Yazıçılar sevimli aktrisalarını seçdilər SORĞU

Yazıçılar sevimli aktrisalarını seçdilər SORĞU
19 fevral 2014
# 12:45

Kulis.Az şair və yazıçılar arasında keçirilmiş “Ən çox sevdiyiniz aktrisa kimdir?” sorğusunun nəticələrini təqdim edir.

Maqsud İbrahimbəyov: “Siyahıda iyirmi beş nəfər var, saysam yorularam. Qoy saymayım (gülür)”.

Əkrəm Əylisli: “Altı, ya yeddi yaşım olardı. Bizim Əylisə “Tahir və Zöhrə” adlı Sovet filmi gətirmişdilər. Filmi gətirməmişdən əvvəl filmin musiqisini yayımlayırdılar. Həmin filmdə “Zöhrə” rolunun ifaçısına dəli kimi vurulmuşdum. Bir dəfə ceviz ağacına çıxmışdım, ceviz ağacı da hündür olur, onun səsini eşidən kimi az qala yıxılacaqdım (gülür). Bu hadisə yadımda qalıb. Daha sonra Elizabet Teylor və Cülyetta Mazinanı aktrisa kimi çox bəyənirəm. Ümumiyyətlə, dramatik, faciəli rolları oynayan aktrisalar mənə daha çox təsir edir. Bizim aktrisalardan isə daha çox Leyla Bədəlbəyli yadımda qalıb. Görünür emosional cəhətdən onu unutduran bir aktrisa olmadığı üçün yadımda qala bilib”.

Fikrət Qoca: “Sofi Loreni daha çox bəyənirəm”.

Mövlud Süleymanlı: “İtaliyalı Cülyetta Mazinanı çox bəyənirəm. Dahiyanə bir aktrisa olub. Azərbaycanda Nəsibə Zeynalova çox istedadlı idi. Şəfiqə Məmmədova da dəyərli aktrisadır. Onun oyununda dünyəvilik vardı”.

Seyran Səxavət: “Biz yaşlı nəsilik. Azərbaycanda ən çox bəyəndiyim aktrisa Hökümə Qurbanovadır. Dünya miqyasında isə Sofi Loren və Gina Lollobricidanı deyə bilərəm”.

Vaqif Bayatlı: “Sevdiyim, dərdindən öldüyüm əlahiddə bir aktrisa yoxdur. Hamısını tanıyıram və hamısına da hörmətim var. Birinin adını çəksəm, başqaları inciyə bilər”.

Səfər Alışarlı: “Məhsuldarlığını və sənətində ardıcıllığı nəzərə alaraq, Culiya Robertsin adını çəkə bilərəm. Azərbaycanlı aktrisalardan isə heç kimə önəm vermirəm”.

Çingiz Abdullayev: “Amaliya Pənahovanı həmişə çox sevmişəm. Şəfiqə Məmmədova, Həmidə Ömərova, Şükufə Yusupova da sevdiyim aktrisalardandır. Bilirsiniz, mən ümumiyyətlə, qadınları sevən adamam (gülür)”.

Sabir Rüstəmxanlı: “Sənət aləmini uzun müddət izləyə bilmədiyim üçün ciddi bir söz deyə bilməyəcəm”.

Mübariz Cəfərli: “Təbii ki, ən sevdiyim aktrisa Sofi Lorendir”.

Natiq Rəsulzadə: “Yerli aktrisalardan Həmidə Ömərovanı qeyd edə bilərəm. Həmidə xanımın ifasını çox bəyənirəm. Oynadığı rolların öhdəsindən gəlir. Əcnəbi aktrisalardan isə Şeron Stounu daha çox bəyənirəm. Möhtəşəm aktrisadır”.

Şərif Ağayar: “Yazıçıdan sevdiyi aktrisanı soruşmaq əsl təxribatdır (gülür). Niyə məhz aktrisa? Aktyor olmaz? Siz deyən kimi ilk ağlıma gələn Salma Hayek oldu. Xüsusilə “Notrdam qozbeli” filmindəki Esmiralda... İlk vaxtlar vurulmuşdum da bu xanıma! Monika Belluçinin hikmətli, Ancelina Colinin humanist, Cenifer Lopezin qıcıqlandırıcı gözəlliyi var. Türk kinosunda Demet Akbağı çox sevirəm. Azərbaycanda isə, Səfurə İbrahimova və Şükufə Yusupova. Hə, bir də Vəfa Zeynalovanın adını çəkməliyəm... Amma sonuncu yalnız gözəlliyinə görə diqqətimi çəkib. Sənətdə elə də ciddi işini görməmişəm”.

Seymur Baycan: “Hollivud nə isə mənə təsir eləmir. Bilmirəm, niyə. Məsələn, Natali Portman mənə çatmır, energetik deyil. Daha çox “Qafqaz əsiri” filmindəki qız (Nataliya Varley) və “Afonya”dakı aktrisa Yevgeniya Simonovanı bəyənirəm. Bu yaxınlarda “Afonya” filminə bir də baxdım. Çox təsirli filmdir. Türkiyə və İranın çəkdiyi filmlərdən də yadımda qalan elə bir aktrisa yoxdur. Təəssüf ki, yerli aktrisalardan da yaddaqalan birini xatırlaya bilmirəm”.

Varis: “Ən çox sevdiyim aktrisa Kira Naytlidir”.

Qan Turalı: “Deyirlər, Elçibəy Türkiyədə xəstə yatarkən könlünün nə istədiyini soruşublar, mərhum prezident də Türkan Şorayla görüşmək istədiyini deyib. Belə bir sualı mənə versəydilər bəlkə də hansısa bir məqamda sevdiyim aktrisalardan birinin adını çəkərdim, amma indi sevdiyim aktrisaya heç bir şans vermirəm.

Ekrandan görüb aşiq olduğum aktrisa olmasa da sevdiyim aktrisalar çoxdur. Onların arasında ilk yerə Cülyetta Mazinanı qoyardım. Cülyetta oynadığı faciəvi obrazlarla hər zaman mənim həyata və insanlara olan münasibətimə, düşüncələrimə yenidən baxmağa sövq edib. Bayağı çıxmasa, hər cür gözəl qadının əzab çəkməsini, gülən gözlərin içindəki göz yaşlarını görməyi Cülyettadan öyrəndiyimi deyərdim. Bertaluççinin “Parisdə son tango” filminin qəhrəmanı Maria Şnayderi çox gözəl qadın hesab edirəm. Ya da “7 dəfə qadın” filmindən Şirli Makkeyni…

Azərbaycanda ən çox sevdiyim aktrisa Şəfiqə Məmmədovadır. Türkiyədən isə Demet Akbağ və Nurgül Yeşilçay...

Bir də Penelopa Kruz.

Çox danışardım, amma axşam evə getməliyəm (gülür)”.

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #