Məşhur aparıcı: “Arada qız da olur”

Məşhur aparıcı: “Arada qız da olur”
7 iyun 2014
# 08:00

Kulis.Az “Yeməli söhbət” layihəsinin qonağı aparıcı İlkin Həsənidir. İlkin Həsəni ilə Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə künefə sifariş verib, müsahibəyə başladıq.

- İlkin, hansı yeməkləri sevirsən?

- Milli mətbəxin demək olar ki, bütün yeməklərini xoşlayıram. Amma dolma və fisincan plovu daha çox sevirəm. Nə vaxt restorana gedirəmsə, bu iki yemək olmalıdır. Avropa mətbəxindən isə steyk, toyuq, balıq ətindən hazırlanan yeməkləri bəyənirəm.

- Özünüz nə bişirə bilirsiniz?

- Ciddi yeməklər bişirə bilmirəm. Amma 2006-2007-ci illərdə hərbi xidmətdə olduğum vaxtlarda toyuq, kartof qızartması və badımcan kürüsündən hazırlanan yeməkləri bişirməyi öyrəndim. Tək qalsam özüm üçün nəsə bişirə bilərəm.

- Hərbi xidmətdə nə yeyirdiz?

- Hərbi xidmətimin yarısı Xudat rayonunda, qalan 6 ayını isə Bakıda keçirmişəm. Əvvəl hərbi hissədə bişirilən yeməkləri yeyirdik. Hərbi xidmətdə bir şey var. Gənc əsgər hərbi hissədə olan yeməklərdən yeyir, yetişmiş əsgərə isə müəyyən şəraitlər yaradılır. Yetişmiş əsgər olan vaxtlarımda hərbi hissənin yanında mağazadan “squşonnu moloko”, badımcan kürüsü, şirələr alırdıq.

- Sizin üçün əvəzedilməz yemək nədir?

- Anamın bişirdiyi dolma. O dolmadan danışmasam düz olmaz. Çünki anam bu saytı oxuyur və bu cavabımı görüb məni öpəcək. Bu gün anamın bişirdiyi dolmanın dadını verəcək heç bir dolma yeməmişəm.

- Tələbəlik illərinizin yeməkləri necə olub?

- Tələbə olanda öz evimizdə qalırdım, yəni ailəmlə birlikdə. Tələbəlik illərində əsas yemək problemi rayondan gəlib Bakıda təhsil alan gənclərdə olur. Mən artıq ikinci kursda oxuyanda işləyirdim. Öz əmək haqqımdan hətta ailəmə də verirdim. Tələbə vaxtı universitetin yeməkxanasında və universitetin yaxınlığında olan türk restoranlarında yemək yeyirdik.

- Spirtli içkilərə münasibətiniz necədi?

- 2011-ci ilin noyabr ayından spirtli içki içmirəm. Çox insan soruşur ki, bunun səbəbi nədir? Bunun bir səbəbi yoxdur. Mən sadəcə fikirləşirəm ki, insan özünə müəyyən qadağalar qoymalıdır. Biz bir klub icarəyə götürmüşdük. Həmin klubda bir dəfə 10 gün dalbadal spirtli içki içdim. Ondan sonra spirtli içkiyə “yox” dedim.

- Ovla aranız necədi?

- Marağım var, ancaq ciddi şəkildə məşğul olmamışam. Amma dostlarla tez-tez avtomobillə səfərlərə çıxırıq. Həmin səfərlərdə ov etməyə imkan olub, amma nədənsə etmirəm. Ola bilsin bu payız başladım ova.

- Kabab bişirməklə aranız necədi?

- Kabab bişirməyi yox, amma şişə ət çəkməyi sevirəm. Demək olar ki, bu işdə peşəkaram. Yəni ətin harasın şişə taxmaq lazımdı, harasın şişə taxmaq olmaz bunu çox yaxşı bilirəm.

- Bəs kabab yeməklə aranız necədi?

- Kababla aram yaxşı idi. O vaxta qədər ki, bizim rayon səfərlərimiz başladı. İndi rayon çəkilişində olanda yemək sifariş verəndə deyirik ki, kababdan başqa nə varsa gətir. Biz rayonlarda kababın elə bir növü qalmadı ki, onu yeməyək.

- Badımcan və boranı ilə aranız necədi? Yaşlı adamlar deyir ki, onda olan vitamin heç nədə yoxdu.

- Boranını plovun üstündə və qutabın içində bir az xoşlayıram.

- Yol qırağı kafelər necə xoşunuza gəlir?

- Elə yol qırağı kafelər var ki, şəhərin mərkəzində olan dəbdəbli restoranlardan qat-qat artıq insanı səmimi qarşılayırlar və onların bişirdiyi yeməklərdən dadlı yemək bişirirlər. Biz məsələn, balıq yemək üçün Pirallahı qəsəbəsinə getmişik. Orda çox gözəl balıq verirlər.

- Yoldan danışmışkən yol polisləri ilə münasibətinizi də soruşaq...

- Yaxşıdı. Sizinlə müsahibəyə gələndə bir yol polisinin yanından keçdim, məni gördü. Gördüm dalımca gülə-gülə sürür. Mikrofonla mənə “saxla” əmri verdi. Gedib salamlaşdım. Mənə gülə-gülə dedi ki, təhlükəsizlik kəmərindən niyə istifadə etmirsiz? Dedim, üzr istəyirəm ay rəis, bəs sizin avtomobildə təhlükəsizlik kəməri var? Gülə-gülə dedi ki, get.

- Paytaxt və bölgələrdə olan restoranların fərqi nədir?

- Bakıda olan restoranlarda xaricdəki restoranlardakı kimi hər şüy var. Amma paytaxtda da, bölgələrdə də xidmət çox aşağı səviyyədədir. Restoranda xidmət və mətbəx yüksək səviyyədə olmalıdır.

- Heç ürəyinizdən “20 Yanvar”da satılan peraşkini yemək keçib?

- Peraşki yox. Mən gigiyenaya çox fikir verənəm. Amma çox dadlı olur. Dönər istədiyim olub. Adam az olan yerdə gedib dönər alıb, maşında oturub yemişəm. Yəni qurdumu belə öldürmüşəm. Məsələn, 20 yanvarda Vərəm Dispanserinin yanında çox yaxşı bir kababxana var. Düzdü köhnə yerdi. Orda elə adlı-sanlı insanlar görmüşəm ki.

- İlkin bəy, layihənizin adı niyə “Dolma pictures” yox, “Bozbash pictures” oldu?

- Bu layihəyə başlayanda hədəfimiz “bozbaş” müğənnilər idi. Sonra filmlərə keçid aldıq. O ad populyar olduğuna görə həmin adla layihəmizi davam elətdiririk.

- “Bozbash pictures” sizi güldürə bilir?

- Belə oturub baxanda gülmürük. Amma elə şeylər var ki, tamaşaçı ona gülmür, lakin biz ona gülürük. Həmin layihədə olan beşlik dostlardı. Yəni bir-birini əvvəldən tanıyan dostlar. Beşlikdə olan dostları tamaşaçı bizim qədər tanıya bilməz. Orda bəzən elə xırda zarafatlar olur ki, onu yalnız biz başa düşürük.

- Azərbaycan efirində ümumiyyətlə sizi kim güldürə bilir?

- Bizi güldürən çoxdur. “Planet Parniz İz Baku” teatrının bütün heyəti istedadlıdır. Cabir İmanovu həmişə sevmişəm. İmanovun hər hansı bir sözü belə məndə təbəssüm yaradır. Cabirdan əlavə Elməddingilin “Bacanaqlar” serialı da yaxşıdır.

- Rayonlara səfəri necə planlaşdırırsız?

- Rayon rəhbərliyinə zəng edib fikrimizi deyirik. Bir-iki dəfə olub, xəbər verməmişik, onlar da inciyib. Hər hansı bir rayona gedəndə bizim çəkilişlərimizə baxmağa xeyli adam gəlir və təbii ki, bu da həmin rayonda müəyyən narahatlıq yaradır.

Elə rayon olub bizə mədəni surətdə izah ediblər ki, gəlməyin. Yəni rayonda tikinti işləri gedir, ya qonağımız var. Biz də vəziyyəti başa düşürük. Yəni bu rayonun bizim 10 nəfərlik çəkiliş heyətimizi otellə və yeməklə təmin etməyə gücləri çatmır.

- Konkret hansı rayon?

- Ağstafa, İsmayıllı. Ağstafada başçının müavininə zəng edib görə gəlmək istədiyimizi bildirdim. Bizim təklifimizə mədəni surətdə “yox” dedilər.

- Çəkiliş vaxtı başınıza maraqlı hadisə gəlib?

- Rayon camaatı bizi çox sevir. Bu hadisə baş verəndə mən olmamışam, amma uşaqlar danışıb. Şəmkirdə çəkilişdən yorğun otelə qayıdıb “reseption”a dedik ki, kim gəlsə bizim otağa buraxma. Demək uşaqlar hamıdan əvvəl çıxıb oturublarmış. Birdən qapını döymədən üç nəfər əllərində fotoaparat giriblər içəri. Həmin içəri girənlərdən biri hamımıza diqqətlə baxandan sonra bizim “Ağsaqqal” personajın canlandıran Azər Baxşəliyeva deyib ki, sən hansısan ə?

- “Bozbash pictures” tamaşaçıya nə verir?

- Elə adam var ki, bizə baxıb gülür, elələri də var ki, baxıb gülür və düşünür. Bu gün bizim elədiklərimiz o demək deyil ki, ay camaat baxın belə olub. Biz demək istəyirik ki, ay camaat baxın belələri də var və belə olmayın.

- “Bozbash pictures”in hər seriyasında niyə köhnə maşınlardan istifadə edirsiz?

- Hansı rayona gediriksə, köhnə bir maşın istəyirik. Bir-iki dəfə təzə maşın çəkdik. Amma effekt vermədi. Hansı sayda təzə maşın olubsa, demək o zərurətdəndir. Ya çox köhnə olmalıdır, ya da çox təzə.

- Maşının nömrəsini “zerkalnı” seçməkdə məqsəd nədi?

- Hansı rayona gediriksə, oranın seriyasına uyğun nömrə götürürük. Məsələn, 18-ŞŞ-018. ŞŞ-Şəmi və Şöşü. Məqsəd yoxdu.

- “Bozbash pictures”in çəkilişlərində avtomobillə bağlı hissələrdə təhlükəsizlik kəməri taxmadan nəqliyyat vasitəsi idarə edirsiz. Sizcə, bu əks təbliğat deyil?

- Düzdür. Yeni çəkilişlərimizdə olacaq. Yeni mövsümdə yeni ssenaristlə işləyəcəyik. Yumordan başqa həm də maarifləndirmə işləri də görəcəyik.

- Sizin layihənizdə qadın yoxdur.

- Arada qız da olur. Tarix göstərib ki, bu günə kimi güldürməyi bacaran kişilər olub. Qadınlar real həyatda da güldürə bilmir. Qadınlar yumor və komediyada oynamaqdansa özlərini dramada sınasalar, daha yaxşı olar. Bəlkə də kişiləri keçərlər. Bir sözlə yumor qadınlıq deyil.

- Sizin layihəni “Recep İvedik”lə müqayisədə hansı mərhələdə sayırsız?

- Bizim bir film var. İnşallah payızda hazır olacaq. Ondan sonra tamaşaçı özü qiymət verər.

- Fəlakət tamaşaçıya nə verir?

- Fəlakət obrazı dəlidən doğru xəbər deməkdir. Düzdür arada gicləyir. Amma bəzi ağıllı sözləri var.

- Sizə real həyatda Şəmi kimi, ya digər dörd nəfərin canlandırdıqları personaj kimi yanaşanlar çox olur?

- Məni bir az aparıcı kimi tanıyırlar. Şəmi ilə İlkin arasında yerlə-göy arasında fərq var. Bizim rayon çəkilişlərimizdə camaat elə bilir ki, bu uşaqlar roldakı insanlardır. Tamaşaçı elə bilir ki, Fəlakət bütün günü gözlərin bərəldib gəzir. Fəlakət və digər üç nəfər real həyatda çox ciddi adamlardı.

- Sizin layihənin baxış sayı necədi?

- Biz baxılma sayımızı, reytinqimizi kağız üzərində quru faizlə ölçmürük. Reytinq rayonlara gedəndə yolların bağlanmasına səbəb olan tamaşaçı izdihamıdı. Bizim reytinqimiz dekabrda “Youtube“a yüklənən videoya aprel ayında bir milyon baxışın olmasıdır.

- Ən yaxşı yeyib-içmək hansı rayonda olub?

- Sabirabad, Şirvan, Şəmkir.

- Ən pis harda baxıblar?

- Ağsu. Biz orda elə bir yerdə qaldıq ki, o yerin şəklin indi paylaşsam və desəm ki, ay camaat avqust ayında 10 nəfərlik heyətlə burda qalmışıq , bizə heç kim inanmaz. İsmayıllıda da bizi yola verdilər. Orda toz-torpaq əlindən tərpənə bilmirdik.

- Şəmi deyəsən çox yeyib-içən oğlan deyil.

- Şəminin bir videoların göstərərəm ki... O yemək yeyəndə adam iştaha gəlir. Həmişə yemək çəkilişlərimi günortadan sonra edirik ki, həm özümüz yemək yeyək, həm də səmimi alınsın.

- Toylara da gedirsiz...

- Son bir neçə ildə toylara tamada kimi yox, aparıcı kimi gedirəm. Elə adam olur, zəng edir ki, tamada lazımdır. Deyirəm ki, getmirəm. Amma zəng edib aparıcı istəyəndə gedirəm. Çünki tamadalıq və aparıcılıq ayrı şeylərdir. Müasir toylara tamada yox, aparıcı lazımdır.

Yemək məsələsinə gəldikdə isə musiqiçilər özlərinə ayrıca bir masa ayırır. Birinci musiqiçilər yeyir, sonra müğənnilər və aparıcılar oturur. Yəni toy əhli nə yeyirsə, biz də ondan yeyirik.

- Toya aparıcı kimi neçəyə gedirsiz?

- 2500 manat.

- Özünüz toya ən çox nə qədər pul atmısız?

- 400, ya 500 manat. Bundan çox pul atmamışam.

- Dieta ilə aranız necədi?

- Yaxşıdır. Amma bir müddətlik üstünə düşürəm. Bir də görürsən elə bir jurnalist olur ki, gecə vaxtı dəvət edir adamı “Künefə evi”nə. Gecə vaxtı adama künefədən yedizdir və bununla da dieta pozulur (gülür).

- İlkin Həsəninin qadınlarla arası necədi?

- Yaxşıdır. Kişilərdən çox qadınlarla münasibətim yaxşıdı.

- Ədəbiyyatla aranız necədi?

- Azərbaycan ədəbiyyatına o qədər bağlı deyiləm. Amma yeni çıxan kitablardan və keçirilən təqdimatlardan xəbərim olur. Azərbaycanda yeni bir yazar nəsli formalaşıb və yeni cərəyan var. Həmin cərəyan arxasınca böyük bir kütləni apara bilir.

Axırıncı oxuduğum kitab Baris Akuninin “Çornıy Qorod” romanı olub. Den Braunun ədəbiyyatı ilə də tanışam.

- Cem Yılmazın yumoruna münasibətiniz necədi?

- Əla. Onun yumoru ali yumordur. Türk dilini tam dəqiqliklə bilməsəm də, amma mənə elə gəlir ki, Cem Yılmazın zarafatları bizim millətin psixologiyasına da uyğun gəlir.

- Arif Quliyevin yumoru necədi?

- Səmimi desək, bu gün Arif Quliyev yumoru aktual deyil. Amma Arif Quliyevin bir vaxtlar çox güclü yumoru olub. Onun audi kasetləri demək olar ki, bizim ev də daxil bütün evlərdə var idi. Onun xəstə həkim səhnəciyi var idi-“Doktor vızqırıvali”. O vaxtdan o söz mənim ağlımda qalıb.

- Qəfildən oturub ağlamısız?

- Gözlərimin dolduğu olub. Bu hansısa fotoya, filmə baxanda, mahnıya qulaq asanda ola bilər.

- Sizi nə təəccübləndirir?

- Məni Facebookda təəcübləndirirlər. Bir xanım mənə belə bir şey yazmışdı. Bilirəm bunu oxuyub cavab verməyəcəksiniz. Amma yazıram. Mən universitetdə oxuyuram. Təhsil haqqım 1200 manatdır. Həmin pulun yarısını ödəmişəm. Yarısını isə xərcləmişəm. Bu yaxınlarda mənim imtahanımdı. Amma məni imtahana buraxmayacaqlar. Xahiş edirəm mənə o pulu borc verin.

Mənə inanmırsınızsa ödədiyim təhsil haqqının çekin gətirib sizə verərəm. Mən sonra işə düzələcəm və sizin pulunuzu qaytaracam. Həmin xanıma yazdım ki, çox təəssüf edirəm. Mən nəinki tanımadığım, heç tanıdığım adamlara borc vermirəm. Sonra biri yazmışdı ki, mən sizi çox sevirəm.

Bu yaxınlarda anamın ad günü olacaq. İstərdim ki, Şəminin paltarında gəlib onu təbrik edəsən. Biz həmin obrazda heç bir tədbirə, ad gününə, toya getmirik. Həmin personajları adiləşdirmək üçün belə şeylər etmirik.

Bir neçə ay bundan qabaq balaca bir uşaq xərçəng xəstəliyinə yoluxmuşdu. Həkimlər uşağın vəziyyətinin ağır olduğunu bildirmişdi. Həmin uşaq bizim fanatımız idi. Atası bizi tapıb vəziyyəti izah etdi. Günlərin bir günü biz getdik, həmin uşaqla söhbət elədik. Bir az söhbətləşdik. Bir neçə saatımızı o balaca balaya həsr etdik.

Fotolar: Elvin Bayramlı

# 14418 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #