Namus üstündə Bakıdan gedən Xalq artisti

Namus üstündə Bakıdan gedən Xalq artisti
12 aprel 2019
# 21:00

Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür. Kulis.az bu münsibətlə Ramilə Qurbanlının "33 pərdəli dram" kitabından onun haqqında yazını təqdim edir.

"Sərt Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz", - dedilər. Rejissor inadından dönmədi, çünki seçdiyi aktyorun potensialını duyurdu. Söhbətin mövzusu nə Sovet İttifaqı Qəhrəmanıdır, nə lirik qəhrəman. “Bu dəfə özüdür - Nodar Şaşıqoğlu”.

Əslən türk olan ata Şaşıqoğlu

Batuminin Türkiyə ilə sərhəd olan kəndində İzzət Rəcəb oğlu Şaşıqoğlu adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı, atası acar, bir babası türk, nənəsinin biri rus imiş. Bu keçmiş rus zabitinin xanımı gürcü idi, onun anası rus, ata nənəsi tərəfdən türklərlə qarışığı vardı.

Nodar bu ailədə dünyaya gəlib. Repressiyaya uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi.

Nodarın atası 1914-cü ildə rus-türk müharibəsində vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər ki, evin sonbeşiyi, həm də son ümididir. Sən saydığını say, gör fələk nə sayır. Bu qədər qorunan qardaş gənc yaşlarında repressiyaya uğraycaqmış. Tale...

Türk ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən zaman istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ qvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub.

Nadinc oğul Şaşıqoğlu

Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütmədi. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş.

Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağlıma nənələrin bir fikri gəlir - qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər?

Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, ya hardansa şikayət gəlməsin.

Balaca Nodar Sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı vaxtlarda oxudu. Dəcəlliyindən beş dəfə məktəbdən qovulub ayrı-ayrı məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi.

Rus dili olimpiadalarının birində hətta birinci yeri tutmuşdu. Bütün Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana bilən olmadı. Gözəl şeir deməyi də vardı Nodarın. Onu oxuduğu məktəbdən Ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd vermişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq, amma.

Amma müharibə imkan vermədi. Həmin illəri Şaşıqoğlu ailəsi Tiflisdə yaşadı. Müharibə daha yarım il davam etsəydi, Nodar da müharibəyə gedəcək yaşına çatacaqdı.

Üç məktəbə qəbul olundu, birini seçdi, amma qovuldu

On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir.

Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. Belə ehtiyatlı iş tutur ki, heç olmasa, birinə qəbul olunsun. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Ancaq nainsaf olan. Nəticədə 12 fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.

Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Təyinatla Kiçik Teatrın aktyoru olmalıykən, Taqanqadakı teatrda işləməyə başlayan Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır.

Səbəbkar erməni qayınana idi

Amma bu bir il müddətində evlənməyə də vaxt tapmışdı. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qayınanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı.

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb.

Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu "Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet roluna çəkdi.

Nodar Şaşıqoğlu.jpg

Özü də əvvəlcə aktyordan soruşub ki, Türk sultanının rolunda oynaya bilərsən? Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk olub”, - deyib.

Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı, o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.

Əlvida Moskva, salam Bakı

Həmin vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona əsl tapıntı olduğunu deyib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə rolu üçün tapıntı.

Təklif edən Mixaylo haqda çəkiləcək filmin ikinci rejissoru idi.

Azərbaycanlı qəhrəman, baş rol... Şirinikləndirici təklif idi, amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşmalı idi. Razı oldu, çünki bu şəhərdə onun qohumları yaşayırdı, çoxdan gəlmək istədiyi, nədənsə onu hər zaman çəkən bir şəhər idi Bakı. Qohumu Mərziyyə Davudova da hələ sağ idi, ondan çox şeylər öyrənmək olardı. Anası da Bakıya vaxtaşırı gəlirdi. Bütün bunları düşünüb razılıq verdi.

Bu rola onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor axtarırdı. Həm də ciddiliklə faciəvinin bir simada birləşməsi.

Qadınlar onun əynindəki kostyumu cırıq-cırıq elədilər

Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet İttifaqında o zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. "Kəşfiyyatçının şücaəti" adlanan birinci filmdə məşhur aktyor Kadoçnikov çəkilmişdi. "Uzaq sahillərdə" hər cəhətdən o filmi arxada qoya bildi. Daşkənd festivalında film birinci yeri tutdu. Filmin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər.

Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Ona Bakıda ev də vermişdilər, dövlət vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox, bütün Azərbaycan bunu belə qəbul eləmişdi.

Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən şaşırmırdı. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.

Bakını namus üstdə tərk etməli oldu

O zamanlar Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu, həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi.

Həyatda yaşadığı sevgi filmdə onun gözlərində öz əksini tapır, Füzulinin misralarını qəlbindəki dəli, ümidsiz sevgi ilə alovlandıran Nodar Şaşıqoğlu sonralar bu rolu ən çox sevdiyi obraz adlandırıb: “Filmdə dəli insanın surətini yaratmamışam, məhəbbətin filosofunu oynamışam”,- deyrdi.

Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı “baş rol”da oldu. Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı, təbii ki, vəzifəli şəxslər tərəfindən. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir, üstəlik Tofiq Tağızadəyə də gözlərini ağardır.

“Leyli və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Azərbaycanın o vaxt əməkdar artisti Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə götürülür. Yenicə Məcnun rolundan çıxmış aktyor teatrda ilk dəfə Don Juanı oynayır.

Sağlığında kişilərə belə də məsləhətlər verib: “Həyatda həmişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum.

Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Yadıma gəlir, Aleksidzenin tamaşaya qoyduğu "Antiqona" və "Günün gur vaxtı" ("Ças pik") tamaşalarıyla bura gəlmişdim. Çox uğurlu tamaşalar idi. Biri klassik yunan faciəsi, digəri müasir psixoloji dram. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala” (El jurnalı).

Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən ayrıldı. Onun üçün öz ərini, hər şeyi qoyub gedən xanımına evini verib çıxdı. Bakıdakı mənzilini isə onun atasına bağışlamışdı.

Onu Aleksandrinsk Teatrından üç dəfə xaric ediblər. Sonra yenə teatra qəbul etdilər. Xaric olmağının səbəbi isə tez-tez fərdi yaradıcılıq səfərlərinə çıxmağı, xaltura ilə məşğul olmağı idi. Həm pul qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı.

Bakı isə onun üçün böyük məna kəsb edirdi. Ömrünün sonlarında yenə bura - Bakıya qayıtdı. Bura onun sevdiyi, onu sevənlərin çoxluq təşkil etdiyi şəhər idi.

Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi olan Əli Zeynalov və özü xasiyyətdə Eldəniz Zeynalovla dostluq edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib. Barat Şəkinskayanı sevərdi, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona - "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.

Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız oldu, evləndilər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.

Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib: “Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim”, - deyir.

Dünyanıı işinə, möcüzəsinə bax, İlahi. Elə də oldu.

Bakıya qayıdandan sonra, (elə bil ölməyə gəlmişdi) Heydər Əliyevin ona bağışladığı mənzilində uzun müddət xəstə yatdı. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalırdı. Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi o, onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib.

Özündən sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də yüzlərlə yaratdığı obraz qoyub getdi.

# 6560 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #