toyda...

- Bəzən ağsaqqallar özləri narahatlıq yaradır. Toyların birində belə bir ağsaqqala mikrafonla dedim ki,

Ağsaqqal özünü qoyma uşaq yerinə

Vedrə bağlayarlar yumşaq yerinə.

Mən risk edən adamam! Mənim kimi riskli tamada yoxdur. O sözdən sonra oğlanları gəlib apardı adamı.

- Şəxsən mən Bakı toylarını boykot etmişəm, getmirəm. Azərbaycan toylarından razı qalan bir nəfər də olsun ziyalı yoxdur. Amma yenə hamı başqalarını təkrar edir.

- Bir dostumla hər gün eyni yerə gedirdik. Yola bir kubik düşmüşdü. “Monte Karlo” şadlıq sarayı tərəfdə. Hamı gəlib kubikə çatır, yanından keçib gedir. Dostumla üç gün ordan keçdik və hər dəfə deyinirdi ki, bir köpəyoğu düşüb götürmür. Dördüncü gün deyinəndə dedim, köpəyoğu sən, düş götür. Güldü. Düşdü və götürdü. Biz gözləyirik ki, bunu kimsə eləsin, amma özümüz etmirik.

Şərif Ağayar, Cəlil Cavanşir

# 12720 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #