Azərbaycanın Rəcəb İvediki – KULİS RƏYLƏRİ

Azərbaycanın Rəcəb İvediki – KULİS RƏYLƏRİ
1 dekabr 2014
# 13:07

Noyabrın 28-i Nizami Kino Mərkəzində “My name is İntiqam” adlı yeni filmin qala gecəsi keçirildi. Filmin rejissoru Emil Abdullayev, baş rolun ifaçısı və prodüseri isə Müşfiq Şahverdiyevdir.

Tədbirdə iştirak edən Kulis.az yazarlarının film haqda təəssüratların təqdim edirik.

Şərif Ağayar:

- Ötən həftənin cümə günü axşam azanı verilər-verilməz biz beş yoldaş olub yola düzəldik: Nizami Kino Mərkəzinə!

Bizim, Müşfiq Şahverdiyevin “My name is İntiqam” filminin təqdimat mərasiminə... Niyə bizim deyirəm, uşağın suyu şirindir, həqiqətən. Babat rejissor əlinə düşsə, nəsə çıxar ondan.

Ömrümdə Nizami Kino Mərkəzində bu qədər şou-biznes əhli və toy müğənnisi görməmişdim. Hara baxırdın məşhur simalar, efirdən düşməyən ulduzlar. Hətta toylar kralı, xalqımızın fəxri Manaf Ağayev də təşrif buyurmuşdu. Bəlkə inanmayacaqsınız, bizə salam da verdi. Görünür kiməsə oxşatdı!

Zalda anşlaq olmasına rəğmən filmin nümayişi saat yarım gecikdi. Müəlliflər zəhmətlərinin müsahibə ləzzətini yaşayırdılar. Olsun! Amma day bu qədər yox də... İki-üç dəfə cəhd etdik “Alqış” etirazına... Bizə qoşulan olmadı. Şou-biznes əhli də xalqımız kimi mağılmış.

Saat yarımdan sonra müəlliflər səhnəyə çıxıb adi bir üzr də istəmədilər. O zaman bayaqdan içimdə boğduğum ifadəni pıçıldamaya bilmədim: “Debillər!”

Filmə gəlincə... Nə büdcə pulu, nə oğurluq, nə soyğun... Adamlar yerlərindən durublar, qərara alıblar ki, pul tapıb film çəkməliyik, nümayiş etdirib qazanmalıyıq. Və ən əsası bu uzun, yorucu, üzücü, əzablı və hətta məşəqqətli yolu axıracan gediblər. Bu da nəticə!

Türkiyənin rekordlar qıran məşhur filmlərindən təsirlənmələr olsa da, bu, plagiat deyildi. Azca vətənpərvər olsaq, bəhrələnməylə ötüşdürə bilərik. Mesajı da ciddi idi: kənd çox köhnə, çox təmiz – şəhər çox müasir, çox çirklidir, hər ikisi ifrat uclarda yer aldığından komikdir.

Təbii, bu məkan-zaman uzaqlığının ünsiyyətə girməsi tamaşaçını güldürməyə bilmir. Di gəl, zarafatların çoxunda “dozu qaçırmalar” müşahidə olunurdu. Elə ordaca düşündüm, doğrudanmı filmə müasir qafalı, intellekti daha üstün olan bir adamı məsləhətçi götürmək olmazdı? Bildiyim qədərilə, məsələn, Aydın Dadaşov, Aydın Talıbzadə, Əlisa Cabbarov, Aygün Aslanlı, Fehruz Şamıyev və digər peşəkarlar bu işi təmənnasız görərdilər. Misal üçün deyərdilər ki, bu nə sonluqdur? Ayıb deyil? Heç olmasa öz zəhmətinizə heyfiniz gəlsin. Yaxud İntiqamın atasını oynayan aktyorun ifrat mimikası və hay-küyü nəyə gərəkdir? Elə təsirləndiyiniz Türkiyədə çox unikal bir düstur var: “Oynamadan oynamaq!” Bunu dərk etmək o qədərmi çətindir? Və dediyimiz nöqsan təkcə İntiqamın atasına aid idimi?

Amma deyirəm, çox dərinə getməyək! Çünki doğrudan da ortada səmimiyyətlə çəkilmiş maraqlı bir film var. Azərbaycan reallıqları çərçivəsində xeyli uğurlu da saymaq olar.

Yaradıcı heyəti, xüsusilə Müşfiq Şahverdiyevi təbrik edirəm! Azərbaycan kinosu yalnız müstəqil filmlərin çəkilişi ilə tərəqqi edə bilər. Çünki dövlətin ideoloji, gözünə döndüyüm məmurların isə “qeyri-ideoloji” maraqları sənətdən irəlidə gəlir həmişə. Ona görə İntiqamın allı-güllü şortikinə dəyməyən məhsullar çıxır ortalığa.

Görüşənədək! Ümid edirəm, bundan sonra nəinki saat yarıma, hətta on dəqiqəyə görə də tamaşaçı qarşısında məsuliyyət hiss edəcəksiniz! Çünki bütün fədakarlıqlar onlar üçündür.

Aliyə Dadaşova:

- “My name is İntiqam” komediyası ilk növbədə kino bazarında dirçəliş cəhdi kimi müsbət qiymətləndirilməlidir. Bir komediya üçün ən vacibi əlbəttə, gülüşdür.

Son illərdə çəkilən milli komediya filmləri bayağılıqdan qurtula bilmir. Bu filmdə də ucuz, çeynənmiş, proqnozlaşdırılan atmacalar çox idi. Amma bu bayağı atmacalara bəraət qazandıran mütərəqqi ideyalar da var idi. Məsələn, bütün film boyu yalnızca cinsi orientasiyasına görə gülüş hədəfinə çevrilən (?), homoseksual olduğuna az qala hər kadrda işarə vurulmaqla yoruculuq gətirən Syoma (İlkin Misgərli) filmin ən cəsarətli obrazıdır –

Syoma sübut edir ki, kişilik anlayışı cinsi yox, mənəvi məna da kəsb edir. Filmin adından göründüyü kimi əsas yükün düşdüyü İntiqam (Müşfiq Şahverdiyev) obrazı özünü tamamlamağa macal tapmır. Film cinsəl kontekstin ardınca düşmüşkən, Müşfiq Şahverdiyev İntiqamın kim olduğunu psixoloji cəhətdən tamamlaya bilmir. Aktyor bu boşluğu hiss edir, bir şəkildə onu doldurmağa çalışır. İntiqam gah zəhmətkeş, saf bir çöl adamı - çoban, gah hərəyə bir vedrə bağlayan zarafatcıl, çoxbilmiş cüvəllağı, gah bütün baş verənləri bədəninin tələbatları və instinktləri ilə qavrayan Rəcəb İvedik, gah da fürsəti göydə qapan kəndli olur. Bunlara baxmayaraq Müşfiq Şahverdiyev əsas xətti arzularının dalınca, taleyinə inana-inana şəhərə gələn talışı unutmağa qoymur. Qəhrəmanın məşhurluq motivləri də milli kino üçün orijinaldır: İntiqam internetə yüklənən video çarxı ilə məşhurlaşıb varlanır.

Aktyorların obrazlarına tapdığı xətt çox önəmlidir, obrazın, tipin və dolayısı ilə filmin uğuruna təsir edir. Filmdəki Fəzail müəllim öz həyat şüarını “İndi kişilik zəmanəsi deyil, hərə bir cür başını saxlayır” - deyirsə, aktrisa Aysel Bayramovanın ortalıqda bulana-bulana hamıya tumar çəkdirən qəhrəmanının sosial-psixoloji statusu, yaşam devizi məlum deyil.

Filmin montajda, musiqidə, təsvir həllində (bəzi kontrastlar) standartlardan qaçması, yenilik axtarması, gerçək bir plastda tamaşaçıya xitab etməsi, ən əsası kino bazarının qanunlarına işləmək istəməsi milli kinomuz üçün çox yaxşı haldır”.

Aygün Aslanlı:

- Uğurlu kommersiya layihəsi idi. Müəlliflər kino çəkməyə yəni, kino dilindən istifadə eləməyə çalışmışdılar.

Mirmehdi Ağaoğlu:

- Müşfiq Şahverdiyevin baş rolda oynadığı “My name is İntiqam” filmi... Onu rahatlıqla Azərbaycanın Rəcəb İvediki adlandırmaq olar.

Amma Rəcəbə baxanda İntiqam bir az utancaq, bir az naşı, bir az sadəlövhdür.

Filmin süjeti günümüzlə səsləşir. Kənddə çoban olan cavan oğlan sosial şəbəkələrdə paylaşdığı bir video ilə trendə çevrilir. Bütün şəhər ondan danışır. İntiqam 1 milyonluq mükafat qazanır. Mükafatı məbləğini almaq üçün Bakıya gəlməlidir. Böyük pulların olduğu yerdə isə həmişə fırıldaqçılar olur. İntiqam da belə bir fırıldaqçıya rast gəlir.

“Kabadayı” filmindən gəlmə homoseksual müsbət insan obrazı da var filmdə. Amma rejissor bu mövzunu çox şişirdərək onu homoseksuallıqla bağlı yersiz zarafatlarla doldurub (Məsələn, gitarada gözəl ifa edən homoseksual Syomaya İntiqamın atası deyir ki, səni səhərə qədər çaldırardım). Buna baxmayaraq homoseksual söhbəti tamaşaçıları ən çox güldürən səhnələrdən idi. Yəqin, rejissor orta statistik azərbaycanlının homoseksual mövzusuna nə qədər həssas olduğunu bildiyinə görə belə edib.

Açığı yeddidə başlamalı olan filmin saat yarım gecikməsi hamını əsəbiləşdirsə də, film üzərimizdəki gərginliyi götürə, tamaşaçını ovuda bildi.

Filmin adı uğurlu seçilməyib. Adətən bu cür xarici adlar xüsusi mesaj vermək üçün və ya söz oyunu yaratmaq üçün qoyulur. Burda isə heç biri yox idi, daha sadə, maraqlı ad seçmək olardı. Məsələn, qəhrəmanın adı niyə İntiqam idi? Bu qədər dərinə getmək yerinə qəhrəmana gülüş oyadan, bayağı bir ad seçmək daha doğru olardı.

Dialoqlar təbiidir. Adətən yerli filmlərdə gördüyümüz o yalançı pafos, natiqlik cəhdi, ədəbi danışıq dili yoxdur. Yəqin bunun bir səbəbi də filmdə peşəkar aktyorlarla yanaşı sadə adamların çəkilməsinin də rolu olub. Talış dilində ifadələrin işlədilməsi isə filmə xüsusi kolorit qatır.

Məncə, “My name is İntiqam” Azərbaycanın “Rəcəb İvedik”i olmağa layiqdir. Kino sənayesinin inkişafı üçün bu cür kütləvi filmlərin çəkilişi vacibdir. Ümid edirəm, “My name is İntiqam” kinoteatrlardan soyumuş Azərbaycan tamaşaçısını yenidən ora qaytarmağı bacaracaq.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #