Bu teatrın aktyorları 13 ildir fəxri ad gözləyir

Bu teatrın aktyorları 13 ildir fəxri ad gözləyir
24 oktyabr 2013
# 14:39

Ağlımız kəsəndən pəncərənin tərləmiş şüşəsinə, açıq dizimizin üstünə qaş-göz, ağız-burun çəkirik. Oyuncaqlarımızdan biri mütləq kukla olur. Bəlkə ona görədir ki, insan adlı məxluq özü ilə darıxır, hər yerdə o xoşbəxtlik təsəllisi olan naməlum adamı axtarır? İlk kuklalar insanların inandığı bütlər deyildimi? Bu sualları qarşıdan gələn ayda paytaxtda keçiriləcək Kukla teatrları festivalında alimlər, teatrşünaslar cavablandırsa daha maraqlı olar, sanıram.

Mənsə sizə kimdən deyim, hardan danışım, A.Şaiq adına Kukla Teatrından. Bulvarın səfalı bir yerində qərar tutan Kukla Teatrı əsasən uşaq tamaşaçıları hədəfə alıb. Repertuarında da müxtəlif xalqların nağılları əsasında hazırlanan uşaq tamaşaları var. Uşaqlara həyat haqda həqiqəti birdən demək çətindi. Məsələn, necə deyəsən ki, bu döyüşdü əzilən, əzən var? Sizin maraqla öyrəndiyiniz həyatdan bezən var? Demək çətindi. Odur ki, həyat onlara öz pisliklərini göstərənə kimi biz onlara ordan-burdan: turpdan- soğandan, qoğaldan-tülküdən, itdən- pişikdən, dovşandan- canavardan nağıl danışırıq ki, həyatı tam görəndə birdən travma almasınlar...

Bu fikirlərlə gəlib Kukla Teatrına çatırıq. Aktrisa Tamilla Bünyatova ilə əvvəldən vədələşmişik.

Kukla Teatrında stolarxası məşqlər gedir. Balacalar üçün yeni “Məlikməmməd” tamaşası hazırlanır. Aktyorların “Çitka” dediyi mətn üzərində stolarxası məşqlərdən sonra tamaşa üçün məxsusi olaraq Qax Kukla Teatrından dəvət olunmuş rejissor Yusif Əddürrəhmanov və aktyorlar aşağı - rəssam otağına düşürlər.

“Kuklalar işləndikcə köhnəldiyi üçün onlara yeni quruluş veririk”- deyə Tamilla Bünyatova izah edir. Rəssam otağında artıq dörd kukla hazırdır - Məlikməmməd, Div, Gözəl qız və Simurq quşu. Kuklalar nəzərdən keçirilir. Sən demə, məsələ göründüyü qədər sadə deyil. Məsələn, Məlikməmməd Simurq quşunun üstünə necə oturacaq? Onlar bunu çözərkən, aktyor Rəhmən Rəhmanov öz Divi ilə tanış olur. Bu kukla tamaşasının hazırlanmasında ən vacib məqamlardandı. Aktyorlar oynatdıqları kuklanı sevməlidir ki, o, canlılıq qazana bilsin. Kənarda dayanıb aktyorların öz kuklaları ilə tanış olmalarına baxıram...

“Biz sənətkarıq. Kim ki, bizimlə deyil, əvvəl-axır qarşımızda poza verir”

Bu kuklalar hasil olanadək bir neçə mərhələdən, əldən keçirlər. Əvvəlcə rəssam eskizləri çəkir. Bu eskizlər əsasında heykəltəraşın plastilindən hazırladığı kuklalar sonra gipsə köçürülür. Daha sonra kağız və yapışqan məmulatdan yüngül çəkili kuklalar hazırlanır. Buna papye-kaşe deyirlər.

Teatrın baş rəssamı Lətifə Quluzadə daha ətraflı izah edir:

“Kuklanın bir neçə növü var: Rapid kuklalar aşağıdan idarə olunan kuklalardır, parket kuklalarsa (ona döşəmə kukla da deyirlər) elədir ki, aktyorlar kuklaların əlini öz əllərinə əlcək kimi geyinir, onu oynadaraq özləri kuklanın arxasında gizlənirlər.

Elə tamaşa var ki, ora çox da əl-qol hərəkəti olmayan kuklalar lazım olur. Elə kuklalar var ki, gözləri oynamalıdır. Bizdə Cırtdan gah səhnənin sağından, gah solundan görünür. Aktyora bu məsafəni fırlanıb keçmək uzun başa gəlir. Ona görə bir neçə nüsxə kukla hazırlayırıq ki, gecikmə olmasın”.

Hazırlanma prosesini əyani görmək üçün butafor sexinə keçirik. Teatrın aparıcı aktrisası, truppa müdiri Tamilla Bünyatova rapid kuklalara nümunə kimi gürcülərin hazırladığı Karlsonu göstərir.

Butafor sexində heykəltəraş Emin Əbdürəhimov plastilindən hazırladığı padşah kəlləsini demək olar ki tamamlayıb. Stolun üstündə balaca bir qeyd oxuyuruq: “Biz sənətkarıq. Kim ki, bizimlə deyil, əvvəl-axır qarşımızda poza verir”. Həqiqətən bir sənətkarın həyat tezisi olacaq fikirdir.

Emin işləyə-işləyə prosesi izah edir: “Gips tökərək bu heykəlciyin surətini cıxarırıq. Kağız və yapışqandan yəni, papye-maşe adlanan materialdan kukla hazırlanır”.

Proses uzundu. Nəticəsə elə olmalıdı ki, bu cansız məxluqlar tamaşaçının enerjisini tükəndirməsin, əksinə...

Obrazla həyat arasında əlaqə

Tamilla xanım 37 ildir ki, Kukla Teatrında aktrisa işləyir. Hərçənd universitetin kino-dram aktyorluğu fakültəsini bitirib. Özünün dediyinə görə, kino dram sahəsinə həm də ona görə istəmir ki, xarici görünüşü ilə bağlı kompleksləri var: “Elə bilirəm ki, kifirəm, xarici görünüşümü gözəl saymıram. Həm də məşhurluq da bir şey deyil, hara getsən, diqqət səndədi. Amma belə, sakitcə gəzə bilərsən küçədə, olsa-olsa Kukla Teatrının daimi tamaşaçıları tanıyar.

- Tamilla xanım, indiyədək təxminən neçə kukla oynatmısız?

- Oooo... çox. Heç olmasa yüzdən artıqdı. Ən çox tülkü rolunu oynamışam. Elə hansı tamaşada tülkü var, o saat məni çağırırlar. Özümdə tülkülük yoxdur a... (gülür). Bir də, kişi kuklaları daha çox səsləndirmişəm, oynatmışam. Kuklaçı aktyorun özəlliyi odur ki, gərək elə etsin ki, tamaşaçı elə bilsin danışan doğrudan da kukladı, kuklanın arxasındakı aktyor deyil. Məşq edəndə güzgünün qarşısında edirik ki, onun hərəkətlərini güzgüdən görək, tənzimləyək.

- Oynadığınız tülküləri fərqləndirə bilirsiniz?

- Ümumi cəhət hiyləgərlikdi. Amma danışıqda fərqləndirmək olar. Uşaqlar mənim tülkümü sevmir. “Cik-cik” tamaşasında özləri məni ifşa etmək istəyir.

- Kuklalar cansızdı. Amma adama qəribə xof ötürürlər. Mistik bir hadisə yaşamamısınız?

- Mən realist adamam. Kukla hazırlanır, ona baxıb onun necə danışa biləcəyini düşünürəm.

- Rəssam Lətifə xanım kuklaları göstərəndə ordakı Əzraillə şəkil çəkdirmək istəmədi. Belə inanclarınız var?

- Yox, mən fikir vermirəm. Amma bilirsiniz, bizim aktyorumuz var idi - Həsənağa Hüseynov - bir telefilmə çəkilmişdi. O filmdə onun bir yeri var idi – ölürdü - mafəni qoyub onu ağlayırdılar. İki il keçmədi o, rəhmətə getdi və oynadığı səhnələri bu dəfə gerçəkdən gördük. Məncə, bu mistikadı. Yəqin ki, oynadığın obrazla həyat arasında əlaqə var.

Ələkbərin yerini kim verir?

- Tamilla xanım, ən yaxşı, baxılan tamaşalar hansıdı?

- Hamısı yaxşıdı. Nizami Gəncəvinin əsəri əsasında rəhmətlik Rəhman Əlizadənin hazırladığı “Xeyir və Şər” tamaşası var - iki aktyor 17 kukla ilə oynayırdı. Uşaqlar çox maraqla baxırdı. Ümumiyyətlə, kukla tamaşasında danışıq az olsa, yaxşıdı. Musiqi və hərəkət çox olanda, uşaqlar darıxmır.

- Teatrda işləmək həmişə yaradıcılıqdı, yoxsa vərdişdi?

- Hər tamaşanı oynayanda həzz alıram desəm, yalan olar. Həsənağadan, Ələkbərdən sonra mən tərəf müqabili sarıdan problem yaşayıram. Onlarla işləmək bir başqa kef idi.

- Heç teatrdan getmək istəmisiz?

- Olub bir dəfə. Amma getməmişəm. İncimişdim. Daxili məsələlər idi. Deyirlər, əvəzolunmaz aktyor yoxdu. Var. Ələkbərin yerini kim verir? Həsənağanın yerini kim verir?

13 ildir, 2000-ci ildən bu günədək bizim teatrdan kimsəyə fəxri ad vermirlər. Bu il mənə prezident mükafatı verildi. Amma fəxri ad məsələsi yoxdu. Bütün teatrlara verildi, bizə yox. Axı, mənim zəhmətim o rəhmətliklərlə bir idi?

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #