Lənətlənmiş toskaniyalının “Gön”ü

Lənətlənmiş toskaniyalının “Gön”ü
28 noyabr 2012
# 12:08

Avantürist, anarxist, faşist, kommunist… "Lənətlənmiş toskaniyalı", "Yeni Makiavelli"… Filosof, yazıçı, jurnalist, rejissor… Bütün bunlar Kurtsio Malaparteyə aiddir. Erik Hobsbaumun “ifratlar dövrü” adlandırdığı XX əsrin ən qeyri-adi şəxsiyyətlərindən birinə.

Malaparte (1898 - 1957) son illərdə özüm üçün kəşf etdiyim ən maraqlı müəlliflərdən biridir. Erik Hoffer kimi, Karlos Fuentes kimi, Çezare Paveze kimi. Və bir ömürdə bir neçə macəra dolu ömür yaşamış bu şəxsiyyəti oxumağa, yada salmağa, onun barəsində saatlarla düşünməyə dəyər.

O, "lənətlənmiş toskaniyalı" epitetini doğrultmaq üçün bütün bacarığını ortaya qoydu. Alman-italyan qarışığı olan Kurt Zukkert ilk gəncliyində özünə "Kurtsio Malaparte" ləqəbini götürəndə artıq istədiyi ilk effektə nail olmuşdu. "Malaparte" sözünün açması "Uğursuz qismət" deməkdir. Nə vaxtsa Benito Mussolini ondan bunun səbəbini soruşanda "Napoleon "uğurlu qismət" (Buonaparte) idi , ancaq pis qurtardı. Mənim sonum yaxşı olacaq" demişdi.

Birinci Dünya müharibəsinə 16 yaşında könüllü yollanır, igidliyə görə İtaliya və Fransa ordenləri ilə təltif olunur, yaralanır. Ömrü boyu mövcud qayda-qanuna əks gedən Kurtsio tezliklə faşistlərə qoşulur, qaraköynəklilərin "Roma yürüşü"ndə iştirak edir. Jurnalistikaya baş vurur, bir neçə jurnal dərc edir.

Onun ilk səs-küylü əsəri 33 yaşında yazdığı "Dövlət çevrilişinin texnikası" kitabıdır. Bu əsərə hazırda böyük tənbəlliklə üzərində işlədiyim, hətta ad da verdiyim (“Üsyanlar öləndə”) və ola bilsin nə vaxtsa çap edəcəyim kitabda ilk fəsli həsr etmişəm. Onun kitabı susuz adam suyu içdiyi kimi asan oxunur. Malaparte tarixin keçmişindən Katilinanı (klassik qiyamçını və Siseronun şəxsi düşmənini) "dirildib" öz əsrinə qaytarır, öz dövrünün əsas inqilab və çevrilişlərini - Kapp qiyamını, Oktyabr inqilabını, 1920-ci ilin Polşa müharibəsini, Stalin-Trotski qarşıdurmasını, Mussolininin qələbəsini, Primo de Riveranın hakimiyyətə gəlişini, nasizmin yüksəlişini analiz edir. Və bu kitabı ilə də Yada çevrilir. Faşistlərdən uzaqlaşır, SSRİ-yə yollanır, Lenindən kitab yazır və qayıdanda həbs edilib 5 illik həbs cəzası alır. Onu qraf Çiano (Mussolininin kürəkəni) məhbəsdən azad edir. Və Kapri adasına sürgünə yollanır. Çianonu Mussolini güllələdəndə isə Malaparte çox-çox uzaqlarda olur...

Növbəti dünya savaşında hərbi jurnalist işləyir. 1947-ci ildə İtaliya kommunist partiyasına qoşulur. Həyatının növbəti macərası olan bu ziqzaqı da əvvəlcə ciddi qəbul edilmir - sıravi kommunistlər öz liderləri Palmiro Tolyattini ona skepsislə yanaşmağı məsləhət görürlər.

59 yaşında xərçəngdən vəfat edir. Son aylarında aqoniya eksperimentlərini lentə yazır. Bu qiyamçı ruh son dəfə ölüm yatağında meydan oxuyur - alman protestantının oğlu, ateist Kurtsio ölümünə az qalmış katolikliyə keçir.

Ömrünün son illərini Çin inqilabı ilə çox maraqlanır, Pekinə uçub Mao ilə görüşür. Öləndə də Kapri adasındakı fantastik qəsrini, dəfələrlə Kamyunu və Moriakı qonaq qəbul etdiyi villanı vəsiyyətlə kommunist Çin hökumətinə bağışlayır.

Özünə məzarı doğulduğu Pratodan 10 kilometr aralıda, Spassavento dağında seçir: “Elə bir zirvədə dəfn edin ki, ara-sıra başımı qaldırıb şimal yamacındakı soyuq xəndəyə tüpürə bilim”. Lənətlənmiş toskaniyalı ölümündən sonra da özü kimi qalır - “gözlərində səma, dilində cəhənnəm”...

***

Həyatının fantastik trayektoriyaları və son akkordları ilə Malaparte dahi Rembrandtın məşhur “Azmış oğulun dönüşü” rəsmindəki qəhrəmana bənzəyir. Oğul uzun və üzücü yoldan ata ocağına dönüb. Arxada çoxsaylı acılar və itkilər qoyub, dizi üstə dayanıb atasının ayaqlarına qısılıb. Oğulun üz cizgilərini görmürük - bu anonim öz yorğunluq və peşmançılıqları ilə necə də Malaparteni xatırladır... Ancaq prinsipial fərqlə - inanmıram ki, evinə dönən Malaparte burada onu qucaqlayıb əfv edəcək Atanı tapır. Yoxdur Ata.

Elə Malaparte də çətin ki, tövbəyə hazırdı. Bilmirəm, ancaq nədənsə mənə elə gəlir ki, ölüm ayağında əvvəlcə kommunist Tolyattini, sonra isə katolik keşişini qəbul edən Kurtsio son yatağında da İmre Kalmanın “Şimmi”sini rəqs edir. Ya da heç olmasa Bramsın “Macar rəqsi”ni (həm də 4-cüsünü, daha çox sevdiyimi) oynayır. Kurt demişkən, “Bax beləcə...”

***

O, 30-a yaxın kitab yazıb. Xüsusi səs-küy doğuranları - “Kaput” və “Gön”dür. Birincisini Şərq cəbhəsində (SSRİ ərazisində) yazmağa başlayıb, “Gön” isə Qərb cəbhəsindən - Neapolun azad olunmasından bəhs edir.

Mən məhz “Gön” haqda yazmaq istəyirəm. Səsləşir günümüzlə. Məğlubiyyəti Azadlıq kimi qəbul etmək istəyən, məğlubluq sindromunun bütün simptomlarını yaşamağına baxmayaraq, fəth olunduğunu heç nə ilə boynuna almayan neapolluların mənəvi aşınması son 20 ilimizi bir daha analiz etməyə zərurət yaradır.

Niyə"Gön”? Sözü Malaparteyə verək:

“Siz hətta təsəvvür edə bilməzsiz ki, öz gönünü qorumaq üçün insan hansı qəhrəmanlıqlara və hansı əclaflıqlara qadirdir... Üzülmüş və başqalarını üzən, öldürülən və öldürən fərdlər möcüzəvi və alçaq əməllərə əl atırlar. Qəlblərini xilas etmək üçün yox, öz gönlərini saxlamaq üçün...”

1944-cü ilin İtaliyası. Neapol faşistlərdən azad olunur. ABŞ hərbçiləri ilə birlikdə tərcüməçi sifəti ilə şəhərə daxil olan Malaparte baş verənlərin ifrat qara, dramatik və şəxsi ehtiraslardan uzaq mənzərəsini yaradır. Mənzərə o qədər utancvericidir ki, 1949-cu ildə çap olunan “Gön”ü müharibənin bitməsindən 4 il keçməsinə baxmayaraq italyanlar süngü ilə qarşılayırlar. Vatikan əsəri qadağan olunmuş kitablar siyahısına salır. Sanki Malaparte öz realizmi ilə bütöv bir xalqı - həm də öz xalqını - təhqir edibmiş. Halbuki, o, baş verənləri vur-tut protokollaşdırıb.

***

“İtaliya və onunla birlikdə Neapol da müharibəni uduzub. Ancaq aydındır ki, müharibəni uduzmaq müharibəni udmaqdan çətindir. Qalib gəlməyi hamı bacarır, ancaq heç də hamı məğlub olmağa qadir deyil. Və özünü məğlub olmuş xalq saymaq üçün müharibəni uduzmaq yetərli deyil. Çoxəsrlik acı təcrübə ilə yemləndirilmiş mənim bədbəxt neapollularım məğlub xalq olmaq hüququna iddia etmək fikrindən uzaqdırlar. Bu, onların tərəfindən çox böyük nəzakətsizlik idi...”, - Malaparte yazır.

Bu cür qəddar həqiqəti çətin ki, başqa italiyalının qələmindən oxuyardıq. Rejissor Nanni Loyun “Neapolun 4 günü” adlı çox gözəl, dramatik-effektiv filmində neapollular nasistlərə qarşı qiyama qalxıb şəhərlərini özləri azad edir, amerikanlar isə artıq nasistlərin təslim olmağa hazırlaşdığı Neapola daxil olurlarsa, Malapartedə reallıq özgədir: Neapolu amerikanlar azad edib və bu, şəhərlilər üçün istənilən halda Azadlıq yox, məğlubluqdur.

Nanni Loyun filmində göz yaşı içində gülüş var, Malapartedə isə yalnız dəhşət, dəhşət, dəhşət... Amerika tanklarının qabağına çıxıb onları gül-çiçəklə qarşılayan ilk neapollu tankın tırtılları altında əzilib can verir. Malaparte bu simvolik səhnə - azadlıq gətirənlərin əzib öldürdüyü neapollunun finalı - ilə göstərir: Səni kimsə azad edibsə, bu, Azadlıq deyil. Bu, fəth olunmaqdır, yeni işğaldır və sən azad edənlər üçün tamamilə maraqsızsan.

Bir dəfə müharibəni görən heç vaxt müharibədən qurtulmur - Malaparte bir pasifist kimi deyir: “Mən öldürən adamları seyr etməkdən yoruldum. 4 il başqa işim olmadı - yalnız qətllərə baxdım. Bir var insanların necə ölməyinə baxasan, bir də var insanların necə öldürdüyünə - fərq böyükdür. Özünü qatillərin tərəfində hiss edirsən, sanki onlardan birisən. Bunlardan usandım, daha bacarmıram. Cəsədlərə nifrət etməyə başladım” (“Gön”).

4 ildə bir dəfə də nə insana, nə də heyvana güllə atmış Malaparte azad olunmuş Neapolda, müharibənin bitdiyi şəhərdə gördüklərindən dəhşətə gəlir. Xaos, dəyərsizliklər, satqınlıq, alçaqlıqlar... - budurmu azadlığa çıxmış xalq? Azad italiyalılar bir qutu siqaretə, bir parça çörəyə görə zorlanmağa razıdır. Bu xalq məğlubdursa, hər cür biabırçılıqlara qol çəkirsə, bəs niyə özünü uduzmuş saymır? - Budur ən həllsiz problem, budur cavabsız sual...

Neapollu analar balaca qızlarını mərakeşli əsgərlərə satır. Ata öz qızının Neapolun sonuncu bakirəsi olması (deməli, daha çox pul gətirəcəyi) ilə öyünür. Fahişələrin qiyməti saatbasaat düşür və bir tikə ətdən də ucuz olur. Əsir almanları yemləyirlər ki, sonra satsınlar (Kimə? - bilinmir). Nasistlərə işləmiş yeniyetmələri kilsə qarşısında güllələyirlər. Və bunlar azad şəhərdə - Neapoldadır. “Şəhər sanki taun aqoniyasındadır” - Malaparte diaqnozunu qoyur.

“Xalq ya azad, ya da məğlub olmalıdır. Neapolluları qınamaq olmur ki, özlərini nə azad, nə də məğlub sayırlar” (“Gön”).

***

“Düzünü de, 3 dollara balaca qız uşağı istəyirsənmi?” - mən Cekdən soruşdum.

- Kəs səsini, Malaparte!

- Bu ki lap ucuzdur. 3 dollara balaca qız. 2 funt mal əti bundan bahadır. Bildiyim qədərincə, London və ya Nyu-Yorkda balaca qızlar burdakından bahadır, elə deyilmi, Cek?

- Kəs səsini, - Cek qəzəbləndi.

Son günlər balaca qız və oğlanların qiyməti düşürdü və bu, davam edirdi. Şəkər, yağ, ət və çörək bahalaşdıqca insan bədəninin qiyməti enirdi. 20-25 yaşlı qızlar bir həftə əvvəl 10 dollara idi, indi isə bu ət sümükləri ilə birlikdə cəmisi 4 dollara satılırdı. Hər gün Neapola balaca bədbəxt eşşəklərə qoşulmuş arabalarda sağlam yaraşıqlı qızlar qızıl ilğımı ardınca gəlirdi. Bu, Neapol bazarında insan ətinin dəyərini salırdı və təhlükə yaranmışdı ki, bu, şəhər iqtisadiyyatına ciddi təsir göstərəcək. Bu, xeyirxah neapolluların üzünü qızardan biabırçılıq idi, ancaq bilmirəm niyə Neapolun yeni sahiblərinin - müttəfiq qoşunların başçılarının yanaqlarını allandırmırdı...” (“Gön”)

Malapartenin zərbələri qurşaqdan aşağıdır, ancaq bu, o haldır ki, müəllifə haqq qazandırmaq istəyirsən. Ömrünü “Azadlığın qulu” (Berdyayev) kimi yaşamış müəllif kateqoriyaların bu dərəcədə yerdəyişmə etdiyini anlamağa çalışır, ancaq hətta onun qədər istedadlı aktyor belə bu rolu nonsens sayır. Fakta çevrilmiş nonsens.

***

1980-cı ildə rejissor Liliana Kavani əsər əsasında eyniadlı filmini (La Pelle) çəkdi. Filmdə Malapartenin rolunu Marçello Mastroyanni oynayır. Və yenə də şok: üstündən 30 ildən çox vaxt keçib, İtaliya isə bu reallığı yaxına buraxmağa hələ də razı deyil. “Gecə portyesi”ndən sonra Kavaninin “Gön”ə müraciət etməsi çoxlarına anlaşılmaz görünür, çoxları onu tənqid atəşinə tutur.

Kavani isə müsahibələrinin birində deyir: “Mən adilikləri fiksə etmək istəmirəm. Məsələn, personaj hər səhər işə gedir, hər axşam evinə dönür və s. Mənim üçün personaj o vaxt maraqlı olur ki, bir gün axşam evinə dönmür. Və onun sonrakı tarixçəsini aydınlaşdırmaq istəyirəm”.

Bu cəhətdən Malapartenin “Gön”ü ideal materialdır. Bütün şəhər “ev”inə dönmür...

***

Bəs Malaparte? Faşist də olub, antifaşist də. Ancaq heç vaxt - faşist olanda belə - o, əclaf olmayıb. Naməlum müəllifin onun haqqında dediyi bu cümlənin altına imza qoymamaq olmur.

O, sadəcə Lənətlənmiş Toskaniyalıdır...

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #