Afaq Bəşirqızı: “Eynşteynə nifrət edirəm” MÜSAHİBƏ

Afaq Bəşirqızı: “Eynşteynə nifrət edirəm” MÜSAHİBƏ
12 oktyabr 2013
# 07:30

Sadəcə adının çəkilməsi ilə artıq maraq oyadan, bütün nəsilləri tanıdığı, sevilən bir aktrisa ilə müsahibəni təqdim edirik. Kulis.az-ın suallarını Xalq Artisti Afaq Bəşirqızı cavablandırır.

- Afaq xanım, Musiqili Teatr nə zaman açılacaq?

- Teatrın rəsmi açılışı martda olacaq. Qala konsert olacaq. Sadıq Şendilin “Yeddi ərli Hörmüz” müzikli təqdim olunacaq. O tamaşada və “Xanuma” tamaşasında oynayacağam. Buna hazırlaşırıq.

- Bəs, yaradıcısı və rəhbəri olduğunuz “Bəşir” teatrı fəaliyyət göstərirmi?

- “Bəşir” teatrının işləri mənim səhhətimlə əlaqədar təxirə düşürdü. İndi xarici ölkələrə dəvətim var. İşə başlayacağıq.

- “Afaq gülür-güldürür” adlı komik səhnəciklər toplusu çəkirdiniz. İndi yoxdu. Daha gülüb-güldürmürsünüz?

- O layihə 8 hissə çəkildi. Reytinqi də yaxşı idi, prokatdan gəlir də gəlirdi. Sonra Space-in rəhbərliyi ilə aramızda problem oldu. Mən söz götürən adam deyiləm. Elə bir söhbət oldu ki, getməli oldum.

- Axundovun pyesi əsasında hazırlanan “Kimyagər” tamaşanızda oldum. Tamaşa zamanı yanımda əyləşən, sizi sevən tamaşaçılar narazı idi. Onlar sanki nə isə başqa bir şey istəyirdi. Bugünkü tamaşaçını nə qədər tanıyırsınız? Sizcə, onlar nə istəyir?

- Çox təəssüf ki, tamaşaçının zövqü korlanıb. Mən tamaşaçının dalınca gedə bilmərəm. “Kimyagər” festival tamaşası idi. Orada Molla İbrahimxəlil kimyagəri oynayırdım. Sondakı monoloqu özüm yazmışdım, bunu rejissorla razılaşdırmışdıq. Sonda deyirdim: “Mən sizə deyirəm ki, mən bacarmaram, amma siz məni məcbur edirsiniz. Madam ki, siz istəyirsiniz, eybi yoxdur, gətirin pullarınızı sizi aldadım”. Mənim oynadığım kimyagərin kişi və ya qadın olması məlum deyil. Həm də mən Molla İbrahim Xəlili böyük bir şəxsiyyətə nifrətimdən yaratmışam. Fikir vermisinizsə, onun xarici görünüşü Eynşteynə oxşayır. Mən Eynşteynə nifrət edirəm.

- Eynşteynin Mola İbrahimxəlilə nə əlaqəsi? Və niyə onu sevmirsiniz?

- Atomu yaratdığına görə. O deyir ki, mən atom ixtira edib, vaxtilə mənə yuxarıdan aşağı baxanların əlinə onun zərrəciklərini ölüm hökmü kimi verdim. Onlar adi insan ola bilməz, yəqin ki, bir dövlətin rəhbəri olublar. İndi də baxırsınız ki, kimyəvi silahdan istifadə olunur... Deməli, bu adam ona bir az tərs baxan adamlardan intiqam almaq üçün atomu yaradıb.

- Bəlkə o, vəzifəli, imtiyazlı adamların təsiri ilə hərəkət etməli olub?

- Qızım, kiminsə intiqamını bəşəriyyətdən almazlar. Eynşteynin ixtirası bəşəri bir bəladır.

- Eynşteyn məşhur fizikdir, Nisbilik nəzəriyyəsinin banisidir. Onun dünyaya etdiklərinin pis və ya yaxşı olmasından asılı olmayaraq çox böyük işlərdir.

Afaq xanım, Siz ölkədə ən məşhur, ən sevilən bir aktrisasınız. Bu məşhurluqdan, sevgidən dolayı özünüzün cəmiyyətə hər hansı təsir gücünü, onun məsuliyyətini hiss edirsiniz?

- O məsuliyyəti həmişə hiss etmişəm və təsir etməyə həmişə çalışmışam. Buna görə mənə “Robertina Sturua” deyirlər. Bilirsiniz, Robert Sturua (gürcü teatr rejissoru) Şekspirin “On ikinci gecə” pyesini hazırlayanda finala “İsanın zühuru” səhnəsini əlavə etmişdi və gözəl alınmışdı. Mən də hər tamaşamda bir problemə, məni düşündürən, narahat edən bir problemə bir cümlə ilə də olsa, bir baxışla da olsa vurğu etməyi özümə borc bilirəm. “Şəhərdə manyak var” tamaşasında məsələn. Və ya “Yeddi məhbusə anası”nda özümün monoloqumda ifadə etdim.

- Bu gün teatr cəmiyyətə toxuna bilir?

- Bəlkə hansısa teatrın elə tamaşaları var ki, o cəmiyyətə toxuna bilir? Mən deyə bilmərəm. Toxunursa, da azlıq təşkil edir.

- Niyə?

- Cəmiyyətin hansısa problemini bədii cəhətdən yetişdirə bilən, onu hazırlamağı bacaran ürəkli adamın, oynayan aktyor potensialının olmamasından irəli gəlir.

- Jurnalistləri bəzən şouya qaçmaqda, həssas başlıqlarla oxucu cəlb etməkdə qınayırlar. Amma çox sevilən komediya aktyorları da tamaşa zamanı improvizə-replikalar edir və bunu kütlənin münasibətini nəzərdə tutub edir.

- Biz o improvizələri məşq vaxtı edirik. Hətta stolarxası məşqlərdə bu artıq bəli olur. Bu improvizə partnyordan, hadisədən, şəraitdən və ya obrazdan asılıdır. Rejissorla da, partnyorla da razılaşdırılır. Amma bu improvizəni də hər aktyor edə bilmir. Bu, bir istedaddır.

Biz bunu edirik və inanırıq ki, şirin alınır. Bir də var bədahətən improvizə. Bədahətən improvizə vergi kimi bir şeydi. Aktyor zalda və ya səhnədə olan bir hadisəyə atmaca ata bilər. Bu, yerində olmalıdı. Tamaşaçı ilə vəhdətdə, münasibətdə olmaq çox yaxşı şeydi. Sən tamaşaçını darıxmağa qoymamalısan. Tamaşaçı özünün də aktyor tərəfindən sevildiyini hiss edəndə sevinir. Həm də bu çox nadir hallarda ola bilər.

Amma siz jurnalistlərdə vəziyyət başqadır. Qlobal problem qalır bir tərəfdə, bəlkə də lazım olmayan, balaca bir şeyi qabardırlar. Bəlkə onun üstündən keçmək lazımdı? Ona görə ki, o hadisənin tərbiyəvi əhəmiyyətindən söhbət gedir - bizim sabahımız var, uşaqlarımız var. Nəhayət, ona görə ki, bizim xalq kimi savadımızdan, səviyyəmizdən söhbət gedir.

Bəzi jurnalistlər mənə elə sual verəndə onlara belə cavab verirəm: “Sən məni sarı bulvar qəzetində danışan və ya kiminsə dalınca söylənən görmüsən ki, bu sualı verirsən?”

- İşinizlə bağlı sizi qıcıq edən nədir?

- Yox, nə kimsə məni küçədə “A Söylü” çağırır, nə “Zəhra xalaqızı nətəəərsən?” deyir. Həmişə mənə böyük hörmətlə “Afaq xanım”, “Böyük sənətkarımız” deyib, müraciət edirlər. Bunu qazandığım üçün özümü sevirəm. Mən özümü qiymətləndirməyi bacarıram. Mən özüm öz qiymətimi bilməsəm, ətrafdakılar mənə necə yanaşarlar? Mən özümə hörmət edirəm və ətrafdakılar da mənə o prizmadan yanaşır. Hər bir insanın xoşbəxtliyi özün kənarda görə bilməsidir. Mən özümü görə bilirəm. Məncə, ən ağır xəstəlik o qədər bədbəxtlik gətirmir, nəinki adamın özünü, öz nöqsanını görə bilməməsi. Heç hamının yanında da yox, özlüyündə.

- Sizin bildiyiniz nöqsanlarınız hansılardır?

- Səbirsizliyimi, çılğınlığımı özümə böyük nöqsan bilirəm. Bunlara görə həyatda çox uduzmuşam. Bir də bilirsiniz, mən etdikdən sonra heyfslənməyi və ya heyfslənib boynuma ağlamağı sevmirəm. Mən etdimsə bunu danışmıram. Mən bununla qürur duyuram ki, uduzdum, zərbə aldım, amma kişi kimi sözümün üstündə durdum, sonadək getdim. Amma tərəf müqabilim bunu etmək iqtidarında olmadı. Mən həmişə istəmişəm ki, o öz heçliyini özü hiss etsin. Bəzən bunu baxışlarımla etmişəm. Mən peşman olsam belə heyfslənmirəm, hefslənsəm belə, bildirmirəm. Yaltaqlığı sevmirəm. Minnətdarlığı yerində bacarıram.

- Teatr binaları təmir olunur. Amma aktyorlar əsl diqqətdən - sənətlərinə layiq olan diqqətin olmamasından danışırlar.

- Mən sənət adamıyam. Moskva ilə işbirliyim olur, xarici ölkələri də çox gəzirəm, qastrollarda da oluram. Gəzdiyim yerlərin teatr həyatı ilə maraqlanıram. Brodvey teatrında da olmuşam. Və məşhur xarici teatrlardan xəbərim var. Hər yerdə qənimət, istismar birinci yerdədir. Mənim üzgörənlikdən, yaltaqlıqdan acığım gəlir. Gördüyünü deyənəm. Deyə bilməyəndə susuram. Heç bir xarici ölkədə Azərbaycandakı qədər incəsənət adamlarına qayğı göstərilmir. Həm də əhalinin çoxluğu önəmlidir. Lap Rusiyanı götürək. Azərbaycandan fərqli olaraq gün ərzində Rusiyaya 2 milyon adam gedib gəlir.

Əhalinin çoxluğu zövqlərin rəngarəngliyi deməkdir. Bu mədəniyyətə də, iqtisadiyyata da sərfəlidir. Heç ölkəyə gedib-gələnləri demirəm, elə daimi sakinlərin zövqü, istiqaməti fərqlidir- biri operaya baxmaq istəyir, biri Satira teatrına, biri Kalyagin teatrına getmək istəyir... Yəni, bizdən fərqli olaraq əhali çoxdur. Bir də, teatr sahəsində Rusiya və Gürcüstan həmişə udur. Çünki bu xalqlar teatra daha çox meyllidirlər.

Sizin suala bir cavab tapmaq çox asandır. Deyərəm ki belədir, filandır. Amma axı mən özüm bu qayğını görürəm - Xalq artistlərinə hər ay təqaüd var, prezident mükafatı var və s. Maaşlar cüzidi, bu düzdür. Biz müharibə aparan ölkəyik və bu qədər imtiyazlar var. Siz özünüz dediniz ki, teatr binaları təmir olunur. Təsəvvür edin ki, Musiqili Komediya Teatrının binası mini “La Skala”dı. Hər şey çox gözəldir. Təmir, başqa yerlərdə tamaşalar oynamaq aktyor yaradıcılığına maneə olur. Təmirdən sonra o sürəti yenə götürməliyik. Bunun üçün də düzgün repertuar seçimi olmalıdır.

- Repertuar müəyyənləşibmi, ondan razısız?

- Çox təəssüf ki, bizdə bu gün rejissor və dramaturq qıtlığı problemimiz var. Var amma azdır. Teatr üçün beş ilik repertuar konsepsiyası hazırlanmalıdır. Əslində baş rejissor etməlidir, amma direktor Əliqismət Lalayev bu konsepsiyanı işləyib.

İş bir az yüngülləşdi, ona görə ki, teatrın adı dəyişilib Musiqili Teatr oldu. İndi burada opera da, müzikl də oynamaq olar. Klassikadan da, müasirlərdən də nə istəsələr oynamaq olar. Əsas məsələ hər kəsin öz düzgün yerində oturmasındadır. Rejissordan, baş rejissordan aktyorun taleyi asılıdır. Zər zərgər əlinə düşməlidir, vay o gündən ki nalbənd əlinə düşə.

- İçinizdə böyütdüyünüz, oynamaq istədiyiniz bir obraz varmı?

- Var. bunu ilk dəfə sizin sayta danışıram. Allah rəhmət eləsin, Vaqif İbrahimoğlu, mən, yazıçı Afaq Məsud bir yerdə idik. Afaq xanımla orada Vaqif İbrahimoğlunun vasitəsilə tanış oldum. Afaq çox böyük yazıçıdır, şəxsiyyətdir, onun əsərlərini oxuyanda özümü yerlə göy arasında hiss edirəm. Birdən Vaqif İbrahimoğlu ona qayıtdı ki, Afaq üçün bir şey yaz. O da dedi ki, məmnuniyyətlə. Söhbət etdik, o soruşdu ki, Afaq xanım nə istəyirsən? Dedim ki, aktrisanın taleyindən olsun. Bu, həm aktrisadı, həm də xadimdi. Teatrın içində çox qayğıkeş bir adamdı, hamının dadına yetir. Amma onu görmürlər, ya görmək istəmirlərmi, bilinmir. Bir növ Fellininin “Yol” filmində Mazinanın qəhrəmanı kimi. Özünü daim yersiz hiss edir. və bu aktrisa nəyi varsa atıb gedir və vağzalda bomja rast gəlir...

Bu əsər yazıldı. Bunu Vaqif İbrahimoğlu hazırlamalı idi. Mənim “Bəşir” teatrının işləri ilə əlaqədar qastrollarım başladı. Onda Vaqif İbrahimoğlu onu götürüb Azdramaya verdi. Teatrın rəhbərliyi də dedi ki, öz rejissorumuz olmalıdı - rejissor çağırıldı, o rejissor da o rolda məni görmədi, başqa aktrisa dəvət olundu. O tamaşa hazırlandı -“Qatarın altına atılmış qadın”. Əslində əsərin adı “Yol üstə” idi. Afaq onu dəyişdi, məzmunda dəyişikliklər etdi və orada oynanıldı. İndi ən böyük arzum Musiqili Teatrda dostum Əliqismət Lalayevlə o əsəri hazırlamaqdır. O əsər mənim canımla, qanımla yoğrulub.

- Afaq xanım, filmlərə dəvət alırsınızmı?

- Yox, sonuncu dəfə 4 il əvvəl Eldar Quliyevin “Girov” filmində epizoda çəkilmişəm. Eldar kimi rejissorun filmində epizodik oynamaq da baş rol kimidir.

- Bəs seriallara?

- Çox istərdim çəkiləm. Amma vaxtım da məhduddur. Teatrın açılışına mənim üçün iki tamaşa hazırlanacaq, işim çoxdu. Seriallara imkan olanda baxıram. Rövşən İsaxın (“Pərvanələrin rəqsi”-red) serialı xoşuma gəldi...

# 9183 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #