“Erotik roman yazmaq üçün bakirə olmamalısan”

“Erotik roman yazmaq üçün bakirə olmamalısan”
19 mart 2013
# 08:30

Dünyada erotizm dalğası baş qaldırmaqdadır. Xüsusən qadın yazıçılar erotik roman yazırlar. Naşirlər də əllərində şam “bestseller” yaza bilən həmin qadın yazıçıları axtarmaqdadır. Ədəbi dəyəri heç kimin vecinə deyil. Əsas olan satış və kitabın bir nəfəsə oxunmasıdır. Erotik ədəbiyyatın hazırda ən parlaq simalarından biri də Silviya Deydir. “Crossfire” adlı üçlüyə daxil olan - “Sənə soyundum”, “Səndə əksimi tapdım” və “Sənə bağlandım” kitabları satış rekordları qıraraq Deyi sözün əsl mənasında milyoner edib. Türkiyənin məşhur köşə yazarı Ayşe Arman Los-Ancelesə gedərək məşhur yazıçıdan müsahibə alıb.

Silviya Dey – 1973-cü ildə ABŞ-da doğulub. Uzun müddət amerikan ordusunda kəşfiyyatçı işləyib. Sonra məşhur “Crossfire” seriyasını yazıb. Təkcə Amerikada 6 milyon ədəd kitabı satılıb. Əsərləri otuz doqquzdan çox dilə çevrilib. İndiyədək kitablarından 6 milyon dollar qazanıb. Hazırda otuzuncu əsərini yazır.

- Uzun müddət orduda kəşfiyyatçı işləyən qadın indi yüksək tirajlı erotik əsərlər yazır. Hardan hara...

- Mən içində erotizm olmayan kitabları sevmirəm. Darıxdırıcı gəlir mənə. Sevgi və seks oxumağı xoşlayıram. Oxumaq istədiyim əsərləri yazıram.

- Ona görə qəhrəmanlarınız əsasən sevişməyi xoşlayan qadınlardır?

- Sevişməyi sevməyən adam var görəsən? Mən azad qadınam. Daxilimdəki səsi dinləyirəm. Heç nədən çəkinmirəm, istədiyimi, hisslərimi rahatca yazıram. Romanlarımın qəhrəmanları da mənim kimidir. Hislərinin arxasınca gedirlər. Güclüdürlər. Bu qadınlar və kişilər sevişməyi sevirlər. İnsanların yataqdakı vəziyyətlərini yazmaqda problem görmürəm.

- Yəni əslində əsərlərinizin bir missiyası var...

- Əlbəttə. “İstədiyinin arxasınca get. Qorxma. Hislərini – həmçinin seksual istəklərini – büruzə verməkdən çəkinmə. Bunda utanılası bir şey yoxdur!” – qəhrəmanlarım, bax, bu mesajları verirlər. Seksi sevmək ədəbsizlik deyil. Biz qadınlara həmişə başqa şeylər öyrədilir amma. İstəklərimizi gizlətməyi istəyirlər. Mən buna qarşıyam. Əvvəllər əksər əsərlərin baş qəhrəmanları kişilər idi, qadınlar köməkçi obrazlardı. Son 10-15 ildə hər şey qadınların xeyrinə dəyişib. “Sən daha yaxşı sevişən və düzgün bir kişiyə layiqsən” mesajını verirəm.

“Kitablarımı evdə tək qalmağıma borcluyam”

- Yazmağa necə başladınız?

- Ordudan çıxandan sonra həyat yoldaşımla tanış oldum, evləndik. Əvvəl oğlum, sonra qızım dünyaya gəldi. Evdə boş oturmaqdan bezdim, yazmağa başladım. Nəticə də ortadadır – 30-cu kitabım yoldadır...

- Necə ailədə böyümüsünüz?

- Yumuq gözlərimdən də bəlli olduğu kimi yapon-amerikan qarışığıyam. Yəni anam yapon, atam amerikandır.

- Necə tanış olublar?

- Atam çox macərapərəstdir. Fərqli yerlərə getmək, fərqli dillərdə danışmaq üçün ürəyi gedir. 42 il əvvəl Yaponiyada ingilis dili müəllimliyinə başlayıb. Anamla tanış olub. Vurulub mənim gözəl tibb bacısı anama. Anamın da arzusu Amerikaya “qırmaq” atmaq olub. Mənə hamilə qalıb, viza alıb Amerikaya gəliblər. Burda doğulmuşam.

- Hələ də evlidirlər?

- Heç evləniblər ki? Mən doğulandan sonra sevgi də bitir. Atam yenə yollara düşüb, macəra axtarır. İndi İtaliyanın Piza şəhərindədir. Alman arvadı ilə zeytun yağı istehsal edirlər. Amerikadan xoşu gəlməyən amerikalıdır atam.

- Bəs ananız? Tək qalmaqdan bezmir?

- Bezsə də nə edə bilər ki? Atam onsuz da əvvəlcədən sözünü deyibmiş: “Mən dünyanı gəzmək istəyirəm”. Anam isə “kök salmaq” niyyətində imiş. Anam gecə növbəsində işləyən tibb bacısı idi. Gündüzlər yatır, gecələr işləyirdi. Mən evdə tək qalırdım, xəyallar qururdum. Kitablarımı o xəyallarıma borcluyam.

“Kəşfiyyatda rus mütəxəssis idim”

- Dünya sizi erotik romanlarınızla tanıyır, amma amerikan ordusunda da işləmisiniz. Ordudan danışaq bir az...

- İraqda müharibə başlamışdı. Yazılanlardan, çəkilənlərdən çox təsirləndim. Könüllü şəkildə orduya yazıldım. 23 yaşım vardı.

- Bəs kəşfiyyatda işləmisiniz axı...

- Bəli. Orduya gələndə sizi yoxlayıb nəyə uyğun olduğunuzu müəyyənləşdirirlər. Xarici dil mənimsəmə qabiliyyətim yaxşı idi. Bir neçə dil saydılar, “birini seç, sənə öyrədəcəyik onu” dedilər. Mən də rus dilini seçdim. Doqquz aya səlis rusca öyrəndim.

- Necə öyrətdilər dili?

- Ancaq rusca danışılan yerlərə apardılar bizi. Yollardakı nişanlar, yazılar belə rusca idi. Doqquz ay həyatdan ayrı qaldıq elə bil. Özümüz də bilmədən öyrəndik dili.

- Bəs sonra niyə getdiniz ordudan?

- Kimyəvi bir maddə ciyərlərimi zədələdi, astma oldum. Məcburən ayrıldım ordudan.

- Qadınlar çox idi?

- Kəşfiyyatın yarısı qadındır. Normal dil kursunda qadınlara “Alış-verişə getmək istəyirsən?” cümləsini öyrədirlərsə, bizə “Benzin anbarını partladacağıq” öyrədirdilər. Bu məlumatları lazım olan yerlərə ötürməli idik.

“Yazdıqlarımı ucadan oxumaqdan utanıram”

- Ədəbiyyata maraq hardan yaranıb?

- 12 yaşım olanda anam bir sevgi romanı aldı mənə. Hər şey o vaxtdan başladı. Ona görə “xoşbəxt son”ları sevdim. Halbuki, əsl ədəbiyyat tragediya deməkdir, mənim ürəyim ona dözməz.

- Erotik roman yazmaq asandır Amerikada?

- Əlbəttə ki yox. Əksinə çox çətindir. Çoxları yazdıqları romanları heç nəşr etdirə bilmir.

- Niyə? Ədəbiyyat bu deyil?

- Xeyr, naşirlər bu əsərlərin az satılacağından qorxurdular. Onların ülvi məqsədləri yoxdur. Pul gətirən əsər olsun. Amerikada elə dövr var idi ki, erotik əsər almaq üçün ancaq seks-şoplara getməli idin. Nəhayət, Tina Engler adlı yazıçı çıxdı və kitablarını elektron formada satdı. Beləcə, hər şey böyüdü. Birdən birə milyon dollarlar qazanmağa başladı yazıçılar. Bunu görən naşirlər dərhal girişdilər işə.

- Siz proseslərə nə vaxt qoşuldunuz?

- Yol artıq açılmışdı. İlk kitabımı 2004-cü ildə yazdım, nəşriyyat da tapdım. Arada tarixi romanlar da yazırdım, əlbəttə içində seks olmaq şərti ilə. Mənim tərzimdir bu, başqa cür yaza bilmirəm. İndi hamı istəyir erotik roman yazsın. Çünki yaxşı pul gətirən işdir.

- Yazdıqlarınızdan utanmırsınız?

- Yazdıqlarımdan yox, onları bərkdən oxumaqdan utanıram. Ona görə “qiraət günləri” keçirə bilmirəm. Televiziya proqramları, radiolara qonaq çağırılanda: “Kitabınızdan bir səhifə oxuya bilərsiniz?” sualına həmişə “Yox” deyirəm.

- Erotik roman yazmaq asandır?

- Asan olsaydı, hamı yazardı. Əminəm, müsahibəni oxuyanların çoxu belə deyir: “Mən də sevişməyimi yazsaydım, çox satılardı”. Amma elə deyil.

- Ancaq yenə də erotik roman yazanları yazıçı sayılmır...

- Mənim əlimdən gələn bu cür kitabları yazmaqdır. Kiminsə fikrini dəyişdirə bilmərəm. Uğurluyam. “Ədəbiyyat deyil” demələri vecimə deyil. 2012-ci ildə Amerikada ən çox mənim kitablarım satılıb. Daha nə olmalıdır ki?

Yaxşı erotik roman yazmaq üçün:

1. Bakirə olmamalısan;

2. Yaxşı seks təcrübən olmalıdır.

- Hansı kitabın nə qədər satılacağını hiss edə bilirsiniz?

- Yox. Bunu heç cür bilmək olmur. Sonuncu seriyada (“Crossfire” –red) gözləmədiyim şey oldu. Hələ ilk həftədən xarici nəşriyyatlar zəng vurmağa başladılar. Seriyanın ikinci kitabı çıxdığı gün yarım milyon satılmışdı. Birdən-birə hər yerdə bir nömrə olmağa başladım.

- Həyatınız necə dəyişdi?

- Yoldaşım artıq işləmir.

- Bu yaxşıdır, ya pis?

- Yaxşıdır. Bütün işləri o görür. Uşaqların sürücüsü olub, dərsə aparıb-gətirir. Yemək bişirir.

- İşdən niyə çıxdı?

- Bir il ərzində qazandığı bütün maaşı vergiyə verdi. Ailə gəlirlərimizə görə ödəməli olduğumuz vergi onun illik maaşı idi. İşləməyinin nə mənası var ki onda?

- Yeni ev aldınızmı?

- Yox, kirayə qaldığımız evi aldıq. Bir də günəş enerjisi taxdırmışıq. Pullarımızı göyə sovurmuruq. “Bir vaxtlar varlı idik, indi qəpiyimiz yoxdu” demək istəməz heç kim.

“Yazdıqlarım məni ehtiraslandırmalıdır”

- Yazı prosesi necədir? Həyəcanlanmaq, ağlamaq, ehtiraslanmaq...

- Kitablarımın, yazdıqlarımın barometriyəm. Yazdığım səhnə məni ağlatmırsa, deməli yetəri qədər təsirli deyil. Seks səhnələri də elə. Ehtiraslanmıramsa, deməli yaxşı yazmamışam.

- Məqsədləriniz arasında qadınların seksual həyatını daha maraqlı etmək də var?

- Qadın oxucularımın ərlərindən bu tip mesajlar gəlir: “Arvadım dünən kitabınızı oxuyub. Təşəkkürlər”. Bir qadın oxucum isə məni lap güldürdü. Sən demə, əri onun mənim kitablarımı oxumağından o qədər razı imiş ki, hər ay kitablarımı almaq üçün ona ayrıca pul ayırıb.

- Bəs sizin seks həyatınız necədir?

- Pis olsa, bunları necə yazardım? Seks həyatım kitablarımı formalaşdırıb, kitablarım seks həyatımı yox...

- Əriniz nə deyir bu işə?

- Çox məmnundur. Mənimlə qürur duyur. Hamıya: “Məndən ilham alıb yazır arvadım bu romanları” deyir.

- Uşaqlarınızın 11 və 14 yaşları var. Bəs onlar?

- Xəbərləri var. Amma dediklərinə görə, hələ oxumayıblar. Onlar üçün analarının nə yazmağı vacib deyil, “Nyu-York Tayms” bestselleri olmaq vacibdir.

# 9939 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #