İzabel Yupper: “Onun intim həyatı keçicidir”

İzabel Yupper: “Onun intim həyatı keçicidir”
13 aprel 2016
# 13:53

Fransız aktrisa İzabel Yupper Kann festivalına nə az, nə çox 16 dəfə iştirak edən yeganə aktrisadır. İndi də yeni filmi ilə Kanna yollanır. 1971-ci ildən bu günə kimi demək olar ki, fasiləsiz filmə çəkilən Yupper norveçli rejissor Yoahim Trierin dünya premyerası yenicə keçirilən “Bomba səsindən də güclü” filmində əsas rollardan birini - hərbi fotoqraf İzabel Ridi - oynayır.

Kulis.az rusiyalı kinoşünas Anton Dolinin aktrisa ilə müsahibəsini təqdim edir.

- Norveçdən olan, gənc və az tanınmış adamın filminə çəkilməyə razılaşmağınızın səbəbi nə idi? Yoxsa Qabriel Brin, Cessi Ayzenberqlə tərəf müqabili olmaq sizi cəzb etdi?

- Yoahim Trier kiməsə görə az tanınmış ola bilər, amma mən onun bundan əvvəl çəkdiyi “Oslo. 31 avqust” filminə baxmışam və o, məni heyran edib. Gənc olmasına baxmayaraq artıq hamı ondan danışır, ən azı Fransada. Ona görə də filmə çəkilməklə mən yox, o, mənə şərəf verib.

- Ümumiyyətlə, təəccüblüdür ki, sizin kimi kino və teatr premyeraları və çəkilişlərlə dolu qrafiki olan ulduz yeni filmlərə baxmağa vaxt tapır, elə Norveç rejissor-debütantının filminə də.

- Hə, mən nəsə çox çəkilirəm. İndicə ard-arda çəkilən üç filmi bitirmişəm, bir neçə gün sonra isə dördüncüyə başlamalıyam. Faktiki olaraq fasiləm yoxdur. Bu filmlərdən sonuncusu Mia Hansen-Levin “Gələcək” filmi xüsusən yaxşı təcrübə oldu. Həm də əziyyətli: bir həftəlik çəkilişləri saxlayıb Parisə uçmalı oldum, Marivonun “Yalan etiraflar” əsəri əsasında Lyuk Bondinin hazırladığı tamaşada oynamaq üçün. Hələ Verxuvenin “O” filmində artıq premyeraları izləməyi tərgitmişdim. Amma indi necə olsa görürsünüz ki, çatdırıram.

- Necə çatdırırsınız, maraqlıdı?...

- Bilirsiz, elə vaxtlar olur ki, hamısı üst-üstə düşür; tamaşalar, çəkilişlər... Amma mən hamısını götürürəm və şikayətlənmirəm. Hətta hardasa həzz alıram. Bilirəm ki, istirahətə də vaxt olacaq, azacıq sonra. Hətta cürət edib Avinyon Teatr Festivalı üçün Markiz de Sadın nəsrinin oxunuşunu da hazırlamışam, əla da alınıb.

- De Sad ən yaxşı fransız yazıçısıdır!

- Siz də belə düşünürsünüz? Şad oldum buna. Bu “Jüstina” və Jülyetta” əsərinin fraqmentlərindən mənim öz oxunuş montajım idi. Avinyondakı Papa sarayı nəfəs dərmədən izləyirdi. Mən belə uğur gözləmirdim və sonradan təəssüf etdim ki, bu, yalnız bir gecə oldu. İndi düşünürəm ki, bəlkə bir də təkrarlayım?

- Jüstin və Cülyetta bacılarını bir aktrisada birləşdisək, sonrasa sizin “Bomba səsindən də güclü” filmindəki qəhrəmanınızı - hərbi fotoqrafı xatırlasaq... Bu personajların seçilməsi prinsipini tutmaq çətindir. Deyəsən siz kimi olsa oynayarsınız, ümumiyyətlə istənilən rolu götürə bilərsiniz.

- Əlbəttə mənə kimi oynadığımın fərqi var. Amma təklif cazibədardısa, necə imtina etmək olar? Həm də kino teatr deyil, onun öz tryukları var və orada kimi istəsən oynamaq olar. Amma fotoqraf rolu, xüsusi idi. Axı mən aktrisayam, fotoaparat isə məni gözlənilməz vəziyyətdə qoyur: indi mən obyektivdə deyiləm, onun arxasında gizlənmişəm. Bu mənada bu, təyyarə idarə etməkdən və ya yük maşını sürməkdən daha qeyri-adidir. “Bombadan da güclü”də mən aktyorluğun mahiyyətinə qayıdıram, çünki filmin hədəfi fotoaparat arxasında gizlənən insanı göstərməkdir. Onun zəifliklərini və çatışmazlıqlarını açmaqdır. Bununla belə onun intim həyatı keçicidir, mümkünsüzdür: yadınıza salın, hadisələrin əvvəlində mənim qəhrəmanım artıq sağ deyil.

- Sizi anladım. Siz fotoqrafsınız, həm də siz fotonun özüsünüz. Obraz.

- Ay sağ olun! Eyni zamanda aktiv və passiv. İnsan və təxmin edilən proyeksiya. Bu mənim üçün qeyri-adi personajdır. Mən şəxsiyyəti oynamıram, çünki ekranda avtonom, obyektiv olaraq yaşamıram, mən bir-birilə toqquşan subyektiv proyeksiyalaram.

- İstənilən aktrisanın iştirakı kimi bir şey.

- Hə. Yəni, onların subyektiv baxışlarını toplayıb aktrisa öz mənini tapır.

- Deyəsən sizinlə bu tez-tez baş verir; xüsusən, sirli fransız aktrisaya əcnəbi rejissorlar baxanda: Yoahim Trier, Mixail Haneke, Xon San Su, Brilyante Mendos...

- “Fransız xanım”. Elədi, bu mənəm. Bu bir koreyalı qadını oynamaqdan daha rahatdır. Bilirsiniz, mən onların hamısı üçün əcnəbiyəm və bu, mənə konfliktin mərkəzində dayanmağa, təzadlılıq, başqalıq daşıyıcısı olmağa kömək edir. Əlbəttə həmişə əcnəbini oynamaq qəribədir, amma əvəzində bütün dünyanı səyahət etmək olar. Digər tərəfdən mən bütün ömrüm boyu özümü əcnəbi kimi hiss etmişəm. Deyə bilmərəm ki, bu məni bədbəxt edir, qətiyyən. Sadəcə mən hər yerdə, hətta populyar aktrisa olaraq marjinal qalmaqda davam etdiyim Fransada belə yadam. Hərçənd başqaları daha populyardı və...

- Yəqin Kamyuya görədir, “yad” daha çox fransız hissidir.

- Yəqin elədir.

- Bəs bu, işinizə mane olmur?

- Yox, əksinə, özünəməxsus bir azadlıq verir. Mən rahat seçim edə bilirəm. “Pianoçu qadın” filmini xatırlayıram. Əlbəttə, film əla filmdir, rol da nadir roldur, Haneke özü də böyük rejissordur. Amma əhvalat axı bir az risklidir, uğurlu olacağını qabaqcadan heç kim deyə bilməzdi. Amma Mixael bu rolu oynamağı təklif edəndə mən heç bir saniyə də şübhə etmədim, o saat hə dedim.

- Deyəsən yaş artdıqca siz özünüzə və məşğul olduğunuz sahəyə daha artıq inamlı olursunuz.

- Mən özümə yox, işlədiyim adamlara, inandığım adamlara əminəm. Mən əməkdaşlıq edəcəyim adamları seçə bilirəm və çox nadir hallarda səhv edirəm.

- “Yalan etiraflar”da səhnədə Lui Qarrelin personajının sevgilisini oynayanda sizin on il qabaq “Mənim anam” filmində onun anasını necə təbii oynadığınızı xatırlamaya bilmədim.

- Bu, teatrın gücüdür. Marivoda qəhrəmanım özündən də yoxsul adamla görüşən dul qadındır. Orada yaş fərqi əhəmiyyət kəsb etmir, bu, XVIII əsrdir. İndi ümumiyyətlə bu söhbətlər işləmir. Heyf ki Marivonu çox az tanıyırlar və Fransadan başqa demək olar ki, heç harda tamaşaya hazırlamırlar. Molyer qədər yox. Amma məncə Marivo psixoloji nüans və incəliklər, gizli mənalar məsələsində çempiondur. Onu bu mənada heç bir dramaturqla müqayisə etmək olmaz.

- Çəkildiyiniz filmdən, Verxuvanın “o” filmindən danışın zəhmət olmasa. Amma spoyler (süjetin təfərrüatlı danışılması) olmasın, xahiş edirəm.

- Bu, Fransada çox məşhur olan Filip Cianın son əsərlərindən birinin ekranlaşdırılmasıdır. Bu, qadının onu zorlayan kişi ilə münasibətləri haqqında provakasion kitabdır. Amma film... Bu başdan ayağa Verxuvenindir.

- Çoxları üçün siz kinonun ilham pərisisiniz...

- Bəzi filmlər tamaşaçıya rahatlıq hissi verir, bəzilərindən bu hissi alır. Çünki bunlarsız da mümkün deyil. Mən bunlardan qaçmaq istəmirəm. Əgər rol səni qorxudursa, deməli, o sənə nəsə verəcək. “O” isə kifayət qədər qorxudan filmdir. Elə Verxuven özü də bəzən qorxulu olur

- Siz dünyanın bütün rejissorları ilə işləmisiz az qala. Rus kinematoqrafçılarından kiminləsə işləmək istəyərsizmi?

- Zvyaqintsevin pərəstişkarıyam. Onun filmində çəkilməkdən xoşbəxt olardım.

- Müasir fransız kinosu haqda nə deyərsiz? Sizin bir vaxtlar işlədiyiniz Klod Şabrel, Patris Şero artıq həyatda yoxdurlar...

- Amma fransız kinosu var. Bizim Arno Depleşendən Fransua Ozona kimi xeyli sayda böyük rejissorumuz var.

# 1748 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #