Anama oxşamaq qorxularım – Samirə Əşrəf yazır...

Anama oxşamaq qorxularım – Samirə Əşrəf yazır...
18 iyul 2019
# 16:45

Kulis.az Samirə Əşrəfin “Paxlava qırışlar” yazısını təqdim edir.

O qırışları ilk dəfə anamın əllərində görmüşdüm. Bu isə lap çoxdan - on beş, bəlkə də iyirmi il əvvəl olmuşdu. Anamın əllərində gördüyüm qırışlardan sonra gəldiyim qənaət belə idi. Onun əlləri gözəl deyil, heç vaxt da olmayıb. Bu əllər kobud, baxımsız, kənd qadınlarının, təqaüdə çıxmış yaşlı kişilərin əllərinə oxşayır.

Anam gəncliyindən əllərinə baxmır, qış aylarında, şaxtalı gecələrdə belə onları kremləmir, dırnaqlarına heç vaxt boya çəkmirdi. Eləcə o əllərlə, qırışa-qırışa gəzirdi. Onun əllərindəki qırışlardan, bu qırışların yaranma tarixinin aydınlaşmasından sonra vicdanıma ötürləcək ağrı-acıdan məharətlə yayınıb, özüm üçün tutarlı təsəlli tapmış anamın əllərindən ikrah hissi duymağa başlamışdım. Sonralar bu ikrah hissi daha da genişləndi. Belə kobud, baxımsız əlləri olan qadın heç vaxt gözəl ola bilməzdi!

Vaxtaşırı anamda cürbəcür qüsurlar tapmağa, onları anama yaraşdırmağa başladım. O, kök idi, qarnı həmişə sinəsindən qabağa çıxar, saçları daima oğlansayağı olardı. Gözümü açandan anamı heç vaxt uzun saçda görməmişdim. O, məni uzun saçlı qadın, ana gözəlliyindən məhrum edib. Qonşuluqda saçlarını boynunun, başının ortasında yumrulayıb sancaqlayan təhsilsiz evdar qadınları belə anamdan gözəl, anamdan qadınsı hesab edirdim. Onların günəşin şüaları altında işım-işım işıldayan saçlarını görəndə anamdan daha da soyuyar, ondan uzaqlaşardım.

Aradan günlər, aylar, illər keçirdi. Mən anamın yaraşığına kölgə salan əllərin acığına özüm üçün uydurduğum qorxulu nağıla bir az da tünd boyalar qatmışdım. O, çox acıxasiyyət idi. Adamlarla tez-tez dalaşır, öz fikirlərini, ideyalarını başqalarına yeritməkdə israr edirdi. Anam əsl diktator idi!

Günlərin birində, lap elə bu yaxınlarda, yazın nəfəsi üzümüzə təzəcə toxunmağa başlayıb yuxulu əllərimi isidəndə, sadə, baxımlı, bir azca da toppuş əllərim gözümə sataşdı. Günəşin qızılı telləri gecədən əllərimə vurduğum kremi əridir, incə, hamar qırışların arasında gəzişirdi. Birdən yerimdən ilan vurmuş kimi atıldım. Əllərimi arxamda gizlətdim, donumun ciblərinə soxdum, sonra evin ən qaranlıq otağına qaçdım. Beş, on beş dəqiqə keçdi. Hansısa səs, hansısa xahiş məni o qaranlıqdan çıxardı.

Mətbəxdə axar suyun altında yuyulan qab-qacağın arasında gizlətmək istədiyim əllərimin üstündəki qırışları görməməyimə soyuq su damcıları, sabun köpüyü da kömək olmadı.

Toxtayandan sonra əllərimi qarşıma qoyub diqqətlə nəzərdən keçirdim. Yanılmamışdım. Anamın əllərindəki qırışlardan xırdaları mənim əllərimdə də cücərməyə, nəzərə çarpmağa başlamışdı. Bir az körpə, bir az nazik qırışlar idi bunlar. Paxlava şəkilli qırışlar.

Mənim əllərimin paxlavalı qırışları, naxışları hələ təzə-tər idi. Yenicə əl-ayaq açmağa başlamışdı. Uzun illər məni özlüyümdə anamın gözəlliyinə, xasiyyətinə yüz cür şər-şəbədə qoşmağa vadar edən həmin paxlava qırışlar indi mənim əllərimin dərisinə hücum etmişdi. Yəqin, bu hücumu hələ illər əvvəl hiss etmişdim, ona görə də gizlənmək, qaçmaq, anamın əllərini, özünü bəyənməməklə min cür oyunlardan çıxmışdım. İndi öz əllərim də get-gedə anamın əllərinə bənzəyirdi. Bəlkə elə bu səbəbdən ömrü boyu əllərimi kremlədim, saysız hesabsız əl kremlərini, dırnaq boyalarını alıb dolablara, siyirmələrə doldurdum. Dırnaqlarımı gündə bir rəngdə boyamaqla əllərimi anamın əllərinə bənzəməkdən xilas etməyə, onlardan qorumağa çalışdım.

Həyat, genetik kodlar isə öz işini görmüşdü. Eynən anamın əlləri kimi mənim əllərimi də öz arzu olunmaz naxışı ilə hörükləmişdi. İndi heç vaxt baxmağa ürək etmədiyim, hətta baxmaq istəmədiyim əllərin eynisi həmişəlik mənimlə idi. İstəsəm də, istəməsəm də hər an onları görməyə məcbur olunmuşdum.

Anamın əlləri isə bütün bunlardan xəbərsiz mənim üçün həmişə narahat-narahat hərəkət edirdi. O, özünə hazırladıqları biş-düşdən bəyənmədiyim əlləri ilə mənim üçün də hazırlayar, xəstələnən kimi həmin əllərlə mənə dərmanlar alıb yollayar, bir balaca narahat olanda, yuxusunu qarışdıranda yenə həmin əllərlə telefonun düymələrinə toxunub, mənim səsimi eşitmək istəyirdi.

Hər şeyə səbəb isə qırışlar, bir də qocalıq qorxusu olmuşdu. Yazını yazarkən anamın bilgisayarın ekranına qoyduğum rəsminə diqqətlə baxdım. Əllərini nəvələrindən birinin sinəsində cütləyən anam paxlava qırışları ilə birgə çox gözəl idi.

İyul 2019

# 5341 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #