Evini gənc rəssama bağışlayan Səttar Bəhlulzadə

Evini gənc rəssama bağışlayan Səttar Bəhlulzadə
6 may 2017
# 16:00

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Günahlı dünyanın günahsız adamı” yazısını təqdim edir.

Hələ sağlığında müasirləri onu “aramızda gəzən dahi” deyə çağırırdılar. Özünün bundan xəbəri yoxdu. Bilsəydi inciyərdi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək “İşləyirik də... hələ çox şey eləmək lazımdı” deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Sağlığında bu cür şəksiz təsdiq, ölməzlik qazanmaq tək-tük adama qismət olur. El məhəbbətini qazanmaq asan deyil. Səttar Bəhlulzadə (1909-1974) doğrudan da xoşbəxt sənətkar idi. Onun əsərlərini fəhlə də, ziyalı da çox yaxşı başa düşür, oradakı həyat həqiqətlərinin lirik-poetik və romantik-fəlsəfi şərhinə inanırdı. Həyatdan, doğma torpaqdan aldığını birəbeş ona qaytardığı üçün bəlkə də bu qədər sevildi, “Sənətin Məcnunu” ayaması ilə hamının əzizinə çevrildi...

PROLOQ

“Səttar nağılı“ Abşeronun qədim Əmircan kəndindən başlanır. Burada 1909–cu ilin 15 dekabrında çörəyi torpaqdan çıxan Bəhlul kişi ilə Hökumə xanımın ailəsində dünyaya göz açan Səttar Bəhlulzadə üçün kəndin əski memarlıq tikililəri, burada toxunan məşhur “Xilə” xalçaları gözəlliyə açılan ilk pəncərə olmuşdur. Abşeronun digər kəndləri ilə müqayisədə o qədər də bağ – bağatlı olmayan Əmircan kəndi daha çox oxumuş adamları, ziyalıları ilə məşhurdu. Bu mənada həmkəndlisi Səməd Mənsurun həyatda gördüklərinə və göstərilənlərə haqlı olaraq “həpsi rəngidir” deyib, müasirlərinin yatmış duyğularını oyatmağa çalışdığı bir zamanda Səttarın taleyini bu gerçəkliyi rənglərlə ifadə edəcək rəssamlıq sənətinə bağlamağa qərar verməsini də təbii saymaq olar...

Rəssam olmağa qərar verən Səttar ixtisas təhsilini əvvəlcə Bakıdakı rəssamlıq texnikumunda, sonra isə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunda alıb. Uzaq Moskvada diplom işi üçün ona yaxın olan Babək mövzusunu seçəndə də heç kəs ona etiraz etməyib. O, başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər – “Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi” tablolarını işləyib. Lakin İkinci cahan savaşının başlaması ona diplom müdafiə etməyə imkan verməyib. Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da o, buna etiraz edib və “Məgər diplomsuz rəssam olmur” cavabını verib...

AZƏRBAYCAN TƏBİƏTİNİN MƏCNUNU

“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir. O, doğrudan da bir qərinəlik yaradıcılığı ilə yurdumuzun əsrarəngiz təbiətinə olan Məcnun məhəbbətini həm özümüzə, həm də bütün dünyaya göstərə bildi. Onun doğma Abşeronla yanaşı, Qubaya, Şuşaya, Naxçıvana, Şamaxıya, Gəncəyə, Lənkərana, eləcə də yurdumuzun digər dilbər guşələrinə davamlı yaradıcılıq səfərlərindən sonra özündə Azərbaycan torpağının bənzərsiz gözəlliyini əks etdirən sayagəlməz əsərləri yarandı. “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Doğma düzənlər”, “Cıdır düzü”, “Muğanda bahar”, “Dədəgünəş”, “Qədim Şamaxı”, “Naxçıvan dağları”, “Abşeronun tacı” tabloları həmin səfərlərin nəticəsində gerçəkləşən sənət inciləridir...

Səttar Bəhlulzadə adlarını çəkdiyimiz və dilə gətirmədiyimiz yüzlərlə əsəri ilə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirdiyini birmənalı olaraq təsdiqləmişdir. Bu poetikanın, lirik bədii şərhin məğzini ölməz Füzulinin fəlsəfi poeziyası, milli miniatür və xalçalarımızın, muğamlarımızın acılı - şirinli ruhu və rəssamın Vətən torpağına sonsuz bağlılığı təşkil edir...

SƏTTAR BƏHLULZADƏ FENOMENİ

Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun sənəti deyildi. O, elə bir insan kimi də bənzərsizdi. Bu mənada onun əliaçıqlığını xüsusi vurğulamaq istərdik. Əgər desək ki, dünyada bu vaxta qədər Səttar kimi ikinci bir səxavətli rəssam olmayıb, yanılmarıq. Çoxdan dünyamız Səttar əsərlərinin qeyri – rəsmi, ümmansız sərgisinə çevrilib. Bu gün Azərbaycanımızla yanaşı dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun rəngkarlıq və qrafika əsərlərinin saxlanılması da bunun təsdiqidir. Bütün yaradıcılığı boyu çox məhsuldar işləməsi ilə sayagəlməz bədii irs yaradan rəssamın yalnız Azərbaycanın və keçmiş SSRİ məkanındakı muzeylərin saxlanclarında toplanan 200 əsəri rəsmi şəkildə qonorarla alınıb, sayı bir – neçə yüzlərlə ölçülən qalanını isə Səttar Bəhlulzadə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə verib. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb. Çünki, Səttar belə Səttar idi...

Ötən əsrin əllinci illərinin sonunda Moskvada təhsilini başa vurub ailəsi ilə birlikdə Bakıya qayıdan və bu gün çağdaş rəssamlığımızın klassiklərindən sayılan xalq rəssamı Tahir Salahovun mənzilinin olmadığını bilən Səttar Bəhlulzadənin paytaxtda yeni tikilən “Rəssamlar evində” ona ayrılmış ikiotaqlı mənzili gənc həmkarına verməsi o vaxt çoxları tərəfindən gözlənilməz qarşılansa da, Səttar üçün bu adi insani münasibətin nümunəsi idi...

Şəxsi maşını – zadı yoxdu. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb – gətirən ən gözəl minik sayırdı. O, sanki həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə haram qatmaq istəmirdi. Səttar sözün əsl mənasında bu günahlı dünyanın günahsız uşağıydı. O. günaha batmadı. Çünki Səttarın sadəcə buna heç vaxtı da yoxuydu. Onun bu əvəzsiz keyfiyyətini bütün müasirləri də bilirdi. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da.

Daima gənc rəssamlarla əhatələnməsindən xüsusi zövq alan Səttarın onların ali təhsil almalarına şəxsən qayğı göstərməsi də yeri gələndə onlara mənəvi və maddi dəstək olması, hətta bu sətirlərin müəllifi üçün Buzovnaya-qız qapısına “hə” almağa getməsi də əsil atalıq qayğısı idi desək, həqiqəti ifadə etmiş olarıq...

Böyük sənətkar ömrünün 65-ci baharında, oktyabr ayının 13-də Moskvada vəfat edib. Üç gün sonra isə onunla Bakıdakı Aktyor evində vida mərasimi keçiriləndən sonra, vəsiyyətinə uyğun doğulduğu Əmircan qəsəbəsində - anasının uyuduğu məzarlıqda dəfn olunub. Bir çoxları kimi heç vaxt Fəxri xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadı. Səttar belə Səttar idi. Bu haqqı da o. sağlığında qazanmışdı...

SƏTTAR BƏHLULZADƏ FƏLSƏFƏSİ

O, dünyaya gələrkən kəşf edəcəyi ideal gözəllik tapmaq yükünü də çiynində - ruhunda gətirmişdi. Sonda arzuladığı ideal təbiət eşqinə yetişə bilməsi də onun həyatı, təbiəti dərk etməsindən keçdi. Həyatı anlamaq insana həm də kədər gətirsə də, Səttar elə bu kədərin özü ilə dünyanı – təbiəti dərk etdi. Səttar bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən təklənmiş “kədər məcmusu” idi... Rəssamın əsərləri onun özünü dərk edəndən anbaan unutmağa çalışdığı kədərin “qonşuluğunda” yaradılsa da, bütünlükdə, nəticə etibarilə çox tutumlu bir sevinc ensiklopediyasıdır. Belə ki, burada hər şey var – sənətkarlıq da, onu şərtləndirən müdriklik də, gözəllik də, duyğulandırıcılıq və zəngin yaşantı da... Bu tablolar əslində insanın dünyayla ruhani görüşünün bədii ifadəsidir. Odur ki, Səttarın rəngləri də həm də Füzuli ruhunda, fəlsəfə dilində danışır. Ancaq onun ilğıma bənzər şaşırdıcı tabloları heç də hansısa estetik terminə illüstrasiya deyildir. Onlar mahiyyətcə Azərbaycan rəssamlığında yeni səhifə, milli təsviri sənətimizdə oxşarı olmayan, düşündürücülüyünə görə isə çoxqatlı estetik kateqoriyaya çevrilən fəlsəfi mənzərələrdir. Ona görə də Səttar Bəhlulzadə həm də Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin banisi sayılır...

Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaq, onu başqalarına kəşf etməkdən ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa –daşa, gülə – çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələriylə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir – birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün... Onlara baxanda dünyamızın kosmosdan çəkilən şəkilləri, nağıllarda təsvir olunan əfsanəvi mənzərələr yada düşür. Çünki Səttar tabloları da duyulası dərəcədə kosmik və ovsunlayıcıdırlar. “Xəzər gözəli”, “Torpağın arzusu”, “Kəpəzin göz yaşları”, “Bazardüzü ətrafı”, “Azərbaycan nağılı” və “Mavi nağıl” əsərləri dediklərimizi təsdiqləyən sənət nümunələridir. Bütün ömrü boyu ağzı Füzuli misralı olan Səttarın şairin çoxqatlı poeziyasına həsr olunmuş yüzlərlə əsəri göstərir ki, Məcnun məhəbbətinin yanğısına, Füzuli poeziyasının alovuna Səttar Bəhlulzadə özü də ayaq qoyub, əsil mənada yanıb – yaxılıb. Məcnunun halına yana – yana özü də sənətin Məcnununa dönüb.

EPİLOQ

Heç kim yüz il əvvəl qədim Əmircandakı adi bir kəndli ailəsində dünyaya göz açan oğlan uşağının adını sənət tarixinə yazacağını, bir qərinəlik yaradıcılığı ilə sənət aləmindəki çox məşhur simalardan birinə, dünyanın Səttarına çevriləcəyini bilmirdi... Öz alın yazısını bizlərdən fərqli olaraq oxumağı bacaran Səttarsa 65 illik ömrünü onun son və əbədi ucalıq nöqtəsinə - sənət zirvəsinə yönəldə bildi. Ən böyük qazancı da bir vaxtlar saçlarını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu...

“Kaspi” qəzeti, 2 may 2015-ci il

# 1577 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #