Qvadalupenin şalvarındakı inqilab

Qvadalupenin şalvarındakı inqilab
28 avqust 2014
# 08:30

Kulis.Az “90-lar” layihəsindən Şəhriyar del Geraninin “Qvadalupenin şalvarındakı inqilab” yazısını təqdim edir.

Layihənin digər yazıları:

Qan Turalı. "Atalarımızın erməni sevgililəri"

Bir cümləlik ədəbiyyat yaradıb gedək uşaqlığa. Nədənsə həmişə belə olur. Həmişə ədəbiyyatdan danışanda uşaqlığa gedib çıxırsan. Ümumiyyətlə, uşaqlıqla bağlı nə varsa xoşuma gəlir. Bekketin əntiqə bir kəlamı var. Həzrəti Samuel (s) buyurur: “Uşaqlıq yazıçının vətənidir”. Bu, həqiqətən də belədir. Dediyim bir cümlə bu idi. Getdik uşaqlığa…

Qəribə xüsusiyyətim var. Qədim zamanlardan elə ağız dolusu danışıram ki, elə bil 2-3 dəfə ölüb dirilmişəm. Bir dəfə telefonuma səhvən zəng eləyib mənimlə təsadüfi həmsöhbət olan 92 yaşlı veteran Abduləzim kişi söhbətin tən ortasında qayıtdı ki, qardaş-qardaş, sən təsadüfən 416-cı diviziyada döyüldün ki? Dedim, yox, xaloğlu, məni Stalinqrad göylərində şəhid elədilər, 412-də idim. Belə, xeyli mistik hadisələr olmuşdur. Amma, indi danışacaqlarım çox da bərkimiş xatirələr deyil. Bir balaca boyatıyıb, vəssəlam!

Orta məktəbdə bir rus dili müəllimimiz vardı. Məktəbdə foto işini canla-başla boynuna götürmüşdü. Bu ağır və şərəfli işin öhdəsindən böyük həvəs və təmkinlə gəlirdi. “Tvar”ın da yekəsiydi. Bacımla bir sinifdə oxuyurduq. Günlərin bir günü kollektiv şəkil çəkdirirdik. Əlbəttə hər ikimiz kollektivin arasındaydıq. Birdən bu fotoqraf müəllim qayıtdı ki, siz hər ikiniz şəkil götürəcəksiz, yoxsa?.. Mən də uşaq vaxtı bekara kəkələyirdim. Dedim, yı-yı-yı-yox, i-i-ikimizə bi-bi-bi… Sözümü deyib qurtarmamışdım – “Onda tez biriniz çıxın kadrdan, plyonkanın rəngi boş-boşuna getməsin” – deyə donquldandı. Açığı, bərk utandım. Başımı aşağı salıb çəkildim bir kənara. Həmin gün axırıncı dərsə girmədim. Gedib sakitcə çantamı götürdüm, sürütləyə-sürütləyə üz qoydum evə.

Ertəsi gəlib bir “məmməd”dən (indiki 20 qəpik) pul yığdı. 2-3 gün sonra da gətirib şəkilləri payladı. Hamı həvəslə cumdu şəkillərə. Mən utanaraq, keçdim arxa partaya. Sinif yoldaşlarım bir-bir əllərindəki şəklə baxır, ilk olaraq özlərini tapıb şəkildə necə düşdüklərini ləzzətlə seyr eləyir, sonra başqaları ilə müqayisə edirlər. Mən isə oğrun-oğrun yanlarından keçib gedirəm. Və gözaltı bütün şəkillərə baxıram. Ki, bəlkə hansındasa düşmüşəm. Sovxaya qalsın o şəkilləri! Heç birində yox idim. Barı qolumun biri, ya ayaqqabımın burnu düşsəydi məni bu qədər yanmazdım.

İllər sonra bacımın albomunda həmin şəkillə rastlaşdım. Heç demə mən kadrdan çıxandan sonra bədbəxtlikdən mənim yerimi sıxlaşıb doldurmayıblarmış. Baxdım ki, şəkildəki yerim çəkilmiş diş yeri kimi bom-boş qalıb. Ağrılı olan isə bilirsiz nədir: şəkildə bütün uşaqlar obyektivə baxır, bacım isə bir neçə addım kənarda dayanmış mənə. Özü də elə baxır, sanki yetimlər evinə getmisən və bütün uşaqlara hədiyyə paylayırsan, cəmi bircəciyinə pay çatmır. Bax, həmin uşaq sənə necə baxarsa eynən eləcə dayanıb baxır. Kaş ki, böyük istedadım olaydı, Allah haqqı daha dəqiq bənzətmə tapardım. Nə isə...

Sonralar başa düşdüm ki, kadrda neçə nəfər olur-olsun fərq etməz, rəng elə rəngdi, lent elə lent. O əclaf bircə “məmməd” artıq qazanmağın dərdindən məni kadrdan uşaqlardan, bacımdan ayırdı. Elə bildi ki, mən “Hə, ikimiz də alacıq” – deyib şəstlə dayanacam. O da bir “məmməd” irəli düşəcək. Ay-hay! Guya mən bilmirdim ki, o pul azı 2 kilo qara un eləyir?! Hələ qovurulmuş qara unu şirinçaya qarışdırıb yemək! Əntiqə olurdu. Heç bir şəkil onun ləzzətini verə bilməzdi. İnanmıram indi kiminsə şəkil çəkdirmək kimi problemi olsun. Son model telefonların ən çox satıldığı 10 ölkədən biri Azərbaycandı. Və yaxşı ki, belədi. Nə yaxşı da ki, məktəbli uşaqların hamısının bu fövqəladə kəşfdən ən azı bir nümunə varlarıdı. Amma, öz aramızdı, ovaxtkı şəkillərin aurası başqadı. Arxasında tarix-filan... Mən hətta həftənin gününü də yazırdım. Bir az da qabağa gedib saatı da qeyd elədiyim fotolarım var. Məsələn, 17.01.1996, şənbə, çisginli, dumanlı hava. 3-cü dərsin tənəffüsü… Həm də kağız fotoların estetikası var.

Bu barədə başqa yazıda bəhs edərik.



Bilmirəm kim razılaşar mənimlə, o vaxtlar səs-küyüylə qonşuların başını dəng elədiyimiz “Samokat”ın yerini indiki bahalı oyuncaq maşınlar verə bilməz. Qoyun dərisindən düzəltdiyimiz “Çilədi”nin hələ də alternativi tapılmayıb. Qızların “11 tuş”, “İpatdı”, oğlanların “Aşıq-aşıq”, “Yoldaşdiriltdi”, “Gizlənqaç", “Ortadaqaldı”, “Klas-klas” və s. kimi oyunları bir başqaydı. Hələ küçə-küçəyə, xlor qabıyla məhlə-məhləyə keçirdiyimiz futbol yarışını demirəm, “Dava-dava”nı demirəm. O vaxtlar o qədər humanist, o qədər səmimiydik ki, bir “dışş”la “öldürürdük” bir-birimizi, indiysə balta-bıçaqla, makarla, mantrofqayla 15-20 il ərzində bu qədər dəyişiklik, bu qədər çevriliş necə oldu bilmirəm.

O gün rayona getmişdim. Qonşunun ikinci sinifdə oxuyan oğlu soruşur ki, əmi, telefonun “Ayfon”du, neçəyə almısan? Deyirəm, hə, qaqam, “Ayfon”du, amma, qiymətini bilmirəm, pay veriblər? Deyir, yaddaşı nə qədərdi? Deyirəm, valla başım çıxmır, dədəş, nə bilim?! Aldı əlimdən nağayırdısa bütün göstəriciləri gəldi ekrana. Sonra da qayıtdı ki, 3G-ni açıq saxlama, interneti çox yeyir… Cin vurdu təpəmə. Dedim, ayə, sürüş burdan! Get, dədövə deynən, çıxsın arxın üstünə, bi nərd ataq.

Bir də qırmızı maqnitofonlar vardı. Kalan “zaryadka” da saxlayırdı. Rayon cayılları Mahsunun “Bəlalım”ını qoşub sevdiyi qızgilin küçəsini o baş-bu baş eləyirdilər. Qırğın-qiyamət davalar da düşürdü o vaxtlar. Həm də bu dava-dalaşlar polis şöbələrində deyil, çay kənarlarında, meşələrdə, dəmiryol vağzallarında “həll olunur”du. Yəni, 90-lar həm də comərdlik idi. Di gəl, o qırmızı maqnitafona əlavə səsgücləndirici pərçimləyə bilmirdik. Ən yaxşısı “Alfa” maqnitofonlar idi. Yalan olmasın, 7-8 balaca kalonka düz-qoş eləyirdik. O da audio kasetin lentini dolaşdırırdı. Çeçələ barmağımızı kasetin dəliyinə keçirdib lenti yığırdıq. Qırılanda da dırnaq boyasıyla yapışdırırdıq. Çəmin-çümün tapıb yaşayırdıq özümüzçün. “Qorizont” televizorlar vardı e, ağ-qara? O kəlbətinlə kanalı dəyişdiyimizi demirəm, onlar “peteka”lar idi, rədd olsunlar. Mən 8 düyməli, “svetnoy” televizorlardan danışıram. Fantastika! Yalan deyirəmsə, gedin rəhmətlik İmamverdi kişidən soruşun. Deməli, bir qonşumuz vardı, televizoru uzaqdan idarə etmək üçün uzun bir qarğı qoyurdu yanına. Məsələn, görsəydi Az TV-nin diktoru səyləyir, qarğını uzadırdı düüz 2-ci düyməyə, “tssssşşp” çevirirdi İranın “İribir”inə. Ona da “Üçbarmaq” deyirdik. Nədi-nədi kanalın loqosu 3 çəpəki xətdən ibarət idi. İşdi-şayətdi orda da kimsə gijləsəydi “tssssşşşp” təzədən çevirərdi Az TV-yə. Az TV demişkən… Yadıma nə düşsə yaxşıdı? Qvadalupe!

Kim nə deyir desin, Azərbaycanda ən böyük qadın inqilabını Adela Noryeqa eləyib. (“Qvadalupe” serialında Qvadalupe rolunun ifaçısı – Ş.G) 1994-cü ildə serial çəkilər-çəkilməz Az TV qadasını aldığım dublyaj eləyib verdi efirə. Dünən kimi yadımdadı. Qonşu rayonların birində böyük bir ailə faciəsi də yaşanmışdı o vaxtlar. Deməli belə. Küçənin tinində dayanan qaqaşlar görürlər ki, uzaqdan iki qız gəlir, ikisi də şalvarda. Biri qayıdıb deyir ki, ayə-ayə, ora baxun, Qvadalupa irayona gəlif. O biri də qayıdır ki, uy daaa, nə bomba şeydilər! Bunlardan molla da keçməz! Cart! Qızlar gəlib çatanda nə görsələr yaxşıdı? O “bomba” deyən qaqaşın dost-doğmaca bacıları... Al gəldi!

Qaqaş gic olub, gözlər çıxıb qaşların üstünə. Dəli inək balasını ayaqlayan kimi küçədəcə bacılarını salıb təpiyinin altına. Ciyəri soyumayıb, sürütləyib aparıb həyətə. İkisinin də başını rus qibləsinə kəsib. Anası çıxıb haraylarına. Yazıq arvadı da bıçaqburnu eləyib. O vaxtlar belə hadisələr ancaq yas məclislərində işıqlanırdı, vəssalam! Bir də çayxanalarda-filan. İndi olsaydı saytlar dağılardı. Hələ facebooku demirəm. Amma, öz aramızdı, o vaxtlar facebook olsaydı heç o qaqaş da şalvara görə bacılarının başını kəsməzdi. Yəni, beyinlər facebooka qədər irəliləsəydi, belə olmazdı. Nə isə. Dediyim bu. Azərbaycanda qadınlara şalvar geyinməyi Qvadalupe bacı öyrətdi. Kişilərə də şalvar çıxartmağı…

İndi hamı (içi mən qarışıq) Az TV-yə ironiya eləyir guya. Azərbaycanda serial sənayesinin təməlini Az TV qoyub. “İtkin gəlin”, “İblis qadın”, “Ünvansız qız”. Hələ bir-ikisi də yadımdan çıxıb. “İtgin Gəlin”dəki Əfsanəyə (Məleykə Əsədovaya yox) nə qədər adamın gözü düşmüşdü o vaxtlar. Hələ “İblis Qadın”da Nihalı demirəm. Yeri gəlməsə də deyim ki, mən o vaxtlar Firəngiz Mütəllimovanı görəndə ürəyim əsirdi…

Bu yazdıqlarım əslində köşə mövzusu deyil. Ciddi sözümdü. İki romanlıq material var yaddaşımda. Sadəcə istədim mənim də sözüm olsun “90-lar”da. Bəzi yerlərdə bayağılığa getməkdən özümü zorla saxladım. Amma, deyəsən az da olsa getdim. Nə gizlədim. Bir də “Facebook” sözünü yazanda istədim profilimi aktivləşdirim. Bundan da yaxşı sovuşdum. Bir də… Nəsə deyəcəkdim yadımdan çıxdı. Hə, bayaq Abduləzim kişi söhbətini yalandan dedim, 416-cı diviziya-filan. Ancaq qalanları həqiqətdi.

Şəkil haqqı düz deyirəm…


[email protected]

# 8289 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #