“Arvadımı xəyanətə görə tövləyə bağlamışdılar, mən onu döyə-döyə öldürdüm” – Xatirə

“Arvadımı xəyanətə görə tövləyə bağlamışdılar, mən onu döyə-döyə öldürdüm” – Xatirə
16 oktyabr 2024
# 12:00

Bu gün məşhur türk aktyoru Tarık Akanın anım günüdür.

Kulis.az Ömər Xəyyamın tərcüməsində aktyorun rejissor Yılmaz Güney və “Yol” filmi haqda xatirəsini təqdim edir.

1971-ci il…

Yılmaz Güneyin Ataköydə film çəkdiyini eşitdim. Getdim yanına. Dedim, Yılmaz qardaş, mən də filmdə çəkilmək istəyirəm.

Başında panama, diyircəkli stulda mürgüləyirdi. Başını yavaş-yavaş qaldırdı, gözlərimin içinə baxa-baxa dedi ki, mənə nə?

Aradan illər keçdi.

1976-cı ildə çəkilən “Mədən” filmindən sonra məşhurlaşdım.


"Mədən" filmi

Artıq Yılmaz Güney həbs olunmuşdu. İzmitdəki həbsxanadaydı.

Mətbuat konfransından sonra filmi Ankaraya – senzuradan keçirtmək üçün aparırdım. İzmitə çatanda, dedim, gəlmişkən, Yılmaz Güneyə də baş çəkim. Görüş üçün icazə aldım. Qucaqlaşmağımız, azı, 10 dəqiqə çəkdi. Təxminən, iki saat söhbət elədik.

“Mədən” filmindən danışdıq. Sonra dedi ki, Tarık, film saxla burda, sabah gəlib apararsan. Dedim, bu şəraitdə necə baxacaqsan, nəylə baxacaqsan? Həm də xeyli borcumuz var, o qədər vaxt da yoxdu. Dedi, sənlik deyil, sən dediyimi elə. Razılaşdım. Qayıtdım İstanbula.

“Mədən” filminin rejissoru Yavuz Özkan məni İstanbulda görüb dəli oldu. Dedi, sən hələ getməmisən? Burda nə işin var? Olduğu kimi danışdım. Dedim, Yılmaz Güney imkan vermədi. Heç bilmirəm, necə baxacaq. Dedi, o Yılmaz Güneydi. İstədiyini eləyər.

Səhər tezdən, saat yeddidə İzmitə yola düşdüm. İçəri girincə hamı alqışladı məni. Şok oldum. Necə izləyiblər, görəsən? Sanki həbsxanada yox, kinoteatr zalında idim.

Deməli, İzmitdəki kinoteatrdan cihazları gətizdirib. Döşəkağlarını da vurdurub divara. Bütün məhkumlar izləyib filmi.

Filmi götürüb çıxanda cibimə pul qoydu. Dedim, götürə bilmərəm. Qətiyyən olmaz. Məcbur elədi. Xeyli də pul idi. Dedim, onda borc kimi götürürəm. Qaytarmaq şərtilə. Razılaşdı.

Film senzuradan keçdi. Yaxşı da pul gətirdi. O dövrdə ən yaxşı qazanan film oldu.

Yılmaz Güneyin ssenarisi əsasında çəkilən “Sürü” filmindən sonra əsgərliyə çağırıldım. Əsgərlikdən davamlı olaraq Erden Kralla əlaqə saxlayırdıq, məktublaşırdıq. Bir ssenari vardı, film çəkməyi düşünürdük.

Danışıqlarımızın birində Erden dedi ki, Yılmaz Güney çağırıb məni. Dedim, dayanma, get. Qayıdınca mənimlə əlaqə saxla. Amma şifrəli danış. Telefonları dinləyirdilər. Əmin idim ki, Yılmaz Güney təzə ssenari yazıb.

Elə də oldu.


Yılmaz Güney

Erden dedi ki, yeni ssenari var. Həftəlik buraxılmış 12 məhkumun hekayəsidi. O vaxt nümunəvi məhkumları bir həftəlik buraxırdılar. Ssenariyə görə, məhkumlardan onu azadlıqda ölür, ikisi isə həbsxanaya qayıdır,. Dedim, möhtəşəm ssenaridi. O biri ssenarini saxlayıb, buna başlayırıq.

Bir aydan sonra əsgərlik bitdi, qayıtdım İstanbula. Yılmaz da tez-tez icazə alıb gəlirdi. Müxtəlif yalanlar uydururdu. Gah anasının xəstəliyini bəhanə edirdi, gah da başqa yalan. Onun Üsküdardakı evində görüşürdük.

Və filmə başladıq. “Yol” filmi.

Amma işlər heç yaxşı deyildi. Maddi problemlər vardı. Cunda adasında qalırdıq. Bir gecə Fatoş gəldi. Dedi, Yılmaz bəyin əmri var. Çamadanlarınızı yığıb geri dönməlisiz. Bəy dedi, çəkilişə son verilsin, hərə öz işiylə məşğul olsun.

Qayıtdıq İstanbula. Erdem ssenaridən əl götürdü.

Səhərsi Yılmaz gəldi, Kadıköydə, Fatoşun evində görüşdük. Dedi, Erdemlə olmaz bu iş, təcili başqa rejissor tapmalıyıq.

Bu ssenarini ancaq Şərif Görən çəkə bilər, fəqət o da həbsxanadadı.

Dedim, o zaman gəl bu müdhiş ssenarini çölə atmayaq. Saxlayaq, başqa ssenari işləyək. Bir gün Şərif Görən çıxar həbsdən, o çəkər, ya da özün gəlib çəkərsən. Razılaşdı. Səhərsi gün rayona getməliydi. Yadımda deyil, nəsə sənəd işiydi. O vaxt mənim qırmızı “Mersedes”im vardı. Dedi ki, Tarık, sən maşını ver mənə. İşlərimi görüb qaytaracam. Arxayın ol.

Axşam evə qayıdanda həmişəki kimi yenə qəzet aldım. Manşet belə idi: “ŞƏRİF GÖRƏN AZADLIĞA ÇIXDI”.

Tez Fatoşa zəng elədim. Dedim, Yılmaza de, getməsin. Məni gözləyin, gəlirəm, bəs Şərif Görəni azad ediblər.
O vaxt komendant saatı vardı. Gecə istədiyin vaxt küçəyə çıxa bilməzdin.
Birtəhər, o boyda yolu əyilə-gizlənə Fatoşun evinə getdim.

Yılmaz ora-bura zəng etdi. Şərifi tapdı. Dostlarıyla ssenarini yolladı ona.

Azadlıqda birinci günü olsa da, Şərif Görən səhərə qədər yatmayıb ssenarini oxumuş, qeydlər aparmışdı.

Səhərsi mən, Yılmaz, Şərif və Zəki Ökten bir də toplaşdıq.

Şərif dedi ki, 12 məhkum çoxdu, bunun sayını beş edək. Bir az orasını elə edək, bir az burasını belə edək, - nəhayət, ssenari tam hazır oldu və filmə başlamağa qərar verildi.

Zəki Ökten, Fatoş və Yılmaz Güney mənim maşınıma minib rayona yollandılar. Maşını Zəkinin sürücüsü sürəcəkdi.

Mən də getdim öz evimə.

Səhər Zəki Öktenlə sürücüsünü Bəyoğlundakı kafedə gördüm. Dedim, ustad, nə oldu bəs, getmədiz?

Qayıtdı ki, yolda mənim bu danqabaş sürücüm balaca qəza elədi. Maşının sol tərəfi bir az... Dedim, bəs kim sürür maşını? Dedi, özü. Yılmaz əsəbiləşib ikimizi də qovdu. Fatoşla getdilər. Fikirləşdim, maşını da belə itirdim.

Bir həftə keçdi... maşından xəbər yox idi. Yeddinci gün bir nəfər maşınımı gətirdi. Çiçək kimi. Yılmaz maşınımı yığdırıb göndərmişdi. Özü içəridə olsa da, çöldə yaxşı dostları vardı.

Tezliklə Şərif Görənlə “Yol” filminə başladıq.

Birinci məni çəkdilər. Amma çəkilişlər davam edirdi. Avtobusla həbsxanaya getdim. Ustadla görüşdük, qucaqlaşdıq. Nə oldu, necə oldu, işlər nə yerdədi, çəkiliş necə gedir - hamısını danışdım. Dayanmadan sual verirdi. Səbirlə hamısına cavab verdim. Həmin vaxt çəkilişlər Urfadaydı. Qaziantepdən Urfaya getmişdilər.

Komendant saatı var, çölə çıxmaq yasaqlanıb. Avtobus dayanacağı çəkməliyik. Gecə səhnələri var. Gizlənə-gizlənə, boylana-boylana çəkirdik. Operatorlar əyilə-əyilə işləyirdi.


"Yol" filminin çəkiliş prosesi

Həbsxana kadrları zülm etdi bizə. İcazə vermirdilər. Jandarmları çəkməliydik. Ssenarinin ürəyi olan kadrlardandı. Jandarm paltarı tapmaq çətin idi o vaxt. Məcbur yalan danışmalı oldum. Həbsxana müdirinə dedim ki, bu vaxtaqədərki filmlərdə bizim cəza evlərini pisləyiblər. Bu dəfə istəyirik hamı bilsin ki, sizin kimi rəislər də var. Belə yaxşı həbsxanalar var. Bir az da üstünə qoydum. Dedim, dustaqlar da sizdən razıdı. Gördüm qımışır. Razılaşdı. Sevindi də. Dedi, problem yoxdu, çəkin.

Qaldı jandarm.

Dedim, rəis, biz həqiqəti çəkirik deyə, diyarbəkirlilər üstümüzə gəlir. Deyirlər, əslində həbsxanalar pis gündədi. Hər anımız təhlükədədi. Jandarm lazımdı ki, bizi qorusun. Təşkil etsəniz, yaxşı olar.

Sağ olsun, əlli jandarm yolladı. Bilirsiniz, necə çəkdik? Jandarmları düzdük sağa-sola, özüm də keçdim kameranın qabağına. Guya operator məni çəkir... Amma kamera jandarmlara tuşlanmışdı. Jandarm nə bilir, kamera nədi, necə çəkir.

“Yol” filmindəki jandarm səhnələri hamısı belə çəkilib.

Kann kinofestivalından bir ay əvvəl Kənan Evrən hoqqa çıxartdı.

Mənim arvadımı xəyanətə görə tövləyə bağlamışdılar, mən onu döyə-döyə öldürdüm, amma bu heç kimə maraqlı deyildi, hamı “Həqiqi jandarmdı, yoxsa aktyorlardı?”, “Atı, doğrudan, öldürdünüzmü?” - suallarına cavab axtarırdı.

Şərif Görəni məhkəməyə verdilər. Di gəl, həbs üçün dəlil yox idi.

Film Kann festivalının qalibi oldu, amma Şərifi bir az get-gələ saldılar.


"Yol" filmi

Aradan illər keçdi. Hər həftə Yılmaza baş çəkirdim. Çöldən sifarişləri dayanmırdı.

Axırıncı dəfə - bir dost var, adını deməyəcəm, – qoymadı gedəm. Dedi, ver biletinə baxım. Verdim. Cırıb tulladı. Dedi, olmaz, getməyəcəksən.

Aradan iki gün keçdi, sonra qəzetdən oxudum ki, Yılmaz ölkədən qaçıb.

Əgər həmin gün getsəydim, məni həbs edəcəkdilər. Sübut eləyə bilməzdim ki, mən onu qaçırmağa gəlməmişəm. Bəlkə də, getsəydim, qaça bilməyəcəkdi. Planına əngəl olacaqdım.

Xaricdən də mənlə əlaqə saxlayırdı. Mənim də filmdən sonra xeyli problemlərim oldu. Məhkəmə, get-gəl. Ölkədən çıxışıma qadağa qoyuldu. Kanna - mükafat almağa da gedə bilmədim

Deyirdi, qaç gəl. Əla bir ssenari yazmışdı yenə. “Divar” filminə çəkmək istəyirdi məni. Razı olmadım. Birincisi, getsəm, qayıda bilməyəcəkdim. Qayıda bilməzdim. Allah bilir, nə qədər iş kəsərdilər. İkincisi, mən başqa ölkədə yaşaya bilmərəm. Darıxqan adamam.

Bir dəfə dedim ki, ustad, sən çox mükəmməl ssenaristsən, mükəmməl rejissorsan, amma yaxşı aktyor deyilsən. Dedi, düz deyirsən. Elə o gündən atdı aktyorluğun daşını.

Heyif, onu öldürdülər. Heyif, onu yaşamağa qoymadılar.

Yılmaz Güney bir günəş idi...

Tərcümə etdi – Ömər Xəyyam

# 3623 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

14:01 9 noyabr 2024
"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

11:16 9 noyabr 2024
İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

11:00 9 noyabr 2024
Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
# # #