Hüseyn Cavidin məqbərəsi necə tikildi?

Hüseyn Cavidin məqbərəsi necə tikildi?
16 iyul 2016
# 14:15

“Rasim Əliyev. Xatirələr” kitabından

“Rasim Əliyev. Xatirələr” kitabının girişində belə bir qeyd var: “Görkəmli Azərbaycan memarı və şəhərsalan Rasim Əliyevlə söhbətlər, Rasim müəllimin xatirələri toplanmış bu kitab vasitəsilə oxucular həm böyük sənətkarın zəngin, yorulmaz yaradıcı fəaliyyəti, həm də onun uşaqlığından bu gününə qədər uzanan maraqlı, dolğun ömür yoluyla tanış olacaq, ən başlıcası, hər bir hadisəni, faktı müəllifin öz dilindən “eşidəcəklər”. Həmçinin bu maraqlı söhbətlərin arasında oxucularımız böyük memarın müasiri olan, onunla dostluq etmiş insanların, tanınmış şəxsiyyətlərin, mədəniyyət və elm xadimlərinin, mütəxəssislərin, habelə Rasim müəllimin tələbələrinin və yaxınlarının fikirləri, rəyləri ilə də yeri gəldikcə tanış olacaqlar ki, bu da Rasim Əliyevin yaradıcı və insan kimi obrazını bütünlüklə canlandırmağa imkan verəcək.”

Memar Rasim Əliyev 23 illik bir müddətdə paytaxt Bakının memarlığına rəhbərlik edib. Onun şəhərsalan kimi fəaliyyəti dövründə Bakı şəhərinin ötən əsrdəki sonuncu Baş planı, İçərişəhərin Regenerasiya planı hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, habelə respublikanın bir çox rayonlarında böyük memarlıq-tikinti layihələri həyata keçirilib.

Rasim Əliyevin layihələri əsasında xarici dövlət və hökumət rəhbərlərinin qəbulu üçün “Ulduz” sarayı, Televiziya və Radio Verilişləri qülləsi, Moskvada Azərbaycan nümayəndəliyinin binası , Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanı və Naxçıvan Hava Limanı, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsi və Bakıdakı Hüseyn Cavid Parkı, Azərbaycan Respublikasının Ankaradakı səfriliyinin binası, Heydər Əliyevin məzarüstü abidə kompleksi, Rixard Zorge və Koroğlu parkları, Qubada, Sabirabadda, İsmayıllıda və Xırdalanda mədəniyyət evləri, meydan və parklar, “Həzi Aslanov” və “Xalqlar Dostluğu” metrostansiyaları, onlarla inzibati, ictimai və fərdi yaşayış binaları tikilib, inşa edilib.

O SSRİ Memarlar İttifaqının üzvü , Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü olmub, SSRİ Şəhərləri Baş Memarları Şurası sədrinin müavini və sədri seçilib. Azərbaycan Respublikasının Əməkdar memarı fəxri adını alıb. Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamı ilə“Şərəf”, “Söhrət” və “İstiqlal” kimi ali dövlət ordenləri ilə təltif edilib.

Bu gün görkəmli memar və şəhərsalan Rasim Əliyevin doğum günüdür. 82 yaşı münasibətilə Rasim müəllimi təbrik edir, Səlim Babullaoğlunun müəllifliyi ilə çapa hazırlanan həmin kitabdan bir fraqmenti - böyük Azərbaycan şairi Hüseyn Cavidin Məqbərəsinin tikintisi ilə bağlı məqbərə layihəsinin müəllifi kimi Rasim Əliyevin xatirəsini təqdim edirik...

…1996-cı ilin əvvəli idi. Bir gün səhər üçün məni Prezident aparatına dəvət etmişdilər. Böyük Azərbaycan şairi Hüseyn Cavidin Naxçıvanda ucaldılması nəzərdə tutulan Məqbərəsi müzakirə ediləcəkdi. Vaxtından əvvəl gəlmişdim deyə Hüseyn Cavid Məqbərəsinin müxtəlib memar və heykəltəraş qrupları tərəfindən hazırlanmış layihələrinin təqdim olunduğu zala ötürdülər məni. Hələ heç kim yox idi. Hər bir işə diqqətlə baxandan sonra oturub gözləməyə başladım. Saat 10-a yaxın dəvətli qonaqlar, layihə müəllifləri görünməyə-gəlməyə başladılar. Bir qədər sonra isə Azərbaycan xalqının bütün dövrlər üçün böyük oğlu olan Heydər Əlirza oğlu Əliyev zala daxil oldu. Deməliyəm ki, “Cavid mövzusu” mənim üçün doğma idi, çünki illər əvvəl heykəltəraş, Xalq rəssamı və akademik Ömər Eldarov, eləcə də əməkdar incəsənət xadimi, memar Yusif Qədimovla birlikdə biz Hüseyn Cavidin Bakıda ucaldılan heykəl və park kompleksini bərabər işləmişdik. Bilirsiz ki, Heydər Əliyev hələ Sovet İttifaqının mövcud olduğu o dövrlərdə Hüseyn Cavidin nəşinin Sibirdən Bakıya, Naxıçıvana gətirilməsinə və orda da yenidən doğma torpağa tapşırılmasına nail olmuşdu. Ancaq Heydər Əliyevin indiki düşüncəsi belə idi ki, Naxçıvanda, Hüseyn Cavidin doğma yurdunda şairə Məqbərə ucaldılmalı, ev-muzeyi tikilməli idi. Bəs, o Məqbərə necə olmalı idi? Bu həmin gün o zala toplaşan insanların qarşısındakı əsas sual idi.

Heydər Əliyev öz məiyyəti- onu müşayiət edən köməkçiləri, digər dövlət xadimləri ilə birgə bütün layihələrə bir-bir diqqətlə baxdı və mən hiss elədim ki, nəsə onun ürəyincə olmadı, ola bilsin layihələr lazımi səviyyədə deyildi və ona görə də razı qalmamışdı. Heydər Əliyev əlavə bir söz söyləmədən yalnız bunu qeyd elədi ki, fikirləşərik, fikirimizi sizə bildirərik. Dedi və öz kabinetinə getdi. Adamlar dağlışandan, zalda tək qalandan sonra mən dərhal Prezidentin qəbul otağına getdim. Köməkçiyə dedim ki, əgər Prezident Heydər Əliyev bu layihəni mənə həvalə edərsə, mən onu dinləyib, düşüncələrini öyrənib bu layihə üzərində işləməyə hazıram. Köməkçi bunu dövlət başçısına məruzə edəndən bir müddət sonra məni Heydər Əliyevin otağına dəvət elədilər. Çox məşğul olsa da nəzərlərini qaldırıb qayğılı baxışlarla üzümə baxdı və mənə ona yaxın oturmaq üçün yer göstərdi. - Gördün də layihələri- dedi. - Gördüm, bəli,- deyə cavab verdim. – Mən onların arasında tikintiyə yararlı bir şey görmədim, - dedi və qısa ara verib əlavə elədi:- Əgər bacararsansa bu layihə ilə sən məşğul ol, amma unutma ki, vaxt yoxdur, sənə üç gün möhlət verirəm... “Üç gün azdı, çatdırmaram “ deyə etiraz eləmək istəsəm də Heydər Əliyevin xasiyyətini, mənə işləmək üçün yəqin imkan verəcəyini bildiyimdən eləcə “yaxşı” dedim. Və sağollaşıb getdim.

O vaxtlar heç yerdə işləmirdim, emalatxanam və hər hansı bürom yox idi. İşləmək üçün tələb olunan bütün vəsait və materialları- fasad cizigiləri üçün böyük planşetləri, rəngləri, sulu boyaları, çin tuşunu, qələm-karandaş və rəsmxətt dəstlərini, bir sözlə hər şeyi topladım. O saat dostum Ömər Eldarova zəng elədim. Dedim ki, mənə belə bir tapşırıq verilib, artıq işə başlayıram. Söylədim ki, şairin Bakıdakı heykəltəraşlıq kompozisiyasının müəllifisən və şükür Allaha, mövzu sənin üçün yeni deyil. Odur ki, Məqbərənin içində Hüseyn Cavidin büstünün olmasını nəzərdə tutmuşam və onu da sənin düzəltməni xahiş edirəm. Ömər Eldarov da o saat razılıq verdi.

Mən elə o gündən işləməyə başladım, hərçənd üç günə olmasa da bir həftəyə yaxın bir müddət ərzində ilkin variantı bitirdim. Həmin variantı Ömər Eldarova göstərdim. O işə baxan kimi o saat dedi ki, bu məqbərə Hüseyn Cavid üçün bir qədər böyükdür. Hərçənd Məqbərənin ölçüləri o qədər də böyük deyildi, amma konfiqurasiya, kompozisiya belə bir duyğu yaradırdı. Əlbəttə, Hüseyn Cavid böyük şairdi, amma o Nizami, Fizuli deyildi, görünür, bir qədər tarixilik, bir qədər də ədəbi iyerarxiyanı gözləmək, Hüseyn Cavidin yaradıcılığına müvafiq obrazını bir daha yenidən diqqətlə sərf-nəzər etmək, düşünmək gərəkdi. Beləcə ikinci variant üzərində düşünməyə, işləməyə başladım.Bu variant daha az vaxta ərsəyə gəldi və mən onu yenə əziz dostum Ömər Eldarova göstərdim. Baxan kimi dedi ki, hə, bu artıq başqa işdir. Bu artıq Naxçıvan memarlıq məktəbidir. Onda mən Prezident Aparatına zəng elədim, dedim ki, layihə hazırdır və onu təqdim edə bilərəm. Bir müddətdən sonra mənə zəng elədilər və dedilər ki, layihəni Heydər Əliyevin qəbul otağına gətirim. Mən elə də elədim və sabahı gün səhər köməkçilər və bəzi dövlət xadimlərinin də iştirakı ilə layihəyə baxış keçirildi. Layihə o saat bəyənildi, amma özümün də qəbul etdiyim bəzi kiçik qeydlər və tövsiyyələr də oldu ki, mən onları müəyyən korrektələrlə yerinə yetirdim.Heydər Əliyev çox tələsdiyindən və vaxt darlığı üzündən tikintiylə bağlı o saat göstəriş verdi. Təsəvvür edirsiz, bu texniki layihə idi, hətta işçi cizgilər belə yoxdu, amma Heydər Əliyev Naxçıvan Muxtar Respublikası rəhbərliyinə tikintiyə başlamaq barədə göstəriş verdi. Bir neçə gündən sonra biz Naxçıvandaydıq, artıq tikinti şirkəti müəyyənləşmiş və prosesə cəlb olunmuşdu. Layihə gerçəkləşməyə başlamışdı artıq.

Məqbərə üçün bir vaxtlar Hüseyn Cavidin yaşadığı və muzeyə çevrilmiş birmərtəbəli evin qarşısındakı yer müəyyənləşmişdi. Ordakı bütün əski tikililər söküldü, ərazi təmizləndi və bizim layihəyə əsasən həmin yerdə, mərkəzində Araza, cənuba istiqamət götürmüş Məqbərinin ucalacağı kiçik park salındı.

Məqbərənin memarlığı Əcəmi Naxçıvani, Naxçıvan memarlıq məktəbi ənənələri və bu ənənlərin müasir transkripsiyası əsasında qurulumuşdu. Ulduzşəkilli şəbəkə ornamentlərinin işığı stilobat üzərindəki sərdabəni içəridən büsbütün işıqlandırır... Ağ mərmər bir Məqbərə... Pillələrlə stilobatın üst meydançasına çıxb Məqbərəyə, içəri daxil olanda aşağıda şüşə qapaq altında ən aşağı mərtəbədə yerləşən məzar, məzarüstü daş, sinə daşı görünür.Şüşə qapağın oxu ilə isə taxça yerləşir ki, həmin taxçada da Hüseyn Cavidin Ömər Eldarovun müəllifi olduğu ağ mərmər büstü var. Deyim ki, olduqca böyük ustalıqla hazırlanmış büstdür və memarlıq formaları ilə üzvü yaradıcı vəhdət təşkil edir.

Tikinti bir neçə ay çəkdi və təyin olunmuş vaxtda biz tikintini bitirdik. Bütün bu müddət ərzində biz Ömər Eldarovla Naxçıcanda qalırdıq. Və məncə, əgər səhv etmirəmsə 1996-cı il oktyabr ayının 29-da Hüseyn Cavid Məqbərəsinin təntənəli açılışı oldu. Mərasimə Azərbaycanın ictimaiyyətin tanınmış nümayəndələri, əksər görkəmli incəsənət və mədəniyyət xadimləri, siyasi rəhbərlik, həmçinin İran və Türkiyədən qonaqlar da dəvət olunmuşdu. Hüseyn Cavid Məqbərəsinin qarşısındakı meydançada böyük bir mitinq təşkil olunmuşdu. Öz böyük olmayan ölçülərinə rəğmən Məqbərə möhtəşəm, nəhəng görünür, günəş ağ mərmərin üzərində bərq vurur,şüalar üç fasad üzərindəki rəngli və milli ulduz şəbəkə naxışlarının arasından süzülərək Məqbərəyə daxil olur, mərkəzi, büstü, bütün kompozisiyanı içəridən Azərbaycan bayrağının rəngləri ilə bəzəyirdi.Bu məkanın sirri-sehri, təəssüratı əlbəttə bir başqa idi.

Mitinqdə Heydər Əliyev öz tarixi nitqini elədi, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətiriləməsi, şairin öz doğma yurdunda dəfn edilməsi ilə bağlı öz düşüncələrini, bu məsələnin həqiqi tarixçəsini danışdı. Və bu hadisənin Azərbaycan xalqı, Azərbaycan tarixi üçün nə qədər vacib olduğunu, xalqın Cavid kimi övladlarını həmişə xatırlamağa borclu olduğunu söylədi..

Mitinqin sabahı günü məni və Ömər Eldarovu Prezidentin yanına dəvət elədilər. O bizi qəbul etdi, görülən işə görə minnətdarlıq elədi və dedi ki, sabah biz- yəni Ömərlə mən Türkiyənin Naxçıvandakı baş konsulu ilə birlikdə Qarsa getməliyik. Sən demə, I Dünya Müharibəsi zamanı erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan türk və azərbaycanalıların xatirəsi anılacaqmış və anım mərasimində iştirak etmək üçün Türkiyənin prezidenti Süleyman Dəmirəl də Qarsa gələcəkmiş.

Növbəti günün səhəri baş konsul öz maşınında dalımızca gəldi və biz sərhədi keçib Qarsa istiqamət aldıq. O yerlərin necə gözəl təsvirləri açılırdı gözümüzün önündə, xüsusən zirvəsi qarlı Ağrıdağın əsarəngiz mənzərəsi unudulmazdı... Qarsa axşamayaxın çatdıq və bizi o qədər də böyük olmayan, üçulduzlu “Qarabağ” otelində yerləşdirdilər. Qeydiyyat masasında pasportlarımızı təqdim edən kimi bizim ikimizə bir otaq ayrıldığını söylədilər. Ordan ayrılar-ayrılmaza bizdən arxada bəsətəboy, qaragözlü bir qadının dayandığını gördük. Çantalarımızı əlinə götürən və mehmanxana qulluqçusu olduğu anlaşılan bu qadın təmiz rus dilində bizi öz nomrəmizə ötürəcəyini dedi. Liftlə altıncı mərtəbəyə qalxdıq. Qadın qapını açıb bizə otağa buraxanda ona çay pulu vermək üçün əlimi cibimə saldım. Və həm də soruşdum ki, bu təmiz rus dili onda hardandır? Qadın bir stəkan su istədi, içib oturdu və ağlamağa başladı. Onu sakitləşdirib nə baş verdiyini soruşdum.O da öz tarixçəsini danışdı. Bilirsiz, bu olduqca faciəvi hadisəydi, biz hamımız mütəəssir olmuşduq. Məlum oldu ki, qadının əri və böyük oğlu Qarabağ ermənilərinin törətdikləri müharibədə həlak olmuşdular. Və bu qadının yeganə uşağı olan kiçik oğlunu da Kirovakanın o vaxtkı hərbi komissarı Qarabağa göndərmək istəyibmiş. O isə ərini, böyük oğlunu artıq itirdiyini, bu oğlundan başqa bir kimsəsinin olmadığını söyləyəndə hərbi komissar qadından oğlunun cəbhəyə getməməsi üçün 5 min dollar pul tələb edibmiş. Təbii, qadının bu qədər pulu yoxdu və o pul üçün sərəhədin bu tayına, Qarsda yaşayan, bu otelin sahibi olan yerli azərbaycanlının həyat yoldaşı, milliyətcə erməni olan xalasıqızına müraciət edir. Xalası qızı bu pulu ona elə-belə verə billməyəcəklərini, amma istəsə qazana biləcəyini söyləyir. Bura otelə qulluqçu işləmək üçün dəvət edir. Yalnız belə olacağı təqdirdə 5 min dolları ona qabaqcadan avans verə biəcəklərini deyir. Və beləliklə bizi otağımıza ötürən erməni qadın Qarsa, bu otelə gəlib çıxır, indiyədək mehmanxanadakı yarımzizəmi mərtəbə yaşayır, aldığı pulu qazanmaq üçün hələ də işləyirdi. Bu epizod heç vaxt yadımdan çıxmır. Mən o qadının və ananın göz yaşlarını, qonşu xalqlar arasında bu qanlı qırğını törədənləri hönkürərək necə lənətlədiyini unuda bilmirəm.

Sabahı gün baş konsul bizi Qarsın valisi ilə tanış etdi. Səhər yeməyi arxasında vali bütün məsələni bizə izah etdi. Əvvəla,sən demə, Anakarada işləri olduğundan tez qayıdan Dəmirəllə Qarsda görüşə bilməyəcəkdik. Həm də bizə izah elədilər ki, Qardakı azərbaycanlıların qətliamına həsr olunmuş soyqırım abidəsi ucaltmaq istəyirlər və bu iş üçün onların 50 min dolları var. Biz bu haqda düşünməyə başladıq əlbəttə... Axşam üçün isə bizi böyük olmayan bir zalda konsertə də dəvət elədilər. Sən demə konsertə Azərbaycanın xalq artisi, muqam ustası Canəli Əkbərovun rəhbərliyi ilə dəstə də dəvət edilibmiş. Xatırlayıram: şair Sabir Rüstımxanlı da iştirak edirdi o tədbirdə. İlk çıxışı, şeir oxusunu türklər elədilər. Fasilədən sonra Canəli Əkbərov çıxış eləməli idi. Elə başlayan kimi də işıqlar söndü. Zala zil qaranlıq çökdü. Vali və valiliyin nümayəndələri durub çıxdılar zaldan. Doğrusu bir az çaşqın vəziyyət yaranmışdı. Bir müddət sonra valinin nümayəndəsi gəlib bizi axşam yeməyinə dəvət etsə də biz qəti şəkildə etiraz elədik. Mən o saat anladım ki, bu işıq məsələsi yerli ermənilərin işidir. Yeməyə getmədən otelə qayıtdıq.

Sonrası gün vali ilə heç görümədik. Çox yaxşı bir ideyam vardı, olduqca maraqlı bir kompozisiya idi fikirmcə: şişuclu türk minarəsi olan yarımdağılmış, viran edilmiş əyalət məscidinin binası, girişində qətl edilmiş heykəl uşaqlar, qocalar, qadınlar; mərkəzdə isə ölmüş uşaq cəsədini qaldıran qoca kişi heykəli... Amma bu ideya kağız üzərində qaldı...

Sonradan eşitdim ki, soyqırım abisəsini orda bizim istedadlı memarımız Cəfər Qiyasi işləyib. Obelisk ucaldılıb orda...

İndi, bu hadisələrin üzərindən olduqca böyük bir zaman, iyirmi ilə yaxın vaxt keçsə də mən erməni siyasi xadimlərinə, onların xaricdəki havadarlarına, qonşu xalqlar arasında nifaq və düşmənçilik toxumu səpənlərə səslənib soruşmaq istəyirəm: axı, nə qazadınız? Bu qədər qəddarlıq, vəhşilik baş verdi, qanlar töklüdü, nə etdiyinizi anlayırsınızmı? Azərbaycan xalqı sovet dövründəki mövcudluğu zamanı Andronik və başqaları tərəfindən törədilən qanlı olayları,qırğınları unutnuşdu, dostluq şəraitində yaşayırdı Ermənistanla. Hər halda biz belə hesab edirdik. Amma siz nə etdiniz? Nə baş verdi? İndi Azərbaycan torpaqları işğal altındadır və işğal olunmuş ərazilərdə isə dağıntı və yoxsulluq hakimdir, o yerlərdə həyat yoxdur, bunumu istəyirdiz?

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #