Miri Yusif: “Dostoyevskini oxudum, amma.."

Miri Yusif: “Dostoyevskini oxudum, amma.."
20 aprel 2013
# 08:00

Azərbaycanlı məşhurlar internetdə. Texnoloji yeniliklərdən ən çox istifadə edənlər kimlərdir, kimlər sosial şəbəkələrdə aktivdir

Kulis.az-da məşhurlar və texnologiya mövzusunda başladığımız müsahibələr silsiləsinin budəfəki qonağı Miri Yusifdir. Sosial şəbəkələrin aktiv istifadəçisi olan Miri Yusifin Facebookda 64 min, Twitterdə 7 min, İnstagramda isə 4600 izləyicisi var. Youtube kanalında izləyici sayı 1800-dür.

- İnternetdən tez-tez istifadə edirsiniz?

- Bilirsiniz, bu günlərdə prodüserim Emin Əfəndi yaxşı bir status yazmışdı ki, “Miri Yusif” brendinin inkişafında televiziya və radionun dəstəyindən çox internetin köməyi olub. Proyektin böyük bir qismi əslində internet üzərində qurulub. Sosial şəbəkələr müğənnilərə o qədər geniş imkanlar yaradıb ki, bizə ancaq ondan maksimum yararlanmaq, bu fürsətdən yaxşı istifadə etmək qalır. Komandam bu işin öhdəsindən yaxşı gəlir.

- Sosial şəbəkələrdəki hesablarınızı özünüz idarə edirsiniz?

- Facebookdakı səhifəmlə və saytımla köməkçim məşğul olur. Amma Twitterdə özüm yazıram. Bir də arada İnstagramda şəkillər paylaşıram.

- Sosial şəbəkədəki fanatlarınızla görüşürsünüz?

- Düzü, hələ xüsusi bir gün təyin edib görüşməmişəm dinləyicilərlə. Əsasən konsertlərdə görüşürük. Xüsusi məkanlarda, biletli konsertlər keçirəndə gəlməyə hamının imkanı olmur. Amma son vaxtlar ticarət mərkəzlərinin birində tez-tez konsertlər verirəm, giriş pulsuz olduğundan ora daha çox dinləyici gəlir. Görüşürük, fikirlərini bildirirlər, mənə də xoş olur.

- Facebookda ismarışlara baxırsınız?

- Köməkçim demək olar ki, hamısını oxuyur, lazım olanda özü cavab yazır. Vacib bir şey olanda mənimlə məsləhətləşir. Hərdən özüm də baxıram.

- Paylaşımlarınıza mənfi rəylər gələndə ilk reaksiyanız necə olur?

- Müğənni, sənət adamlarını bir qırağa qoyaq, adi insanların beş dostu varsa, beş düşməni olur. Ona görə belə şeylərə normal yanaşıram. Düzdür, təhqir, söyüş olanda silirik, amma dinləyici iradını, ya da bəyənmədiyini yazıbsa, niyə silək ki?! Bir şey də var ki, dinləyicilərim mənfi rəy yazan adama bizdən qabaq reaksiya verirlər, cavab yazırlar, heç bizə ehtiyac qalmır (gülür).

- Facebookda dostları hansı prinsiplə qəbul edirsiniz?

- Elə bir prinsipim yoxdur. Şəxsən tanıdıqlarımı tərəddüdsüz qəbul edirəm. Tanımadıqlarım isə çox vaxt ismarış yazırlar, mən də baxıram, adı, soyadı, şəkli normaldırsa, heç olmasa iki cümləni normal yan-yana qoyub yazıbsa, qəbul edirəm.

- Adınızdan saxta hesablar açırlar?

- O qədər! Təkcə Facebookda yox, Odnoklassniki saytında da açıblar. Halbuki, heç girməmişəm o sayta. Adımdan yazışırlar, şəkil paylaşırlar. Amma məncə, internetdən normal başı çıxan adam hansının rəsmi, hansının qeyri-rəsmi hesab olduğunu ayırd edə bilər.

- Bəs qarşısını heç cür ala bilmirsiniz? Ən azından Facebookda şikayət etmək mümkündür...

- Bu gün şikayət edib bağlatdırsaq, sabah o birini açacaqlar. Ona görə mənasızdır nəsə etmək. Ucuz insanlardır bunlar. Ən yaxşısı baş qoşmamaqdır. Hələ bu yaxınlarda həyat yoldaşımın adından saxta hesab açmışdılar. “Miri Babayeva” adlı hesab idi deyəsən, yazmışdı Miri Yusifin həyat yoldaşıyam.

- Yoldaşınızın reaksiyası necə oldu?

- Heç nə, dava elədi (gülür). Dedim, belə xırda şeylərə fikir verməsin.

- Sosial şəbəkələrdən qazandığınız dostlarınız var?

- Var, görüşürəm hərdən. Çoxu xaricdə yaşayır, danışırıq.

- Hansı saytlara baxırsınız?

- Əsasən 1news.az, baku.ws, haqqin.az, lent.az saytlarına baxıram. Şou-biznes, əyləncə kimi bölmələrin xəbərlərindən çox dünyada baş verən hadisələr haqda oxuyuram. Çalışıram hər şeydən xəbərdar olum.

- “Google”da özünüzü tez-tez axtarırsınız?

- Axtarıram, amma vaxtaşırı. Çünki hərdən gözümüzdən qaçan hansısa xəbər olur, şayiə olur, baxıram görüm nə yazıblar. Daha çox “Youtube”da axtarıram adımı. Dinləyicilər konsertlərimdən videolar çəkib qoyurlar, ya da mahnılarıma video düzəldirlər. Şərhləri oxuyuram, maraqlı gəlir.

- İlk telefonunuz hansı olub?

- (Gülür). İnanırsınız, heç yadıma gəlmir. O vaxt iri “Ericsson” təzə çıxmışdı, onlardan almışdım.

- Birinci kimə zəng vurmuşdunuz?

- “Çardaq” verilişinin aparıcısı Ayşəyə zəng vurmuşdum. Amma niyə zəng vurmuşdum, bilmirəm (gülür).

- İndi hansı telefonu işlədirsiniz?

- iPhone 4 işlədirəm.

- Tez-tez dəyişirsiniz telefonunuzu?

- Yox, mən belə şeylərdə çox konservativəm. Bir telefona öyrəşdimsə, uzun müddət ondan əl çəkmirəm. Həm də ehtiyac görmürəm dəyişməyə. Mənə lazım olan hər şey var burda.

- Oyun oynayırsınız telefonda?

- Hə, “Subway Surfers”i xoşlayıram. Bir də təzəsini tapmışam, söz tapma oyunudur. Telefondakı o biri oyunları da uşaqlarım yazıblar, gələn kimi götürüb oynayırlar.

- Telefonda, ya da kompüterdə problem yarananda özünüz həll etməyə çalışırsınız, yoxsa kiməsə göstərirsiniz?

- Düzü, çox problem yaranmır. Çətinliyim olanda texnologiyanı yaxşı bilən bir dostuma müraciət edirəm, o düzəldir.

- Yenilikləri sevən adam deyilsiniz deyəsən...

- Baxır yeniliyə. Eksperimentləri xoşlayıram. Məsələn, “Bir siqaret” klipimi yəqin görmüsünüz, o fotokamera ilə çəkilib. Rejissor Fərhad Əli mənə belə bir şey çəkməyi təklif elədi, razılaşdım. Yaxşı da alındı. Bizdən sonra hamı başladı fotokamera ilə klip çəkməyə. Həm ucuz, həm keyfiyyətlidir.

- Televiziya ilə aranız necədir?

- Heç xoşlamıram. Ancaq film izləmək istəsəm, açıram.

- Axırıncı dəfə hansı filmə baxmısınız?

- Srağagün idi deyəsən, bir filmə baxdım. Cenifer Eniston çəkilmişdi filmdə. Adı yadımda qalmayıb amma. Ümumiyyətlə, nadir hallarda oxuduğum kitabların, baxdığım filmlərin adını yadda saxlayıram.

- Elektron kitab oxuyursunuz?

- Hələ yükləməmişəm telefona. Amma bu yaxınlarda prodüserim xeyli tərifləyib iPhone-dakı kitabxananı, fikirləşirəm baxım gərək. Əslində, gözlərimə zərəri olacağından çəkinirəm bir az, yoxsa çoxdan maraqlı kitablar yükləyib oxuyardım.

- Sizə hansı kitablar maraqlıdır?

- Mənə əsasən, şərq, hind fəlsəfi təriqətləri maraqlıdır. Amerikada yaşadığım vaxtlarda maraqlanmağa başlamışdım. Albomlarımın adı da – “Karma” və “Nirvana” o fəlsəfədən gəlir. Hələ də onlara aid kitablar oxuyuram.

- Axırıncı dəfə hansı kitabı oxumusunuz?

- Deyəsən, Dostoyevskidən oxumuşdum. Əsərin adı yadımda deyil, amma çox bəyənmişdim. Ondan əvvəl Koelyonu oxumuşdum. Xoşuma gəlmədi. Ədəbiyyatın “popsa”sıdır deyəsən Koelyo. Kitabı Hollivud filmlərindəki “happy end”lə (xoşbəxt sonluq) bitirmişdi, bütün marağı itmişdi əsərin.

- Ən sevdiyiniz kitab hansıdır?

- Senkeviçin “Hara gedirsən” əsəri. Həmin romanda hadisələr imperator Neronun vaxtında cərəyan edir və xristianlığın yaranışı göstərilir. Həm tarix var, həm sevgi var. Gözəl əsərdir.

- Şəkil çəkməklə aranız necədir? Fotoaparatınız varmı?

- İnstagramda olsam da, elə də marağım yoxdur şəkil çəkməyə. Elə adamlar var, saatda bir şəkil çəkib qoyur hesabına. Mən yadıma düşəndən-düşənə nəsə paylaşıram İnstagramda. Fotoaparat da yoldaşımda olur çox vaxt, əsasən o çəkir şəkilləri.

- Sizcə, əsrin kəşfi nədir?

- Kəşflərlə, ya da texnoloji yeniliklərlə maraqlanmıram. Amma məncə, iPhone elə əsrin kəşfidir. Hər şeyi sadələşdirib bir telefonda birləşdiriblər. İnternetdən istifadə də çox rahatdır.

- Sms, yoxsa “Whatsapp”?

- Whatsapp! Bu proqram sms-i “öldürüb”.

- Xaricdə müğənnilər albomlarını artıq iTunes proqramı ilə satırlar. Belə bir fikriniz yoxdur?

- Səhv etmirəmsə, Azərbaycanda albomunu iTunes-da yerləşdirən ilk müğənniyəm. İki ay əvvəl “Karma” albomunu yükləmişik. Əslində, internet belə hallarda sərf edir, amma plagiatla mübarizədə internet plagiatçıların “tərəfindədir”. İnsanlar mahnıları rahatlıqla endirirlər, bir disk düzəldib qulaq asırlar, ya

da 2-3 manata satırlar. Müğənninin əziyyətlə hazırladığı albomu qalır qıraqda. Ən pisi də odur ki, bütün dünya plagiatçılarla mübarizə aparsa da, hələ də onların qarşısında acizdir. Azərbaycanda plagiat disk satmaqla ailə dolandıran adamlar var. Belə şeylər məni çox həvəsdən salır, küsdürür.

- İnternetdən nə qədər uzaq qala bilərsiniz?

- Bir-iki həftə telefonsuz, internetsiz qala bilərəm. Qalmışam bir neçə dəfə. “Məktub” klipinin çəkilişləri vaxtı Xınalıq kəndinə getmişdik. Ora da dağlıq yerdir, son illərə qədər mobil operatorlar işləmirdi. Düzdür, indi nömrələr rahat işləyir, amma heç ehtiyac görməmişdim telefona və bağlamışdım telefonu. Ümumiyyətlə, istirahətə gedəndə telefonu söndürürəm.

- Belə olanda yaxınlarınızla necə xəbərləşirsiniz?

- Dincəlirəm də elə (gülür).

- Xınalıqda texniki problemlər olmadı?

- Elektrik olmayanda generatordan istifadə edirdik. Bu baxımdan problemlər yaşanırdı. Əvvəlcədən hər şeyi planlaşdırmışdıq. Komandamız gedib bir neçə gün əvvəl o cür problemləri həll etmişdilər.

- Hansı kompüterdən istifadə edirsiniz?

- MacBook. Amma inanırsınız, nə qədər yaddaşı var, hansı xüsusi funksiyaları var, heç bilmirəm. Nəsə olanda zəng vurub dostlarımdan soruşuram. Yoldaşım belə şeylərdə məndən daha müasirdir. İnanırsınız, evdə DVD-ni televizora qoşmağı da ondan xahiş edirəm. Belə elementar şeyləri də bilmirəm.

- Texnika sizi niyə cəlb etmir ki?

- Yəqin uşaqlıqdan qaynaqlanır. İndiki uşaqlar texnologiyanın içində böyüyürlər, bizdə elə deyildi. Ona görə, əvvəldən maraqlanmamışam.

- İndi telefonlar, pleyerlər var, bəs əvvəllər nədə qulaq asırdınız musiqiyə?

- Əvvəl “plastinka” idi, sonra kasetlər çıxdı. Atam alıb gətirirdi, qulaq asdırırdı. Demis Russos, “Beatles”-ın “plastinka”ları yadımdadır...

- Özünüz ilk dəfə kimin kasetini almısınız?

- “MCM” adlı bir televiziya kanalı var idi, ilk dəfə repi orda gördüm. Sonra getdim repə aid kasetlər aldım. Deyəsən, MC Hammerin kasetini almışdım. O vaxt daha çox Tupak məşhur idi.

- Elektron alış-veriş edirsiniz?

- Mən eləmirəm, amma həyat yoldaşım edir. Yoruluram o sifarişlərdən (gülür).

# 5595 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #