“Xəbəri eşidəndə yastığı qucaqlayıb ağladım”

“Xəbəri eşidəndə yastığı qucaqlayıb ağladım”
17 may 2014
# 08:00

Kimsə bunu mübaliğə kimi qəbul edib qıcıqlanmasa, deyərdim ki, o, Azərbaycan teatrının Ezopudur. O, serial həvəskarlarına da tanış simadır: "Pərvanələrin rəqsi"ndəki Orxan Bədirli onun məşhurluğunun üstünə məşhurluq gətirib.

Kulis.az-ın "Yeməli söhbət" layihəsinin budəfəki qonağı aktyor İlqar Cahangirdir. Nizami Muzeyindən “Azərbaycan” kinoteatrı istiqamətinə gedən yolda - Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə İlqar müəllimlə çay, künefe sifariş verib müsahibəyə başlayırıq. Yox, daha doğrusu, bu söhbətə başlamaq deyil. Bir sual, iki sual, üç sual... İlqar bəy yemək haqqında yaman həvəssiz danışır. Ürəyimdə deyirəm, “maya batdı, diktofonunu söndür, sağollaş”. Amma yox, zənnimdə yanılmışam. Beş dəqiqə sonra “ağzı necə qızışdısa”, az qala suallarımı ağzımda qoyurdu.

- İlqar müəllim, elə insanlar var ki, onlara mədə niyyətli, elələri də var, mədəniyyətli adam deyirlər. Yemək sizin üçün nədir? Yaşamaq üçün yemək, yoxsa yemək üçün yaşamaq?

  • Mən yaşamaq üçün yeyirəm.

- Bəzən yemək də insana nəyisə xatırladır. Məsələn, ananı, nənəni, lap sevgilini...

- Bir az çətin sual oldu. Tələbə olanda qrup yoldaşlarım xörək yemək üçün məni gözləyirdi. Bizim tələbəlik illərimiz müharibə dövrünə - 1990-1993-cü illərə düşüb. O vaxt oxuduğum universitetin yeməkxanasına Sovet vaxtından qalan möhürlü ətlər verirdilər. Həmin yeməkxananı işlədən Mahir dostumuz idi və bizim orda xüsusi qazanımız var idi. Mahir həmin möhürlü ət olanda bizə deyirdi ki, bugünkü yemək sizlik deyil. Belə hallar olanda, biz tələbə dostlarla ”Azərittifaq”ın yeməkxanasına gedirdik.

Mənim üçün heç bir yeməyin fərqi yoxdur. İrana qastrola getmişdik. 10 gün ərzində səhər yeməyindən başqa bütün günü ancaq plov yedik. Bakıya qayıdanda anama zəng elədim ki, gəlirik, dedi, sənin üçün plov bişirmişəm. Dedim, nə olar plov demə də, sup hazırla, sup istəyirəm.

- Tələbə vaxtı nə yeyirdiniz?

- Tələbə vaxtı yeməkdən korluq çəkməmişəm. Qrup yoldaşlarımla həftədə beş dəfə yemək yeyirdiksə, onun üçünün pulunu mən verirdim. Bizim qrupda çox imkanlı uşaqlar var idi, onlarla həmişə ayaqlaşmaq olmurdu. Amma ümumi dostlar var idi ki, onlarla oturanda hesabı çox vaxt mən verirdim. Bəzən hesabı alman hesabı ilə verirdik, belə olanda imkanı zəif olan dostlara stulun altından pul verirdim.

- İndi necə, alman hesabı ilə məclisləriniz çox olur?

- İndi orta məktəb dostlarımla oturanda belə şeylər olmur. Bir dəfə biri, gələn dəfə o biri verir. Amma alman hesabını əsasən yaradıcı dostlarla - Seymur Baycanla, Firudin Allahverdiylə, Elmir Mirzoyevlə, Əli Əkbərlə oturanda gördüm. Belə məclislərdə pulu olmayan deyirdi ki, mən ”plenəm”.

- “Plen” düşdüyünüz çox olub?

- İki il bundan qabağa qədərə mən demək olar ki, sürgündə idim. (Gülür) Həmin vaxt dövlət işində idim. Çox imkansızlıq idi. O vaxtlar anamın pensiyası ilə işə gəlib-gedirdim.

- Qastrollarda çox olmusunuz. Həmin səfərlərdə aktyorlardan yemək davası edən olurdu?

