Azərbaycanın Viktor Hüqo biabırçılığı

Azərbaycanın Viktor Hüqo biabırçılığı
15 yanvar 2015
# 14:25

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” mövzusunun müzakirəsi ilə tanış olmusuz.

İkinci müzakirə mövzusu “İkinci dildən tərcümə problemi” adlanır. Mövzu üzrə məruzəçilər İlqar Əlfi, Saday Budaqlı, Mahir Qarayev, Mirmehdi Ağaoğludur. Mirmehdi Ağaoğlunun məruzəsini təqdim edirik.

İkinci dildən tərcümə problemi

Əvvəl istədim yazımı belə başlayım; 150 ildən artıq bir dövrdə Rusiyanın əsarətində olmağımızın ən əsas xoşbəxtliyi o oldu ki, biz dünyanın ən gözəl ədəbi nümunələrini-Puşkinin, Dostoyevskinin, Tolstoyun, Çexovun, Qorkinin əsərlərini orijinalda oxuya bildik.

Sonra öz-özümə düşündüm. Hələ də ikinci rəsmi dili ingiliscə olan Hindistan, Pakistan necə? Onlar Şekspir, Defo, Svift, Dikkens, Coysun əsərlərini orijinaldan oxumayıblarmı?

Bəs Konqo, Çad, Seneqal və Afikanın başqa fransızdilli ölkələrinin xalqları necə? Onlar da Hüqonu, Stendalı, Balzakı, Prustu orijinaldan oxumaq şərəfinə nail olmayıblarmı?

Siyahını bir az uzatmaq olar...

Hər halda biz bu dövr ərzində Puşkin, Dostoyevski, Tolstoy, Çexovun əsərlərini orijinaldan oxumaqla yanaşı, o dilə çevrilmiş bir sıra xarici yazıçıları da rus dilində oxumaq şansına nail olmuşuq.

Təbii ki, Rusiya kimi nəhəng dövlətlə bizim kiçik ölkənin potensialını müqayisə etmək yersiz görünərdi. Buna görə də uzun illər Rusiyadakı peşəkar tərcümə məktəbinin nemətlərindən bəhrələnmiş, onların orijinaldan olan tərcümələrini rahatca öz dilimizə çevirmişik.

Amma könül istərdi ki, biz dünyanın nəhəng yazarlarını – Servantesin, Stendalın, Folknerin, Coysun, Heminquyin, Şillerin, Tomas Manın, Markesin əsərlərini orijinaldan tərcümədə oxuyaq. Təəssüf ki, praktiki olaraq bu çətin başa gələn işdir. Əvvəla buna nəhəng tərcüməçi ordusu lazımdır. Bu da əlbəttə, təcrübədən də göründüyü kimi bizdə çox vaxt kəsrlə olub.

Bu sahədə olan tərcüməçilər isə əlbəttə püxtələşməli, hardasa ədəbiyyat adamı olmalı, Azərbaycan dilinin imkanlarından yüksək dərəcədə istifadə etmək qabiliyyətinə malik olmalıdırlar. Sıravi tərcüməçinin çevirisində Folknerin romanlarını necə oxuyasan? Və ya Floberin əsərlərini. Axı tərcümə təkcə cümlələrin tərcüməsi deyil, əsərin ruhunun, yazıçının üslubunun və mənim peşəkar tərcüməçi olmadığım üçün bilmədiyim başqa şeylərin də tərcüməsidir, onların qorunub saxlanılmasıdır. Şəxsən mən bu riskə gedərək naşı tərcüməçinin çevrisində hansısa böyük bir yazıçını oxumazdım. Onun əvəzinə bildiyim dillərə müraciət edərdim.

Azərbaycanda tərcümə ədəbiyyatının olduqca böyük hissəsini orijinaldan deyil, ikinci dildən, ələlxüsus da rus dilində tərcümə olunmuş əsərlərin tərcümələri təşkil edir. Misal üçün Cek Londonun hazırda masamın üzərində olan “Oyun” povesti (1980-ci ildə “Gənclik” nəşriyyatında nəşr olunmuş bu kitaba Cek Londonun eyni adlı povesti və hekayələri daxildir) 1961-ci ildəki rus nəşrinin tərcüməsidir.

Migel de Servantesin “Lamançlı Don Kixot” əsərini dilimizə ruscadan Pənah Xəlilov çevirib. Roman sənətinin şah əsərinin hər dəfə ağzını açanda “Nobel-Nobel” deyən yazıçıların dilinə başqa dildən çevrilməsini utancverici adlandırmaq məncə çox ağır səslənməz.

Sizə başqa misallar da deyə bilərəm.

Daniel Defonun “Robinzon Kruzonun macəraları” əsərini Əkbər Ağayev dilimizə çevirib.

Cani Rodarininin “Çipollinonun başına gələnlər” əsərini Mikayıl Rzaquluzadə tərcümə edib.

Heç biri də orijinaldan çevrilməyib.

Ümumiyyətlə, bu iki tərcüməçinin tərcümə arsenalında xeyli şah əsərlər və dahi yazıçılar var: Conatan Svift (“Lemyuel Qulliverin bəzi uzaq ölkələrə səyahəti”), Cek London, Aleksandr Düma (“Üç muşketyor”) kimi yazıçıları Mikayıl Rzaquluzadə, Robindranat Taqor, Çarlz Dikkens, Jül Verni (“Arxipelaq alovlanır”) isə Əkbər Ağayev çevirib.

Şekspir, Molyer, Şiller, Viktor Hüqo, Biçer-Stou (hazırda kitabxanamda əlim yetən kitabları araşdırdığım üçün siyahını daha da uzatmaq imkanım məhduddur) kimi yazarların əsərləri təəssüf ki, dilimizə orijinaldan tərcümə olunmayıb. Axı, kim “Səfillər”i orijinaldan tərcümədə oxumaq istəməzdi?

Bilmirəm həqiqətə nə dərəcədə uyğundur, amma mən bu məruzəni hazırlayarkən özüm üçün kiçik bir fakt əldə etdim. Sovet dövründə çap olunan tərcümə kitabları əgər ruscadan tərcümə olunubsa kitabda sadəcə tərcüməçinin adı yazılıb. Yox əgər əsər orijinaldan tərcümə olunubsa, bu zaman o mütləq qeyd olunub. Misal üçün Herman Hessenin 1990-cı ildə nəşr olunmuş “Yalquzaq” kitabında “Alman dilindən tərcümə edənlər: Çərkəz Qurbanov, Vilayət Hacıyev” yazılıb.

1983-cü ildə nəşr olunmuş “Amerika yazıçılarının povest və hekayələri” kitabına ingilis dilindən tərcümə edəni Manaf Süleymanov yazılıb. Mopassanın roman və hekayələrinin daxil olduğu kitabda orijinaldan tərcümələr çoxluq təşkil etdiyi üçün ruscadan olan tərcümələr də qeyd olunub. Şekspirin əsərlərinin yer aldığı kitabda isə yalnız “Otello” əsərinin ingilis dilindən tərcümə olunması vurğulanıb.

Ernest Heminqueyin 1986-cı ildə çap olunmuş “Əlvida silah” əsərində tərcümə edən Hacı Hacıyev yazılıb. Deməli, bu əsər də rus dilindən tərcümə olunub.

İkinci dildən olan tərcümələrin bir çoxunu Əhməd Cavad, Mirzə İbrahimov, Mikayıl Rzaquluzadə, Ənvər Məmmədxanlı, Sabit Rəhman, Nigar Rəfibəyli, İsa İsmayılzadə, Əkrəm Əylisli, Anar kimi peşəkar yazarlar tərcümə edib. Müqayisə aparaq; tərcümələrin ikinci dildən olsa belə peşəkar yazarların qələmindən çıxması yaxşı haldır, yoxsa orijinaldan, amma naşı tərcüməçilərin çevrisində olması? Açığı mən birincini seçərdim. Orijinaldan tərcümə olunsa da “qolu-qıçı qırılmış” bir əsərdən oxumaqdansa ikinci dildən çevrilmiş, lakin hər halda mükəmməl olan bir əsəri oxumağı daha üstün tutardım.

Ağlıma belə bir çözüm yolu gəlir. Əsərlərin sıravi tərcüməçilər tərəfindən sətri tərcümə olunub, daha sonra peşəkar qələm adamları vasitəsilə bir daha gözdən keçirilməsi, bədiiləşdirilməsi çıxış yolu ola bilərmi? Əlbəttə bütün bunlar əlavə maliyyə məsrəfləridir. Çox güman ki, özəl nəşriyyatlar bu yoldan nadir hallarda faydalana bilərlər. Amma dövlət sərəncamı ilə çıxan əsərlərdə bu metod hardasa özünü doğrulda bilər. İkinci bir tərəfdən dünya ədəbiyyatının elə şedevrləri var ki, qənaətimə görə onlar yalnız bir tərcüməçinin əməyinin deyil, kollektiv əməyin məhsulu olmalıdır.

Ümumi mənzərə belədir ki, hələ heç bir dahi, dünya şöhrətli yazıçının bütün külliyyatı dilimizə bütövlükdə orijinaldan tərcümə olunmayıb (təbii ki, rus müəllifləri nəzərə almıram).

Bir anlıq təsəvvür edək; bu əsərlərin heç biri orijinaldan tərcümə edən yoxdur deyə dilimizə çevrilməyib və Azərbaycan oxucusu bu müddət ərzində Şekspir Şiller, Höteni, Hüqo, Stendal, Heminqueyin əsərlərini, lap elə 1972-ci ildə “Quşcığaza qıymayın” adlı məşhur əsəri dilimizə çap olunmuş Harper Lini oxumayıb. O zaman Azərbaycan tərcümə ədəbiyyatı nə qədər boş, yoxsul görünərdi.

Axı bir şeyi də etiraf etmək lazımdır ki, içi özüm qarışıq bizim yazıçıların bir çoxunun xarici dil bilgiləri olduqca aşağı səviyyədədir. Lap elə tutalım “Səfillər” dilimizə orijinaldan deyil, ikinci dildən tərcümə olunub və tərcümədə yazıçının üslubu saxlanılmayıb, fransız dilinin normalarından əsər-əlamət qalmayıb və sair və ilaxır. O zaman adi oxucunu demirəm, yazıçının “Səfillər”i oxumadan, bilmədən, qalın-qalın kitablar yazması anormal görünməzdimi?

Məncə görünərdi. Odur ki, düşünürəm, buna da şükür. Heç olmamağındansa olmağı daha yaxşıdır. Necə deyərlər, iki pisdən, az pisi seçmək həmişə faydalıdır.

Birinci yazını burdan oxuya bilərsiz.

İkinci yazını burdan oxuya bilərsiz.

Üçuncü yaznı burdan oxuya bilərsiz.

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #