Ağamirzə: “İnternetə nifrət edirəm” MÜSAHİBƏ

Ağamirzə: “İnternetə nifrət edirəm” MÜSAHİBƏ
15 aprel 2013
# 07:45

Kulis.Az meyxana ustası Ağamirzə ilə müsahibəni təqdim edir.

- Sovet vaxtı meyxananın vəziyyəti necə idi?

- Sovet vaxtı bizim Maştağa kəndində meyxana deyilirdi. Çox yerlərə gedib meyxana deyirdik. Ancaq onu da deyim ki, çox çətinliklə deyə bilirdik. Əksər vaxt qoymurdular. Məclislərdə gecə saat 12-yə kimi gözləyirdik. Qonaqlar çıxıb gedən kimi, saat 12-dən sonra deyişirdik.

Rəhmətliklər Ağasəlim Çıldaq və Nizami Rəmzi bu yolda çox çalışdılar. Müstəqillik qazandıqdan sonra isə şükür allaha, bizim üçün yollar açıldı. Bildiyiniz kimi indi ürəyimiz istəyən vaxt, istəyən məclisdə deyə bilirik. Amma əvvəllər belə deyildi. Müstəqillik bizə çox böyük kömək oldu. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1996-cı ildə Əlağa Vahidin 100 illiyində Ağasəlim Çıldağın rəhbərliyi ilə mən, Kərim iştirak etdik. Tədbirdən sonra Heydər Əliyev yanımıza gəlib, bir-bir bizimlə görüşdü. Ağasəlimə dedi ki, bu sənət yaxşı sənətdir, bu sənəti yaşat. Ondan sonra qapılar üzümüzə açıldı.

- Meyxanaçıların mənfi imici olub. Hər zaman belə münasibət olub, ya sonradan yaranıb?

- Meyxanaya əvvəllər çox dırnaqarası, avara sənət kimi baxırdılar. Arvad-uşaq, ziyalılar olan yerdə meyxana demək olmaz. Ancaq belə bir təsəvvür var idi ki, tində-bucaqda demək olar. Hətta çoxları deyirdi ki, meyxana deyənlər narkomandırlar, içki içəndilər. Mən nə bilim, daha nədilər, nədilər. Meyxana deyənlərin 60-70 faizi dindar adamlardı, içki belə içmirlər. Mən heç siqaret çəkmirəm. Əvvəl çəkirdim, indi heç onu da çəkmirəm. Bir sözlə, o vaxt bizə pis baxırdılar.

- Ağasəlim Çıldaq, Nizami Rəmzi meyxanaçılar tərəfindən ağsaqqal kimi qəbul olunurdu. Gənclər sizi ağsaqqal kimi qəbul edirlər?

- Demək olar ki, 99 faizi məni, sağ olsunlar, ağsaqqal kimi qəbul edir. Mən də çalışıram ki, əlimdən gələn köməkliyi cavanlara edim. Mən də həmişə onlara dayaq dururam.

- Klassik meyxana tərzində meyxana daha çox nağara ilə deyilirdi. Nağaranı sonra sintezator əvəz etdi. İndi Bayram Kürdəxanı, Pərviz Bülbülə daha çox “musiqili meyxana” deyir. Amma siz bu tip meyxanaları çox demirsiniz.

- “Musiqili meyxana”lara pis baxmıram, yeri gələndə mən özüm də uşaqlara qoşuluram. Bəli, mən çox demirəm. Ümumiyyətlə, heç bu janrda çalışmıram. Bir də görürsən üç nəfər deyir, mən də özümdən asılı olmayaraq onlara qoşuluram. Bəziləri lap ağını çıxardırlar. Amma Bayram, Pərviz həmişə gözəl, sevilən meyxanalar deyib. Nağara, qoşanağara ilə deyilən meyxanada olan ləzzət, dad heç nədə yoxdur. Dəfələrlə demişəm, indi deyirəm ki, çırtma ilə vurulan meyxana başqadır (əlini stola vuraraq meyxana deyir).

Gəlmisiniz, bu gün qonaq gəlmisiz,

Mən bilirəm soraq-soraq gəlmisiz.

Meyxanaya bax bu lazımdır. Bundan başqa heç nə lazım deyil. Buna baxmayaraq bu gün mən özüm də sintezatorla meyxana deyirəm. Demirəm sintezator pisdir, amma nağara və qoşanağara ilə deyilən meyxana tamam başqa olur. Ancaq bu gün o da mümkün deyil ki, şadlıq evində nağara və qoşanağara ilə meyxana deyim. “Exo” lazımdı, nağara çalanlar da bir qədər usta olmalıdırlar. Ona görə məcburuq sintezatorla deməyə. Amma yeri gələndə nağara ilə də meyxanalar deyirik. Özü də belə meyxana deyəndə heç bir avaz işlətmirik, elə bil söhbət edirik.

Qoymusan qabağıva sən varağuvu

Salmalısan bu gün mənə marağuvu

Burda not və ya ton lazım deyil.

- Meyxanaçılar da şairlər kimi bədahətən deyir. Siz 10 dəqiqəyə iki qafiyə açdınız. Amma bir şairə desən iki misra şeir de, çətinlik çəkər. Əvvəlcədən məşq edirsiniz, xüsusi metodlar var, ya sırf istedad lazımdır?

- Allaha qurban olum, bu ilahi vergidir.

- Bu işin texniki tərəfləri varmı?

- Mən inanmıram ki, hansısa şair məşq etsin. Ancaq mənim 50 yaşım tamam olub, bu gün məşq edirəm, öyrənirəm. Məsələn, “maraq” qafiyəsi tutulan kimi maraqla nə gəlir ayaq, dayaq, çıraq, qonaq, papaq, bulaq, budaq hamısı beynimdə canlanır. Sonra onları bir-bir yerinə qoyub, istifadə etmək lazımdır. Ola bilər ki, qafiyə açılan kimi dörd-beş söz yada düşməsin. Qalanlar hamısı necə var elə gəlir. Meyxananı deyə-deyə mütləq rəqibə də qulaq asmalısan ki, o nə deyir.

Həm ona qulaq asıb, özünü hazırlamalısan, həm də cavab verməlisən. Əgər maraq sözünü rəqib işlətdisə, maraq sözü sıradan çıxır, sən o sözdən istifadə edə bilməzsən. Özümü tərifləmək çıxmasın, hərdən elə meyxana deyirəm, özüm də inanmıram ki, bu meyxananı mən demişəm? Ancaq həmişə belə olmur. Bu allah vergisidir, buna görə allaha borcluyam.

- Namaz qılırsınız?

- Bəli, qılıram. Siz bu gün böyük xəta etdiniz ki, azan vaxtı zəng vurdunuz. Məcbur olub, çıxdım qarşınıza (gülür). Nə qədər canım sağdır, namaz qılacağam.

- Neçə ildir namaz qılırsınız?

- 1988-ci ildən etibarən namazdan qalmıram. Allah göstərməsin, xəstələnsəm də namaz qılacağam. Namaz qılmasam yaşaya bilmərəm. Azan verilən kimi evdəkilərə deyirəm ki, hər nə iş görürsünüzsə yarımçıq saxlayın. Bizim evə hələ pivə, şampan gəlməyib.

- Həcc ziyarətində olmusunuz?

- Allah qismət edib. Dünyada mənim üçün ordan gözəl yer yoxdur. İnanın ki, bunu efir üçün demirəm. Məni səmimi başa düşün. Arzulayıram ki, o torpaqlara bir də ayağım dəysin.

- Dini meyxanalar deyirsiniz?

- Hərdənbir deyirəm.

- Dini hadisələrlə, aşura ilə bağlı meyxanaların deyilməyinə münasibətiniz necədir?

- Münasibətim normaldır. Aqşin, Elşən Xəzər gözəl dini meyxanalar deyir, bizə ləzzət edir. Bir də görürsən toylarda biri qalxıb deyir ki, dini meyxana deyin. Etiraf etməliyəm ki, dini meyxanaların üstündə bir az işləyirik. Çünki adi bir adamın adının bir hərfini səhv desəm başa düşərlər. Ancaq dini söhbətdə səhv etmək olmaz. Belə meyxanalara daha ciddi yanaşmaq lazımdır.

- Niyə meyxanaçıların əksəriyyəti bakılıdır?

- Bilmirəm necə deyim ki, düz çıxsın. Ləvəngini Lənkəranda yeyirik. Çünki orda hazırlanan ləvəngiyə söz ola bilməz. Necə ki, muğam deyən kimi Qarabağ, Xan əmi yada düşür, meyxana da deyəndə Bakının kəndləri yada düşür. Həm də meyxana Bakı ləhcəsi ilə vəhdət təşkil edir. Bölgələrdən yaxşı meyxana deyənlər var. Hamısı dostumuzdur.

- Sizin adınız qarşısında kənd adı olmayıb. Meyxanaçıların adlarının qarşısında kənd, qəsəbə adlarının yer alması auditoriyaya hesablanır?

- Bu bir az tanınmaq üçün edilir. Rəşadın adı çəkiləndə deyirlər hansı Rəşad? Dağlı Rəşad. Bəlkə də Dağlı adını Rəşad götürməyib. Deyirlər, toyda Kərim, Ağamirzə və Pərviz. Soruşurlar, hansı Pərviz? Bülbülə Pərviz. Bilirsiniz, neçə nəfər meyxana deyən var Vüqar adında? Qobulu Vüqar, Maştağa Vüqar, Vüqar Biləcəri. Çoxdurlar axı, özümüz ayırırıq. Deyə-deyə adları elə qalır. Mənim adım bir az nadir olduğu üçün adımın qarşısına heç nə əlavə etmədim. Bəlkə müasir adlardan olsa, yəqin mən də nəsə əlavə edərdim.

- Pərviz Bülbülənin toyundan sonra onun qız fanatının intihar etmə xəbəri yayıldı. Qız fanatlarınız olub?

- Sözün açığı, dediyinizdən xəbərim yoxdur. Yalan danışa bilmərəm, qadın fanat hələ mənə rast gəlməyib. Mənə Kürdəmirdən elə bir adam rast gəlib ki, oğlanlarının adını Ağasəlim, Ağamirzə və Ağakərim qoyub.

- Meyxana deyən zamanı qəfil özünüzdən çıxırsınız, cuşa gəlirsiniz. Çox əsəbisiniz?

- Meyxananı belə deyirəm də. Meyxana deyənlərin içində yox ha, ümumiyyətlə, bəlkə də mənim kimi sakit adam təkdən bir olar.

- Ancaq meyxana deyəndə bu o qədər hiss olunmur...

- Ancaq meyxananı belə deyirəm, başqa cür alınmır. Məni meyxana ilə sıxmaq çətin deyil. Demişəm də, məni meyxana ilə sıxmaq istəyən belə bir “sən mənə can denən, mən də sənə can deyərəm” mərsiyə tonunda qafiyə tutsun, mən belə deyə bilmirəm.

Məndə ancaq tez-tezdi: “sən mənə can denən, mən də sənə can deyərəm, oturub sənin üçün on dənə dastan deyərəm”. Ritmlə, nağara ilə deyə bilərəm. Həmişə belə öyrəşmişəm. Maşınımın baqajında hər gün 4 dənə mayka, 4 dənə köynək olur. Meyxana deyəndə o qədər tərləyirəm ki, mayka su içində olur, maykadan keçir köynəyə, köynəkdən də keçir pencəyə. Belə deyirəm də meyxananı.

Özü də mən çox məsuliyyətli adamam. Sabah səhər televiziyaya çağırıblar. 3 dənə “budilnik” qururam ki, sabah efir var. Birdən bir “budilnik”in daşı ölər, biri gec vurar, heç olmasa üçüncü məni ayıltsın. Çünki kişilərə söz vermişəm ki, 9-da efirdə olacağam. Bir saat da tez çıxıram ki, birdən yolda tıxac, hadisə olar.

- Hər gün toyda olursunuz?

- Hər gün də olmasa hərdən olur. Yəni bugünkü gün kim desə ki, hər gün toydayam, yalan deyər. Hər gün toy iyun ayında başlayır.

- Ən çox hansı zona toya çağırır?

- Kəndimizdə, Maştağada, Bakının kəndlərində tez-tez toylarda iştirak edirəm. Bir də əsasən cənub bölgəsində, Masallıda, Lənkəranda, Astarada oluram. Ancaq desəniz ki, məsələn, Zaqatalada nə vaxt olmusan, məcburam fikirləşim.

- Xaricə də dəvət edirlər?

- Xaricə də tez-tez dəvət edirlər. Bu yaxında Xabarovsk şəhərində olmuşam. Çinə də dəvət ediblər.

- İntiqam və Ehtiram qardaşlarının rus dilində dediyi meyxanadan sonra Rusiyada meyxanaya maraq artıb?

- Vaxtilə mən də “U menya jiquli siqnal italyanski” meyxanasını rus dilində demişəm. Bizdən də qabaq ustadlar “Naşi mesta maştaginskiy selenni, odin korotk,i druqoy dilinni” deyib. İntiqamla, Ehtiram söhbəti çox gözəl tutdular. “Ti kto takoy, davay do svidaniya” meyxanasını Rusiyada hamı bilir. Mənim də xoşuma gəldi. Nə bilim, hərdən böyük qardaşı deyir ki, bizə paxıllıq edirlər. Əksinə, vallah, bu bizim sənətimiz üçün çox gözəl reklam oldu. Bu işə paxıllıq etmək günahdır.

- Kitab yazmaq niyyətiniz var?

- Nə bilim, vallah, kitab mənə çatmır. Bir dəfə çap olundu, xoşuma gəlmədi, kasetdən köçürmüşdülər. Şeir, qəzəl yazmağa çox az vaxt ayırıram. Yoxlasanız 15-20 şeir, qəzəlim ola ya olmaya.

- Özünüz yazmaq istəmirsiniz, ya vaxtınız olmur?

- Bu meyxana elə bir xəstəlikdir ki, ayrılmaq olmur. Mənim aləmimdə bir gözəl deyişmə bir qəzəldən yaxşıdır.

- “Ana” qəzəliniz xeyli populyar idi...

- Vallah, artıq “Ana” qəzəlini deməyə utanıram. Efirə, toya çağırırlar bir dənə “Ana” qəzəlini de. Adam bir qəzəli nə qədər deyər axı. Qohum-qardaş toyunda hamı bu qəzəli istəyir. Quran haqqı, utanıram. Dünən toyda idim, orda da bu qəzəli oxumağımı istədilər. Tanış uşaq var, ayın 21-i toya çağırıb, deyirəm, vaxtım yoxdur. Deyir, Ağamirzə, səndən heç nə istəmirəm, gəl bir dənə “Ana” qəzəlini de, sonra çıx get. Bu qəzələ tələbat olduqca çoxdur.

- Deyişmələrinizdə ləhcə açıq hiss olunur. Elə “Ana” qəzəlinizdə “anə” deyirsiniz...

- (gülür) Vallah, qəsdən belə demirəm. Necə evdə danışırıq, elə də deyirəm. “Ay anə, bir dənə çay ver, ay anə, mən gedirəm” və sair. Bəzi sözlər də var ki, bir də görürsən övladım qulaq asıb, deyir ki, papa, elə demə də. Deyirəm, nə deyirəm? Cavab verir ki, “gəlsülər”, “desülər” deyirsən. Deyir, gəlsinlər, desinlər de. Biz belə görmüşük də (gülür).

- Gənc yazıçıların bir çoxu meyxanaya yer verilməsinin əleyhinədirlər. Meyxananı yüksək mədəniyyət hesab etmirlər.

- Onlar belə deməlidirlər də. Meyxana böyük sənətdir. Mən sizə o qədər meyxana deyənlərin adını çəkərəm ki, söndülər, indi yoxdurlar. Düzdü, yeni meyxanaçılar gəlir. Meyxana həm də çətin sənətdir. Bir balaca ləngidin, səni tapdalayıb keçirlər. Gərək hər gün öz üzərində işləyəsən. Qafiyələr tapıram, hansı qafiyə xoşuma gəldi, tez yazıram diktofona. Elə meyxana deyənlər var ki, bu gün qıraqda qalıblar. Görürlər müharibə gedir, özləri girmirlər, kənara çəkiliblər. Çətindir də deyişmək. Girib əzilməkdənsə, kənarda dayanmaq min dəfə yaxşıdır.

- Son zamanlar meyxanalarda baba, nənə zarafatları olur. Siz də bir dəfə söyüşlü meyxana demisiniz.

- Hə, hərdən deyirik. Bir-birimizlə zarafatlaşırıq. Bu yaxınlarda söyüşlü meyxanamızı kimsə xəlvəti yazıb. Uşaqlar heç vaxt özlərinin belə görünməyini istəməzlər. 15 nəfərin içində olan söhbətdir. Özümüz üçün zarafatlaşırdıq da. Kim biədəb lətifə danışmır? Efirdə danışsan əlbəttə ki, adama pis baxarlar. Bu meyxananı qəsdən yaydılar. Ondan sonra hamımız bir yerə yığışıb söz verdik ki, belə şey bir də təkrarlanmasın.

- Çox populyarsınız?

- Demək olar ki, populyarlıq həddi keçib. Hərdən mən də istəyirəm ki, adi insanlar kimi yaşayım. Bir də görürsən qohum-qardaş ad gününə, toya, dəvət edir. Mən də ad günündə iştirak etmək istəyirəm. Biri gəlir ki, sözüm var sənə, biri gəlir ki, şəkil çəkdirək. Çox çətin olur. Mən də istəyirəm ki, dükana, bazara girim. Bilirsiniz də biz dükana, bazara girəndə 20 manatlıq şey 100 manat olur (gülür).

- Bəs sizə pay vermirlər?

- (gülür) Allah canlarını sağ etsin, pay verənlər də olur. 20 manatlıq malı 100 manata deyib, sonra qiyməti endirirlər. Satıcılar deyir, həci, sənə görə 90, 80, yaxşı 70 manat (gülür). Olur belə şeylər. Millətimiz çox yaxşı millətdir. Sənətə, sənətkara qiymət verəndir. Demirəm ki, mən sənətkaram. Sənətkarlara çox hörmət edirlər. Həmişə razıyıq millətdən. Namazda da millətim üçün dua edirəm. Çünki millətin pulu ilə dolanırıq, bizə maaş verilmir.

- Mədəniyyət evlərində, klublarda işləmək təklifləri olur?

- Belə təkliflər olmur, olsa da imtina edərəm. Bunu hələ də dərk etmirlər ki, meyxananı öyrətməklə, ustad yanına getməklə olmur. Bu istedadı allah verməlidir. Dəqiqəyə bir uşaq gətirirlər ki, buna meyxana öyrət. Deyirəm, vallah öyrətmək yoxdur. Uşağın gərək həvəsi olsun, gecə-gündüz ancaq meyxana desin ki, yavaş-yavaş püxtələşib, ortaya çıxsın. Dəfələrlə demişəm ki, Ağasəlim Çıldaq bizə meyxana öyrətməyib.

- Ancaq hamı sizi onun tələbəsi kimi tanıyır.

- Yenə deyirəm, mən Ağasəlimin tələbəsiyəm. Ağasəlim mənə necə oturmağı, necə durmağı, insanlarla necə danışmağı, hansı hərəkətləri etməyi öyrətdi. Mən indi də onun ruhu qarşısında baş əyirəm.

- Toya yüksək qiymətə gedirsiniz?

- Sizə qiymət desəm, bəlkə də mənə nifrət edərsiniz. Mən tamam başqa bir insanam. Meyxana deyənlərin heç biri inciməsin məndən. Onların yerinə danışmıram. Bu gün bir toydan şabaşla birlikdə 200 manat qazananda əlimi göyə açıb o qədər şükür edirəm ki. 200 manata da gedirəm, yeri gəlir 300 manata da gedirəm. İnanın səmimiyyətimə, məndə qiymətlər baha deyil. İstəsəniz başqa adamların vasitəsilə məni yoxlaya da bilərsiniz. Mənim üçün 200 manat olduqca böyük puldur.

- Yəni pul söhbəti etmirsiniz?

- Toy sahibi ilə danışıram ki, biz də buna baxırıq. Bir günümə Bakıdakı toydan 200 manat qazananda şükür edirəm. Naşükür adam deyiləm. 200 manatı elə fəhlə var ki, bir aya qazanır.

- Meyxanaçıların arasında qiymət söhbətinə görə narazılıq yaranmır?

- Onlara demişəm ki, hər kəs özü bilər. Sən min manata gedirsən, get, mənimlə işin olmasın. Mənə 200-300 manat sərf edir. Bir də görürsən ki, bəzi hallarda 5 nəfər oluruq, 4 nəfərə ev sahibi 400 manat pul verir. Deyirəm qaqaş, imkan var, mənə də 400 manat ver. Elə adam da var ki, deyir imkanım yoxdur.

- Elə toylara havayı gedirsiniz?

- Quran haqqı getmişəm, deyib pulum yoxdur, ancaq benzin pulunu verə bilərəm. Demişəm heç benzin pulu da lazım deyil.

- Samirə meyxana deyəndən sonra bir xeyli populyarlaşdı. Qadınların meyxana deməyinə necə baxırsınız?

- Samirə Oqtayla deməmişdən qabaq bizimlə deyib. Ağasəlim, Kərim, mən 15 il bundan əvvəl bir yerdə meyxana demişik. Samirə qafiyəni, hansı söz hansı qafiyəyə deyilir, bilir. Samirə bizim dostumuzdur. Samirə meyxana deyəndən sonra qadınların da marağı meyxanaya artdı. Əgər deyə bilirsə, qoy desin də, normaldır.

- Ancaq meyxana deyilən məclislərdə qadınlar olmur.

- (gülür) Hə, olmur.

- 90-cı illərin eyforiyası qalıb?

- O illərdən ötrü elə darıxıram, elə darıxıram. Hərdən bu həyatda da darıxıram. Baxıram ki, beş il bundan qabaq Ağasəlim vardı. İndi yoxdur, atam, anam yoxdur.

- Bakı kəndlərində böyük-kiçik yeri vardı. İndi vəziyyət necədir?

- Burda da aləm yavaş-yavaş bir-birinə qarışır. Mən bəzi şeylər var, onlara nifrət edirəm. Mən ona nifrət edirəm ki, dünya bu gün onun üstündə yaşayır. Nifrət edirəm mobil telefona, bunu kim icad elədi? İnternetə nifrət edirəm. Əvvəl saat 12 olardı, yatardıq. Görürsən ki, cavan uşaqdır yatmır. Niyə yatmırsan? Türkiyə kanalından konsert gedəcək, oturub ona baxır. Nifrət edirəm sərhədlərin açılmağına. Telefonsuz yaşamırdıq məgər? Nə qədər internetdə davalar, ölümlər olar. O bununla yazışır, bu onunla yazışır, sözləri çəpləşir, “razborka” edirlər. Düzdür, telefonun üstünlükləri də var, amma ziyanı da var axı. Ətrafa baxıram, dəhşətə gəlirəm. Meyxana deyirsən çəkirlər, danışırsan səsini yazırlar.

# 5246 dəfə oxunub

Oxşar xəbərlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
#
#
# # #