- Kamera Teatrı ilə qastrollarda çox olurduq. Bizim qastrollarda yemək problemimiz heç vaxt olmayıb. Hətta yolda yemək yeyəndə belə, teatrın direktoru Cənnət xanım hesabı özü ödəyirdi. Bəzən istəyirdik ki, pulu özümüz verək. Onda Cənnət xanım bizə imkan vermirdi. Bizim teatrın pis vaxtları 90-ların axırlarında oldu. O vaxtlar teatra evdən yemək gətirirdik. Kimsə evdən yemək gətirəndə özü yediyindən çox gətirirdi. Nahar vaxtı süfrə açılırdı, kim nə gətirirdisə, yığırdıq ortalığa və naharı edirdik. Bəzən elə vaxtlar olub ki, "Coca-Cola", alma ilə çörək yeyib nahar etmişik. Bizim teatrda İlahə xanım var idi, o evdən çox vaxtı bizim üçün xeyli yemək gətirirdi. Teatrda bizimlə çalışan uşaqlar axşam evdə yaxşı yemək bişiriləndə öz paylarını və əlavə yemək gətirirdi. Yəni Kamera Teatrında belə vaxtlar olub.

- Spirtli içkiyə münasibətiniz necədi?

- 45 yaşına qədər spirtli içki içməmişəm. Bir il bundan qabaq üç nəfər dostla kafedə oturmuşduq. Dostlar pivə, mən çay sifariş verdim. Bizimlə oturan rejissor axırda dedi ki, hərə öz hesabını verəcək. Bunlar hərəsi bir manat verdi, mən iki manat. Çünki çay pivədən baha idi. Həmin dostlarla iki gündən sonra yenidən oturduq. Rejissor iki pivə bir çay sifariş verəndə dedim ki, üç pivə gəlsin. Birinci dəfə elə o vaxtdan başladım yeyib-içməyə. Amma elə çox içki içən deyiləm.

- Axırıncı dəfə nə vaxt spirtli içkini içmisiz?

- Axırıncı dəfə mayın 1-də Gürcüstanda içmişəm. Orda axşamlar araq, günorta isə çaxır içirdik.

- Gürcüstan mətbəxi ilə bizim mətbəxin arasında nə fərq var?

- Gürcü mətbəxi ilə bizim mətbəx arasında elə bir ciddi fərq görmürəm. Gürcülərin xarçosun və çarığa oxşayan çörəyin içində olan ət yeməyini sevirəm.

- Aktyorlardan yaxşı yeyib-içən kim var?

- Bizim kollektivdə Şövqi Hüseynov. Şövqü ilə yol yoldaşı olmaq çox maraqlıdır. Şövqi həm yaxşı yeyib-içən, həm də yaxşı oğlandır. Mənim pərəstiş etdiyim Gənclər Teatrının bir aktyoru var idi. O, 18 ildir arağı atıb. Həmin aktyoru səhnədə görəndə, onu həyatda da görmək istədim. Onda Gənclər Teatrı “Aktyorlar evi”ndə yerləşirdi. Bir dəfə “Aktyorlar evi”nin yanından keçəndə gördüm ki, bir nəfər kafedən çıxıb çox pis halda divara söykənə-söykənə gedir. Yaxınlaşanda həmin şəxsin pərəstiş elədiyim aktyor olduğunu gördüm. Onun yanında 45 dəqiqə dayandım ki, yıxılsa tutum. Mən onda gördüm ki, insan içəndə necə şən olur.

- Yeməklə bağlı başınıza maraqlı əhvalat gəlib?

- Mən Sovet ordusunda xidmət eləmişəm. Biz altı ay Ukraynada təlim keçdik, sonra Çexoslovakiyaya qayıtdıq. Əsgərlər yemək yeyəndə ruslar, ukraynalılar birinci yeməyin ətin, kartofun yeyirdi, sonra suyun içirdilər. Amma biz əksini edirdik. Mən onlardan niyə belə etdiklərini soruşanda onlar deyirdi ki, birdən həyəcan siqnalı olar, ona görə birinci ətlə-kartofu yeyirik.

Əsgərliklə bağlı çox pis xatirəm var. Çox xidmət edənlər az xidmət edənlərin əlindən ağ çörəyi alırdılar. Amma həmin əsgərlər azərbaycanlılardan bir az çəkindiyi üçün o hərəkəti bizə etmirdilər. Hətta bir dəfə zabit gəlib mənə dedi ki, yerlinə de, mənə ağ çörək versin. Amma mən oturan stulda heç kim əsgərin əlindən ağ çörəyi ala bilməzdi. Ümumiyyətlə, bu çörək məsələsi mənə çox pis təsir elədi.

- Heç olubmu ki, hiss iyi verən bozbaşdan ötrü kənd toyuna gedəsiniz?

- Axırıncı dəfə Gürcüstanda olanda ocaqda bişən bozbaş yedim. Mənim üçün ocaqda bişən bozbaşın o qədər də dərin mənası yoxdur.

- Sizin üçün elit bir restoranda yemək yeməklə, örüşdə yemək yeməyin fərqi nədir?

- Elit restoranda oturanda, ənənəvi çəngəl-bıçaq dəstindən istifadə etmirəm. Mənim üçün yeməyi çəngəl-bıçaqla yemək çox əziyyətlidir. Dostlarla İzmirdə elit restoranda yemək yeyirdik. Yeməyi əlimlə yeyəndə dostlarım dedi ki, ayıbdır. Dedim ay qardaş, mənə belə rahatdır. Amma elit restoranla təbiətdə yemək yeməyi müqayisə etsəm, təbiəti seçərəm.

- Kimsə çəngəl-bıçaqla yemək yeyə bilməyəndə demisiniz ki, nə məcburdur, əllə ye də...

- O qədər... Biz xarici ölkələrdə - İranda, Moskvada, Türkiyədə festivallarda çox olurduq. Bəzən çəngəl-bıçaqla əziyyət çəkib yemək yeyən dostları çəkindirib deyirdim ki, ay qardaş, rahat ol da. Bir dəfə üç dostla Quşadasına-çox bahalı balıq restoranına getmişdik. Təsəvvür edin ki, hər adamın qabağına 7 çəngəl, 7 bıçaq qoyulmuşdu. Xoşbəxtlikdən mənimlə üz-üzə aristokrat bir qadın oturmuşdu. Həmin qadın çəngəl-bıçaqla necə rəftar etdisə, mən də həmin cür rəftar etdim.

Mənim bir uşaqlıq xatirəm var. Cəlilabadda nənəmgilə gedəndə, o nehrə çalxalayırdı, yorulanda mən nehrəni nağara kimi çalırdım. Nənəm nehrənin yağını yoxlayanda onun içindən çıxan yağı çörəyin üstünə qoyub mənə verirdi. Nənəm mənə “qərib nəvəm” deyirdi. Bizim nəsil ana tərəfdən qızılbaşlar nəslindən olduğuna görə, nənəm mənə qızılbaşlar köhnəsi deyirdi.

- Toylara münasibətiniz necədi?

- Adətən toylardan ac gəlirəm. Məsələn, gətirib adama bir tikə kabab verirlər, ikinci tikəni istəyəndə deyirlər, yoxdu. Halbuki stulun üstündə barmaq basmağa bir yer yoxdu. Amma bir şey tapmırsan yeməyə. Bəzən elə olur ki, toydan çıxıb gedib dostlarla kabab yeyirik. Mən özüm Ceyranbatanda yaşayıram. Bizim tərəfdə olan restoranların yaxşı bir işi var. Həmin restoranda toy edən adam ancaq zalı kirayə götürür və toyda veriləcək yeyib-içməyi özü alıb gətirir. Belə toylar mənə ləzzət edir.

- İlqar bəy, ilk dəfə görüşdüyünüz xanımla nə yemisiniz, xatırlayırsınız?

- İlk dəfə 10-cu sinifdə oxuyanda bir xanımla kafeyə getmişdim. Həmin vaxt özümdən 4 yaş böyük, indiki Neft Akademiyasının üçüncü kurs tələbəsi olan qızla dondurma yemişdik. Amma yeməyi restoranda ilk dəfə nişanlımla yemişəm.

- Sizin əvəzinizə qadınların hesab verdiyi vaxtlar olub?

- Bu mənim ən ağrılı yerimdir, heç vaxt belə şeyi sevməmişəm.

- Amma bir dəfə xanım dostlardan biri bizi yeməyə dəvət etdi, hesabı özü verdi. Nə qədər məcbur etdimsə, mümkün olmadı.

- Hətta bir dəfə borc alıb bir xanımla yeməyə getmişəm. Amma heç vaxt qoymamışam ki, mənim hesabımı qadın versin. Bir dəfə kollektivlə bir yerdə oturanda hesabı ödəməyə çox cüzi bir məbləğ çatmadı və xanım iş yoldaşım o pulu düzəltdi.

- Boranı və badımcanla aranız necədi?

- Boranını sevmirəm. Amma badımcan dolması, badımcan ikrasını sevirəm. Evdə boranı plovu bişirəndə mən ac qalıram. Bəlkə də o yeganə yeməkdir ki, onu xoşlamıram.

- Sevdiyiniz yemək nədi?

- Ətli yeməkləri sevirəm. Bozbaş, buğlama, küftə.

- Kababla aranız necədi?

- Kababın o qədər həvəskarı deyiləm. Amma bəzən uşaqlarla gedib yeyirik. Sizə bir xatirə danışım. 13 yaşım var idi, Cəlilabadda babam üç-dörd nəvəsini bazara piti yeməyə aparırdı. Bir neçə il qabaq bizi Ərdəbildə xüsusi piti hazırlanan yerə apardılar. Həmin yerdə hər şeyi xüsusi ənənə ilə bişirirdilər. Bütün ədviyyatları qaydasında vurmuşdular. Mən həmin pitini yeyəndə babamı xatırladım.

- Dietaya münasibətiniz necədi?

- Son vaxtlar çörəyi azaltmışam. Seriallara çəkiləndən sonra çox yerə qonaq çağırırdılar, ona görə, qarnım çıxdı. Amma dieta saxlamıram. Elə vaxtlar olub ki, gecə saat ikidə evdə kotlet bişirtdirib yemişəm.

- Azərbaycan aktyoru doyunca yemək yeyə bilir?

- Bəziləri var ki, yeyir. Bəziləri də elə bir qarın çörəyə işləyir. Mən 1994-cü ildən 2003-cü ilə qədər toylarda video operator işləyirdim. Mənə uşaqlar deyirdi ki, kefdəsən, bütün günü kabab yeyirsən. Amma demək olar ki, toyda yemək yemirdim. Çünki toyda yemək yeyəndə hansısa bir kadrı çəkə bilmirdim. Bir dəfə qonşumuzun toyunu çəkirdim, nəsə oturdum yemək yedim. Həmin vaxt bəyin xalası bəyə üzük bağışlamışdı və mən onu çəkməmişdim. Bir qırğın düşdü ki...

- Serial çəkilişlərində nə yeyirsiz?

- İndi çəkildiyim serial yaxşıdır. Bir yaxşı aşpazımız var, o qəşəng yeməklər bişirir. Amma elə seriallar olub ki, ancaq dönər yemişik.

- Yeməyin hazırlanmasından xüsusi zövq alan insanlar var...

- Məsələn, atam deyirdi ki, mənim övladlarım yamaqlı şalvar geyinəcək, amma soyuducu ərzaqla dolu olacaq. Anam evdar qadındır, yaxşı da yeməklər bişirir, atam isə sürücü olub. Qəzaya düşəndən sonra avtomobil ehtiyat hissələrinin yerləşdiyi anbarda işləyib. Atam sürücülərə ehtiyat hissələrini bir az ucuz satırdı, onlar da əvəzinə atama nəsə pay verirdilər.

O vaxt balıq kürüsün qonşulara pay verirdik. Yəni bizim evdə həmişə yaxşı yemək olub. Ailəmizin ən çətin vaxtında tanışlardan nisyə ət alıb yemişik. Ona görə, makaron yeməkləri, konservləşdirilmiş şeylər bizim evdə az olub. Bu, sadəcə yaşamaq üçün yeməkdir.

Bizim həmişə təsərrüfatımız olub. 12 yaşım olana qədər anam süd sağırdı və mən həmin südü, qatığı Beton Zavodunun fəhlələrinin qaldığı yataqxanada satırdım. Nəsimi və 3-cü mikrorayon bazarında pomidor da satmışam. Anam indi də həyətdə toyuq-cücə saxlayır.

- Neçə toyuğunuz var?

- Təxminən 30 olar. Günə təxmini 8 dənə yumurta olur. (Gülür). O işlərə valideynlərim baxır. Atam bəzən mənə deyir ki, sən elə bil bu evdə kirayə qalırsan. Azərbaycanda Teatr günündə atam üç maşın peyin almışdı. Mənə dedi, gəl bu peyinləri həyətə daşı. Sonra gəlib Facebookda bir status yazdım ki, teatr günündə mənə ən yaxşı təklifi atam verdi.

- İndi soruşsam, deyəcəksiniz toyuq başı da kəsməmişəm?

- (Gülür) Hə, vallah, bu günə qədər toyuq başı kəsməmişəm.

- Ovla aranız necədi?

- Mən dağı, alpinistliyi sevirəm. Savalana, Babadağa, Şahdağa çıxmışam. Amma ovu sevmirəm. Qardaşım bir dəfə qu quşu vurdu. Ona görə neçə gün qardaşımı danışdırmadım. Heç həmin quşun ətini də yemədim. Anamdan xahiş etmişdim ki, mənə bir yastıq düzəltsin. Sonra məlum oldu ki, anam həmin yastığı qu quşunun tükündən hazırlayıb. Bunu biləndə, yastığı qucaqlayıb ağladım.

# 7728 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #