Türk dilindən tərcümə lazımdırmı? - LAYİHƏ

Türk dilindən tərcümə lazımdırmı? - LAYİHƏ
5 yanvar 2015
# 12:39

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Hər həftə kulis.az saytında bir mövzu üzrə 4 məruzə və müzakirə yayımlanacaq. İlk panelimiz “Türk dilindən tərcümə lazımdırmı?” mövzusundadır. Mövzu üzrə məruzəçilər Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar, Qəmər Alxanova, Kəmalə Ələkbərovadır. İlk olaraq Qəmər Alxanovanın məruzəsini təqdim edirik.

Türk dilindən tərcümə lazımdırmı?

Qəmər Alxanova

Türk dilindən tərcümə lazımdırmı sualının ilkin cavabı kimi onu deyə bilərik ki, Türk və Azərbaycan dilləri iki müstəqil dildir. Bu təqdirdə mütləq bir müstəqil dili digər müstəqil dilə tərcümə etmək lazımdır. Müasir türk dilinin və eyni zamanda Osmanlıca adlanan dilin (1926-cı ildən sonra dildə təmizlənmə hərəkatı başlamış, dil ərəb-fars dilindən keçmə sözlərdən xeyli təmizlənmişdir) müstəqil dil olduğu üçün bütün dillərə tərcümə olunduğu kimi Azərbaycan dilinə də tərcüməsi mütləqdir.

Aşağıda həm qrammatik, həm məna baxımından bu iki dili bir-birindən fərqləndirən cəhətləri nümunələrlə göstərəcəyik.

Türk dilindən tərcümə lazımdırmı sualının cavablarından biri də, müasir Türk dilinin ancaq televiziyalarda və turistik səfərlərdə öyrənilən beş-on min sözdən ibarət olmamasıdır. Qeyd etmək lazımdır ki, 2009-cu ildə 4000 səhifəlik, 570.000 sözdən ibarət Türk dili lüğəti hazırlanıb. Belə olduğu halda, bir dilin tərcüməsinin nə qədər mühüm olmasını görməmək mümkün deyil. Ola bilər ki, həmyerlilərimizin şifahi ünsiyyətdə cüzi problemləri çıxır (ki, misallarda bu sahədə də müəyyən problemlərlə bağlı gülüş doğuran nümunələri qeyd edəcəyik). Ancaq bu yazılı nümunələrin, dialektlərin jarqonların, terminlərin və müxtəlif səpgili yazıların oxucularımız tərəfindən rahatlıqla oxunub başa düşüləcəyi demək deyil. Onu da bildirmək istəyirəm ki, Türk dilindəki orfoqrafik qayda, durğu işarələri, yer və şəxs adları, xarici dillərdən tərcümə olunan adlar ana dilimizdəkindən çox fərqlənir və oxunduqda çətinlik törədir.

Məsələn; Türk dilində ğ, g, k, l, samitlərinin dilimizdən fərqli, heca yaradan saitlərə bağlı olaraq ifadə etdiyi səslər oxunuşda yerli hər hansı bir oxucumuza problem törətmiş olur. Eyni zamanda durğu işarələri “ ` ” (ayırma və ya kesme) “ ˆ ” (uzatma və ya inceltme) işarələrinin də mövcudluğu səslənmənin necə olması sualı yaradır. Türk dilində (!) işarəsinin cümlə sonunda bu formada istifadəsi qeyd edilən fikirdəki istehzanın göstəricisidir. Xırda bir durğu işarəsi belə fikrin mənasının dəyişilməsinə səbəb olur. Bu işarə ilə qarşılaşan oxucunun mətni tam anlaması üçün işarənin əhəmiyyətini bilməlidir.

Bir dili başa düşmək, o dildə ünsiyyət qura bilmək hələ həmin dili bilmək, o dildən tərcümə edə bilmək demək deyildir. Məişət leksikası, günlük danışıqda istifadə olunan sözlər bu iki dildə danışan əhalinin orta səviyyədə bir – birini başa düşsə də (azərbaycanlıları Türkiyə əhalisini başa düşməsi nisbəti Türkiyə əhalisinin yerli əhalimizi başa düşməsindən daha yüksəkdir).

Ümumiyyətlə, qohum dillərin öyrənilməsi və tərcüməsi xüsusi diqqət, hazırlıq tələb edir. Bu fikirlər müasir Türk dili üçün nəzərdə tutulub. Halbuki, tarixi, mədəni dəyərləri və ədəbi nümunələri keşməkeşli yollardan keçən və çox olan Osmanlı imperiyası dövründə işlədilən izafi birləşmələri, çətin sözləri oxuyarkən yerli oxucumuz demək olar ki, heç nə başa düşməyəcək. Hazırkı dövrdə Türkiyədə məhkəmə ekspertizaları, rəsmi sənədlərin çoxunda bu sözlər işlənir.

Qeyd etmək lazımdır ki, terminlərlə zəngin olan müasir Türk dilində ən sadə üslubla, dilçiliklə və ya ədəbiyyatla bağlı yazılmış nəzəriyyə kitablarını humanitar sahədə çalışan, bu sahəyə bələd hər hansı bir azərbaycanlı oxucunun və ya tədqiqatçının (Türk dili mütəxəssisi) başa düşməsi çətindir.

Türk dili ilə Azərbaycan dili arasında eyni ifadələrin fərqli məna verməsi bəzən gülüşə səbəb olmuşdur.

Məsələn:

Don, müxbir, kişi, qıç, düşmək, uşaq, subay, sümük, yengə, bekar, itmək, danışmaq, küpə, baba, xala kimi sözlərin məna fərqlərinə baxsaq, görərik. Bu sözlərdən bəzilərini cümlədə işlədək.

Qızın geydiyi qırmızı don bütün məclisdəkilərin diqqətini çəkmişdi (Azərbaycan dilində)

Çocuğun donunun lastiği kopmuştu. (Türk dilində)

Kişilər bir olmur, atam balası (Azərbaycan dilində)

Kazada üç kişi öldü, dört kişi yaralandı (Türk dilində)

Ətin ən sümüklü yerini itlərə atdı. (Azərbaycan dilində)

Sokak çocuğunun burnundan akan sümük yüzüne yayılmıştı (Türk dilində) və s.

Türk dilindəki qrammatik fərqləri – orfoqrafik qaydaları, səsdüşümü, səs artımı, intonasiyanın sürətinin ana dilimizdən çox olması, vurğuya görə məna dəyişmələri məsələlərinə çox da toxunmadan bildirmək istəyirik ki, tərcümə sənətində mətn əslinin mənasını ifadə etməli, orijinal əsər hissini yaratmalıdır Mütləq əslinin üslubunu qorumalı, həm yazıçının yaşadığı və ya qələmə aldığı dövrün ab-havasını əks etdirməli və eyni zamanda tərcüməçinin də üslubunun nümunəsi kimi olmalıdır. Bundan başqa tərcümədən ixtisarların mümkünsüz olmalı, nəzm əsərlərinin tərcüməsi məsələsi, ya sətri tərcmümə edilməli, ya da poetik qaydalar gözlənilməlidir.

Nazim Hikmətin “Seçilmiş əsərləri”nin dilimizə tərcüməsi və ya uyğunlaşdırılmasında, kitabın 2009-cu ildəki nəşrində 201-ci səhifədə korna sözü var. Bunu siqnal kimi tərcümə etmək mümkündür. Özündən əvvəlki zurna sözünün qafiyəsinə uyğunlaşmaq üçün korna sözünü təqdim edən tərcüməçi heç olmasa korna sözünün açıqlamasını da göstərməyib. Nəzərə alsaq ki, bu kitab (yəni tərcümə) ilk dəfə 70-ci illərdə nəşr olunub və o vaxtki oxucu indiki oxucuya nisbətən Türk dilində daha zəif oxuyub, anlaya bilirdi. (Eyni səhvlərlə 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Prezident İlham Əliyevin 12 yanvar tarixli sərəncamına əsasən yenidən nəşr edilib). Bu səbəblə də korna sözünü olduğu kimi saxlamaq, izahsız təqdim etmək yanlışdır. Eyni kitab, 2009-cu ildə nəşr olunsa da (eyni tərcümənin yeni nəşridir) yeni versiyada daha mükəmməl tərcümə ilə nəşr edilməli idi.

Yuxarıda qeyd etdiyimiz qəbilədən olan saysız misal çəkə bilərik ki, bunlar Nazim Hikmət yaradıcılığını oxucumuza daha zəif çatdırılır.

Türk dilindən edilən tərcümələrdən saysız təhriflər, buna misallar göstərə bilərik ki, yuxarıdakı fikirlərimizi və mövzu başlığımızı tamamlasın və sualımıza cavab olsun.

Sonda ssenarisini Anarın yazdığı Rasim Ocaqovun rejissorluq etdiyi “Otel otağı” filmindən bir parça ilə fikrimizi tamamlamaq istəyirik.

Bununla da iki dil arasındakı fərqi göstərərək Türk dilindən tərcümə lazımdırmı sualına yekun vururuq.

“ – Hə, sən indi deyirsən Türk və Azərbaycan dilləri arasında fərq yoxdur?

Bakıdan turistlər gəlib.Vestibuldə inzibatçı bizim turistlərdən birinə deyir ki, “Sizə iki kişilik oda veriyorum”

Arvad hirslənib deyir ki,:

– Mənə özgə kişilərlə niyə otaq verirsən? Öz ərimə nə gəlib?

İnzibatçı qayıtdı ki:

Ər nə? Koca mı?

Arvad lap özündən çıxdı.

– Qoca niyə olur, lap cavandır. Bığı burma cayıldı”.

# 1787 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #